“Pəhləvan” klubunda uşaq və gənclərin fiziki və mənəvi inkişafı üçün hər cür şərait var


İnsanın özünü, öz maddi və mənəvi potensialını reallaşdıra bilməsi üçün ona, ilk növbədə, fiziki sağlamlıq lazımdır. "Sağlam bədəndə sağlam ruh olar” ifadəsi təsadüfən yaranmayıb. Doğrudur, bu fikri aksioma kimi qəbul etmək düzgün deyil. Yəni fiziki sağlamlıq insan mənəviyyatı üçün üçün kifayət deyil. Lakin sağlamlıq ən vacib şərtdir. Bu, təkcə idmançılara yox, bütün insanlara aiddir. İdman və bədən tərbiyəsinin yüksək sürətlə inkişaf etdiyi ölkəmizdə insanların sağlamlığı dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

İdman güclü vasitədir

Ölkəmizdə gənc nəslin fiziki inkişafına qayğı ilə yanaşılması hər birimizin ürəyincədir. Çünki fiziki cəhətdən sağlamlıq, həm də mənəvi keyfiyyətlərə sahib olmaq deməkdir. Fiziki və mənəvi cəhətdən sağlamlıq isə gənc nəslin vətənpərvər ruhda böyüməsinin əsasında durur. Azərbaycan müstəqillik əldə etdikdən sonra bütün fəaliyyət sahələri, o cümlədən idmanın inkişaf perspektivləri ciddi şəkildə nəzərə alınıb, ölkəmizin bütün bölgələrində idman kompleksləri, qurğular, meydançalar, iri idman sağlamlıq mərkəzləri yaradılıb. İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi dövlətimizin əsas məqsədlərindən biridir. Şübhəsiz ki, keçmiş SSRİ dövründə də Azərbaycanın bədən tərbiyəsi və idman həyatı diqqət mərkəzində saxlanılıb. Xüsusilə 1970-1980-ci illərdə respublikamızda bu sahənin əhəmiyyətli maddi-texniki bazası yaradılıb, bədən tərbiyəsində kütləvilik əldə olunub. Amma müstəqillik illərində idman və Olimpiya Hərəkatının inkişafı xüsusi qayğı və nəzarətdə saxlanılır. Hazırda Azərbaycanın əksər şəhər, kənd və qəsəbələrində müasir tipli idman qurğuları fəaliyyət göstərir. Azərbaycan dövləti gənc nəslin fiziki sağlamlığını hər zaman ən vacib məsələ kimi diqqətdə saxlayır. Ümummilli lider Heydər Əliyev ölkə həyatının müxtəlif sahələrində əldə olunan nailiyyətlər sırasında idmançılarımızın beynəlxalq arenalarda qazandıqları uğurları xüsusi vurğulayaraq demişdir: "Biz bu gün müstəliq dövlətimizi qurarkən gələcək nəsillərimiz barədə düşünməliyik. Bizdən sonra gələn nəsillər fiziki cəhətdən daha da möhkəm, əqli cəhətdən daha da sağlam olsunlar. Biz buna nail olmaq üçün idmana, bədən tərbiyəsinə çox ciddi fikir verməliyik. İdman sahəsində beynəlxalq yarışlarda əldə olunan nailiyyətlər çox qiymətlidir. Onların qiyməti Azərbaycan xalqının təkcə fiziki cəhətdən yüksək keyfiyyətlərə malik olduğunu nümayiş etdirməkdən ibarət deyil, həm də müstəqil Azərbaycanı dünyada tanıtmaqdan ibarətdir”.

Ölkəmizdə idman yüksələn xətlə inkişaf edir. Paytaxt və bölgələrdə fəaliyyət göstərən Olimpiya idman kompleksləri və digər idman ocaqlarında hər cür şərait yaradılıb. Dövlətimizin bu sahəyə göstərdiyi xüsusi qayğı öz bəhrəsini verir. İdmançılarımız beynəlxalq yarışlarda yüksək nəticələr əldə edir, bayrağımızı qaldırır, himnimizi səsləndirirlər. Azərbaycan beynəlxalq idman yarışlarına ev sahibliyi etməkdə yüksək təşkilatçılıq bacarığı ilə seçilir.

"Pəhləvan” idman klubu güləşin kütləviliyinə xidmət edir

Müxtəlif növlər üzrə keçirilən beynəlxalq yarışlarda əldə olunan nailiyyətlərdə idman klublarının və cəmiyyətlərinin də xüsusi rolu var. "Pəhləvan” Respublika İdman Klub İctimai Birliyi də bu sahənin inkişafında xüsusi pay sahibidir. İdman ocağı öz fəaliyyətini təkcə idmanda uğurların əldə olunmasına deyil, həm də gənclərin mənəvi cəhətdən inkişafına yönəldib. Peşəkar idmançıların yetişməsində önəmli rol oynayan "Pəhləvan” idman klubu 1978-ci ildə güləş növləri üzrə Respublika Uşaq-Gənclər İdman Məktəbi (RUGİM) kimi fəaliyyət göstərib. Məktəbin yetirmələri yarışlarda yaxşı nəticələr əldə etməyə müvəffəq olublar. 1992-ci ilə qədər RUGİM peşəkar idmançıların yetişməsində zəngin fəaliyyət göstərib. Avropa və dünya çempionatlarında yüksək nəticələrə nail olmuş idmançılar respublikanın idman şərəfini layiqincə qoruyublar. Keçmiş SSRİ, dünya və Avropa çempionatlarında ən yüksək nəticələrə nail olmuş idmançılar - Nazim Əlicanov, Qırxlar Bədəlov, İlham Abbasov, Azər İsayev, Nadir Həmidov, Asəf Hacıyev, Emin Mirzəyev, Müşfiq Cəfərov, Səhliman Ağayev, Bəxtiyar Hacıyev, Ramin İbrahimov və digər titullu idmançılar məhz RUGİM-in təmsilçiləri olublar. 1992-ci ilin sentyabr ayında klubun əsasnaməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Beləliklə, RUGİM-in bazasında "Pəhləvan” Respublika İdman Klubu yaradılıb. İlk dövrlərdə müstəqil fəaliyyət göstərən bu klubda 4 idman növü inkişaf etdirilib: yunan-Roma güləşi, sərbəst güləş, cüdo və sambo. Həmin vaxtlar yunan-Roma və sərbəst güləş növləri üzrə bölmələr Bakı şəhəri il yanaşı, respublikamızın 14 rayonunda fəaliyyət göstərirdi. Fəaliyyət göstərdiyi bu illər ərzində klub çoxlu sayda əməkdar idman ustası hazırlayıb. 2015-ci ildə "Pəhləvan” respublika idman klubu İctimai Birlik kimi qeydiyatdan keçib. Buyaxınlarda klubun sədri, Fəxri Bədən tərbiyəsi və İdman işçisi İsmayıl Əliyevlə görüşdük. Müsahibimizlə klubun fəaliyyəti, gələcək planları və qazanılan nailiyyətlər barədə söhbət etdik.

Klubun sədri İsmayıl müəllim, əvvəlcə, bizə 2017-ci ilin "Pəhləvan” klubunun idmançıları üçün uğurlu nəticələrlə yadda qaldığını bildirdi. O, söhbət zamanı, həmçinin klubda yeni perspektivli gənclərin yetişdiyini və onlar üçün lazımi şəraitin yaradıldığını vurğuladı: "1992-ci ildən bu günə qədər "Pəhləvan” klubu Olimpiya idman növü kimi sərbəst, yunan-Roma, qeyri-Olimpiya idman növü sayılan sambo güləş növlərini inkişaf etdirir. Bu müddət ərzində klubumuz bir sıra peşəkar idmançıların yetişməsində səmərəli xidmət göstərib. "Pəhləvan” idman klubunun nəticələri ildən-ilə artır. 2017-ci ili uğurlu nəticələrlə başa vurduq. İdmançılarımız beynəlxalq turnirlərdə, respublika və Bakı birinciliklərində iştirak edərək, uğurlu nəticələr əldə etdilər. Yetirmələrimiz, demək olar ki, ötən il ölkədaxili yarışların hər birində qüvvələrini sınadılar. Elə bir turnir yoxdur ki, "Pəhləvan” klubunun yetirmələri həmin yarışdan özlərini sınamasınlar. Fikrimcə, idmançılarımız belə yarışlarda nə qədər çox iştirak edərlərsə, o qədər də çox təcrübə qazanarlar. Belə yarışlar yeniyetmə və gənc pəhləvanlarımızın hazırlıq səviyyəsinin artmasında, onlarda özünəinamın yaranmasında müsbət rol oynayır. İnanırıq ki, 2018-ci il də yetirmələrimiz üçün uğurlu olacaq. Klubda gənc və perspektivli idmançılar yetişir. Həmin idmançılar təqvim planına əsasən, yığma komandanın heyətində nəzərdə tutulmuş beynəlxalq və respublika turnirlərində qüvvələrini sınayacaqlar. Yetirmələrimizdən bu il də uğurlu nəticələr gözləyirik.

Qeyd etdiyim kimi, hazırda klubumuzda yunan-Roma, sərbəst güləş və sambo bölmələri fəaliyyət göstərir. Klubda üç idman növü üzrə 521 yeniyetmə və gənc idmanın sirlərinə yiyələnir. Onlarla ümumilikdə, 17-dən çox məşqçi-müəllim məşğul olur. Məşqçilərimizdən Akif Əliyev (yunan-Roma güləşi), Ruslan Şamilov (sərbəst güləş), Mübariz İbrahimov (sambo) Əməkdar məşqçi adına layiq görülüblər. Məşqçilər idmançıların fiziki, texniki, taktiki hazırlıqlarının artırılmasında böyük səy göstəririlər. Kluba əsasnaməyə görə, 10 yaşından yuxarı uşaqlar cəlb olunurlar. Bəzi hallarda fiziki hazırlıqları yüksək olan istedadlı uşaqları 8-9 yaşlarından qəbul edirik. İdmançılarımız AHİTA-nın zalında, Binədə yerləşən 136 saylı orta məktəbin idman zalında və Sulutəpədə yerləşən zallarımızda məşğul olurlar. Vaxtilə klubda Yaqub Məmmədov, Vahid Məmmədov, Namiq Abdullayev, Nazim Hüseynov, Ceyhun Məmmədov kimi idmançılar məşğul olublar. Hansı ki, bu idmançılar Azərbaycanın fəxridirlər. Əsas məqsədimiz yenidən onlar kimi təcrübəli idmançılar yetişdirmək, həmçinin yeniyetmə və gənclərimizi sağlam idmana cəlb etməkdir. Bunun üçün bütün bacarıq və imkanlarımızı səfərbər etmişik və edəcəyik. "Pəhləvan” idman klubu hər zaman güləş növlərinin kütləviliyinin artırılmasına öz töhfəsini verib. Həmin iş bu gün də uğurla davam etdirilir”, - deyə İsmayıl Əliyev qeyd edib.

"Çalışırıq ki, yetirmələrimiz həm də
vətənpərvərlik ruhunda böyüsünlər”

"Pəhləvan” İdman Klubunun yetirmələri həm yerli, həm də beynəlxalq yarışlarda iştirak edərək yüksək nəticələr qazanırlar. Klubun yetirməsi Cavid Feyziyev dünya birinciliyində 100 kq çəki dərəcəsində II yeri tutub. O, 2014-cü ildən idman ustasıdır. Dünya və Avropa birinciliklərində mühüm uğurlara nail olan Kərim və Kənan Cəfərov qardaşları 2013-cü ilədək bu klubu təmsil ediblər. Respublikamızda güləş idman növünün inkişaf etdirilməsində böyük xidmətləri olan klub bu gün də səmərəli fəaliyyətin davam etdirir. Klubda güləşçilər üçün yaradılan lazımi şərait idmançılar qələbə qazanmaq üçün stimul verir. Təbii ki, ayrı-ayrı idman növləri ilə məşğul olan uşaqların mənəvi tərbiyəsi də diqqət mərkəzində saxlanılır. Təcrübəli mütəxəssis İsmayıl Əliyev bizimlə söhbətində klubun yetirmələrinin açıq birinciliklərdə uğurla çıxış etdiklərindən danışdı:”Klubumuz hər il ənənəvi olaraq müxtəlif idman növləri üzrə açıq klub çempionatı təşkil edir. Keçirdiyimiz açıq birinciliklərdə paytaxtın 15-ə yaxın klub və cəmiyyətləri qüvvəsini sınayır. Hətta elə olur ki, bölgələri təmsil edən komandaların yetirmələri də bu yarışlarda bacarıqlarını nümayiş etdirirlər. Bu il də "Pəhləvan” idman klubunun güləş üzrə açıq birinciliyini təşkil etməyi planlaşdırırıq. Builki yarışda çoxlu sayda komandanın iştirak edəcəyi gözlənilir. Hər il keçirdiyimiz daxili turnirlərdə yüzlərlə yeniyetmə yunan-Roma, sərbəst güləş, sambo idman növləri üzrə yarış təcrübəsi qazanırlar.

Klubumuzun iki üzvü bu il Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunacaq Yeniyetmələrin Olimpiya Oyunlarında yunan-Roma və sərbəst güləş növlərində qüvvələrini sınayacaqlar. İnanıram ki, pəhləvanlarımız bu yarışlarda da qələbələri ilə bizləri sevindirəcəklər. Biz çalışırıq ki, yetirmələrimiz həm də vətənpərvərlik ruhunda böyüsünlər. Biz istəyirik ki, "Pəhləvan” idman klubunda müxtəlif növlərin sirlərinə yiyələnən yeniyetmələr ictimai həyatda da aktiv olsunlar, vətənimizi sevsinlər. Burada idmanla məşğul olan uşaqlar həm tərbiyəli, əxlaqlı böyüyür, həm də vətənini, xalqını sevən bir vətəndaş kimi yetişir. Düşünürəm ki, klubumuz qarşıya qoyulan məqsədə nail olub və bundan sonra da bu istiqamətdə fəaliyyətini davam etdirəcək. Adını çəkdiyiniz "Pəhləvan” idman klubu hər zaman gənclərin qayğısına qalıb və onların əsl insan, vətəndaş kimi tərbiyə olunmasında əlindən gələni əsirgəməyib”.

Klubun idmançıları uğurları ilə seçilirlər

"Pəhləvan” Respublika İdman Klubu İctimai Birliyinin idmançıları 2017-ci ili uğurlu nəticələrlə başa vurublar. Belə ki, klubun yetirmələri geridə qalan il ərzində uğurlu çıxışları ilə fərqləniblər. İdman ocağının yunan-Roma güləşçisi Şəmistan Quluzadə (75 kq) ötən il Azərbaycan çempionatında üçüncü yeri tutub. Klubun digər yunan-Roma güləşçisi Elmir Əliyev yanvarın 14-15-də Bakıda keçirilən güləş üzrə beynəlxalq turnirin çempionu adına layiq görülüb. Klubun aparıcı idmançısı Cavid Feyziyev fevralın 23-25-də güləş üzrə gənclər arasında keçirilən Azərbaycan birinciliyində və dekabr ayında isə böyüklər arasında Azərbaycan çempionatında qızıl medala sahib olub. Perspektivli idmançı aprel ayında keçirilən AGF kubokunda da birinci yeri tutub. Elə həmin ay keçirilən güləş üzrə Azərbaycan birinciliyi də idman ocağının komandası üçün uğurlu olub. "Pəhləvan” İK-in yetirməsi Elmir Əliyev üçüncü yerə sahib çıxıb. Elmir Əliyev İranda təşkil olunan beynəlxalq turnirdə daha uğurla yarışaraq ölkəmizə qızıl medal qazandırıb. Noyabrın 25-26-da təşkil olunan respublika turnirində klubun yunan-Roma güləşçilərindən Emin Cavadlı (26 kq) ikinci, Məhəmməd Qasımzadə (35 kq) üçüncü olublar. Yeniyetmələr arasında keçirilən ölkə birinciliyində isə klubun yetirmələrindən Orxan Soltanlı (32 kq) və Məhəmməd Qasımzadə (35 kq) bürünc medala layiq görülüblər.

"Pəhləvan” İK-in sərbəst güləşçiləri də qazandıqları uğurları ilə yunan-Roma güləşçilərindən geri qalmayıblar. İdman ocağının pəhləvanlarından Cavid Sadıqov AGF kubokunda üçüncü yerə sahib çıxıb. Klubun digər sərbəst güləşçisi Adəm Cəlilov Azərbaycan çempionatının gümüş medalına yiyələnib.

Klubun samboçuları da ötən ili uğurlu nəticələrlə başa vurmağa müvəffəq olublar. Yeniyetmələr arasında təşkil olunan Azərbaycan birinciliyində idman ocağının samboçusu Səməd Əliyev 48 kq çəki dərəcəsində ikinci yeri tutub. Gənclərin Azərbaycan çempionatında Zöhrab Qurbanov (82 kq) ikinci, Şakir İsmayılov (52 kq) isə üçüncü yerə layiq görülüblər. Sambo üzrə keçirilən Azərbaycan kubokunda klubun təcrübəli idmançısı Məhərrəm Zeynalov (100 kq) isə aktivinə bürünc medal yazdırıb.

"Yüksək nəticələr qazanmaq üçün lazımi şəraitimiz var”

Klubun sədri İsmayıl Əliyev hesab edir ki, qazanılan bu nəticələr idmançılara yüksək şəraitin yaradılması sayəsində mümkün olub: "Ölkəmizdə idman sahəsinə göstərilən dövlət qayğısı bizim klubu da əhatə edir. Yüksək nəticələr qazanmaq üçün lazımi şəraitimiz var. Məhz buna görədir ki, beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil edə bilirik. Şübhəsiz ki, medal qazanmaq üçün idmançı və məşqçinin qarşılıqlı əlaqəsi, onlar arasında düzgün münasibətlərin qurulması çox vacibdir. İdmançı istənilən yarışa psixoloji cəhətdən hazır olmalı, məşq proqramlarının tələbinə əməl etməlidir. Məşqin əsas komponentlərindən biri onun hazırlıq hissəsidir. Məşqçilər və idmançılar məşqin bu hissəsindən lazımınca istifadə etməlidirlər ki, yüksək nəticə qazanmaq mümkün olsun. Hazırlıq hissəsinin hesabına möhkəmlənmək, cəld, güclü, dəqiq, qətiyyətli və əzmkar olmaq mümkündür. Bu baxımdan, məşqin hazırlıq hissəsi daha ciddi yanaşma tələb edir. Təcrübəli məşqçilər çox yaxşı bilirlər ki, hazırlıq hissəsinin köməyi ilə nəinki orqanizmi, hətta beyni yarışa və məşqə hazırlamaq olar. Bu, psixoloji amillə çox bağlıdır. Elə idmançılar var ki, özünü yaxşı hiss etdikdə çıxışa tam hazır olduğunu hiss edirlər.

Bir müddət məşqdən qalan idmançı nadir hallarda qarşıdakı dövr haqda düşünür. O, əsasən, fiziki məşğələlərə aidiyyatı olmayan işlərlə maraqlanır. Buna görə də sonradan məşqlərə başladığı günlərdə onların əksəriyyətində psixoloji problemlər olur. Belə idmançılar diqqət mərkəzində olmalıdırlar. Məşqçi psixoloji problemlərlə üzləşən yetirməsi ilə fərdi şəkildə məşğul olmalıdır. Qarşıya çıxan problemlərin aradan qaldırılması, məşqçinin xüsusi qayğısı idmançını ruhlandırır, onu əzmkar mübarizəyə həvəsləndirir. Ümumiyyətlə, insan idmanın müxtəlif növləri ilə məşğul olmaqla öz iradəsinin möhkəmliyini artıra, özündə mətanətli və inadlı olmaq, çətinliyi aradan qaldırmaq bacarığını və başqa keyfiyyətləri inkişaf etdirə bilər. Sözsüz ki, bu keyfiyyətlərin yaradılması prosesində onlara düzgün istiqamət verilməlidir. Aydın bir istiqamət olmasa, bədən tərbiyəsi məşğələləri gənclərimizin xarakterində mənfi keyfiyyətlərin əmələ gəlməsinə səbəb ola bilər. Deməli, gənclər arasında bədən tərbiyəsi sahəsində aparılan iş çox mühüm və məsuliyyətli bir işdir. Bu, məşqçi-müəllimlərdən öz işlərinə böyük məsuliyyətlə yanaşmağı tələb edir. Hər bir idman məşqçisi, hər bir bədən tərbiyəsi müəllimi məşğələləri elə qurmalıdır ki, uşaq və gənclər yalnız bədəncə deyil, zehni cəhətdən də inkişaf etsinlər. Bədən tərbiyəsi müəllimləri və idman məşqçiləri üzərlərinə düşən vəzifələri düzgün yerinə yetirəndə bəhrəsi də yaxşı olur. Əks halda onların çəkdiyi əziyyətin heç bir xeyri olmayacaq”.

"Pəhləvan” respublika idman klubunda apardığımız müşahidələrə əsasən bir daha əmin olduq ki, burada uşaq və gənclərin fiziki və mənəvi inkişafı üçün hər cür şərait var. Əldə olunan nəticələr bir daha sübut edir ki, bu idman ocağında bacarıqlı, təcrübəli məşqçilər fəaliyyət göstərir. Onlar burada müxtəlif idman növləri ilə məşğul olan yeniyetmələrin fiziki sağlamlığı ilə yanaşı, mənəvi tərbiyəsinin də qayğısına qalırlar. Diqqət və qayğı olan yerdə kütləviliklə bərabər, yüksək idman nəticələri də əldə etmək mümkündür.
Azər Əlizadə


Bu yazı

17450 dəfə oxunub

Tarix

2018-01-16 16:03:36

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook