Orxan Səfərov: “Olimpiya çempionu olmaq arzu deyil, o bir məqsəddir”

Rüstəm Orucov: "Mənim əsas məşğuliyyətim cüdodur”

"Olimpiya dünyası” qəzeti hər zaman maraqlı rubrikaları ilə çoxsaylı oxucularının görüşünə gəlib. Qəzetimizin bu ənənəsi 2018-ci ildə də davam edəcək. Budəfəki yeni rubrikamızın adı "Qarışıq dialoq”dur. Belə ki, müsahib qismində olan tanınmış idmançılarımız redaksiyamıza gələrək, "Qarışıq dialoq”un qonağı olacaq, müdaxiləmiz olmadan biri-birlərinə suallar verərək, maraqlı cavablar alacaqlar. Bu zaman onların, necə deyərlər, həm jurnalist bacarıqları, həm sevimli məşğuliyyətləri, arzu və istəkləri, həm də ilk baxışdan görünməyən tərəfləri üzə çıxacaq. Qəzetimizin yeni rubrikasının ilk qonaqları Rio-2016 Yay Olimpiya Oyunlarının cüdo üzrə gümüş mükafatçısı, Avropa çempionu Rüstəm Orucov və onun komanda yoldaşı I Avropa Oyunlarının gümüş medalçısı, dünya çempionatının gümüş və bürünc mükafatçısı, IV İslam Həmrəyliyi Oyunlarının qalibi Orxan Səfərovdur. Yığma komandanın aparıcı qüvvələrindən olan hər iki idmançının "Qarışıq dialoq”unu oxucularımıza təqdim edirik.

Qeyd: Əvvəl hər iki idmançımız bir qədər tərəddüd etdi. Çünki sual vermək asan olduğu qədər də çətindir. Lakin Rüstəm Orucov özündə güc tapıb təşəbbüsü ələ aldı.

- Orxan, idmanla nə vaxtdan məşğul olursan?
- İdmanla məşğul olmağa 1998-ci ildə Sankt-Peterburq şəhərində başlamışam. Həmin vaxt 7 yaşım var idi.

Qeyd: Orxan həyəcanını gizlətmirdi. Buna görə də öz həmkarına eyni sualla müraciət etdi.

- Bəs, sən nə vaxt başlamısan?
- 1999-cu ildə.
- O.S.: Rüstəm, bu çətin suala çox "ətraflı” cavab verdin. Əhsən (gülür). Bir də elə sual ver ki, bir az çətinlik çəkim. Fikirlərimi toplaya bilim.
- R.O.: Yaxşı. Onda sənə çətin bir sualım var. Nə vaxt evlənirsən?
- O.S.: (Bir anlıq araya süküt çökdü. Görünür, Rüstəmin bu sualı, doğrudan da, Orxanı çətinə salmışdı) - Görək də. İnşallah, yaxın vaxtlarda...
- O.S.: Sən özün evlisən. Artıq bu ağır yükün məsuliyyətini hiss etmisən. Sirr deyilsə, evlilik həyatın necə gedir?
- R.O.: Ailə qurandan sonra çox dəyişmişəm. Nə yaxşı ki, vaxtında evlənib, ailənin nə olduğunu və ailə başçısının hansı məsuliyyəti daşıdığını hiss etmişəm. Orxan, məsləhətdi, çalış tez evlən, vaxt itirmə. Sonra gec olar.

"Üç fincan çay”la "11 dəqiqə” mütaliə

- R.O.: Ən çox sevdiyin film hansıdır?
- O.S.: 1+1 filmi. Baxmısan?
- R.O.: Elə mənim də. Çox təsirli filmdir. İndiyə qədər həmin film gözümün önündə canlanır.
- O.S.: Axırıncı dəfə yolun nə vaxt kinoteatrdan düşüb?
- R.O.: İnanırsan ki, yadımda deyil. Təxminən 2-3 ay bundan əvvəl getmişəm.
- R.O.: Axırıncı dəfə nə vaxt kitab oxumusan?
- O.S.: Buyaxınlarda Qreq Mortensonun "Üç fincan çay” kitabını oxumağa başlamışam. Nə vaxt bitirəcəyimi isə bilmirəm (gülür). Lakin mənə ən maraqlı gələn Paylo Koelyonun "11 dəqiqə” kitabıdır. Onun üçün vaxt itirməyə dəyər.
- O.S.: Sən axırıncı dəfə kitab nə vaxt oxumusan?
- R.O.: Səndən fərqli olaraq, mən əsasən kitabları internetdən oxuyuram.

Qeyd: Onların qarşılıqlı dialoqunda idmançılar idmandan kənar verilən sualların qurulmasında, doğrudan da, çətinlik çəkirdilər. Sonrakı dəqiqələrdə hər iki idmançı sualları öz sahələrinə yönəltdilər. Öz sahələri üzrə verilən suallardan sonra cavablar da maraqlı oldu.

- R.O.: Ən çox xoşladığın idman firması hansıdır?
- O.S.: İdman ayaqqabılarında "Nike”ı, geyimlərdə isə "Adidas”ı bəyənirəm.
- O.S.: Sən hansı firmanın geyimlərini bəyənirsən?
- R.O.: Mən bütövlükdə "Nike”yə üstünlük verirəm.
- R.O.: Orxan, sevmədiyin sual hansıdır?
- O.S.: Ən sevmədiyim suallardan biri, "IV İslam Həmrəyliyi Oyunlarında verilən pulları hara xərclədin?”- sualıdır. Peşəkar idmançı olmayıb, lakin özünü idmançı kimi göstərən "idmançılar” barədə məndən nəsə soruşanda da heç xoşum gəlmir.
- O.S.: Yəqin ki, sənin də sevmədiyin suallar var.
- R.O.: İnan ki, mənə də "İslam Həmrəyliyi Oyunlarından qazandığın pulu hara xərclədin?” - sualı dəfələrlə verilib. Bir az söhbət edən kimi fürsət tapıb o sualı verirlər. Bir Allah bəndəsi, soruşmur ki, sənin zədən nə qədər ciddidir? Ya da bu pilləyə çatmaqdan ötrü hansı çətinlikləri keçmisən?
- O.S.: O sevmədiyin sualı sənə versəm, nə cavab verərdin? (gülür)
- R.O.: Ev almışam.
- R.O.: Bəs sən?
- O.S.: Bir kəlmə. Xeyir işlərə xərclədim.
- O.S.: Rüstəm, düzünü de, neçə yaşına qədər Şaxta babanın varlığına inanmısan?
- R.O.: Desəm gülməli çıxacaq. Vallah, elə indi də inanıram. Bəlkə də, sən Şaxta babaya məndən daha çox inanırsan.
- O.S.: Öz yükünü mənim boynuma qoyma. Mən heç vaxt Şaxta babaya inanmamışam.

"Azərbaycan filmlərindən sitatlar gətirməyi xoşlayıram”

- O.S.: Rüstəm, əvvəllər Rusiyada yaşamısan. Yeni il Rusiyada daha maraqlıdır, yoxsa bizdə?
- R.O.: Rusiyada yaşayan vaxtlarda uşaq idim, şəhərə çox az çıxırdım. Yeni ili daha çox evimizdə və pəncərədən baxmaqla qarşılayırdım. Orda qar çox yağır. Bərk şaxta olur. Bu isə Yeni ilə bir başqa bəzək verirdi. Bizdə də qar yağsa, yeni il daha maraqlı olar.
- R.O.: Ən böyük arzun nədir?
- O.S.: Şəxsi yaxtamın olması.
- R.O.: Mən elə bildim, deyəcəksən ki, Olimpiya çempionu olmaq ən böyük arzumdur.
- O.S.: Olimpiya çempionu olmaq arzu deyil, o bir məqsəddir. Arzuya çatmaq üçün məqsədinə nail olmalısan.
- O.S.: Bəs sənin ən böyük arzun nədir?
- R.O.: Uşaqlarımın sağlamlığı.
- O.S.: Azərbaycan filmlərinə baxırsan?
- R.O.: Xeyr. Baxmamışam. Məndən fərqli olaraq, sən baxarsan.
- O.S.: "Ögey ana” filminə çox baxmışam. Ən çox "Bəyin oğurlanması” filmini bəyənmişəm. İndi etdiyimiz zarafatlar hələ o vaxt həmin filmdə olub. Sözarası Azərbaycan filmlərindən sitatlar gətirməyi də xoşlayıram.
- O.S.: Ən yadda qalan qələbən hansıdır?
- R.O.: Rio Olimpiadasındakı yarımfinal görüşüm. Həmin görüşdə qalib gəlməklə, ən azı gümüş medalı özümə təmin etdim.
- O.S.: 2013-cü ildə dünya çempionatında üçüncü yerə çıxmağım da mənim ən yadda qalan uğurumdur. Həmin yarışda sevindiyim qədər heç bir yarışda sevinməmişdim.
- R.O.: Orxan, gələcək yarışlarda 60 kq çəkidə deyil, 66 kq çəkidə yarışacaqsan. Belə olan halda Tokio Olimpiadasına sən gedəcəksən, yoxsa Nicat Şıxəlizadə?
- O.S.: Çəkimi təzə artırmışam. İnşallah, görək 66 kq çəkidə necə olur. Qismət. Tokio Olimpiadasına kimin gedib-getməyəcəyini zaman göstərəcək.
- O.S.: Hidayət Heydərov da sənin çıxış etdiyin çəkidə əsas rəqiblərindən biridir. Bəs 73 kq çəkidə Tokio-2020-yə kim gedəcək, sən yoxsa Hidayət?
- R.O.: Bunu zaman göstərəcək
- O.S.: Rüstəm, niyə futbol oynaya bilmirsən?
- R.O.: Uşaq vaxtı problemlərim var idi. Mənə "qırxayaq” deyirdilər.
- O.S.: Rüstəm, biz həmişə səninlə bir meydanda olanda, qol vurmaqdan çox, özümüzü səndən qorumaq barədə düşünürük.
- R.O.: Belə çıxır ki, sən özünü istedadlı futbolçu hesab edirsən? (gülür)
- O.S.: Mən uşaq vaxtı yaxşı futbol oynayırdım. O vaxtı məhəlləmizə gəlib, ən yaxşı futbol oynayan uşaqları seçirdilər. Hətta bir dəfə məni də seçmişdilər. Lakin sonradan cüdoya keçdim. Əgər cüdoya gəlməsəydim, çox güman ki, futbolçu olacaqdım. Özü də yaxşı futbolçu...
- O.S.: Hansı kluba azarkeşlik edirsən?
- R.O.: "Qarabağ”a. Amma əvvəllər İspaniyanın "Real” klubuna azarkeşlik edirdim.
- O.S.: Mən isə uşaq vaxtımdan "Milan”ın azarkeşi olmuşam.
- O.S.: Ən sevdiyin futbolçu hansıdır?
- R.O.: Kriştianu Ronaldo. Onun xəstə uşaqlara yardım etməsi təqdirəlayiqdir. Fikrimcə, Ronaldo hər bir sahədə nümunəvi futbolçudur.
- R.O.: Sənin ən çox bəyəndiyin futbolçu hansı olub?
- O.S.: Kaka. Yəqin ki, tanıyırsan.

"Məndən biznesmen olmaz”

- O.S.: Gələcəkdə idman karyeranı başa vurduqdan sonra nə işlə məşğul olmağı düşünürsən?
- R.O.: Mənim əsas məşğuliyyətim cüdodur. Karyeramı bitirdikdən sonra ya məşqçi, ya federasiyada, ya da nazirlikdə idmanla bağlı bir işlə məşğul olmaq istəyərəm. Məndən biznesmen olmaz.
- R.O.: Sən özünü gələcəkdə harada görürsən?
- O.S.: Özümü elə cüdoda görürəm. Mənim arzum gələcəkdə öz adıma cüdo akademiyası açmaqdır. Çalışacağam ki, karyeramı başa vurduqdan sonra bu arzumu reallaşdırım. İdmanda qazandığım pulları ora yatırmaq istəyirəm.
- O.S.: Rüstəm, valideynlər övladlarına həmişə "Özün valideyn olarsan, onda hər şeyi bilərsən”-deyirlər. İndi özün valideyn olmusan. Səncə, böyüklər nəyə işarə edirdilər?
- R.O.: İnanırsan, hələ də heç nə bilmirəm. Qızım Safiya hələ balacadır deyə hər şey çox rahatdır.
- O.S.: Ata olaraq, valideyn məsuliyyəti çox ağır deyil ki?
- R.O.: Xeyr. Əksinə uşaqla oynamaq istirahətdir, insan çox rahat olur. Bunu sənə necə başa salım? Başına gələr, bilərsən.
- O.S.: Müəyyən vaxta qədər maddi imkana görə məşq etmisən ki, şəraitini qurasan. Bəs nə vaxtdan nəticəyə görə məşq etməyə başladın?
- R.O.: 2016-cı ildə bank kreditim var idi, yadına gəlir? Dollarla kredit götürmüşdüm. Sonra dolların məzənnəsi qalxdı. Banka 60 min dollar borcum var idi. Evin pulunu verə bilmirdim. Hətta evi satmaq istəyirdim. Avropa çempionatına getdim, birinci yeri tutdum. Sonra özümə ev aldım. Borclarımı qaytardım. Ondan sonra rahatlaşdım. Şükür, indi hər şey yaxşıdır.
- R.O.: Özün verdiyin suala indi özün də cavab ver.
- O.S.: 2015-ci ildən başlayaraq, I Avropa Oyunlarından sonra artıq nəticəyə görə güləşirəm. Nəticə əldə edirəmsə, mənə diqqət və qayğı da göstəriləcək. Biz idmançılar üçün nəticə hər şeydən yüksəkdə olmalıdır.
- R.O.: Səni nə kövrəldə bilər?
- O.S.: Çox şeydən kövrələ bilərəm. Xaraktercə çox həssasam. Məsələn küçədə yaşlı birinin nəsə satması və yaxud sədəqə istəməsi məni çox kövrəldir. Heç vaxt uşaq evinə getməyə ürək eləməmişəm. Onların məsum baxışlarını görsəm, uzun müddət özümə gələ bilmərəm. Bilmirəm, fikrimi sənə başa sala bildim, ya yox.
- O.S.: Bəs Rüstəmi nə kövrəldər?
- R.O.: Mən ən çox balaca uşaqların böyüklərin işini görməsi ilə barışa bilmirəm. Axı onların heç bir günahı yoxdur. Onlar uşaqlığını yaşamalıdırlar.
- R.O.: Özündə bəyənmədiyin xüsusiyyət nədir?
- O.S.: Qabaqcadan danışmaq. Həmişə qabaqcadan nəyisə deyirəm amma mənə düşmür.
- O.S.: Bəs sənin?
- R.O.: Özümdə bəyənmədiyim xüsusiyyət rusdilli olduğum üçün Azərbaycan dilində ləhçə ilə danışmağımdır. Hətta danışanda utanıram. İstəyirəm ki, bu problemimi biryolluq aradan qaldırım.
- R.O.: Cüdo sənin üçün nədir?
- O.S.: Cüdo mənim üçün hər şeydir. Həyatda hər şeyi cüdonun sayəsində qazanmışam.
- O.S.: Sən necə cavab verərdin öz sualına?
- R.O.: Cüdo mənim məşğuliyyətim, işim və həyat tərzimdir.

Hazırladı:
Azər Əlizadə






Bu yazı

25394 dəfə oxunub

Tarix

2018-01-15 19:09:47

Yazını

Çap et

Yazını

Paylaş