Rövşən Bayramov: “Məqsədimiz idmanda uğurlar qazanmaq, ölkəmizi dünyada tanıtmaqdır”





Elə insanlar var ki, hansı zirvədə olurlarsa, olsunlar heç dəyişmirlər. Onlar nə qədər uğur qazansalar da, əvvəlki kimi saf, təmiz və səmimi qalırlar. Elə Pekin-2008, London-2012 Olimpiadasının gümüş mükafatçısı, dünya və 2 qat Avropa çempionu, güləşçimiz Rövşən Bayramov kimi.
30 yaşını ötən il qeyd edən titullu idmançımız mümküm qədər mətbuatdan uzaq qaçır və "üzdə” olmağı xoşlamır. "Olimpiya dünyası” qəzetinin dəvətini məmnuniyyətlə qəbul edən Rövşən Bayramov idman karyerasından, iştirak etdiyi olimpiadalardan, onu narahat edən məsələlərdən və arzularından danışdı.

-Rövşən, səni güləşə yönəldən kim olub?

-Biz 8-ci mikrorayonda yaşayırdıq. Yayda, tətil günlərində Suraxanıya, bibimgilə qonaq gedirdim. Bütün günü bibim uğaqları ilə ora-bura qaçır, dəcəllik edirdik. Ən çox şuluq edən təbii ki, mən idim. Bir gün bibim əlimdən tutub məni "Neftçi” idman klubuna apardı. Düzü, getmək istəmirdim. Yunan-Roma güləşi üzrə məşqçi Güləhməd Hüseynovun yanında olduq. Deyəsən, məşqçinin xoşuna gəlmişdim. Beləliklə, 12 yaşından güləşlə məşğul olmağa başladım. Güləhməd müəllim çox həssas və istedadlı məşçqi idi. Yetirmələrinə xüsusi qayğı ilə yanaşırdı.

-Bəs yol uzaq deyildi?

-8-ci mikrarayondan məşq üçün Suraxanıya gedib-gəlmək çox çətin idi. Dərslərimi çatdıra bilmirdim. Məktəbdə dərslər başlayandan sonra məşqlərə getmədim. 2 aydan sonra Güləhməd müəllim məni yanına çağırıb dedi; "Səndən yaxşı güləşçi çıxacaq. Niyə, məşqlərə gəlmirsən?”. Sonra valideynlərim məni Suraxanıdakı 254 saylı məktəbə yazdırdılar. Beləliklə, yenidən məşqlərə davam etdim. Bir sözlə, 1999-cu ildən idmandayam. O vaxtdan indiyə kimi "Neftçi” İdman Sağlamlıq Mərkəzi İctimai Birliyinin üzvüyəm.

-Nəticələr biri-birinin ardınca gəldi...

-2001-ci ildə yeniyetmələr arasında respublika, 2002-ci ildə isə Avropa çempionu oldum. 2003-cü ildən yığmadayam. Böyüklər arasında ilk nəticəm 2006-cı ildə Bakıda keçirilən Heydər Əliyev adına Qızıl Qran-pri turnirinin qalibi olmağım idi. Həmin il Avropa çempionatında (Moskva) bürünc medal qazandım. Çində təşkil edilən dünya çempionatında isə 2-ci yeri tutdum. Sonra isə hərbçilərin dünya çempionında uğurlu nəticə əldə etdim. Bir sözlə, eyni ildə dörd nəticəyə sahib oldum. 2006-cı ildə Gənclər və İdman Nazirliyi tərəfindən "Ən yaxşı idmançı” adına layiq görüldüm.

-Bakıda təşkil edilən dünya çempionatında zəif çıxış etməyinin səbəbi nə idi?

-2007-ci ildə Bolqarıstanda keçirilən Avropa çempionatında müvəfəqiyyətlə çıxış edərək qızıl medala sahib çıxdım. Həmin il Bakıda keçirilən dünya çempionatında isə təəssüf ki, yer tuta bilmədim. Yarışda bütün fikrimi və diqqətimi ilk erməni rəqibimlə mübarizəyə cəmləmişdim. Bu görüşə çox əhəmiyyət verirdim. Yarışı udmasam da, məhz bu görüşdən qalib ayrılmağı qarşıma məqsəd qoymuşdum. Elə də oldu. Roman Amoyanı döşəkdən kənarlaşdıranda tamaşaçıların alqışları mənim üçün hər şeyə bərabər idi.

-Həmin rəqiblə bir il sonra yenidən görüşdün?

-2008-ci Finlandiyanın Tampere şəhərində keçirilən Avropa çempionatında Roman Amoyanla yenidən görüşdüm, həm də finalda. Finala qədər bütün rəqiblərimi mübarizədən kənarlaşdırdım. 2 qat Avropa çempionu olmaq üçün ermənistanlı güləşçini məğlub etmək o qədər də çətin olmadı. Bu yarış, həm də Pekin-2008 Olimpiadasına lisenziya verirdi. Bir də lisenziya yalnız qızıl medal alana verilirdi. Beləliklə, mən həm 2-ci dəfə Avropa çempionu adına layiq görüldüm, həm də olimpiadaya lisenziya qazandım.

"İdmançının karyerası elə onun həyatıdır”



- Belə çıxır ki, 2008-ci il həyatında ən uğurlu illərdəndir?

- İdmançının karyerası elə onun həyatıdır. Karyeramda ən uca zirvələri 2008 və 2012-ci illərdə fəth etmişəm. 2008-ci ildə Heydər Əliyevin xatirəsinə Qızıl Qran-pri yarışlarının qalibi oldum. Həmin il eyni zamanda Avropa çempionu adına və Pekin-2008 Olimpiadasının gümüş medalına layiq görüldüm. 2009-cu ildə də FİLA tərəfindən "İlin ən yaxşı güləşçisi” adını aldım.

- Yeri gəlmişkən, Pekin-2008 Olimpiadasında final görüşünü necə xatırlayırsan?

- Finalda Rusiya güləşçisi Nazir Mankiyevlə qarşılaşdım. Hakimlər rəqibə kömək elədilər. Fənd məqamında bəzi haqsızlıqlar oldu və təəssüf ki, qızıl medaldan məhrum oldum. Güləşdə yarışın taleyini 60-70 faiz demək olar ki, hakimlər həll edirlər. Böyükhesablı və yaxud təmiz xalla qalib gəlməlisən ki, hakimlər sənə "ilişmək” üçün səbəb axtarmasınlar. Qazandığın xalı sənə verməyəndə, adam çox pis olur. Yarışın hakimi olan insanlar - hakimlər idmançını "sındırmaq” gücünə malikdirlər. Onların verdiyi qərarla razılaşmayanda gələn dəfə onun əvəzini səndən ikiqat çıxırlar.

- Həmin illərdə idmandan uzaqlaşdın...

- Olimpiadadan sonra keçirilən dünya çempionatında 3-cü yeri tutdum. Bu, mənə çox pis təsir etdi və ruh düşkünlüyünə qapıldım. Qərara aldım ki, idmandan uzaqlaşım. Beləliklə, 2009 və 2010-cu ildə yarışlarda iştirak etmədim, təkcə Macrıstanda təşkil edilən beynəlxalq yarışdan başqa. Orda da 2-ci yeri tutdum. Nə gizlədim, yarış əhval-ruhiyyəsində deyildim. 2010-cü uldə Avropa çempionatı keçirilirdi. Çempionata namizəd kimi məni getməliydim. Elçin Cəfərova dedim ki, mən bu yarışa getməkdən imtina edirəm. Çünki yaxşı çıxış etməyəcəyimi bilirdim. Beləliklə, Avropa çempionatına mənim əvəzimə Elçin Əliyev getdi və çempion oldu.



"Bu da bir taledir”

- Səni yenidən güləşə qaytaran nə oldu?

- 2010-cu ildə yunan-Roma güləşi üzrə yığmaya Fərid Mansurov rəhbərlik etməyə başladı. Həmin il Həsən Əliyev dünya çempionu oldu, 3 güləşçimiz çempionatın bürünc medalını qazandı. Yarışlarda iştirak etməsəm də, məşqlərimə davam edirdim. Fərid müəllim mənə məsləhət gördü ki, 2011-ci ilin əvvəlində keçiriləcək Qızıl Qran-pri yarışlarında iştirak edim. Eyni çəkidə məndən başqa 3 idmançımız da güləşirdi. Fərid müəllim demişdi ki, bu yarışın qalibi kim olsa, İstanbulda təşkil ediləcək dünya çempionatına da, o gedəcək. Finalda komanda yoldaşım Taleh Məmmədovla qarşılaşdım və onu məğlub etdim. Qələbədən sonra dünya çempionatına hazırlıq üçün ciddi məşqlərə başladım.

- London-2012 Olimpiadasına vəsiqəni də məhz İstanbulda keçirilən dünya çempionatında qazandın?

- 2011-ci il də həyatımda yaddaqalan illərdən biridir. Həmin ildə dünya çempionu tituluna layiq görüldükdən sonra Böyük Britaniyanın London şəhərində keçiriləcək XXX Yay Olimpiya Oyunlarına vəsiqə qazandım. Bu olimpiadada da, Pekində olduğu kimi gümüş medal qazandım.



- Beləliklə, "gümüş” oğlan adını aldın...

- (gülür). Bu da bir taledir. Londonda qızıl medal qazanmağı çox istəyirdim, amma alınmadı.

-Güləşdən başqa, hansı idman növünə marağın var?

- Matçlara baxmağı xoşlamasam da, futbol oynamağı çox sevirəm. Hər həftənin 2-ci günü Gənclər və İdman Nazirliyindən olan tanışlarla birlikdə yığışıb futbol meydançasında özümü sınayırıq. Futbolu da, güləşlə eyni səviyyədə sevirəm. Həftənin 6-cı günü isə karyerasını başa vuran güləşçilərlə birlikdə Tofiq Bəhramov adına stadionda basketbol oynayırıq.

- Səncə, idmanda şansın rolu nə qədər böyükdür?

- Şanslı insanlara qibtə edirəm. Amma həyatda olduğu kimi, idmanda da hər şeyi şansa buraxmaq düzgün deyil. Uğur qazanmaq üçün zəhmət çəkmək, çox çalışmaq və rejimə riayət etmək mütləqdir. Vaxtlı-vaxtında yemək, yatmaq, düzgün qidalanmaq, psixoloji cəhətdən hazırlıq idmançı üçün mühüm şərtlərdir.

- "Gümüş” oğlanı küsdürən nədir?

- Ədalətsizlik.

- Özünü iki kəlmə ilə necə ifadə edərdin?

- Səbirsiz insan.

- Nədənsə bezəndə, yorulanda səni yenidən həyata bağlayan nədir?

- Uca tanrıya olan sevgim və oğlum Əli.

- Kimdənsə nəsə umursan?

- Həyatımda nə varsa, nə əldə etmişəmsə, ona qane olan adamam. Özüm üçün kimdənsə nəsə xahiş etməyə üzüm gəlmir. İnsan nəyəsə nail olmaq üçün qarşısına məqsəd qoymalı və ona doğru getməlidir. Bu yol nə qədər çətin və enişli-yoxuşlu olsa belə. Bizim məqsədimiz idmanda yüksək nəticələr əldə etmək, ölkəmizi dünyada tanıtmaqdır.



-London-2012 Olimpiadasında qızıl medaldan səni məhrum edən nə oldu?

- Həm Pekin-2008, həm də London-2012 Olimpiadasında qızıl medal almaq imkanım var idi, lakin bu şansdan istifadə bilmədim. Pekində hakim ədalətsizliyinə, Londonda isə öz səhvimə görə. Finalda 6 qat dünya çempionu olan iranlı güləşçi Həmid Suriyanla qarşılaşdım. Son saniyələrdə ona 2 xal verdim. İkinci hissənin ortasında səbirsizlik etdim. Fəndi parter vəziyyətində deyil, ayaqüstə işlətmək istəyim mənə baha başa oturdu. Təcrübəli rəqib mənə göz ağmağa imkan vermədi. Beləliklə, Olimpiya çempionu əks fəndlə məndən xal alan İran güləşçisi oldu.

"Səbəb olmasa, nəticə də yoxdur”

- Olimpiya çempionu olmadığın üçün çox təəssüflənirsən?

- Əlbəttə, təəssüflənirəm. Amma illərlə məşq edib Olimpiya Oyunlarına düşə bilməyən idmançılar da var. Üç dəfə mötəbər idman tədbirində iştirak etmişəm və ikisində gümüş medal qazanmışam. 
Dövlətimiz idmançıların həyat şəraitini yaxşılaşdırmaq üçün nə lazımdırsa, edir. Azərbaycan Güləş Federasiyası güləşçilərin təlim-məşq toplanışlarında, yarışlarda iştirakı və sosial vəziyyətlərinin yaxşılaşdırılması öz kömək və dəstəyini əsirgəmir. Səbəb olmasa, nəticə də yoxdur. Diqqət və qayğı olan yerdə mütləq irəliləyiş, inkişaf həmişə var və olacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər dəfə Olimpiya Oyunlarından əvvəl və sonra idmançılarla görüşür, söhbət edir, yarış haqqında, nəticələrlə bağlı öz fikirlərini bildirir, tövsiyələrini verir. Mən deyərdim ki, ölkə rəhbəri idmançıların ən yaxın dostudur. Dövlətimizin məqsədi insanların yaxşı və firavan yaşamasını təmin etmək, onların sağlamlığının qayğısına qalmaq, eləcə də idman vasitəsilə Azərbaycanın dünyada nüfuzunun artırılmasıdır. Biz, idmançılar da çalışırıq ki, nə qədər gücümüz, yarış qabiliyyıətimiz var, bu vətənə, bu ölkəyə şərəflə xidmət edək. Müqəddəs bayrağımızı dalğalandırmaqdan, himnimizi səsləndirməkdən qürurverici daha nə ola bilər?



- Səhv etmirəmsə, London-2012 Olimiadasından sonra yenə idmana fasilə verdin?

- 2013 və 2014-cü illərdə demək olar ki, heç bir beynəlxalq turnirdə iştirak etmədim. Həmin illərdə yunan-Roma komandasına iranlı baş məşqçi təyin olunmuşdu. Bizim onunla məşqlə bağlı bəzi problərimiz oldu, başqa sözlə, bizimki alınmadı. Bu insan yığmaya yeni gələnlə peşəkar güləşçi arasında heç bir fərq qoymurdu, hamıya eyni üsulla yanaşırdı. Bu da məni qıcıqlandırırdı. Məsələn elə idmançı var ki, ona daim məşq etmək lazımdır, eləsi də var ki, artıq məşq etmək ona fayda əvəzinə ziyan vurur.

- Yeri gəlmişkən, məşqçi-idmançı münasibətləri haqda nə deyə bilərsən?

- Məşqçi, idmançı biri-biri ilə qırılmaz tellərlə bağlıdır. Birini o birindən ayırmaq mümkün deyil. Rəhmətlik Gülhüseyn müəllim olmasaydı, indi güləşdə olmazdım. Mənim güləşə gəlməyimdə, müəyyən uğurlar əldə etməyimdə bu insanın əməyi çoxdur. Məşqçi müəllim kimi idmançıya düz yol göstərir, harda, necə və nə vaxt hərəkət etməyi başa salır.

- Bəzi məşqçilər var ki, idmançının nəticəsi olanda ondan nəsə umurlar...

- Mən belə məşqçiləri qəbul etmirəm. Belələri ancaq öz xeyrini güdür, yetirməsi haqda fikirləşmir.

- Hazırda kiminlə çalışırsan?

- 2015-ci ildən gənclərdən ibarət yığmanın baş məşqçisi İlqar Abdulovla məşğul oluram. Onunla işləmək, məşq etmək mənə zövq verir. İlqar müəllimlə işləyəndən sonra ABŞ-ın Las-Veqas şəhərində keçirilən dünya çempionatında iştirak etdim. Lisenziya xarakterli bu yarışda güclü B qrupuna düşdüm. Birinci görüşü qələbə ilə başa vurdum. İkinci rəqibim rəqibim Şimali Koreyadan olan dünya çempioni idi. Onu da məğlub etdikdən sonra əsas iranlı rəqibim -7 qat dünya və Olimpiya çempionu Həmid Suriyanla qarşılaşdım. Rəqibim görüşün əvvəlindən özünü aqressiv aparırdı. Nəticədə başımdan ağır zədə aldım. Hakimlər ona xəbərdarlıq edəndən sonra 2 xalını mənə verdilər. İranlı idmançı yenə kobudcasına döyüşməyə davam edirdi. İkinci xəbərdarlıq aldıqdan sonra hakimlər onu döşəkdən uzaqlaşdıraraq qələbəni mənə verdilər. Yarımfinalda qırğız idmançısı ilə döyüşdüm. Həmin idmançıya da təmiz qələbə ilə üstün gəldim və finala çıxdım. Finalda Kuba təmsilçisi ilə görüşüm uğursuz keçsə də, mən artıq Rio-2016-ya lisenziya qazanmışdım.



- Rio-2016 Olimpiadasını medalsız başa vurdun...

- Olimpiadada 5-ci yeri tutdum. Yenə də səbirsizliyim, tələskənliyim mənə mane oldu.

- Güləşdə tez-tez edilən qayda dəyişilikləri idmançıya necə təsir edir?

- Qayda dəyişiklikləri idmançıya mənfi təsir edir. Xüsusilə, çəki ilə bağlı qaydaların dəyişdirilməsi güləşçini çox yorur. Çox çəki salmaq idmançının səhhətinə ziyandır. Bəzən elə olur ki, günə 1kq arıqlamaq lazım gəlir.

- Rövşən, gələcəkdə məşqçilik etmək istərdinmi?

- Çox istərdim. Bir ara söhbət vardı ki, məni böyüklər arasında yığmaya ikinci məşqçi kimi götürsünlər. Hələ ki, bu məsələ qalıb. Məşqçi işləmək üçün təcrübə və istedad lazımdır. İdmançı yalnız özü üçün cavabdehdirsə, məşqçi bütün idmançılar üçün məsuliyyət daşıyır. Ümid edirəm ki, öhdəsindən gələrəm.

"Olimpiya çempionu yetişdirmək istəyirəm”

- Uşaq və gənclərin ildən-ilə idmana marağı artır. Sən necə düşünürsən?

- Azərbaycanda idmana böyük maraq var. Kiçikyaşlı uşaqların, yeniyetmələrin, gənclərin idmanla məşğul olmaları bir həyati tələbata çevrilib. Sosial şəbəkələrdə, televiziya vasitəsilə istedadlı idmançlların yetişdiyinin şahidi oluruq. Hərdən köhnə zalımıza gedirəm və orada 4-5 yaşlı uşaqların necə həvəslə güləşdiklərinin şahidi oluram. Yaxşı məşqçi rəhbərliyi altında belə uşaq və gənclərimiz sabahın çempionları olacaqlar.

- Əsəbiləşəndə səni özünə qaytaran nədir?

- Yalnızlıq. Nəsə xoşuma gəlməyən, məni əsəbləşdirən bir hadisə baş verəndə oradan uzaqlaşıram. Tək qalmaqla sakitləşirəm.

- Elə bir yer varmı?

- (gülümsəyir) Var. Mərdəkandakı bağımıza gedirəm. Həyət-bacaya baxıram, ağacların dibini belləyirəm, yer qazıram. Sakitləşəndən sonra qayıdıram şəhərə.

- Karyeranda unutmadığın an, hadisə?

- İdmandan neçə dəfə getmək istəsəm də, yenə qayıtmışam. 2009-cu ildəki dünya çempionatında bürünc medal qazandıqdan sonra içimdə bir ümidsizlik yarandı. Düşündüm ki, mən daha əvvəlki kimi güləşə bilməyəcəyəm. Lakin qayıtdıqdan sonra London-2012 Olimpiadasının və dünya çempionatının ikincisi oldum. Sanki bununla karyeramda yeni səhifə yazmış oldum.

- Hər gələn yeni il idmançının karyerasında yeni səhifə deməkdir...

- Həmişə məşqçilərimiz deyir ki, əldə etdiyiniz və etmədiyiniz nə varsa, hamısı köhnə ildə qaldı. Yeni il yeni səhifə deməkdir. Çalışın ki, açılan yeni səhifəni yaxşı yaza biləsiniz.

- Ən böyük arzun nədir?

- Özüm Olimpiya çempionu ola bilmədim. Məşqçi kimi Olimpiya çempionu yetişdirmək istəyirəm.



- Hərdən yorulursanmı?

- 18 ildir ki, güləşdəyəm. Bəzən həyat, bəzən də məşqlər, gərgin rejim yorur adamı. Elə olur ki, xeyirə-şərə gedə bilmirsən və s.

- Dostluğa münasibətin?

- Dost o kəsdir ki, özün kimi inanırsan, etibar edirsən, dərdini, sevincini bölüşürsən. Əsl dostum azdır. Onlardan biri də Elvin Mürsəliyevdir. Mən həm də onun şəxsi məşqçisiyəm. Ötən ilin dekabr ayında böyüklər arasında Azərbaycan çempionatında məşqçi olmağın həyəcanını yaşadım. Elvin həmin yarışda 2-ci oldu.

-İnsan özünü nə vaxt xoşbəxt hiss edir?

- İstədiyi arzuya, qarşısına qoyduğu məqsədə çatanda insan xoşbəxt olur.

- Bəzən nəsə əldə etmək üçün nələri isə qurban verməli oluruq...

- Həyatda uğur əldə etmək üçün nələri isə qurban verməyə məcbursan. Peşəkar idmanda nailiyyət əldə etmək üçün biz uşaqlığımızı və gəncliyimizi qurban verməli oluruq.

- Öz klubunu yaratmaq istərdinmi?

- İnşallah, belə bir fikrim var.

-Özün də etiraf edirsən ki, səbirsizliyin sənə çox mane olub?

- (Gülür) Sizinlə razıyam. Amma fikirləşəndə ki, səbirsizliyimlə bu cür nailiyyətləri əldə etmişəm, özümə təskinlik verirəm.

- Hansı janrda musiqiyə qulaq asırsan?

- Muğama qulaq asıram. Çünki onlar xəzinədir, nadir incilərdir. Alim Qasımovun ifasında muğamlara qulaq asmaqdan zövq alıram.




-Mətbəxlə aran necədir?

-Tək olanda özüm üçün nəsə bişirə bilirəm. Kartof qızardıram, pomidor çığırtması edə bilirəm. Yeməklə də aram pis deyil (gülür). Az xörək olar ki, xoşlamayım.

- Əli idmana gedirmi?

- Oğlumun 5 yaşı var. Hələ heç bir idman növü ilə məşğul olmur. Gimnastikaya aparmaq istəyirik. Əvvəllər məşqlərə görə onunla vaxt keçirə bilmirdim. İndi bir yerdə çox oluruq.

- İstərdinmi, o da güləşçi olsun?

- Mənim istəməyim azdır. Gərək, o istəsin. İnsan seçdiyi, arxasınca getdiyi peşəni sevməli, gördüyü işdən zövq almalıdır. Əks halda heç nə alınmayacaq.

- Kinoya baxırsanmı?

- Komediya janrında kinolara baxıram. Azərbaycan filmlərindən "Yol əhvalatı”, "Bəxt üzüyü”, "Yuxu”dan çox xoşum gəlir.

- "Olimpiya dünyası” qəzetinə nə arzu edərdin?

- Qəzetiniz ölkədə idman və Olimpiya Hərəkatının təbliğində öz layiqli imzasını qoyan idman nəşridir. Hər zaman səhifələrinizdə idmançılara yer ayırırsınız. Bütün idmançılar, güləşçilər adından kollektivə öz minnətdarlığımı bildirirəm və gələcək işlərinizdə uğurlar arzulayıram.






Səadət Hakıyeva











Bu yazı

33416 dəfə oxunub

Tarix

2018-01-18 18:32:31

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook