İlham Zəkiyev: “Nə qədər bacarıramsa, idmanda qüvvəmi sınayacağam”


"Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” layihəsi çərçivəsində budəfəki yazımızı İlham Zəkiyevlə müsahibəyə həsr etmişik. İnsani keyfiyyətləri, həyata olan inamı və özündə güc tapıb qələbələri ilə minlərlə insanın ürəyini fəth edən ikiqat paralimpiya çempionu, bir çox beynəlxalq yarışların qalibi və ən əsası Qarabağ qazisi olan İlham Zəkiyevi bundan ətraflı təqdim etməyə ehtiyac yoxdur. Bu cür insanların keçdiyi yol, əldə etdiyi uğurlar hər birimiz üçün örnəkdir. Müsahibimizlə söhbət etdikcə onun nə qədər səbrli, nə qədər alicənab olduğunu bir daha hiss etdik. Ona ünvanlanan sualların hər biri maraqla və təmkinlə cavablandı. Həmin müsahibəni oxucularımıza təqdim edirik.

- Biz sizi yaxşı tanıyırıq. Amma siz də özünüz barədə bizim bilmədiklərimizi deyərdiniz.

- Mən, Zəkiyev İlham Əzizağa oğlu 1980-ci il mart ayının 3-də Sumqayıt şəhərində anadan olmuşam. Ailədə 4 qardaş, 1 bacıyıq. Atam zavodda fəhlə, anam isə bağçada dayə işləyirdi. 1997-ci ildə Sumqayıt şəhər 5 nömrəli məktəbini bitirmişəm. 2005-ci ildə ailə həyatı qurmuşam. 3 övladım var. Böyük oğlum İlkinin 11 yaşı var. Qızım Aynurun 9, ailəni son beşiyi Həmzənin isə 4 yaşı var.

- Hər bir idmançını bu sahəyə hər hansı bir səbəb və həvəs yönəldir. Bəs sizi?

- İdmana olan həvəsim böyük qardaşım Fikrətin sayəsində yaranıb. O, sərbəst güləşlə məşğul olurdu. 11 yaşından etibarən mən də ona qoşulub məşqlərə başladım. Amma bu çox çəkmədi. Vəziyyət elə gətirdi ki, məşqçimiz xaricə getdi və məşqlər dayandı. 15 yaşım olarkən, Əhməddin Rəcəblini rəhbərliyi ilə cüdo məşqlərinə başladım. Qısa müddətdə respublikadaxili yarışlarda çıxış etməyə başladım. Dəfələrlə şəhər çempionu, respublika mükafatçısı oldum. 1998-ci ilin iyun ayında son yarışda çıxış edib, Azərbaycan kubokuna sahib oldum.

"Mən anamın səsini eşidib, komadan ayıldım”

- Hərbi xidmətə çağırılmağınız haqda danışardınız.

-1998-ci ildə həqiqi hərbi xidmətə çağırıldım. Mən də hər bir Azərbaycan oğlu kimi vətənə borcumu verməyə getdim. Təbii ki, idmançı olduğum üçün yoldaşlarımdan seçilirdim . Məni "N” saylı hərbi hissənin kəşfiyyat bölüyünə seçdilər. Sona qədər həmin bölükdə qulluğumu davam etdirdim. Nümunəvi xidmətə görə Fəxri fərmanla təltif olundum. 1999-cu il, 4 fevral (Müsahibim bu tarixi səsləndirib, bir neçə saniyə susdu-red). Füzuli rayonunun Aşağı Əbdürəhmanlı kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirən zaman düşmən snayperinin gülləsinə tuş gəldim. Güllə sol gicgahımdan daxil olub, sağ tərəfdən çıxdı. Hospitalda 5 gün koma vəziyyətində qaldım. Həkimlər valideynlərimə demişdilər ki, hər şeyə hazır olun. Amma orqanizmi güclüdür. İdmançı olması onun həyatını təhlükədən qurtara bilər. Belə də oldu. Şükürlər olsun, Allahın böyüklüyünə, 5 gün sonra mən anamın səsini eşidib, komadan ayıldım. Lakin, təəssüf ki, anamı görə bilmədim.

- Komadan ayıldığınız məqamı necə xatırlayırsınız?

- Başımdan aldığım güllə yarası məni həyat işığından məhrum etmişdi. Görmə qabiliyyətimi tamamən itirmişdim. Hospitalda nə baş verdiyini anlamırdım. Yaralandığım anı belə xatırlamırdım. Hər yer qaranlıq idi. Dəhşətli ağrılarım isə aman vermirdi. Yadımda heç nə qalmamışdı. "Mən niyə beləyəm, mənə nə olub?” suallarına cavab tapa bilmirdim. Baş verənləri sonradan yavaş-yavaş mənə izah elədilər. Bunu qəbul etmək, doğrudan da, çətin idi. 19 yaşımı hospitalda qeyd etdim. Evimizə 1-ci qrup Qarabağ müharibəsi əlili kimi qayıtdım. İlk günlər bu vəziyyətə alışmaq çətin idi. Yenə də, şükürlər olsun, Allahın böyüklüyünə. Dostlarım, ailəm və yaxınlarım məni tək qoymadılar.

"Dünya çempionu olmaq sənin alnına yazılıb get,
sabahdan məşqlərə başla”

- Bu cür vəziyyətdə özündə güc tapmaq və hər şeyə yenidən başlamaq asan olmur. Siz bunu necə bacardınız?

- Yenidən idmana qayıtmağım təsadüfi oldu. 2002-ci ildə keçmiş gənclər idman və turizm naziri Əbülfəs Qarayevə müalicəm ilə bağlı müraciət etdim. Əbülfəs müəllim bu barədə Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə məruzə etdi. Bir həftə sonra məni Moskvanın ən yaxşı göz klinikasına göndərdilər. Məni müalicə etdikdən sonra bildirdilər ki, görmə qabiliyyətimin bərpası hələ ki, mümkün deyil. Biz Rusiya paytaxtını məyus halda tərk etdik. Bakıya qayıdandan bir müddət sonra Gənclər İdman və Turizm Nazirliyinin şöbə müdiri Tağı Tağıyevlə görüşüb, söhbət etdim. Soruşdum ki, Paralimpiya oyunlarının proqramında gözdən əlillər üçün hər hansı bir güləş növü varmı? Elə yanımda o, Milli Paralimpiya Komitəsinə zəng vurdu. Komitədən bildirdilər ki, cüdo idman növü var. Tağı müəllim onlara dedi ki, indi mənim yanımda gələcəyin dünya, Avropa, Olimpiya çempionu oturub. Onu sizin yanınıza göndərirəm. Mənə də elə yarıgerçək, yarızarafat dedi: "İlham, dünya çempionu olmaq sənin alnına yazılıb get, sabahdan məşqlərə başla”. Çox gözləmədim. Milli Paralimpiya komitəsinə getdim. Başda komitənin prezidenti İlqar Rəhimov olmaqla bütün kollektiv məni çox isti qarşıladı. Əlbəttə ki, o vəziyyətdə məşqlərə başlamaq çətin idi. Komitə mənim üçün lazımı şəraiti yaratdı. Mən 2002-ci il noyabr ayının 1-də yenidən idmana qayıtdım. 2003-cü ilin avqust ayının 7-də Kanadanın Kvebek şəhərində görmə əlilliyi olan idmançıların dünya çempionatında ilk dəfə tatamiyə çıxdım. Yarışlarda 3-cü yerə layiq görüldüm. Amma 2004-cü ildə Afinada təşkil olunan Paralimpiya oyunlarına lisenziyanı təmin etdim. Bununla da Azərbaycanı Oyunlarda təmsil edən ilk cüdoçu oldum. Həmin heyətdə təkcə mən ölkəmizi təmsil edəcəkdim. 2004-cü ilin sentyabrın 22-də tatamiyə çıxdım. Kanadada məğlub olduğum kubalı ilə yenidən üz-üzə gəldim. Amma bu dəfə ona şans vermədim. Ona qalib gəlmək üçün 1 dəqiqə 40 saniyə kifayət etdi. Yarımfinalda rəqibim ispaniyalı idmançını tatamidən məğlub yola salmaq üçün 38 saniyə bəs etdi. Final görüşündə ingiltərəli idmançını 1 dəqiqə 2 saniyə ərzində məğlub etdim. Beləliklə, Azərbaycanın ilk paralimpiya çempionu adını qazandım. "Ellada torpağı”nda qələbəmin şərəfinə Azərbaycan himninin sədaları altında dövlət bayrağımız yüksəldi. Həmin anda dünyada məndən xoşbəxt insan ola bilməzdi. 2005-ci ildə Avropa çempionu oldum. O vaxtdan bu günə qədər karyeramı davam etdirirəm. Azərbaycanın ilk dünya çempionuyam. Afina və Pekin Paralimpiya Oyunlarında qızıl, Londonda isə bürünc medala yiyələnmişəm.

- "Ən çətin yarışınız hansı olub?”, sualı səslənəndə düşüncələriniz hansı görüşə köklənir?

- Heç bir yarış, heç bir uğur mənim üçün rahat olmayıb. Yarışlarım və rəqiblərimin hamısı bu günə kimi yadımdadır. Ən məsuliyyətli yarış isə Avropa Oyunları oldu. Bakıda keçirilən Avropa Oyunlarına yaxşı hazırlaşmışdım. Bildiyiniz kimi, para-cüdo Avropa oyunlarının proqramına məhz mənə görə salınmışdı. Bu çox məsuliyyətli idi. Çalışıb, Azərbaycanı layiqincə təmsil etməli idim. Doğma divarlar məsuliyyətimi birə-beş artırırdı. Avropa Oyunlarının məşəlini alovlandırma mərasimində cənab Prezidentlə dialoqumuz olmuşdu. Cənab Prezidentə demişdim ki, iyulun 26-sı tatamiyə çıxacağam. Çünki həmin tarix Azərbaycan Silahlı Qüvvələrinin yaranması günü ilə əlamətdardır. Çalışacağam ki, həmin gün Ali Baş Komandana qızıl medal hədiyyə edim. Mehriban xanım və cənab Prezident də dedi ki, İlham, biz səndən yalnız qələbə gözləyirik.
Finaldan qabaq mənə dedilər ki, İlham, cənab prezident sənin final görüşünə baxmağa gəlir. Mənim həyəcanım, məsuliyyətim daha da artdı. Final görüşündə rəqibi məğlub edərək qızıl medal qazandım. Cənab prezident təltifolunma mərasimində qızıl medalı mənim boynuma asanda, mən onu kürsüyə dəvət etdim. Cənab prezident mənim dəvətimi qəbul etdi. Fəxri kürsüdə onu Silahlı Qüvvələrin yaranması münasibətilə təbrik etdim. Ona məruzə etdim ki, cənab Ali Baş Komandan, əsgər Zəkiyev verdiyiniz döyüş tapşırığını yerinə yetirdi, qızıl medalı qazandı. Cənab prezident isə öz növbəsində dedi ki, İlham, Azərbaycan səninlə fəxr edir.

"Bakıdan Rioya edilən zəng və idmanda ilk hadisə”

- Sizi nə ruhlandırır?

- Bu gün idmana olan diqqət və qayğı, cənab Prezidentin bizimlə maraqlanması bizi yeni qələbələrə ruhlandırır, stimul verir. Hətta Rio paralimpiya oyunlarında mənim səhhətimdə problem var idi. Həkimlər mənə yarışmağı qadağa qoymuşdular. Lakin mən buna baxmayaraq, tatamiyə çıxdım və yarışdım. Hakimlərin qərəzli mövqeyi nəticəsində 5-ci oldum. Hələ Rioda olanda, zəng eləyib təbrik etdilər ki, ölkə başçısı səni xüsusi fəxri diplom ilə təltif edib. Belə bir şey idman tarixində hələ olmamışdı. Bu, mənə göstərilən, işimə verilən diqqət və qayğının nümunəsidir.

- Vətəni hərə bir cür sevir, siz necə sevirsiniz?

- Vətəni sevməyin kriteriyaları yoxdur. Gördüyümüz iş göz qabağındadır. Vətənə qulluğum hərbidə yarımçıq qalsa da, bu gün vətənə qulluğu idmanda, tatamidə davam etdirirəm. Hər dəfə Azərbaycan bayrağı qalxanda, himni səslənəndə öz işimlə fəxr edirəm. Ötən il mart ayında hesabat-seçki konfransı keçirildi. İlqar Rəhimovu Paralimpiya Komitəsinin prezidenti, məni isə vitse-prezident vəzifəsinə təyin etdilər. Bu, mənim məsuliyyətimi bir az da artırdı. Artıq ictimai həyata ilk addımlarımı atdım. Mənə çox zənglər gəldi ki, İlham, artıq səni tatamidə görməyəcəyik? Dedim, bu iş digərinə mane olmur. Nə qədər bacarıramsa, idmanda qüvvəmi sınayacağam.

- Övladlarınızın idmanla məşğul olmasını istərdiniz?

- Oğlanlar, təbii ki, ən azından, sağlamlıq üçün idmanla məşğul olacaqlar. İlkin hazırda cüdo ilə məşğul olur. Hətta respublikadaxili uğurları da olub, hələ beynəlxalq arenaya çıxmayıb. Amma əsas təhsildir. Təhsilə üstünlük veririk ki, qoy savadlı, ağıllı olsunlar. İnşallah, idmanla da paralel məşğul olacaqlar. Hər halda o istedadı mən onlarda görsəm, öz təcrübəmi onlarla bölüşəcəyəm.

"Arzular insanı həyata bağlayır”

- Azərbaycanlı idmançılardan dostluq münasibətində olduğunuz var?

- Azərbaycan bayrağı altında yarışan hər bir idmançı ilə əlaqəm var. Yarışa gedəndə də, qayıdanda da əlaqə saxlayır, qələbələrinə sevinirəm. Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. İl ərzində bizdə bir neçə beynəlxalq turnirlər, dünya, Avropa çempionatları keçirilir. O yarışların proqramında cüdo olmasa belə gedib iştirak edirəm. Bir növ komandalarımıza, idmançılarımıza dəstək olmağa çalışıram. Əvvəlcə, məğlub olan idmançılara zəng edib dəstək oluram. Qələbə qazanan idmançıları təbrik edən, təbii ki, çoxdur.

- Sizin üçün ən unudulmaz məğlubiyyət hansı olub?

- Unudulmaz məğlubiyyətlərim az olmayıb. Amma hər birinin əvəzini qələbə ilə çıxmışam. Ən yadda qalanı isə İslam Həmrəyliyi Oyunlarında özbəkistanlı rəqibimə uduzmağım olub. Qarşıda bir sıra mötəbər yarışlarım var. Əminəm ki, onunla yenə görüşəcəyəm. Bu dəfə ona qələbə üçün imkan verməyəcəyəm.

- Əgər görmə imkanınız olsaydı kimi görmək istərdiniz?

- Övladlarımı görmək istərdim. Axı, onları görməmişəm.

- İlham Zəkiyev özünü daha hansı peşədə görmək istəyərdi?

- Uşaq vaxtı, təbii ki, hər kəsin bir arzusu olur. Böyüyüb təhsil almaq, əsgərlik çəkmək, sonra qayıdıb ali təhsil almaq, ailə həyatı qurmaq və sairə. Arzular bitir ki? Əlbəttə ki, mənim də arzum var idi. İstəyirdim ki, polis və ya güc sturukturlarında işləyim. Amma sabaha ümidliyəm. Arzular insanı həyata bağlayır.

- Belə bir yanaşma var. Övladlar valideynlərin həyata keçirə bilmədiyi işləri sona çatdırmalıdır. Razılaşırsınız?

- Əsla. Valideynlərin özlərinin etmədiyini övladlarına məcbur etməsi düzgün fikir deyil. İnşallah, onu zaman göstərəcək. Həyat onları öz axarına salacaq. Hər halda övladlarıma doğru yol göstərib, kömək etməyə çalışacağam.

- Olanlarla qane olmamağın bir adı da naşükürlükdür.

- Dini kitabımız Quranda da onlar haqqında buyrulur ki, adəm övladı naşükürdür. İnsanlar Allahın onlara verdikləri saysız nemətlərə baxıb şükür etməlidirlər. Bəli, olanlarla qane olmayan insanın adı naşükürdür.

- Hərə xoşbəxtliyi bir cür başa düşür. Bəs İlham Zəkiyev bu hissi necə ifadə etməyə çalışacaq?

- Dahi insanlardan biri demişdir ki, xoşbəxt insanlar evdən işə, işdən evə tələsənlərdir. Xoşbəxt insan odur ki, sevir, sevilir. Sevdiklərinin ətrafındadır. Bu gün mən xoşbəxtəm ki, sevdiklərimin ətrafındayam. Bu hissi bundan gözəl, bundan səhih ifadə edə bilmərəm.

Anar Əhmədov,
Əliyə İlyasova




Bu yazı

10973 dəfə oxunub

Tarix

2018-01-18 17:19:24

Yazını

Çap et

Yazını

Paylaş