Qəhrəman Müslüm oğlu Məmmədyarov


Qəhrəman Müslüm oğlu Məmmədyarov 26 dekabr 1939-cu ildə Bakı şəhərində anadan olub. 1963-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib. Məktəb illərindən başlayaraq ölkəmizin idman həyatında fəal iştirak edib. 1954-1966-cı illərdə ölkəmizin yığma basketbol komandalarının tərkibində müxtəlif miqyaslı yarışlarda çıxış edib. O, Qafqaz ölkələrinin çempionu, SSRİ xalqlar spartakiadasının mükafatçısı, müxtəlif beynəlxalq yarışların qalibi və dəfələrlə Azərbaycan çempionu adına sahib olub. Basketbolçu kimi Türkiyə, ABŞ, Fransa, Kuba, Rumıniya, Çin və digər ölkələrin komandaları arasında keçirilən beynəlxalq görüşlərdə iştirak edib.
Basketbol yarışlarında qazandığı nailiyyətlərinə görə 1959-cu ildə ona basketbol üzrə SSRİ idman ustası adı verilib. 1970-ci ildə kimya elmlər namizədi, 2005-ci ildə isə professor adına layiq görülüb.
Azərbaycanda basketbolun inkişafının 70 illiyi ilə əlaqədar Azərbaycan Dövlət Universitetində oxuduğu və işlədiyi zaman Azərbaycan yığma komandası ehtiyat heyətinin müvəffəqiyyətlə hazırlanmasında Qəhrəman Məmmədyarovun müstəsna xidmətləri olub. Ölkəmizin basketbol həyatında silinməz iz qoyan Məmmədyarov qardaşlarından biri olan Qəhrəman Məmmədyarova Bakı Dövlət Universitetinin və Azərbaycan Basketbol Federasiyasının təqdimatları əsasında 1994-cü ildə Azərbaycan Respublikasının Əməkdar məşqçisi adı verilmişdir.
Q.Məmmədyarovun kifayət qədər zəngin elmi-pedaqoji fəaliyyəti var. O, Azərbaycan Dövlət Universiteti, Azərbaycan Elmlər Akademiyası və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında çalışdığı dövrdə bir sıra əsaslı elmi məqalələrin, dərs vəsaitlərinin və ixtiraların müəllifi olub.
1983-2016-cı illərdə Qəhrəman Məmmədyarov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında tədris işləri üzrə prorektor vəzifəsində işləyib. Həmin müddət ərzində bu vəzifədə bütün gücünü Akademiyanın uğurlu fəaliyyətinə yönəldib.
Qəhrəman Məmmədyarov elm və təhsil sahəsində, bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə 6 aprel 2001-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən "Tərəqqi” medalı ilə təltif edilib.
Tanınmış basketbol mütəxəssisi və görkəmli pedaqoq 18 yanvar 2018-ci ildə uzun sürən xəstəlikdən sonra ömrünün 79-cu qışında dünyasını dəyişib.



Dilqəm Quliyev, 
professor







Bu yazı

14396 dəfə oxunub

Tarix

2018-01-30 14:36:55

Yazını

Çap et

Yazını

Paylaş