Azərbaycan gimnastları ili uğurla yola salıblar






Yola saldığımız 2017-ci il Azərbaycan Gimnastika Federasiyası üçün bir çox əlamətdar hadisə və mühüm tədbirlərlə yadda qalıb.

Ötən ilin əvvəlində Bakı ilk dəfə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Bədii Gimnastika üzrə Qitələrarası Hakimlik Kursları, ardınca isə FIG-nin bədii gimnastika və kişi idman gimnastikası üzrə beynəlxalq hakimlik kurslarına ev sahibliyi edib. Azərbaycan təmsilçiləri bu və digər beynəlxalq hakimlik kurslarında uğurla iştirak edərək, müxtəlif hakimlik kateqoriyalarına sahib olublar. Hazırda ölkəmizdə gimnastikanın bütün növləri üzrə beynəlxalq dərəcəli hakimləri fəaliyyət göstərir. Rza Əliyev Azərbaycan gimnastikası tarixində ən yüksək - 1-ci dərəcəli beynəlxalq kateqoriya lan ilk hakimimizdir. Digər hakimimiz Kamil Quliyev isə ötən il batut gimnastikası üzrə təşkil edilən dünya çempionatında ilk azərbaycanlı hakim kimi çıxışların qiymətləndirilməsində iştirak edib.

Azərbaycan Gimnastika Federasiyası 2016-cı ildə olduğu kimi, 2017-ci ildə də gimnastikanın 3 növü üzrə dünya Kuboku mərhələ yarışlarını yüksək səviyyədə təşkil edib. Ötən il Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə ilk dünya Kuboku, ardınca isə növbəti beynəlxalq turnir - kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku mərhələsi yarışları uğurla başa çatıb. Federasiyanın təşkilatçılığı ilə keçirilən ilin sonuncu beynəlxalq yarışı isə bədii gimnastika üzrə dünya Kuboku mərhələsi olub.
3 növ üzrə dünya Kuboku yarışlarının ardından Bakıda FIG Şura iclası keçirilib. İclas çərçivəsində Azərbaycan Gimnastika Federasiyasının prezidenti, ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Olimpiya idman növü olan gimnastikanın inkişafındakı böyük xidmətlərinə görə FIG-nin yüksək mükafatı ilə təltif olunub.

Gimnastlarımız ölkəmizin ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunlarında ümumilikdə, 20 medal qazanıblar. Qazanılan medallardan 8-si (4 qızıl, 2 gümüş və 2 bürünc) bədii gimnastlarımızın, 12-si isə idman gimnastlarımızın payına düşür. Qeyd edək ki, gimnastika İslam Həmrəyliyi Oyunlarının proqramında ilk dəfə idi ki, nümayiş etdirilirdi.

Ötən ildə gimnastika növləri üzrə yığma komandamız beynəlxalq turnirlərdə ümumi hesabda 96 (34 qızıl, 32 gümüş və 30 bürünc) medala sahib çıxıb. İdmanşılarımızın qazandırları uğurlar arasında xüsusilə, gimnastika tariximizdə ilk dəfə olaraq batut gimnastikası və tamblinq üzrə 25-ci Dünya Yaş Qrupu Yarışlarında tamblinqçimiz Mixail Malkinin çempion olmasını və akrobatika gimnastikasında qarışıq cütlüklərin (Ağasif Rəhimov-Nurcan Cabbarlı, Abdulla Əl Məşayxi-Ruhidil Qurbanlı) gənclər arasında Avropa çempionatında 3 bürünc medala layiq görülməsi sevindiricidir.
Ötən ilin yadda qalan hadisələrindən biri də Azərbaycan Gimnastika Federasiyasının 3-cü dəfə FIG tərəfindən "Fərqlənən” federasiyaların reytinq siyahısına daxil edilməsidir. Bu qiymət milli federasiyamızın fəaliyyətinin yüksək qiymətləndirilməsi və beynəlxalq arenadakı nüfuzunun artamsının göstəricidir.

2017-ci ilin ölkəmiz və Azərbaycan Gimnastika federasiyası üçün ən mühüm xəbəri isə dekabr ayında oldu. Belə ki, Xorvatiyanın Split şəhərində Avropa Gimnastika İttifaqının 27-ci Konqresi çərçivəsində keçirilən prezident seçkilərində Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının (UEG) prezidenti seçildi. Bu münasibətlə Azərbaycan Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva Fərid Qayıbovu təbrik edərək, ona gələcək işlərində uğurlar arzuladılar.

15 il AGF-nın baş katibi işləyən Fərid Qayıbovu federasiyanın baş katibinin müavini Nurlana Məmmədzadə əvəz etdi.
AGF hər il olduğu kimi ötən il də yeni il ərəfəsində bütün gimnastika sevərləri yenidən bir araya topladı. Gimnast və məşçilərin iştirakı ilə təşkil edilən "Evdə tək” adlı möhtəşəm bayram şousu bütün tamaşaçılara əyləncəli anlar yaşatdı.

Azərbaycan Gimnastika Federasiyası 2017-ci ilə dekabr ayının son həftəsində AGF-nın 15 illik yubileyinə həsr olunmuş 8-ci ümumi yığıncağı ilə yekun vurdu. Tədbirdə gimnastika sahəsində nailiyyət və xidmətlərinə görə fərqlənən bir sıra şəxslərə xatirə medalları təqdim olundu.



Bu yazı

2248 dəfə oxunub

Tarix

2018-01-12 12:04:33

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook