“Neftçi idman klubu” İB - idman xronologiyası


Kikboksinq
Ukraynanın Kiyev şəhərində kikboksinq üzrə "Wizard Open-2017” beynəlxalq turniri keçirilib. Yarışda 300-dən artıq idmançı qüvvəsini sınayıb.

Azərbaycanı təmsil edən yığmamızın heyətində "Neftçi İdman Klubu” iki idmançı ilə təmsil olunub. Təmsilçilərimizin hər ikisi mükafatalayiq yer tutub. Belə ki, Sehran Baxşıyev (71 kq) lou-kik versiyasında turnirin qalibi adını qazanıb. İsgəndər Hacıyev (67 kq) isə full-kontakt yarışlarının gümüş medalına sahib olub.
Klubumuzun kikboksinq üzrə məşqçisi Elnur Alıyev isə turnirdə ədalət təmsilçisi qismində çıxış edib.

Cüdo
Bakı İdman Sarayında kişilər, qadınlar və usta cüdoçular arasında təşkil olunan ölkə çempionatı başa çatıb. Yarışın sonuncu günündə kişilər arasında iki çəki dərəcəsində, eləcə də, usta cüdoçuların bütün yaş qrupları və çəki dərəcələrində qaliblər bəlli olub.

"Neftçi İdman Klubu”nun cüdoçularından 100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan Şahin Qəhrəmanov bütün görüşləri qalib başa vuraraq çempionatın qalibi olub. Onunla eyni çəkidə çıxış edən Musa Çəkərəliyev isə üçüncü yeri tutub.

Xatırladaq ki, yarışın əvvəlki günlərində idmançılarımız daha 18 medal qazanıblar. Neftçi İdman Klubu”nun cüdoçuları ümumi komanda hesabında birinci yerə layiq görülüblər.

Klubumuzu təmsil edən usta cüdoçular arasında M1-M2 yaş qrupunda Vüqar Babayev (66 kq) və Rafael Şahverdiyev (+100 kq) respublika çempionu olublar. İbrahim Quliyevlə Rəşad Fərziyev (hər ikisi 90 kq) isə bürünc medala yiyələniblər. M3-M4 yaş qrupunda Rüfət İsmayılov (81 kq) liderliyə yüksəlib. Mehman Məmmədov (100 kq) isə 3-cü pillədə qərarlaşıb. Maqsud Matanov (73 kq) və Elçin İsmayılov (81 kq) isə M5-M6 yaş qrupunda qızıl medala layiq görülüblər.

Futbol
"Neftçi İdman Klubu”nun on iki yaşadək futbolçulardan ibarət komandası dekabrın 18-dən 26-dək Türkiyənin Trabzon şəhərində təlim-məşq toplanışı keçirib.

Komandamız bu müddət ərzində paralel olaraq dörd yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Böyük əzmkarlıq nümayiş etdirən futbolçularımız bütün qarşılaşmaları qələbə ilə başa vurublar. Təmsilçimiz "Trabzonspor”, "Ortahisar”, "Yolspor” və "Soyuqsuspor” komandalarını müvafiq olaraq 4:1, 5:3, 6:0 və 11:3 hesabı ilə məğlub edib.

"Neftçi İdman Klubu”
İctimai Birliyinin mətbuat xidməti


Bu yazı

14574 dəfə oxunub

Tarix

2018-01-09 17:51:55

Yazını

Çap et

Yazını

Paylaş