Azərbaycanda Olimpiya Hərəkatının təbliği uğurla davam etdirilir

Milli Olimpiya Komitəsinin (MOK) yaradılmasının 25 illik yubileyi ərəfəsində gənclər arasında Olimpiya Hərəkatının təbliğinə, Azərbaycanın Olimpiadada qazandığı uğurlara dair www.mok25.az veb-səhifəsi yaradılıb. Olimpnews.az saytının məlumatına görə, interaktiv oyunlarda Azərbaycanın fəxri olan Olimpiya çempionları haqqında məlumat əldə etmək, mövcud bilikləri genişləndirmək mümkündür.

Oktyabr ayından başlayan interaktiv oyunlar şəklində keçirilən onlayn yarışlar böyük marağa səbəb olub. İlk ayın qalibi adını Günel Əliyeva qazanıb. Növbəti aylarda isə Zamiq Xurşudov və Səbuhi Əlizadə birinci yeri tutub.

Qaliblər MOK-un qiymətli hədiyyələri ilə təltif ediliblər. Yarışın sonuncu mərhələsi hər bir ayın qaliblərinin iştirakı ilə keçirilib. Burada Olimpiya Hərəkatının və Azərbaycan çempionları haqqında dərin biliyə sahib Günel Əliyeva qələbə qazanıb. O, MOK-un 25 illiyi münasibətilə hazırlanan və məhdud sayda buraxılan xüsusi medalla təltif olunub. Qalibə hədiyyəni Milli Olimpiya Komitəsinin baş katibi, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Abıyev təqdim edib.




Bu yazı

7799 dəfə oxunub

Tarix

2018-01-22 12:24:38

Yazını

Çap et

Yazını

Paylaş