Namiq Abdullayev: "Gənclərimiz Olimpiya çempionlarına bənzəmək istəyirlər”




Ölkə başçılarının şərəfinə dövlət bayrağı qaldırılır, himn səslənir. Dövlət başçılarından sonra bu şərəfə sahib olan uğur qazanan idmançılardır. Azərbaycanı beynəlxalq aləmdə tanıtdıran, sevdirən, onun nüfuzunu yüksəldən idmançıları məhz bu səbəbdən çox sevirik. Həyat və karyeraları gənc nəsil üçün örnək olan tanınmış idmançılarımız bir növ, ideala çevrilirlər.

Redaksiyamızın qonağı öz ciddiliyi, təmkinliliyi ilə seçilən sərbəst güləş üzrə Olimpiya çempionumuz Namiq Abdullayevdir. Onunla çoxdan görüşmək istəsək də, söhbətimiz dekabrın 15-də Milli Olimpiya Komitəsinin inzibati binasında keçirilən "İslam həmrəyliyi və ədalətli oyunlar” mövzusunda keçirilən konfransdan sonra baş tutdu. Həmişə olduğu kimi, harasa tələsirdi. Bununla belə, suallarımızı cavablandırdı.

- Namiq müəllim, iş qrafikiniz çox gərgindir. Necə çatdırırsınız?

- Olimpiya çempionu, Azərbaycan Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Güləş Federasiyasının (yeniyetmələr üzrə) vitse-prezidenti kimi bir çox tədbirlərdə iştirak edirəm. İlin sonunda belə tədbirlərin sayı daha çox olur. Çalışıram ki, dəvət aldığım bütün mühüm tədbirlərdə iştirak edim.

- Siz həm də DİN idman komandasının rəhbərisiniz...

- Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) idman komandasına rəhbərlik edirəm. Komandada nailiyyətləri olan və yaşı 19-dan yuxarı idmançılarımız yer alıblar. Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında uğur əldə edən idmançılar müvafiq göstəriş üzrə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına (ADBTİA) qəbul olunur və burada təhsillərini başa vurduqdan 4 il sonra hərbi xidmətə çağırılırlar. Hərbi xidmət zamanı belə idmançılarımız üçün hərtərəfli şərait yaradılır ki, onlar uğurlarını davam etdirə bilsinlər. Əsgəri xidmətdə olan onlarla, yüzlərlə idmançımız Azərbaycanı beynəlxalq yarışlarda şərəflə təmsil edir, bayrağımızı yüksəklərə qaldırırlar.

- Ölkə əhalisinin 70 faizini gənclər təşkil edir və bu səbəbdən onlara daha çox diqqət yetirmək lazım gəlir. Necə düşünürsünüz?.

- Dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyev 1995-ci ilin martında ölkə gəncləri ilə görüşərkən onların sağlam ruhda tərbiyə almaları və əsl vətəndaş kimi yetişmələri naminə əlindən gələni əsirgəməyəcəyini bildirmişdi. 1996-cı ildən etibarən ulu öndərin təşəbbüsü ilə gənclərin forumlarının keçirilməsi, Gənclər Fondunun yaradılması, ölkədə gənclər gününün qeyd olunması, gənclərimizin problemlərinin həllinə yönələn Fərman və Sərəncamların verilməsi, onların dövlət quruculuğu prosesinə cəlb edilməsi, müvafiq qanunların qəbulu deyilənləri reallığa çevirdi. Bu siyasət indi də davam etdirilir. Hazırda ölkəmizdə gənc nəslin mənəvi-ideoloji tərbiyəsinə, onların sağlamlığının qorunmasına xüsusi qayğı ilə yanaşılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev gənclərə malik olduqları qabiliyyət və intellektual imkanlar müqabilində geniş meydan verməyin tərəfdarı kimi bu təbəqəyə daim böyük diqqət və qayğı göstərir. Ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərin imkanlarından daha dolğun istifadə edilməsi, həmçinin bunun üçün əlverişli şəraitin yaradılması gənclər siyasətinin əsasını təşkil edir.

- İdman nədir və nəyə görə onu sevməliyik?

- İdman sağlamlıq və uzun ömür deməkdir. İnsan idman vasitəsilə həm bədənini möhkəmlədir, həm də stresdən azad olur. Necə deyərlər, sağlam bədəndə sağlam ruh olar. Yaşından, çalışdığı işindən, peşəsindən asılı olmayaraq hər bir insan idman və bədən tərbiyəsi ilə məşğul olsa, daha yaxşıdır. Bunun üçün ölkəmizdə hər cür şərait yaradılıb.

- İdman sizin həyatınızda hansı rolu oynayır?

- Əldə etdiyim uğurları və nailiyyətləri idmanın sayəsində qazanmışam.



"Futbolu daha çox sevirdim”

- Güləşlə neçə yaşından məşğul olursunuz?

- 9-10 yaşımdan idmana böyük həvəsim olub. Amma, əvvəlcə, futbolu daha çox sevirdim. Bütün günü top qovurdum. Valideynlərim mənim futbolla məşğul olmağımı istəmirdilər. Çünki təhsilimə mənfi təsir edəcəyindən qorxurdular. Güləşlə 12 yaşından məşğul oluram.

- Adətən idmançılar uşaq vaxtı dəcəl olduqları üçün bu sahəyə gəlirlər. Siz necə?

- Sağlam uşaqlar, təbii ki, dəcəl olurlar. Mən də həmçinin. Amma idmana gedəndən sonra məşqçi müəllimlərimdən enerjini boş yerə sərf etməməyi öyrəndim. Öyrəndim ki, özündən zəifə əl qaldırmaq, ədalətsizlik etmək olmaz. İdman aqressiya yox, mədəniyyətdir.

- Çoxuşaqlı ailədə böyümüsünüz...

- Ailədə 9 uşaq olmuşuq - 4 bacı, 5 qardaş. Əslimiz Xızı rayonundandır. Atam rəhmətə gedib, amma anam həyatdadır. Allah bütün valideynlərə can sağlığı versin. Çoxuşaqlı ailələrdə mehribançılıq, sevgi, qayğı olur həmişə. Ailədə mehribançılığın olması valideynlərdən asılıdır. Ailə kiçik dövlətdir. Burada təməl, bünövrə nə qədər möhkəm olarsa, həmin ailənin yetirmələri də həyatda özünə düzgün yer tapacaq və cəmiyyətə, xalqa gərəkli olacaqlar. Biz ağbirçəyə, ağsaqqala hörmət etməyi, kiçiklərə məhəbbət göstərməyi ailədə öyrənirik. Evdə valideyninə hörmət etməyən uşaq və ya gənc cəmiyyətdə kimə hörmət edəcək?

- Yəni gənc nəslin tərbiyəsində yük yalnız ailənin üzərinə düşür?

- Təbii ki, ailədən sonra uşağın tərbiyəsində bağça və məktəb də böyük rol oynayır. Orta məktəbdə oxuduğum illəri xatırlayıram. Müəllimlərimizin hər bir sözü bizim üçün qanun idi. Çalışırdıq ki, onların dediklərini yerinə yetirək. Çünki müəllim insana düz yolu göstərir, bilik, savad verir, gələcək həyata hazırlayır. İdmana gedəndən sonra məşq müəllimlərimizin dediklərinə əməl etməyə çalışırdıq. Tərbiyə işi kompleks şəkildə aparılanda daha yaxşı və səmərəli nəticə verir. Belə olan halda gələcəyimiz olan uşaq və gənclər həyatda özünə düzgün yol seçir və mənalı ömür yaşayırlar. Sonra onlar cəmiyyətdə seçilən və tanınan insanlara çevrilirlər.

- Sizcə, həyatın mənası nədədir?

- Ədalətli, səbirli olmaq, haqqı nahaqdan ayırmağı bacarmaq.

- İdmanda ədalətsizliklə çoxmu qarşılaşmısınız?

(gülür) O qədər. Həyatda da, idmanda da belə hallarla barışmaq lazımdır. Yaşamaq, davam etmək üçün səbrli, təmkinli olmalısan. Ədalətsizlik görəndə ruhdan düşməmək, əksinə, daha mübariz olmaq lazımdır. Qalmaqal, intriqa yaratmaq kiməsə xeyir gətirmir. Yarışda hakim sənə qarşı haqsızlıq edibsə, çalış ki, ona qarşı kin bəsləməyəsən. Növbəti yarışda daha yaxşı və səhvsiz hərəkət edəsən ki, hakim öz səhvini başa düşsün. Nailiyyət, uğur əldə etmək üçün həyatda çox şeylərə dözməli və barışmalısan.

- İdmanda psixoloji təsir çox mühümdür. Afina-2004 Olimpiadasına az qalmış atanızı itirdiniz. Bu, sizə necə təsir etdi?

- Afina-2004 Yay Olimpiya Oyunlarına 1 ay qalmış atamı itirdim. Psixoloji cəhətdən çox sarsılmışdım. Gərgin bir vəziyyət yaranmışdı. Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiya tərəfindən mənə qarşı böyük dəstək vardı. Lakin bütün bunlara baxmayaraq, özümü ələ ala bilmirdim. Bu itki mənə də, qardaşım Arif Abdullayevə də mənfi təsir göstərdi. Yarışlarda yaxşı iştirak edə bilmədik.

- Halbuki Sidney-2000 Olimpiadasından qalib kimi qayıdanda hava limanında sizi ilk qarşılayan atanız olmuşdu...

- Sidneydə Olimpiya çempionu olub vətənə qayıtdıqdan sonra ailə üzvlərimdən ilk sevincimi atamla bölüşdüm. O, məni aeroportda gözləyirdi. Nə etmək olar, heç kim əbədi yaşamır. Bir gün yaranan, bir gün də dünyadan köçür. Bu, həyatın qanunudur. Sadəcə, valideynlərimizin də, yaxınlarımızın da sağlığında qədrini bilmək lazımdır.

- Necə düşünürsünüz, indiki idmançıların bəxti çox gətirib?

-Keçmişə qayıtmaq istəyirəm. Postsovet məkanında idmançılar beynəlxalq yarışlarda SSRİ-nin bayrağı altında yarışırdılar. 1990-cı ildə Dünya kuboku yarışlarının, 1991-ci ildə SSRİ, 1992-ci ildə MDB çempionatının qalibi olmuşam, dəfələrlə mükafatalayiq yerləri tutmuşam. Qələbə qazananda SSRİ-nin bayrağı qalxıb, himni səslənib. Bugünkü idmançılarımız çox xoşbəxtdirlər ki, müstəqil Azərbaycanın üçrəngli bayrağının altında çıxış edir, qələbələr qazanırlar.

Komandamız 1992-ci ildə keçirilən Barselona Olimpiadasında MDB-nin tərkibində Azərbaycan bayrağı altında iştirak etdi. Təəssüf ki, müəyyən səbəblərdən mən bu yarışlarda iştirak edə bilmədim. 1993-cü ildə xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin xüsusi diqqəti və qayğısı sayəsində, başqa sahələrdə olduğu kimi, bədən tərbiyəsi və idman sahəsində də ciddi dönüş yaradıldı. Məhz Heydər Əliyevin Fərmanı ilə 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması mühüm hadisə idi. İdmançıların təlim-məşq toplanışlarının təşkili və eləcə də, yarışlarda iştirakı üçün nə lazımdırsa, edildi. İdman bazaları bərpa edildi, yeniləri yaradıldı. Heydər Əliyev həmin illərdə idmançılarla görüşlərinin birində dedi: "Azərbaycan Prezidenti kimi mən şəxsən söz vermişəm və indi də bunu təsdiq edirəm ki, idmana xüsusi qayğını öz üzərimə götürürəm. Azərbaycan gənclərinə xüsusi qayğını öz üzərimə götürmüşəm və əmin ola bilərsiniz ki, bu qayğını daim hiss edəcəksiniz”.



- Namiq müəllim, yeri gəlmişkən, ümummilli liderlə görüşlərinizi necə xatırlayırsınız?

- 1994-cü ildə mən Avropa çempionu titulunu və dünya çempionatının gümüş medalını qazanmışdım. İlin sonunda dahi şəxsiyyət idmançılarla görüşərək bizə mükafat verdi. 1995-ci ildə isə Avropa və dünya çempionatlarında uğur qazanan idmançılar ölkə rəhbəri tərəfindən "Tərəqqi” və "Şöhrət” ordeni ilə təltif edildilər. Zemfira xanım və mən "Tərəqqi” medalı, Nazim Hüseynov isə "Şöhrət” ordeni ilə mükafatlandırıldıq. Başqa idmançılar da mükafat aldılar. 1996-cı ildə Atlanta Olimpiadasına dövlət səviyyəsində hazırlıq aparılırdı. Komandamız Atlanta-1996 Olimpiadasına 23 lisenziya qazanmışdı. Zuğulbada olimpiadada iştirak edəcək heyətlə görüş keçirilirdi. Ümummilli lider idmançılara uğurlar arzulayaraq öz tövsiyələrini verdi. İdmançılarımız dövlət başçısına söz verdilər ki, Azərbaycanın müstəqil ölkə kimi ilk dəfə təmsil olunduğu Atlanta-1996 Olimpiadasında yaxşı nəticələr göstərəcək və ölkəmizi layiqincə təmsil edəcəklər. Şükürlər olsun ki, Olimpiya komandamız ümidləri doğrultdu.

"Ulu öndərə söz vermişdim”

- Ulu öndər sizin gümüş medalınızı qızıl medal kimi dəyərləndirdi.

- Olimpiadada ilk dəfə müstəqil ölkə kimi təmsil olunan Azərbaycan idmançısının gümüş medal qazanması böyük uğur idi. Ölkəmiz medal alan 197 ölkə arasında 61-ci yeri tutdu. Mən komandanın ən yüngül çəkili güləşçisi kimi fəxri kürsünün ikinci pilləsində yer aldım. Bu, Azərbaycan pəhləvanlarının Olimpiya oyunlarında sərbəst güləş üzrə qazandıqları ikinci, müstəqil Azərbaycan bayrağı altında əldə edilmiş birinci medalı oldu. Mən yarışlarda finala qədər rəqiblərə heç bir şans verməmişdim. Finalda Bolqarıstan təmsilçisi Valentin Yordanovla qarşılaşdım. Yaxşı güləşməyimə baxmayaraq, hakimlər ədalətsizlik göstərərək qələbəni rəqibə verdilər. Bu görüşü izləyən Heydər Əliyev idmançıları qəbul edəndə dedi: "Namiq Abdullayevin gümüş medalı qızıla bərabərdir”.

- Bu zaman hansı hissləri keçirirdiniz?

- Böyük qürur hissi idi ki, ulu öndərimiz biz idmançılara bu qədər diqqət və qayğı göstərirdi. Bu yalnız mənə deyil, idmanımıza göstərilən diqqət idi. Mən ulu öndərlə görüşəndə ona söz verdim ki, Sidney-2000 Olimpiya Oyunlarında mütləq qızıl medal qazanacağam. Mən bunu istəyirdim, özü də çox istəyirdim. Çünki ulu öndərə söz vermişdim.
Ölkəmizdə hər bir sahəyə olduğu kimi, idman sahəsinə olan diqqət və qayğı təqdirəlayiqdir. Əsası ulu öndər tərəfindən qoyulan dövlət siyasəti Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 

Azərbaycanda idman və Olimpiya Hərəkatının yeni dövrü 1997-ci ildən başlanır. İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra ölkədə idman böyük sürətlə inkişaf etməyə başladı. Milli Olimpiya Komitəsinin prezidenti elə ilk gündən bir sıra islahatlar həyata keçirdi. Qısa müddət ərzində milli federasiyalarda dəyişikliklər aparıldı, işə təcrübəli və peşəkar məşqçilər cəlb olundu.
2000-ci ilə Sidneydə keçirilən XXVII Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları uğurla çıxış etdilər. Mən və Zemfira Meftexetdinova Olimpiya çempionu tituluna layiq görüldük. Boksçumuz Vüqar Ələkbərov bürünc medal qazandı. Ölkəmiz 3 medalla 34-cü yeri tutdu. Ulu öndərə verdiyim sözü yerinə yetirdiyim üçün çox xoşbəxt idim.

- Təbii ki, əldə olunan bu uğurlar uşaq və gənclərimizdə idmana böyük maraq oyadırdı...

- Azərbaycanın müstəqil ölkə kimi iştirak etdiyi Atlanta-1996 və Sidney-2000 Oyunlarında əldə etdiyi nəticələr respublikamızın böyük idman potensialına malik olduğunu göstərdi. Təbii ki, idmançılarımızın qazandıqları uğurlar gənc nəslə təsir etməyə bilməzdi. Olimpiadadan sonra valideynlər övladlarını idman zallarına gətirir, müxtəlif bölmələrə yazdırırdılar. Onlar istəyirdilər ki, övladları Nazim Hüseynov, Zemfira Meftexetdinova, Namiq Abdullayev kimi olimpiadalarda uğur qazansınlar, bayrağımızı qaldırsınlar. 

Bu ənənə indi də davam edir. Təsəvvür edin, həmin vaxtdan 17 il keçib və Olimpiya çempionlarımızın, mükafatçılarımızın sayı artmaqda davam edir. İldən-ilə qazanılan medalların sayı da artır. London-2012-də 12 medal qazanmışdıqsa, Rio-2016-da 18 medal əldə edildi. İnkişaf və yüksəliş olan sahəyə həmişə maraq var və olacaq. Diqqət olan sahədə hər zaman yüksəliş var. Müasir gənclərimiz də Olimpiya çempionlarını özlərinə örnək seçir və onlara bənzəmək istəyirlər.

- Necə düşünürsünüz, idman, həm də siyasət deməkdir?

- İdman yarışları, həm də ölkələrin iqtisadi və siyasi gücünü, mədəni səviyyəsini ortaya qoyur. İdman, həm də ölkələr arasında rəqabət deməkdir. Ölkəmiz 2015-ci ildə I Avropa Oyunlarına, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi etdi. Bu yarışlarda təşkilatçılığı ilə fərqlənən Azərbaycan Avropa ölkələri arasında 2-ci, islam ölkələri arasında 1-ci oldu.

- Siz də ikinci ali təhsil alan idmançılardansınız?.

- İlk ali təhsilimi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında almışam. Sonra Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişəm.

"Səbr etməsən nə həyatda, nə də idmanda heç bir uğur əldə edə bilməzsən”

- Çox səbirli və təmkin insansınız. Bu nədən irəli gəlir?

- Məndə olan bütün yaxşı cəhətlər üçün ailəmə borcluyam. Çünki belə tərbiyə almışam. Təbii ki, xarakterin də rolu var. Düşünürəm ki, nə qədər ciddi, təmkinli xasiyyətin olsa da, düzgün tərbiyə almayanda nəticəsi olmur. Səbr Allahın adıdır. Səbr etməsən, təmkinli olmasan, nə həyatda, nə də idmanda heç bir uğur əldə edə bilməzsən.

- Heç əsəbləşmirsiniz?

- (fikirləşir) Hər bir normal insan kimi mən də hövsələdən çıxıram. Amma əsəbi halımda öz hisslərimi cilovlaya bilirəm. Çalışıram ki, bunu biruzə verməyim.

- Evdə də ciddisiniz?

- Deməzdim. Ciddiliyin də, zarafatın da sərhədi vardır. Ölçünü gözləyəsən gərək.

- Övladlarınız varmı?

- İki qız övladım var.

- Siz həm də stabilliyi sevən insansınız?

- Mən bir yedə qərar tutmağı bacaran insanlardanam. İstər idman sahəsində, istər başqa işdə. Hərbi xidmətdən əvvəl "Neftçi” İdman Cəmiyyətində məşğul olmuşam. Əsgərlikdən sonra 1994-cü ildə "Dinamo”ya keçmişəm və o gündən bu günə həmin cəmiyyətdə çalışıram. 2000-ci ildən Daxili İşlər Nazirliyinin daxili qoşunlar idman komandasına rəhbərlik edirəm. Polkovnik rütbəsindəyəm.

- Peşəkar idmançı olmaq çox çətindirmi?

- Böyük idmanda qalmaq və irəli getmək üçün çox şeylərdən vaz keçməlisən, qida rejimindən tutmuş həyat tərzinə kimi. Peşəkar idmanda dostlarla görüşmək, əylənmək üçün vaxt qalmır. Nailiyyət əldə etmək, Olimpiya, dünya və Avropa çempionu olmaq üçün mütləq müəyyən rejimə riayət etməlisən və çərçivədən kənara çıxmamalısan.

- Təhsil və idmanı biri-birindən ayırmaq mümkündürmü?

- Biri digərindən ayrılıqda mümkün deyil. İnsanı idarə edən və yönəldən beyindir. Beyin, zəka güclü olmasa, bədən heç nə edə bilməz. Fiziki güc, təfəkkür vəhdət təşkil etməlidir. Hər bir uşaq və gənc savadlı olmalı, daim maariflənməyə can atmalıdır.

- Mənalı ömür yaşamaq üçün nə lazımdır?

- Həyatımın mənasını idmanda görürəm. Düşünürəm ki, başqa sahədə də çalışsaydım, yenə mənalı ömür yaşayardım.

- Bəziləri uğur qazanandan sonra müəyyən mənada dəyişirlər. Buna münasibətiniz?

- Atalar məsəlində deyildiyi kimi, ağac nə qədər bar versə, başını bir o qədər aşağı dikər. İnsan öz yerini bilməli, ona edilən yaxşılıqları unutmamalı, sədaqətli olmalıdır.

- Əsl dost nə deməkdir?

- Əsl dost seçilməlidir. Belə dostlarım var və onlar illərin sınağından keçib.

- Mütaliəni xoşlayırsınız?

- Vaxtım olanda roman, detektiv janrda kitab oxumağı çox xoşlayıram.

- Bəs musiqi, kino?

- Muğamı daha çox sevirəm. Xüsusilə, dünya şöhrətli xanəndəmiz Alim Qasımovun ifasını çox bəyənirəm.

Kinoya gəlincə, retro kinolardan "O olmasın, bu olsun” filmini şah əsər adlandırardım. "Dədə Qorqud”, "Arxadan vurulan zərbə”, "Axırıncı aşırım” ekran əsərləri bu gün də hamı tərəfindən sevilir.






Səadət Hakıyeva










Bu yazı

26451 dəfə oxunub

Tarix

2017-12-26 14:06:10

Yazını

Çap et

Yazını

Paylaş