Şəhidlər ölmürlər, əbədi yaşayırlar!


"Şəhidlər vətəni sevən əsl Azərbaycan gəncləri olublar”.
Heydər Əliyev

1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə SSRİ rəhbərləri dinc əhalini qabaqcadan xəbərdar etmədən Bakı şəhərinə qoşun yeritdilər.

Bakıya qoşun yeridilməsi və günahsız dinc əhalinin qırılmasına haqq qazandırmaq üçün SSRİ-nin ali rəhbərləri bir-birini inkar edən ziddiyyətli bəyanatlar verirdilər.

Əvvəlcədən düşünülmüş ssenari üzrə igid cavanlarımıza, qocalara, qadınlara və hətta körpələrə də atəş açdılar. Televiziya qurğuları dağıdıldı, radionun səsi kəsildi. Şəhərin "əməliyyat” aparılacaq massivlərində elektrik xətlərini iflic etdilər ki, xəbərdarlıq etmədən əliyalın, dinc əhaliyə divan tutsunlar, bəd əməllərini görən olmasın, istədiklərini edə bilsinlər.

Ayrı-ayrı adamların məsuliyyətsiz çıxışlarını öz suverenliyi, azadlığı uğrunda ayağa qalxan xalqın adı ilə bağlayıb "başqa çıxış yolu yox idi” deyərək qırğın törədənlər üçün əslində ən əlverişli fürsət ələ düşmüşdü.

Bakıda fövqəladə vəziyyət barədə fərman "Zaman” proqramında elan olunmalı idi. Amma televiziyanın enerji blokunun partladılması buna imkan vermədi. Bakı əhalisi şəhərdə fövqəladə vəziyyət elan olunduğunu ancaq səhər saat 6-ya qədər yüzlərlə adamın qanı axıdıldıqdan sonra bildi. Qanlı Yanvar günlərində xalqımız öz yolunu müəyyənləşdirdi, qanı axa-axa, hər cür məhrumiyyətlərə sinə gərə-gərə, azadlığa doğru addımladı.

Mərkəzdəki Azərbaycana düşmən qrupların və daxildəki satqınların səyi nəticəsində azərbaycanlıların Qarabağdakı dədə-baba torpaqlarından köçürülməsi həyata keçirildi. Bunun ardınca tarixi cinayət - 1990-cı ilin qanlı Yanvar qırğını baş verdi: 744 nəfər yaralandı, 131 nəfər şəhid oldu. 400 nəfər həbs olundu, 4 nəfər itkin düşdü. Onlardan - 117-si azərbaycanlı, 6-sı rus, 3-ü tatar və 3-ü yəhudi idi. Həmin şəhidlər arasında güləş üzrə idman ustası Müşfiq İsayev də var idi.

Rus ordusunun Qorbaçovun başçılığı ilə Bakıda törətdiyi dəhşətli hadisəni bütün dünyaya bəyan etmək üçün Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək jurnalistlərin qarşısında SSRİ-i tarixində ilk dəfə olaraq, o dövrkü Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Mixail Qorbaçovu soydaşlarımızın qətlində ittiham etdi və bildirdi ki, bu gün Azərbaycan xalqının taleyinə qanlı, faciəli gün kimi şəhid övladların qanı ilə yazılmışdır. Yanvar ayının 19-dan 20-nə keçən gecə və sonrakı günlərdə Bakının küçələrində, meydanlarında ən müasir silahlarla xalq atəşə tutuldu, tanklar dinc əhalini amansızcasına, vəhşicəsinə məhv etməyə başladı. Bu çıxışdan sonra isə Heydər Əliyev xalqının ağır və faciəli günlərində vətənə dönməyi qərarlaşdırdı. Dağılmaqda olan imperiya Heydər Əliyevin şəxsiyyətinə və bu dahi insanın siyasi baxışlarına yaxşı bələd olduğu üçün onun öz doğma vətəninə dönməsinə böyük manelər törətməyə başlasa da, dahi siyasətçi Heydər Əliyev bütün bu maneələri dəf edərək Bakıya dönməyə müvəffəq oldu. Bu dövrdə öz çirkin əməllərini həyata keçirmək istəyənlər Heydər Əliyevin Bakıda siyasi fəaliyyətinə maneələr yaradır və onun ölkəni tərk etməsini istəyirdilər. Xalqımızın fəlakətlərə sürükləndiyi bir vaxtda, erməni işğalçılarının ölkəmizin içərilərinə doğru hərəkət etdiyi bir zamanda Naxçıvan əhalisi yekdillik və uzaqgörənliklə Heydər Əliyevi Azərbaycan Respublikası Ali Sovetinə deputat və özlərinə rəhbər seçdi. Yalnız bundan sonra taleyin ümidinə buraxılmış Naxçıvan, Qarabağ və ümumiyyətlə, bütöv Azərbaycan fəlakətdən qurtulmuş oldu.

İnsanın vətənpərvərlik hissinə malik olması ən ali əxlaqi-mənəvi məziyyətləri sırasında ilkinlərdən hesab olunur. Çünki vətənpərvərliyin əsas komponentlərinə doğulduğun torpağı, yaşadığın ölkəni sevmək, onun uğrunda çalışmaq, ona əməllərin ilə faydalı olmaq, onu qorumaq kimi keyfiyyətlər daxildir. Axı Vətən anadır. Onun qədrini bilməliyik, çətinliklərinə dözməliyik. Vətən sevgisi, Vətənə sədaqət, onun çiçəklənməsi üçün çalışmağa hazır olmaq ən çətin anlarda belə adamların qüvvələrini vahid məqsədə - Vətənin azadlığı, xilası naminə səfərbər edir.

Azərbaycan xalqının milli suverenliyi təmin edildiyi vaxtdan indiyədək keçdiyi yolda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələrinin vətənpərvərlik təşəbbüsü diqqətə layiqdir. Akademiyamızda aparılan ictimai-faydalı işlər nəticə etibarilə idmançı tələbələrdə zəhmətsevərlik, vətənpərvərlik və həyatda öz yerini tanımaq kimi keyfiyyətlər tərbiyə edir.

1990-cı il yanvarın 20-da Sovet imperiyasının respublikamıza xaincəsinə qəfil hücumu Azərbaycanın dinc həyatını pozdu. İntiqama, şəhidlərin amallarını yaşatmağa, azadlığa, torpaqlarımızın bütövlüyünə and içdik. Bu vəhşiliyi heç cür, heç bir vəchlə bağışlaya bilmərik. Erməni işğalçıları tərəfindən Kərgicahan dağıdıldı, Malıbəyli, Meşəli viran qoyuldu. Azərbaycan xalqı elan olunmamış müharibəyə, Vətəni müdafiəyə qalxdı. Müharibənin ilk günlərindən akademiyamızın nəzdində yaradılmış "Qarabağ” qərargahına 200-dən artıq ərizə gəlmişdi. Akademiyada yaradılan qərargaha mən özüm rəhbərlik edirdim. Akademiyamızın tələbələrinin vətənpərvərlik tərbiyəsi həmişə diqqət mərkəzində olmuşdur. Dağlıq Qarabağda, eləcə də sərhəd rayonlarında erməni işğalçılarının törətdiyi cinayətlərə akademiyamızda oxuyan tələbələr dözməyib cəbhəyə yollandılar.

Tələbə döyüşçülərimiz cəbhədə böyük igidlik və şücaət göstərmişlər. Təkcə Laçın rayonun müdafiəsində 30-dan artıq idmançı döyüşçümüz vuruşurdu. Tələbələrimizin döyüşlərdə göstərdikləri şücaətlərə görə "N” saylı hərbi hissənin komandiri tərəfindən rektorluğun adına çoxlu teleqram və məktublar daxil olmuşdu.

Qarabağda və Ermənistanın həmsərhəd rayonlarında vuruşan təbələrimizlə əlaqəmiz mümkün olsun deyə, akademiyada qərərgah yaradılmışdı. Vətənin müdafiəsi yolunda yaralanan tələbə və məzunlarımızdan Allahverdi Əliyev, Şakir Əhmədov, Qafqaz Əhmədov Şünasi Babayev, Rafiq Zülfüqarov, Sərvər Mövsümov, Şahin Quliyev, Böyükişi Atakişiyev, Baba Babayev, Şaiq Hüseynov və başqaları müalicə olunub sağladıqdan sonra yenidən cəbhəyə qayıdaraq igidliklə döyüşmüşlər.

Qarabağın dağlıq hissəsində baş verən hadisələrdə igidlik, qəhrəmanlıq və vətənpərvərlik nümunəsi göstərdiklərinə görə iki məzunumuz - Əliyar Əliyev və İlqar İsmayılov Milli Qəhrəman adına layiq görülmüşdür. Qarabağ uğrunda döyüşlərdə 33 tələbə və məzunlarımız igidliklə vuruşaraq şəhid olmuşdur.

Xalqımızın ümummilli lideri Heydər Əliyev demişdir ki, "Ya ayağa qalxıb torpaqlarımızı azad etməli, ya məhv olmalı, ya da millət olmadığımızı etiraf etməliyik”.

Min illərdir ki, insanlar ölür, lakin xalq inamsız mövcud ola bilməz. Xalqı yaşadan və qələbəyə ruhlandıran onun inamıdır. Hazırda məhz belə bir inamı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqımızda və gənclərimizdə yarada bilmişdir. İnanırıq ki, "Azərbaycana sədaqətdə, məhəbbətdə, alovlu vətənpərvər kimi xidmət etməkdə müdrik siyasətçi Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı Prezidentimiz İlham Əliyev kimi olmalı, ona oxşamalı, ondan öyrənməli” devizi hər bir zaman gənclərin mübarizə və həyat amalına çevriləcək.

Dilqəm Quliyev,
professor


Bu yazı

15878 dəfə oxunub

Tarix

2018-01-23 11:39:28

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook