Tofik Karayevin şərəfinə XXI beynəlxalq turnir keçirildi





Dekabrın 23-də SSRİ rekordçusu, ümumittifaq dərəcəli hakim, professor Tofik Karayevin şərəfinə XXI beynəlxalq turnir keçirildi.

"Olimpnews.az" xəbər verir ki, yarışlarda 2000-ci il təvəllüdlü və kiçik yaş qruplarında idmançılar qüvvələrini sınadılar. Medallar uğrunda Azərbaycan atletləri il yanaşı Gürcüstan və Dağıstan idmançıları da yarışdılar. İdmançılar uzunluğa tullanma, 60 m, 200 m (qızlar) və 400 m məsafəyə (oğlanlar) qaçış növlərində mübarizə apardılar. Qaliblər həm ayrı-ayrı növlərdə, həm də 3 növün cəminə görə müəyyən olundu.

Yarışın sonunda qalib və mükafatçılara diplomlar, medallar və kuboklar təqdim olundu.

Beynəlxalq turnir başa çatdıqdan sonra Tofik Karayevin yarışla bağlı təəssüratlarını öyrəndik. Tofik müəllim dedi ki, 84 yaşı var və indiyədək idmanda, eləcə də elmdə ad qoyduğu üçün özünü xoşbəxt hesab edir: "Özümü xoşbəxt insanlardan hesab edirəm. 21 ildir ki, şərəfimə beynəlxalq turnir keçirilir. Turnirdə Azərbaycanın dövlət bayrağı qaldırılır, himn səslənir. 12 dəfə müxtəlif idman növləri (avarçəkmə, voleybol və atletika) üzrə yarışlarda Azərbaycan çempionu adına layiq görülmüşəm, vaxtilə voleybol üzrə ölkə yığmasının kapitanı olmuşam.

Yarışların təşkilindən və idmançıların çıxışlarından çox razıyam. Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti, Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadəyə, Gənclər və İdman Nazirliyinə minnətdarlığımı bildirirəm. Qeyd edim ki, bu turnirlərin qalibləri sonra ölkə və beynəlxalq səviyyəli yarışlarda fərqlənir, çempion adını alırlar”.
Tofik Karayev elm və idmanı bir arada tutmağı bacaran insanlardandır. O, tanınmış elm xadimi, geofizikdir. Tofik müəllim uzun müddətdir ki, Azərbaycan Olimpiya Akademiyasının vitse-prezidenti vəzifəsində çalışır.





Səadət Hakıyeva









Bu yazı

12086 dəfə oxunub

Tarix

2017-12-26 10:55:49

Yazını

Çap et

Yazını

Paylaş