Tələbələrin fiziki sağlamlığının keşiyində dayanırıq ki, onlar cəsarətli və çevik olsunlar


Təhsil müəssisələrində bədən tərbiyəsinin əsas təşkil forması dərsdir. Bədən tərbiyəsi dərsləri cədvəl üzrə həftədə iki dəfə aparılır. Dərslərdə şagirdlərə hərəkət keyfiyyətləri (sürət, qüvvə, çeviklik, dözümlülük) və hərəkət fəaliyyətinə dair (əmək, vətəni müdafiə, idman və s.) lazımi bilik, bacarıq və vərdişlər aşılanır.

Bədən tərbiyəsi dərsləri hazırlayıcı, əsas və tamamlayıcı hissədən ibarətdir. Bunların da hər birinin özünəməxsus məqsəd və vəzifələri vardır. Müəllim həmin məqsəd və vəzifələrə uyğun fiziki hərəkətlər və oyunlar seçir, yeri gəldikdə onları dərsin ayrı-ayrı mərhələlərində şagirdlərə öyrədir. Məqsədə nail olmaq üçün dərs pedaqoji-psixoloji cəhətdən düzgün qurulmalıdır. Dərsin keyfiyyətini yüksəltmək üçün müəllim tədris materiallarını dərindən öyrənməli, materialları ardıcıllıqla tədris etməli və təlim üsullarını düzgün müəyyənləşdirməlidir. Bununla yanaşı, dərs maraqlı qurulmalı, şagirdlərin fəallığı şəraitində keçirməlidir, tədris günü rejimində digər fənlərlə müvafiq qaydada növbələşdirilməlidir.

Hazırda respublikamızda fəaliyyət göstərən orta ixtisas və ümumtəhsil müəssisələrində də idmana xüsusi diqqət yetirilir. Bu sahəyə diqqət yetirilən ali təhsil ocaqlarından biri də Bakı Texniki Kollecidir.

Məlumat üçün bildirək ki, Bakı Texniki Kolleci 1996-cı ildə Bakı Politexnik və Bakı Maşınqayırma texnikumlarının birləşdirilməsi əsasında yaradılıb. Kollecin rəhbərliyi tərəfindən maddi-texniki bazanın yaxşılaşdırılması istiqamətində lazımi işlər görülüb. Yaradılan bu imkandan yararlanan təhsil ocağında tədris və idman işləri əvvəlki qaydada davam etdirilir. Burada müxtəlif növlər üzrə daxili yarışlar təşkil olunur. Təhsil ocağının idmançıları Nizami rayonunun Gənclər və İdman İdarəsinin keçirdiyi bütün yarışlarda fəal iştirak edirlər.

Azərbaycan Texniki Universitetinin nəzdinə verilən Bakı Texniki Kollecində idmanın yüksək səviyyədə təbliğ edildiyinin şahidi olduq. İdman kafedrasının yerləşdiyi mərtəbədə Azərbaycanın və kollecin idman həyatını özündə əks etdirən foto-stendlər buna nümunədir.

Bütün bunların həyata keçirilməsində fiziki tərbiyə və gənclərin çağırışa qədərki hazırlığı fənn birliyinin sədri Aydın Kazımbəyovun xüsusi rolu var. Sərbəst güləş üzrə SSRİ idman ustası, respublikanın fəxri bədən tərbiyəsi və idman işçisi olan Aydın Kazımbəyov təcrübəli müəllim, bacarıqlı pedaqoqlardan biridir.

Aydın müəllim əvvəlcə pedoqoji fəaliyyətin xüsusiyyətlərindən danışdı. O bildirdi ki, bütün təhsil müəssisələrində təhsil alan tələbələrin fiziki və mənəvi tərbiyəsinin inkişafında fiziki tərbiyə fənninin xüsusi rolu var.

"Sağlamlığın qorunması nəzəri biliklərlərdən başlayır”

"Bədən tərbiyəsi dərslərində şagirdlər fiziki tərbiyə, idman, gün rejimi, sağlamlığın qorunması barədə nəzəri biliklərə yiyələnirlər. Qeyd etmək lazımdır ki, şagirdlərin nə üçün bədən tərbiyəsi ilə məşğul olduğunu, bədən tərbiyəsi və idmanın məna və əhəmiyyətini, onun orqanizmə müsbət təsirini başa düşməsi böyük təlim-tərbiyəvi əhəmiyyətə malikdir. Bu, bir tərəfdən bədən tərbiyəsi məşğələlərinə şagirdlərin marağını artırırsa, digər tərəfdən onların bədən tərbiyəsi dərslərinə şüurlu münasibətini yüksəldir.

Bədən tərbiyəsi dərslərində həyat üçün vacib olan bir sıra hərəkətlər öyrədilir. Məsələn, yeriş, qaçış, müvazinət saxlamaq, tullanmalar, cisim atmalar, qamətin formalaşması üçün hərəkətlər və s. Həmin hərəkətlər üzrə bacarıq və vərdişlərə sahib olmaq şagirdlərin gündəlik həyatı üçün 2 cəhətdən əhəmiyyətlidir:
1. Şagirdlərin gündəlik həyatda, gün rejimində qarşıya çıxan çətinlikləri aradan qaldırmaqla yanaşı, həm də bu istiqamətli işdə (yazı yazmaq, məktəbdə ictimai-faydalı əməklə məşğul olmaq, valideynlərinə əmək xarakterli işlərdə kömək göstərmək, turist yürüşləri, ekskursiyalar dövründə maneələri keçmək, kələ-kötür yerləri gəzmək, dağlara qalxmaq, enmək və s.) xüsusi müvəffəqiyyətlər də əldə edirlər.
2. Bədən tərbiyəsi dərslərində ayrı-ayrı fiziki hərəkət və mütəhərrik oyunlar üzrə qazanılmış bilik, bacarıq və vərdişlər ümumtəhsil məktəbi sistemində tədris olunan əmək təlimi, təbiətşünaslıq və s. fənlərin təlim keyfiyyətinin yüksədilməsinə kömək edir. Məsələn, məlumdur ki, şagirdlər ibtidai siniflərdə ümuminkişaf, dırmanma və qamət üçün hərəkətlər icra edirlər. Həmin hərəkətlər orqanizmə sağlamlaşdırıcı təsir göstərməklə bərabər, eyni zamanda, şagirdlərdə mütəhərrikliyi, müvazinət hərəkətlərini inkişaf etdirir, bədənin elastikliyini (əyilmə-qalxma və bədənin ayrı-ayrı hissələrinin dairəvi hərəkətləri, çöməlmə və yarımçöməlmələr, qıçları dizdən bükmək şərti ilə qolların yana, sağa və sola yellədilməsi və bir çox hərəkətlər) artırır. Öz-özlüyündə aydındır ki, bədən tərbiyəsi dərslərində qazanılmış bu cür qabiliyyətlər, əmək dərslərində əl işlərinin qısa vaxt ərzində daha sürətlə yerinə yetirilməsi üçün çox vacibdir. Başqa bir misal: bədən tərbiyəsi dərslərində bilək, qol və kürəklərin qüvvəsinin artırılması məqsədilə öyrədilən fiziki hərəkətlər, zehni iş tələb edən dərslərin (ana dili, riyaziyyat) tədrisində yazı yazarkən, şagirdlərin vaxtından əvvəl yorulmasının, ruh düşkünlüyünün və əzginliyinin qarşısını alır.

Görkəmli pedaqoq A.S.Makarenko bu məsələyə xüsusi diqqət yetirmiş və oyunların, yerinə yetirilən müxtəlif növ fiziki hərəkətlərin kiçik məktəbyaşlı uşaqların ictimai və şəxsi həyatında mühüm rolunu dəfələrlə qeyd etmişdir.

A.S.Makarenko oyunun, uşaqların həyatındakı mahiyyətini belə səciyyələndirir: "Yaşlı adamın həyatında iş, fəaliyyət, qulluq nə kimi əhəmiyyətə malikdirsə, uşağın da həyatında oyun o qədər vacib və əhəmiyyətlidir”, - deyə Aydın müəllim öz fikirini bu sitatla tamamladı.

"Bədən tərbiyəsi müəllimi şagirdlərin
məktəbdənkənar işlərinə diqqətlə yanaşmalıdır”

Mütəxəssislərin fikrincə, bədən tərbiyəsi yetişməkdə olan gənc nəslin formalaşması, əməyə, həyata, əməli fəaliyyətə hazırlamansı, ailəyə yaxından kömək kimi mühüm məsələlərin yerinə yetirilməsinə xidmət edir. İdman uşaqların sağlamlığı ilə bərabər, onların harmonik inkişafına da şərait yaradır, şagirdlərdə doğma məktəbin, vətənin şərəfini müdafiə etmək kimi müsbət keyfiyyətlər tərbiyə edir.

Fiziki hazırlıq məktəb və ailə tərbiyəsi ilə sıx əlaqədə olub, vəhdət təşkil etməlidir. Şagirdlər məktəbdə bədən tərbiyəsi proqramına müvafiq yiyələndikləri vərdiş və bacarıqları məktəbdənkənar müəssisələrdə təkmilləşdirirlər. Həmin müəssisələrdə şagirdlər üçün, ilk növbədə, kütləvi idman növləri ilə yanaşı, məktəbdə təşkil edilməsi çətin olan, yaxud da heç mümkün olmayan idman növləri üzrə bölmə məşğələləri də təşkil edilməlidir. Məsələn tennis, bədii gimnastika, üzgüçülük kimi növlərlə məşğul olmaq məktəbdənkənar bədən tərbiyəsi və idman işlərinin həyata keçirilməsinin bir hissəsidir. Məktəbdənkənar bədən tərbiyəsi və idman işləri ümumtəhsil məktəbinin təlim-tərbiyə işlərinə uyğun olmalı, onu davam etdirməli və dəyərləndirməlidir. Bədən tərbiyəsi müəllimi şagirdlərin məktəbdənkənar işlərinə diqqətlə yanaşmalı, onların aldığı bilik və bacarıqların sinif yoldaşlarına öyrədilməsinə nəzarət etməlidir.

Aydın müəllim qeyd etdi ki, tələbələrin bədən tərbiyəsi dərslərinə marağını artırmaq da çox vacibdir. "Mən hər zaman tələbələrimdən tələb edirəm ki, dərsə idman formasında gəlsinlər. Dərsin nə olduğunu hiss etsinlər. Düzünü deyim ki, bəzən bu tələbim onların narazılığına səbəb olur. Lakin vaxt keçdikcə tələbələr bu vərdişə yiyələnirlər. Hətta bəzən məndən narazı qalanlar sonradan mənə minnətdarlıq edirlər. Çalışıram ki, tələbələrimizin müxtəlif idman növlərinə marağı artsın. Bu, çox vacib amildir. Bakı Texniki Kollecində təhsil alan tələblərin fiziki sağlamlığının keşiyində dayanırıq ki, onlar gümrah, cəsarətli və çevik olsunlar. Burada təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanan tələbələrin bir çoxu ordudan təxris olunarkən yanıma gəlir, onlardan tələbəlik dövründə tələb etdiyim bacarıqların ordu sıralarında kömək etdiyini deyirlər. Düşünürəm ki, hər bir müəllim əlindən gələni etməlidir ki, şagird və tələbələr orduya tam hazır vəziyyətdə yollansınlar. Bizim kollecdə bu iş yüksək səviyyədə həyata keçirilir. Bakı Texniki Kollecinin direktoru Fərrux Məmmədov tələbələrin savadlı, dünyagörüşlü, fiziki və mənəvi cəhətdən sağlam böyüməsi üçün bütün imkanlardan istifadə edir. Onlar üçün şərait yaradır. Buna görə də biz ayrı-ayrı yarışlarda uğurla çıxış edirik. Tələbələrin gün ərzində zehni və fiziki hərəkət normalarına düzgün əməl etməsi də olduqca mühüm əhəmiyyətə malikdir.

Bizim dərs proqramımız tələbələrin bu normaları yerinə yetirməsinə uyğunlaşdırılıb”, - təcrübəli müəllim vurğuladı.

Təlimdə məsuliyyət daşıdığını anlayan hər bir şagirdin
 idrak fəallığı da yüksəlir

Qeyd etmək lazımdır ki, fiziki tərbiyə üzrə tədris materiallarının müvafiq qaydada tədrisi təlimin müsbət nəticələnməsinə öz təsirini göstərir. Müxtəlif növ yeriş, qaçış və gimnastika hərəkətlərinin musiqinin müşayiəti ilə yerinə yetirilməsi şagirdlərin fəallığını və həvəsini artırır. Bu cür hərəkətlər onların dərsə marağını da yüksəldir. Hərəkətlərin icraolunma tempi tədris materialının məzmunundan, onun icrasından (asan və ya mürəkkəb olmasından), nə məqsədlə yerinə yetirilməsindən də mühüm dərəcədə asılıdır. Hərəkətlər yüksək, orta və aşağı tempdə icra oluna bilər. Burada sinifin orta təlim tempi mütləq nəzərə alınmalıdır.

Mütəxəssislərin araşdırmaları zamanı gimnastika, atletika hərəkətləri, idman oyunları üzrə fəndlərin orta təlim tempinə uyğun həyata keçirilməsinin daha önəmli və təsirliliyi müşahidə olunmuşdur.

Tədris prosesinin səmərəliliyinə zəmin yaradan amillərdən biri də təlim zamanı sərbəstliyin təmin olunmasıdır. Yəni, şagirdlərin idrak fəallığı, təlimə şüurlu və düşüncəli yanaşması təmin edilməklə, onların müstəqilliyinə, sərbəst hərəkət etmələrinə də üstünlük verilməlidir. Bu, öyrətmə və öyrənmənin vahidliyinin gözlənilməsilə sıx əlaqədar olmaqla yanaşı, müəllimin və şagirdlərin fəaliyyətinin tənzimləməsini stimullaşdıran mexanizmlərdən hesab olunur.

Mütəxəssislər hesab edirlər ki, müxtəlif növ, rəngarəng fiziki hərəkətlər, mütəhərrik və əyləncəli oyunlar lazımi templərdə, tədris şəraiti nəzərə alınmaqla keçirilməlidir. Bu zaman həm öyrədən, həm də öyrənənlər məsuliyyət hiss etməlidirlər. Belə olmasa, həmin təlimin uğurlu nəticəsindən danışmaq olmaz. Təlimdə məsuliyyət daşıdığını anlayan hər bir şagirdin və tələbənin idrak fəallığı da da yüksəlir. Bu isə birbaşa təlimə şüurlu yanaşmanı, düşünərək təhlillər aparmanı, müəyyən qənaətə gəlməni təmin edir. Şərh olunanlar daha yaxşı qavranılır, yadda saxlamağa ciddi səy göstərilir. Təlimin şüurlu surətdə qavranılması uşaqların mənəvi və psixoloji hazırlığında mühüm rol oynayır. Yuxarıda sadalanan komponentlərdən kompleks istifadə olunması təlimdə nailiyyət qazanılmasında ən başlıca şərtlərdən sayılır.

"Bunları nəzərə almadan təlim-məşqin
keyfiyyətindən danışmağa dəyməz”

Təcrübə göstərir ki, fiziki tərbiyənin təlim prosesinin düzgün təşkili və keçirilməsində pedaqoji təcrübə əsas rol oynayır. Fiziki tərbiyənin tədrisi zamanı məktəbli gigiyenasına riayət edilməsi, təlim üçün mənəvi-psixoloji və estetik şəraitin yaradılması da əhəmiyyətli komponentlərdəndir. Təlim prosesi üçün maksimum dərəcədə məqsədəuyğun sanitariya-gigiyena şəraitinin yaradılması da nəzərə alınmalıdır. Şagirdlərin təlim-tərbiyə işində və sürətli inkişafının təmin edilməsində tədris prosesinin optimallaşdırılması prinsiplərinin də tətbiqinə ehtiyac duyulur. Tədris zamanı təlimlərin kompleks şəkildə, ardıcıllıqla yerinə yetirilməsi uşaqların hərtərəfli inkişafına, şəxsiyyət kimi formalaşdırılmasına və mənəvi aləminin zənginləşdirilməsinə müsbət təsir göstərir.

Aydın Kazımbəyov bu sahə üzrə ən xırda məqamların diqqətdə saxlanılmasının vacibliyini vurğuladı. O bildirdi ki, bədən tərbiyəsi məşğələlərinin səmərəliliyinin yüksədilməsində onun optimal şəkildə təşkili mühüm rol oynayır. Məşğələnin səmərəliliyini yüksəltmək, onu optimallaşdırmaq bir sıra pedaqoji-psixoloji amillərlə sıx surətdə əlaqədardır. Bunları nəzərə almadan təlim-məşqin keyfiyyətindən danışmağa dəyməz. Digər fənlərdə olduğu kimi, şagirdlərlə aparılan bədən tərbiyəsi məşğələlərində də optimallaşdırma təhsilin məzmununun elmli olması, müasir şəraitlə sıx əlaqələndirilməsi, sistematiklik və ardıcıllıqla həyata keçirilməsi ilə şərtlənir. Məşğələnin optimal təşkili, eyni zamanda bədən tərbiyəsi üzrə nəzəri və praktik materialların şagirdlər tərəfindən fəal, mütəşəkkil və yaradıcılıqla, şüurlu surətdə öyrənilməsi ilə səciyyələnir. Bu o deməkdir ki, hər hansı bir fiziki hərəkət öyrədilirsə, bu hərəkətin nə məqsədlə yerinə yetirilməsi, sosial-iqtisadi əhəmiyyəti şagirdlərə çatdırılmalıdır. Bədən tərbiyəsi məşğələlərinin optimallaşdırılmasının ümumi cəhətləri ilə yanaşı, həm də özünəməxsus xüsusiyyətləri vardır. Fiziki tərbiyə üzrə təlim-tərbiyə tapşırıqlarının verilməsinə kompleks yanaşmaq onun optimallaşdırılmasının əsas vasitələrindəndir. Bununla yanaşı, şagird və tələbələrlə keçirilən bədən tərbiyəsi məşğələlərinə kompleks yanaşma müəllimin daim diqqət mərkəzində olmalıdır.

Zəhmət bəhrəsiz qalmır

Yola saldığımız 2017-ci il Bakı Texniki Kollecinin idmançı tələbələri üçün də yaddaqalan olub. Aydın müəllimin rəhbərliyi altında çıxış edən komandalar uğurlu nəticələrlə diqqət çəkiblər. Məlumat aldıq ki, il ərzində keçirilən bir sıra yarışlarda Kollecin komandası uğurla çıxış edib. Orta ixtisas Təhsil müəssisələri tələblərinin XIII Respublika spartakiadasında III kurs tələbəsi Murad Paşayev isə fərdi yarışlarda daha yüksək nəticə əldə edib. O, 100 metr məsafəyə (12,07 saniyə) hamıdan birinci çatıb. O, 4X100 esafetdə ikinci yerə layiq görülüb.

Bütün bu uğurlar kollecdə idman dərslərinə olan diqqətin sayəsində ərsəyə gəlib. Sərbəst güləş üzrə SSRİ idman ustası, respublikanın fəxri bədən tərbiyəsi və idman işçisi olan Aydın Kazımbəyov Nizami rayonunda idmanın təşkilinə görə diplom və sertifikatlarla mükafatlanıb. Bundan başqa, tanınmış mütəxəssis IV İsalm Həmrəyliyi Oyunlarının təbliği və təşkilində göstərdiyi xidmətlərə görə də diplomla mükafatlandırılıb. Buradan görünür ki, hər kəs öz işində məsuliyyətli olarsa, çəkilən zəhmət bəhrəsiz qalmır.
Anar Əhmədov



Bu yazı

23530 dəfə oxunub

Tarix

2018-01-09 17:08:18

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook