Paralel yol gedənlər: Pep Qvardiola və Joze Mourinyo


Milyonların sevdiyi futbolda həm də bir baş məşqçi sirri-sehri var. Azarkeşlər, tamaşaçılar həmişə arzulayırlar ki, sevimli komandalarının yaxşı, uğurlu bir baş məşqçisi olsun. Komandanın rəhbərliyi də daim çalışır ki, kluba sayılıb-seçilən, tanınmış bir məşqçi gətirsin. Hamıya elə gəlir ki, necə deyərlər, «sərkərdənin» adı, nüfuzu, xarakteri, bacarığı çox şeyi həll edir. Bu, hər zaman belə olub, indi də belədir. Ürəkləri fəth eləyən, insanları "tilsimləyən” futbol durduqca, baş məşqçi məsələsi həmişə diqqət mərkəzində qalacaq. Bəli, möcüzəli-sirli futbolda bir baş məşqçi fenomeni də var…

Bugünkü futbol dünyasında müxtəlif vaxtlarda iz qoyan, diqqəti çəkən, tamaşaçı marağının mərkəzində olan kifayət qədər tanınmış, adlı-sanlı, samballı məşqçilər var. Təbii ki, belə nüfuzlu məşqçilərin həyat missiyası məhz, əsl futboldur. Onların "xəmiri” sanki futboldan yoğrulub. Belə məşqçilərin fəaliyyəti hardansa başlayan və hardasa bitən bir yoldur. Sanki bu cür mütəxəssislərin məşqçilik yolu ürəklərdən keçir. Ona görə də o iz, o yol itmir. Həmişə futbolsevərlərin yaddaşında qalır…

İllər, futbol mövsümləri bir-birini əvəz edir. Futbol tarixinə möhürünü vurmuş belə məşqçilərin təbii ki, hər mövsümdə, müəyyən yaşda öz uğuru, «qızıl dövrləri», yadda qalan xatirələri, unudulmaz oyunları, əlamətdar günləri olur. Şübhəsiz ki, onların məşqçilik marafonu çox maraqlıdır. Bu marafonda kimin kim olduğu və kimin hansı mərtəbədə dayandığını görmək mümkündür. Bu mənada Lobanovski, Luis Felipe Skolari, Yupp Haynkes, Del Boske, Mirça Luçesku, Aleks Fergüsson, Marçello Lippi, Fabio Kapello, Arsen Venger, Fatih Terim, Mannuel Pelleqrini, Van Qall, Rafael Benites, Yoahim Löv, Yuri Syomin, Şenol Günəş, Ernesto Valverde, Massimillano Alleqri, Luçiano Spalletti, Joze Mourinyo, Pep Qvardiola mənim siyahımdadırlar... Əminəm ki, lap yaxın illərdə bu siyahıya bir nəfər də əlavə olunacaq: Qurban Qurbanov! Buna inanıram!

Təqdim etdiyim yazıda siyahımda olan iki məşqçidən söhbət açacam: Mourinyo və Qvardiola. Onların məşqçilik fəaliyyətini təhlil etməklə maraqlı paralellər aparmışam. Əslində fikirlərim illər ərzində yığılan müşahidələrin məcmusudur.

Mourinyo-Qvardiola: tələbkar, enerjili, zəhmətkeş 
və gözlənilməz «tryukları» sevən

Ümumiyyətlə, məşqçiləri ideallaşdırmağın, şişirtməyin, onlar barəsində mif yaratmağın əleyhinəyəm. Amma gəlin, etiraf edək ki, hər ikisi səviyyəli, samballı məşqçidir. Bu gün onların hər ikisinin bilərəkdən "şişirdilməsinə”, qabardırlmasına ehtiyac da yoxdur. Özlərini sübut etmiş, əmsalı yuxarı olan məşqçilərdəndirlər. Təsadüfi deyil ki, onlar dünyanın ən yaxşı çalışdırıcılarından hesab olunurlar. Novator, öz yolu olan, fərqli düşüncələri ilə seçilən bu məşqçilər ən xoş, tərifli sözlərə layiqdirlər. Buna görə də Mourinyo-Qvardiola «dueli» həmişə maraqla, səbirsizliklə gözlənilir.

Hər ikisinə xas olan oxşar cəhətlər. Həm Mourinyo, həm də Qvardiola fiziki, texniki və taktiki cəhətdən ideal komandaya yaxın kollektiv formalaşdırmağı bacarır. Daim axtarışda olan məşqçilərdir. Enerjilidirlər, zəhmət sərf edəndirlər. Rəhbərlik məharəti ilə seçilirlər. Hər ikisi tələbkardır, məşqlərdə «nəfəslərini dərməyən» futbolçuları xoşlayırlar.

Ümumiyyətlə, real düşünmək, oyunçulara düzgün istiqamət vermək, hər oyunda dəqiq qərar qəbul etmək, hissiyyatdan yararlanmaq, ağıllı fikirlərlə seçilmək, uzaqgörənlik məharəti əslində «mənim siyahıma» daxil olmuş məqçilərin hamısına xasdır. İnadla məqsədlərinə doğru irəliləməyi sevən həm Mourinyo, həm də Qvardiola güclü hissiyyatlı, ağıllı düşüncəli, bütün mövqelərdə rəqabət yaratmağa çalışan, komandanın mübariz ruhunu qaldırmağı bacaran, taktiki cəhətdən kollektivə yeniliklər gətirən peşəkar mütəxəssis olmaqla məşqçilər «ordusunda» çoxdan möhürlərini vurmuşlar. Onların əsas prinsiplərindən biri budur ki, super, iddialı komandanın hər mövqeyində güclü futbolçular yer almalıdır. Hər ikisi işlədikləri klublarda buna cəhd ediblər və əsasən də nail olublar. Həm Mourinyo, həm də Qvardiola gözlənilməz «tryukları» sevirlər və bunları həyata keçirməyi bacarırlar. Hətta, bu «tryuklar» uğursuz olsa belə, növbəti dəfə yenə bundan çəkinmirlər.

Hər iki məşqçi oyunqabağı dəqiq plan qurmaqla futbolçulara düzgün mənzərə verməyə çalışır. Rəqib komandanın oyun üslubunu yaxşı analiz edən məşqçilərdir. İndi əslinə qalsa, demək olar ki, bütün məşqçilər oyunqabağı təhlili gündəmə gətirirlər. Amma cavab planları, ideyaları, taktiki variantları tapıb ortaya qoymaq əsas şərtdir. Bir sözlə, gözlənilməz variantlar fikirləşməkdə, yeni ideyalar tətbiq etməkdə hər ikisinə xas olan xarakterik cəhətləri müşahidə etmək mümkündür.

Sayılıb-seçilən, samballı, səviyyəli məşqçi 
oyunun gedişinə müdaxilə etməyi bacarmalıdır

Müasir dövrdə oyunun gedişinə (təbii ki, söhbət oyunun hesabından gedir) təsir etməyi bacaran azsaylı məşqçilər futbol mütəxəssislərinin, idman yazarlarının, azarkeşlərin nəzərindən yayınmırlar. Belə məşqçilər həmişə diqqət mərkəzində olur. Sayılıb-seçilən, samballı, səviyyəli məşqçi oyunun gedişinə müdaxilə etməyi bacarmalıdır. Xüsusən də, əgər komanda uduzursa, yaxud hökmən qələbə lazımdırsa. Oyunun gedişinə təsir etməyi bacaran məşqçilərin fərqli müşahidə qabiliyyəti olmalıdır. Bu baxımdan Qvardiolaya, Mourinyoya, eləcə də Yoahim Lövə, Alleqriyə, Spalettiyə qibtə etmək olar. Məsələn, Luis Enrike yetkin məşqçi kimi qəbul edilsə də, məhz bu cəhətdən çətinlik çəkirdi. Vaxtı ilə belə müdaxiləni Arsen Vengerlə Rafael Benites də yaxşı bacarıblar. Ümumiyyətlə, qeyd etdiyimiz «müdaxilə» o vaxt nəticə verir ki, gərək məşqçinin planları, fikirləri, yerdəyişmə kombinasiyaları, əvəzetmələri özünü doğrultsun.

Həm Qvardiola, həm də Mourinyo həmişə nikbin, ümidverici görünürlər. Hər iki məşqçi işlədikləri komandalarda oyunçuların yeri və rolunun müəyyənləşdirilməsinin öhdəsindən asanlıqla gəliblər.

Məlumdur ki, klublarda xüsusi köməkçilər daim komandaya fayda verə biləcək variantlar, təkliflər, ideyalar, nümunələr axtarıb tapmalı və baş məşqçiyə təqdim etməlidirlər. Bu baxımdan da hər iki məşqçi köməkçiləri ilə düzgün əlaqə qurmağı və onların xidmətindən planlı, düşünülmüş və səmərəli şəkildə yararlanmağı bacarırlar. Nəhayət, həm Mourinyo, həm də Qvardiola matç ərzindəki əvəzetmə proseslərində bir qayda olaraq yanlış seçimlərə yol vermirlər. Oyunçuların əvəz olunması demək olar ki, həmişə yerinə düşür. Yəni, burada da hər ikisinin atdığı addımlar effetkli olur.

Mourinyo sərt baxışları, Qvardiola isə nəzakətli davranışları ilə seçilir

İndiki dövrdə fərqlənmək, seçilmək istəyən məşqçi gərək, necə deyərlər, özünü də oxuya bilsin, oyunu da, futbolçuları da, rəqib komandanı da. Bildiklərini öyrətməyi, anlatmağı bacarmalıdır əsl məşqçi. Bunlara nail olan məşqçi şübhəsiz ki, böyük uğurlar, yüksək nəticələr əldə edəcəkdir. Möhtəşəm illər keçirmiş hər iki məşqçinin bu istiqamətdə oxşar xüsusiyyətləri ilə yanaşı, fərqli cəhətləri, müxtəlif yanaşmaları da mövcuddur.

Fərqli xüsusiyyətləri. Hər ikisi məşqçilik fəaliyyətlərinin ilk dövrlərində emosional, çılğın olub (Yurgen Klopp qədər olmasa da!). Qvardiolada bir qədər tələsiklik hiss olunsa da, gənclik illərindən başlayaraq bütün məsələlərə fərqli baxışı müşahidə edilirdi. Mourinyo elə gənclik illərindən sərt baxışları ilə seçilirdi, Qvardiola isə mülayim, nəzakətli təsir bağışlayırdı. İndi Mourinyo emosiyalarını gizlətməyi, boğmağı bacarır. Sanki Qvardiolanın da çılğın təbiəti keçib gedib. Mourinyo daha təmkinli, səbirli, soyuqqanlı görünməyə çalışsa da, hərdən turşsifəti özünü göstərir. Gizlətmirəm, təkcə turşsifətli, soyuqbaxışlı məşqçiləri deyil, ümumiyyətlə, belə insanları xoşlamıram. Qvardiola, necə deyərlər, daha «istidir», soyuq baxışlar ona yaddır. O, qaynar ürəkli mütəxəssisdir. Buna görə də Qvardiola işlədiyi klublarda isti və səmimi mühit yaratmağa nail olur. Fikirimcə, bu keyfiyyətləri ilə Qvardiola azarkeşlərə, tamaşaçılara daha yaxın, daha doğma görünür. Bu yaxınlıq, bu doğmalıq onun nüfuzunu daha da artırır. Mourinyo sərtliyi ilə yanaşı, hətta bir az da acıdil, həm də eyham vuran məşqçi kimi də tanınır. Xüsusən, hələ də matçöncəsi müsahibələrində rəqib komandanın "bostanına daş atmağından” qalmır.

Hər iki məşqçi iddialıdır. Amma Qvardiola iddiasını büruzə vermədiyi halda, Mourinyo iddiasını nəinki heç vaxt gizlətmir, hətta qabardandır. Lakin bəzi məşqçilərdən fərqli olaraq heç birisi oyun ərzində rəftarı, davranışları, yersiz hərəkətləri (mənasız əl-qol hərəkətləri, qışqırmaları, sifətin mimikasını müxtəlif şəkillərə salınması, fit çalınması, anlaşılmaz jestlərin edilməsi və s.) ilə tamaşaçıları qıcıqlandırmır.

"Məşqçi ünsiyyət modelini özü qurmalıdır”

Hər iki məşqçi özlərinə məxsus oyun üslubu tətbiq etməyi sevirlər. Hücum futboluna üstünlük verən Qvardiola daha hərəkətli komanda komplektləşdirməyi bacarır. Mourinyo isə əks hücumlardan yararlanmağı sevir. O, futbolçularına standart vəziyyətlərdən təhlükə yaratmaqla qol vurmağı aşılayan məşqçidir. Onun komandası əks hücumlarda və standart vəziyyətlərdə daha təhlükəli olur. Mourinyo işlədiyi klublarda həmişə müdafiəyə xüsusi diqqət yetirib. Onun komandası müdafiə olunmağı yaxşı bacarır. Mourinyonun müdafiə futboluna üstünlük verməsinə görə deyirlər ki, onun komandaları darıxdırıcı oyun göstərir («Real» klubunda futbol ulduzlarına görə hiss olunmurdu. Amma «İnter» və «Çelsi»də açıq-aşkar görünürdü). Hətta 2016/2017-ci illər mövsümündə «Mançester Yunayted»in azarkeşləri darıxdırıcı müdafiə futboluna görə bu məşqçidən narazı qaldılar. Amma bu il «Mançester Yunayted» maraqlı, məzmunlu mövsüm keçirir. Təbii ki, nəticəyə yönələn oyunlar adətən darıxdırıcı olur. Ona görə də Mourinyonun komandalarının oyunu hərdən cansıxıcı təsir bağışlayıb. Amma bununla bağlı onun maraqlı bir açıqlaması var: «Mənə belə fikirlər bildirirlər ki, müdafiə futboluna üstünlük verirəm. Komanda maraqlı futbol göstərmir və nəticəyə oynayır. Bəli, mənim üçün nəticə önəmlidir. Məgər azarkeşlər, tamaşaçılar nəticə istəmirlər? İstənilən havada pul verib matçları izləməyə gələn tamaşaçılar da əslində nəticə istəyirlər. Ümumiyyətlə, tamaşaçılar həmişə haqlıdır. Ancaq mənə irad tutan azarkeşlərə də üzümü tutub deyirəm ki, axı, siz hər bir halda sonda nəticə, çempionluq istəyirsiniz. Mən də bunu sizlərə bəxş edirəm».

Mourinyonun başqa bir açıqlaması da maraqlıdır: «Məlumdur ki, hər oyunda məşqçi rəqib komandaya qarşı taktiki plan qurur. Ancaq ən əsası odur ki, bu planı düzgün müəyyən edəsən. Məşqçinin bacarığı da elə buradan bilinir. Aydındır ki, bütün oyunçuların şüur, təfəkkür tərzi, düşünmə səviyyəsi eyni deyildir. Buna görə də oyunçularla normal münasibətlərin qurulması da əsas şərtdir. Ünsiyyətin düzgün qurulması isə uğurlara aparan vacib amillərdən biridir. Bu mənada məşqçidən çox şey asılıdır. Yəni, məşqçi ünsiyyət modelini özü qurmalıdır».

Böyük uğurlar qazanmaq istəyən məşqçi 
oyunçularla dostluq etməyi bacarmalıdır

Qvardiola isə bir az da qabağa gedərək nəinki oyunçularla qarşılıqlı münasibətləri tənzimləməyi bacarır, hətta onlarla dostluq edir. Müasir futbolda vəziyyət belədir ki, böyük uğurlar qazanmaq istəyən məşqçi oyunçularla dostluq etməyi bacarmalıdır. O, hansı klubda işləyibsə, futbolçular arasında gözəl atmosfer yaratmağa nail olub (Yeri gəlmişkən, məhz buna görə də Konte və Klopp oyun bitən kimi meydana girib oyunçuları təbrik edirlər). Bundan başqa, Qvardiola oyundan əvvəl nəzərdə tutduğu bəzi futboçularla ayrıca söhbət etməyi də məqsədə uyğun hesab edir. Bununla da həmin futbolçulara xüsusi motivasiya verir. Daha cavan, cəld hərəkətləri ilə seçilən Qvardiola oyunçulara impuls verən məşqçidir. O, futbolçuları səylə çalışmağa, istəkli olmağa, qələbəyə kökləyir, oyunçuların fərdi ustalıq keyfiyyətlərinin təkmilləşdirilməsinə müntəzəm surətdə xüsusi diqqət yetirir, oyundan-oyuna artım olması üçün bütün vasitələrdən, amillərdən istifadə edir.

Qvardiola yaradıcı məşqçi olduğuna görə islahat aparmağı sevəndir. Mourinyo isə öz dəsti-xətti olan müasir tipli məşqçi olsa da, klassik ənənəyə malik keyfiyyətlərini hələ də saxlayır. Qvardiola gəncliyinə xas, hələ də başından getməyən cəsarətli taktiki sxemlərə yenə də hərdən müraciət edir. Səbri tükənəndə, hisslərini cilovlaya bilməyəndə bu addımı atır. Nə qədər təəccüblü olsa da, belə taktiki gedişlər Qvardiolaya uğur gətirir. Mourinyo isə yenilikçi məqçilərdən olsa da, bir qədər ehtiyatla hərəkət edəndir.

Mourinyodan fərqli olaraq, Qvardiola nöqsanlarını
etiraf edən məşqçidir

Əsl məşqçi müəyyən situasiyalara əvvəlcədən hazırlığını görməlidir. Məşqçi komandanı çətin situasiyadan çıxartmağı bacarmalı, çıxış yolunu tapmalıdır. Belə vəziyyətləri hər iki məşqçi əvvəlcədən nəzərə alır, ancaq bu məsələlərin həlli yollarına öz baxış bucağından yanaşırlar.

Məşqçi komandanın potensialının reallaşdırılmasına tam nail olanda, böyük uğurlar qazanır. Əlbəttə, burada söhbət nəhəng klublardan gedir. Əgər komandanın potensialının tam reallaşması baş vermirsə, çempionluq uğrunda rəqabətə tab gətirmək mümkün olmur. Bu baxımdan da Qvardiola hələlik öndə gedir.

Mourinyodan fərqli olaraq, Qvardiola nöqsanlarını etiraf edən məşqçidir. O, dəfələrlə müsahibələrində bildirmişdir ki, məşqçi keçmiş oyunların səhvlərindən nəticə çıxarmalı və həmin səhvlərin, nöqsanların təkrarlanmaması üçün səmərəli tədbirlərə, vasitələrə əl atmalıdır. Mourinyo isə heç vaxt səhvlərdən, nöqsanlardan və bunların aradan qaldırılması üçün görüləcək işlərdən danışmır.

Bir zamanlar mətbuatda Mourinyonun işlədiyi komandada çox duruş gətirə bilməməsi və klubları tez-tez dəyişməsi barədə fikirlərə rast gəlinirdi. Mourinyo özü dəfələrlə bu fikirlərə aydınlıq gətirmişdir: «Bir klubda çox qalmağı sevmirəm. Bu da onunla bağlıdır ki, mən çalışdırdığım komanda ilə mümkün ola bilən bütün titulları əldə edəcəyimə əvvəlcədən əmin oluram. Bu yolda bütün potensialımı, gücümü, bacarığımı ortaya qoyuram. Qarşıya qoyulan məqsədlərə nail olduqdan sonra fikirləşirəm ki, rəhbərlik etdiyim komanda ilə nə lazımdırsa etdim. Daha arzuladığım heç nə qalmayıb. Artıq başqa klubla yeni uğurlar, nailiyyətlər qazanmaq barədə düşünməyə başlayıram».

Əslinə qalsa, mən də Mouriyonun bu mövqeyinə haqq qazandırıram və onun fikirləri ilə razılaşıram. Bəlkə də o, daha düzgün qərar qəbul edir. Belə ki, məsələn, vaxtı ilə «Arsenal» komandası ilə möhtəşəm nailiyyətlər əldə edən Arsen Venger bu klubda həddindən artıq çox qaldı. Bütün bacardıqlarını, potensialını, gücünü «Arsenal»ın uğurları yolunda qoydu. Hazırda isə o, artıq müəyyən problemlərlə üzləşməli olur. Buna görə də təbii olaraq tez-tez tənqid hədəfinə tuş gəlir. Əlbəttə, bu yanaşmada Aleks Fergüsson istisnalıq təşkil edir.

Qvardiolanın «Barselona»da uğurlu məşqçilik fəaliyyəti kifayət qədər davam etsə də, «Bavariya»da "lövbər salması” elə də uzun çəkmədi. Düşünürəm ki, bu tip futbol mütəxəssislərinin bir komandada uzun çəkməyən məşqçilik dövrünü məqsədəuyğun bir hal və spesifik bir yanaşma kimi qiymətləndirmək olar.

Çox az saylı məşqçilər var ki, hətta tanınmış futbol ulduzlarının səhvlərini çəkinmədən onların üzlərinə deyə bilirlər. Təbii ki, bu cür məşqçilərdən inciyənlər, hətta küsənlər də olur. Bəzən bu tələbkarlıq ayrı-ayrı oyunçuların xoşuna gəlmir. Amma son məqamda belə «ərköyün» futbol ulduzları da məşqçinin haqlı iradlarını qəbul edirlərsə, deməli «sərkərdə»ni də qəbul edirlər. Deməli, bu tip mütəxəssislər əsl, həqiqi məşqçilərdir. Bu baxımdan Mourinyo birinci sırada durur. Ümumiyyətlə, Mourinyo nizam-intizamı hər şeydən üstün tutan ən ciddi məşqçilərdən biridir.

Müasir dövrdə məşqçinin nüfuzu böyük rol oynayır. Həm Mourinyonun, həm də Qvardiolanın imici, reputasiyası elədir ki, klub rəhbərliyi bir qayda olaraq onların təkliflərini qəbul edir, fikirləri ilə razılaşır (xüsusən transfer məsələlərində, yeni müqavilələrin bağlanmasında). Onlara sərbətslik verilir, hətta müəyyən güzəştlərə də gedilir. Hər iki məşqçi ilə futbolçular arasında nadir hallarda narazılıqlar yaranır. Hətta müəyyən narazılıqlar, uçurumlar yarandığı təqdirdə belə, klub rəhbərliyi onların mövqeyini dəstəkləməli olur. Ümumiyyətlə, məşqçi ilə klub rəhbərliyi arasında kəskin, ciddi fikir ayrılığının yaranmaması isə olduqca mühüm şərtdir.

Mourinyo «Mançester Yunayted»ə gələn kimi Runinin «erasının» artıq bitdiyini bildirərək, «Çelsi»də işləyərkən həmin klubda oynamış Romeli Lukakunun transfer edilməsi təklifini irəli sürmüşdü. Runinin İngiltərədə və Mançesterdə böyük nüfuzunu nəzərə alan klub rəhbərliyi əvvəlcə bu təklifə tərəddüdlə yanaşmışdı. Sonradan isə rəhbərlik bu təklifi qəbul etməyə məcbur oldu. Beləliklə, Mourinyonun təşəbbüsü ilə Belçika yığmasının hücumçusu 75 milyon funt-sterlinqə «Everton»dan «Mançester Yunayted»ə transfer edildi.

Məşqçilər haqqında mif yaradılmalıdırmı?

Ümumiyyətlə, fərqli düşünən, özünə məxsus fikirləri olan insanlara həmişə rəğbətim olub. O ki qala, hələ bu cür məşqçilərə… Belələri necə deyərlər, məşqçilər içində gözə dəyən məşqçilərdir. Bu cür məşqçilər böyük mütəxəssisdirlər. Futbolu anlayan, duyan, bir məşqçi kimi özünə məxsus şəkildə çözən məşqçilər də tarixdə iz buraxırlar. Belə böyük məşqçilər örnəkdir. Qvardiola və Mourinyo kimi… Hər ikisi nadir məşqçilərdəndir ki, estetik duyuma və dərk kontekstinə malikdirlər. Yeri gəlmişkən, buraya bir qədər qəribə, həssas, başqaları kimi düşünmək istəməyən, fərqli görünən bir neçə məşqçini də əlavə etmək istərdim: Luçesku, Van Qall, Rafael Benites, Yoahim Löv, Alleqri, Spalletti, Valverde… Lakin gəlin, nəzərə alaq ki, yaxşı, yüksək səviyyəli məşqçi bütövlüyü, dəyəri real göründüyü qədər də şərti və nisbidir.

Hər oyun sınaq meydanıdır. Məşqçi də hər dəfə bu sınaqlarla qarşılaşır və sınaqlardan keçib-keçməmək faktoru ilə üz-üzə qalır. Təbii ki, bütün sınaqlar uğurla keçmir və bu sınaqlardan da həmişə qalib çıxmaq mümkün olmur. Ona görə kimliyindən asılı olmayaraq məşqçilər haqqında mif yaradılmasını da birmənalı qəbul etmirəm. Bəli, təcrübəli, samballı, səviyyəli, seçilən məşqçilər həmişə olub, bu gün də var. Özü də heç də az deyil. Dahi məşqçilər isə… Gəlin, bir az fikirləşək...

Futbolla bağlı fikirlərlə, məşqçilərin mütəxəssislərin müsahibələri, rəyləri ilə həmişə xəyalən polemikaya girmişəm. Nələrisə ya təsdiq, ya da inkar etmişəm. Bəzi hallarda başqa fikirdə də olmuşam. Ya da sadəcə tərəddüd etmişəm…

Bəzən elə il olur ki, məşqçinin həyatında, fəaliyyətində işləri sevindirici, ürəkaçan getmir. Ən tanınmış, məşhur məşqçilərin avtobioqrafiyasında belə mövsümlər olur. Bəzən də məşqçinin özündən asılı olmayaraq sanki işlər tərs gətirir, bəxt ondan üz döndərir. Uğurlu, uğursuz oyunlar sanki bir-birini növbə ilə əvəz edir. Hətta problemlər yaranır və müxtəlif formalarda davam edir (bir neçə oyunçunun eyni vaxtda zədəli olması, oyunçuların ardıcıl cəza almaları və s.) Burada artıq təcrübə, səviyyə, iş üslubu, reallığa söykənən səbəblər, fərqli düşünmək, məsələlərə ağıllı münasibət bildirmək qabiliyyəti köməyə gəlmir. Fakt faktlığında, nəticə dəyişməz qalır.

Bu yazı məşqçilər dünyasına qısaca bir səyahət idi. Beləcə, sizinlə bölüşməli oldum… Vəssəlam…






Bu yazı

17414 dəfə oxunub

Tarix

2017-12-18 20:17:29

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook