Gəncədə gələcəyin çempionu yetişir


Əgər biz övladlarımızın peşəkar idmançı kimi yetişməsini istəyiriksə, bunun heç də asan həyata keçmədiyini də anlamalıyıq. Bunun üçün əvvəlcə, uşaqları bu sahəyə düzgün istiqamətləndirməliyik ki, müsbət nəticə əldə edək. Əks halda uşaqlar həvəsdən düşər, idmana olan maraq azalar.

Mütəxəssislər bildirirlər ki, idmana olan həvəs yaşla üst-üstə düşməlidir. Ölkəmizdə idmana və bədən tərbiyəsinə olan diqqət və qayğı yüksək səviyyədədir. İdmançılarımızın uğurlarına hər birimiz sevinirik. Bu sevinci yaşamaq üçün əksər valideynlər övladlarını idman bölmələrinə aparırlar. Bu həm paytaxtda, həm də bölgələrdə vüsət alıb. Son dövrlərin statistikasına nəzər salsaq görərik ki, idmana böyük axın yaranıb. Xüsusilə də regionlarda.

Ölkənin ikinci böyük şəhəri olan Gəncə şəhərində də idmana olan maraq xeyli artıb. Gəncəli idmançılar da bu gün ölkəmizi müxtəlif yarışlarda uğurla təmsil edirlər. Gəncədə idmanın müxtəlif növləri üzrə bölmələr fəaliyyət göstərir ki, həmin bölmələrdə uşaqlar asudə vaxtlarını səmərəli keçirirlər.

Olimpnews.az saytının məlumatına görə, həmin uşaqlardan biri də Ağamir Məmmədovdur. Yeniyetmə idmançımız budo döyüş növü ilə məşğul olur. 2009-cu il avqustun 30-da Gəncə şəhərində anadan olan Ağamir hazırda Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin 3-cü sinifində təhsil alır. Valideynlərin dəstəyi ilə idmanın bu növünü seçən yeniyətmə budoçumuz bir sıra yarışlarda qüvvəsini sınayıb. O, məşqlərə həvəslə yanaşır, ona bəsələnilən ümidləri yarış arenalarında doğrultmağa çalışır. Ağamir buyaxınlarda paytaxtımızda keçirilən budo döyüş növləri üzrə dünya kuboku yarışında da 24 kq çəki dərəcəsində çıxış edib. Bakı İdman Sarayında keçirilən yarışda Ağamir Məmmədov fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Məlumat üçün bildirək ki, bu, onun ilk yarış sınağı deyil. Belə ki, yeniyetmə budoçu əvvəlki illərdə öz yaşıdları arasında Qərb bölgəsinin çempionu olub.

"Olimpiya dünyası” qəzeti olaraq perspektivli idmançımıza gələcək yarışlarında uğurlar diləyirik. İnanırıq ki, Ağamir Məmmədov növbəti illərdə budo döyüş növlərində daha yüksək nəticələr əldə edib, bayrağımızı beynəlxalq arenalarda dalğalandıracaq.

Anar Əhmədov


Bu yazı

14879 dəfə oxunub

Tarix

2018-01-18 17:46:56

Yazını

Çap et

Yazını

Paylaş