Atletika Federasiyası ilə yekun vurdu





Dekabrın 27-də Milli Olimpiya Komitəsinin inzibati binasında Azərbaycan Atletika Federasiyasının illik hesabat yığıncağı keçirildi.

"Olimpnews.az" xəbər verir ki, tədbirdə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Atletika Federasiyasının (AAF) prezidenti Çingiz Hüseynzadə, AAF-ın vitse-prezidenti Firat Hüseynov, baş katib Məhərrəm Sultanzadə, digər federasiya nümayəndələri, idmançılar iştirak edirdilər.
Yığıncağı giriş sözü ilə açan Çingiz Hüseynzadə yola salmağa hazırlaşdığımız 2017-ci ilin ölkəmizin idman həyatı üçün uğurlu illərdən biri olduğunu diqqətə çatdırdı. AAF-nın prezidenti bu ilin rəhbərlik etdiyi federasiya üçün də uğurlu keçdiyini dedi: "Atletlərimiz il ərzində 26 medal qazanıblar. İki idmançımız dünya çempionatında 5-ci yeri tutub. Federasiyamız üçün yüksək nəticələrdən biri də bu il ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunlarında əldə edilib. Tələbələrin Yay Universiadasında 3 qızıl medal qazanmışıq. Federasiya nümayəndələrindən üç nəfəri ilin yekunlarına görə Gənclər və İdman Nazirliyinin nominasiyasında mükafata layiq görülüb. Avropa çempionu, IV İslam Həmrəyliyi Oyunlarının və Tələbələrin Yay Universiadasının (Taypey) qalibi Nazim Babayev "İlin ən yaxşı idmançısı”, atletika üzrə yığma komandanın tullanma üzrə böyük məşqçisi Ziyad Xəlfəyev "İlin ən yaxşı məşqçisi”, IV İslamiadanın baş hakimi Vüqar Ələsgərov "İlin ən yaxşı hakimi” adına layiq görülüblər”.

AAF-ın prezidenti idmançılara yeni ildə yeni uğurlar arzulayaraq bildirdi ki, federasiya bundan sonra da ölkədə atletikanın inkişafı üçün əlindən gələni etməyə çalışacaq və nəticələri daha da yaxşılaşdıracaq. Çingiz Hüseynzadə çıxışının sonunda 2019-cu ildə keçiriləcək iki mühüm tədbirdən danışdı. O bildirdi ki, bu mühüm tədbirlərdən biri – Avropa Yeniyetmələrinin Olimpiya Festivalı məhz Bakıda keçiriləcək. İkinci mühüm tədbir isə Minsk-2019 II Avropa Oyunlarıdır.
Məhərrəm Sultanzadə Asiya Atletika Federasiyaları Assosiyasiyasının AAF-a ünvanladığı "Avropanın ən fəal üzvü” diplomunu federasiya rəhbəri Çingiz Hüseynzadəyə təqdim etdi.

Yığıncağın sonunda qaliblər mükafatlandırıldılar.





Bu yazı

4426 dəfə oxunub

Tarix

2017-12-28 10:41:00

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook