İdman və bədən tərbiyəsinin kütləviliyi üçün ən yaxşı vasitə tədris prosesidir


Azərbaycan Respublikasında bədən tərbiyəsi və idmanın inkişafı istiqamətində 2013-2020-ci illər üzrə milli strategiya proqramında uşaq və gənclərin əməyə və vətənin müdafiəsinə hazırlanması məsələsində bədən tərbiyəsi və idmanın xüsusi rolu qeyd olunub. Bu sahənin inkişafı gündəlik həyatımızın tələblərindən birinə çevrilib.
İdmanın hər hansı növü ilə məşğul olmaq insan sağlamlığına kifayət qədər xeyir verir, onu gümrah saxlayır və bir sıra ciddi problemlərdən qoruyur. İstər həkim, istərsə də mütəxəssis rəyinə nəzər yetirsək, idmanın insan həyatında nə qədər önəmli rol oynadığını görərik. Bəs sağlamlığımızı möhkəmləndirmək üçün idman növlərinin seçimində əsas nəyə diqqət yetirməliyik? İdman növlərini seçərkən hansı yaş daha uyğun və faydalıdır? Budəfəki yazımızda bu suallara cavab tapmağa çalışacağıq.

Peşəkar idmana gedən yol 
uşaq idmanından başlayır

Uşaqlıq dövründə edilən idman hərəkətləri daha çox oyun, əyləncə xarakteri daşımalıdır. Bu dövrdə xüsusi ağırlıq tələb edən idman növləri ilə məşğul olmaq müxtəlif fəsadlara səbəb ola bilər. Uşaqlar inkişaf mərhələsində olduqları üçün gərgin məşqlərə davam gətirə bilmirlər. Çünki uşaqlıq dövründə sümüklər hələ inkişafa açıqdır, ürək tutumu fərqlidir, ən əsası karbohidrat anbarı yetkin insanların orqanizmi ilə müqayisədə daha azdır. Bu səbəbdən uşaqların həddindən artıq güc sərf ediləcək idman hərəkətlərindən uzaq dayanmaları məsləhət görülür. Valideynlər övladlarını idman bölmələrinə yazdırarkən bütün bunlara fikir verməlidirlər. Araşdırmalar göstərir ki, uşaqlar 4 yaşından etibarən idmana başlaya bilərlər. Bu yaş dövründə uşaqları fərdi deyil, qrup idman növlərinə istiqamətləndirmək məqsədəuğyundur. Mütəxəssislər 4-9 yaş arası uşaqların üzgüçülük, gimnastika və atletika idman növləri ilə məşğul olmasını məsləhət görürlər. 9-11 yaşlarında isə onlar voleybol, basketbol, futbol, tennis kimi idman növlərinə cəlb edilməlidir. Həmin növlər idmanla məşğul olan uşaqların texniki bacarıqlarının inkişaf etdirilməsində mühüm rol oynayır.
Peşəkar idmana gedən yol uşaq idmanından başlayır. Uşağın peşəkar idmançı olmasını istəyiriksə, bu yolun çox çətin olduğunu qəbul etmək lazımdır. Bu zaman düzgün istiqamətləndirmə olduqda, müsbət nəticə də əldə etmək mümkündür. Bu məsələ ilə bağlı hər hansı səhv addım uşaqların idmandan uzaqlaşmasına gətirib çıxara bilər. Əgər məqsəd uşağın peşəkar idmana yönəlməsini təmin etmək deyilsə, hər yaşda istədiyi idmana başlaya bilər. Ancaq burada əhəmiyyətli olan məsələ uyğun proqramın seçilməsi və xüsusi məşqlərə erkən deyil, sonrakı dövrdə başlanmasıdır. Yaş həddi də mütləq nəzərə alınmalıdır.
2-3 yaşında olan uşaqlar qaçma, tutma və tullanma kimi əsas hərəkətləri yerinə yetirmə qabiliyyətinə malikdirlər. Bağçada qaçış, üzgüçülük kimi idman növlərinin tədris edilməsi çox yaxşı olardı. Uşaqların 4-6 yaşda rəqs, üzgüçülük, gimnastika, ip atma, velosipedlə məşğul olmaları məqsədəuyğundur. 7-10 yaşda isə futbol, basketbol, voleybol, həndbol və tennis idman növləri uşaqların sağlamlığının möhkəmləndirilməsində mühüm rol oynayır. 10 yaşdan sonra isə onlar əvvəlki illərdə başladıqları idman növlərini təkmilləşdirə bilərlər. Bir neçə il sonra boks, taekvondo və əlbəyaxa döyüş növləri ilə məşğul olmaq üçün keçid etmək olar. 14 yaşdan əvvəl boks, güləş, karate kimi idman növlərinə başlamaq düzgün deyil. Çünki sümüyün inkişafı tamamlanmadığından zərərli ola bilər.


Məşqprosesində mümkün 
qədər ehtiyatlı olmaq lazımdır
Gənclik dövrü komanda idman növləri ilə məşğul olmaq üçün çox uyğundur. Ancaq seçilən idman növünə müvafiq olaraq məşq prosesində mümküm qədər ehtiyatlı olmaq lazımdır. Çünki skelet sistemi çox həssas olduğundan problemlər yarana bilər. Mütəxəssislərin dediklərinə görə, 14 yaşında yeniyetmələrin ağır işlərlə məşğul olmasına imkan verilməməlidir. Məhz bu dövrdə ağırlıq və güc tələb edən məşqlər etmək olmaz.
Müxtəlif idman növləri ilə məşğul olmaq üçün ibtidai hazırlıq, təlim-məşq və təkmilləşmə prosesi mərhələsi şərtdir. İdmanla müntəzəm məşğul olan məktəblilər bütün bu mərhələləri ardıcıl keçməklə yüksək idman ustalığına nail ola bilərlər. Bu mərhələlərin hər birinin davametmə müddəti orta hesabla 1-3 ilə bərabərdir və bir çox cəhətdən fərdi bacarıq və qabiliyyətdən, fiziki inkişafdan, fiziki keyfiyyətlərin vəziyyətindən (qüvvə, dözümlülük, sürət, çeviklik və s.) həmin idman növünün texnikasına uğurla yiyələnməkdən, gün, yemək, yük rejimlərinə ciddi əməl etməkdən və s. asılıdır.
Uşaq və yeniyetmələrin yaş imkanlarını nəzərə alaraq ibtidai hazırlıq, təlim-məşq və idman təkmilləşməsi mərhələlərində müxtəlif idman növlərilə məşğul olmağa başlamaq aşağıdakı yaş hüdudlarında mümkündür. Həmin normalar insanda hərəki keyfiyyətlərin inkişafı elmi məlumatlara əsaslanır. Buna görə də, kiçikyaşlı məktəblilərdə sürət, cəldlik, çeviklik yaxşı təkmilləşdiyinə görə onlar üçün idman gimnastikası, suyatullanma, rolikli konkisürmə, tennis və s. idman növləri tövsiyə olunur. Yeniyetmələrdə qüvvə və dözümlülük fəal inkişaf etdiyindən onlar üçün kross qaçışı, atletika, voleybol, güləş və s. ilə müntəzəm məşğul olmaq əlverişlidir. Daha yuxarı yaşlarda avarçəkmə, boks, velosiped idmanı, ağırlıqqaldırma növləri ilə, yəni çoxlu qüvvə və dözümlülük tələb edən idman növləri ilə başlamaq olar.
Şagirdlərin fiziki cəhətdən sağlamlığının təmin edilməsi bütün ictimaiyyəti düşündürən ciddi məsələlərdən biridir. Müasir dövrümüzdə baş verən bir sıra maddi və mənəvi gərginliklər, yeni tədris proqramında qarşıya çıxan müəyyən problemlər şagirdlərin sağlamlığına və onların fiziki inkişafına təsirsiz ötüşmür. Bəs necə etməliyik ki, uşaq birinci sinifdən etibarən bütün zehni gərginliklərə davam gətirsin və fiziki cəhətdən də yaxşı inkişaf etsin. Necə etməliyik ki, gənclərimiz dərin biliyə malik olmaqla yanaşı, həm də həyata hazır olsunlar. Hansı tədbirlər görülməlidir ki, onlar istər ali və orta ixtisas məktəbində təhsil alarkən, istərsə də, hərbi xidmətdə olarkən səhhətlərinin qayğısına qalmağı bacarsınlar?

Məktəb rəhbərləri fiziki tərbiyənin 
tədrisinə laqeyd münasibət göstərirlər
Bəs, gəlin görək, hazırda ümumtəhsil məktəblərində şagirdlərin fiziki tərbiyəsinin təşkili nə vəziyyətdədir?Qeyd etmək lazımdır ki, bu istiqamətdə müəyyən işlər görülüb və görülməkdədir.Ancaq böyük təəssüf hissi ilə bildirməliyik ki, ümumtəhsil məktəblərinin əksəriyyətində fiziki tərbiyənin təşkili bu günün tələblərinə cavab vermir. Bu sahədə kök salan ciddi nöqsanlar isə çoxlarına məlumdur.
Alimlər hesablayıblar ki, məktəb islahatlarının həyata keçirildiyi indiki dövrdə şagirdlər zehni işlə həddindən artıq yüklənirlər. Onların gün rejiminin 80-85 faizi məktəbdə və evdə dərs öyrənməyə, oturaq həyat tərzinə sərf olunur. Məktəblilərin fiziki hərəkətlərə olan tələbatının isə cəmi 15-16 faizi ödənilir. Hər bir şagirdin həftə ərzində azı 10-12 saat fəal fiziki hərəkətlərlə məşğul olması zəruridir. Lakin hələ də orta məktəblərdə şagirdlər həftə ərzində cəmi 2 saat fiziki tərbiyə dərsi keçməklə kifayətlənirlər. Belə olan halda davamlılıq, dözümlülük, cəldlik, güc, qüvvə kimi fiziki keyfiyyətlər aşağı səviyyədə olur.
İdman və bədən tərbiyəsinin kütləviliyi üçün ən yaxşı vasitə tədris prosesidir. Hamının dərs məşğələsində iştirak etməsi məcburi sayılır. Təəssüf ki, şagirdlər fiziki tərbiyə dərsində həftədə cəmi 90 dəqiqə iştirak edirlər. Bu dərslər nə qədər yüksək səviyyədə keçirilsə də, şagirdlərin fiziki hərəkətlərə olan gündəlik tələbatının çox cüzi bir hissəsini təmin edir. Düşünürəm ki, ümumtəhsil məktəblərində fiziki tərbiyə fənninin tədrisinə ayrılan vaxtı həftədə ən azı 3-4 saata çatdırmaq lazımdır. Yeri gəlmişkən, deyim ki, ibtidai siniflərdə fiziki tərbiyə dərslərinin ixtisaslı müəllimlərə verilməsi barədə müvafiq direktiv göstərişlər olmasına baxmayaraq, buna əməl olunmur. Bunun da başlıca səbəbi bir sıra məktəb rəhbərlərinin fiziki tərbiyənin tədrisinə laqeyd münasibətidir.

Bədən tərbiyəsi ilə bağlı tədbirlərin təşkili
Şagirdlərin sağlamlığının möhkəmləndirilməsi və onların nizam-intizamının yüksəldiliməsində müntəzəm keçirilən bədən tərbiyəsi tədbirlərinin mühüm əhəmiyyəti vardır. Belə tədbirlərə daxildir:
1.Dərsə qədər gimnastika;
2.Ümumtəhsil və əmək dərslərində bədən tərbiyəsi dəqiqəsi və fasiləsi;
3.Tənəffüslərdə oyunlar və əyləncələr.
Tədris günü rejimində keçirilən həmin tədbirlərə məktəbin direktoru nəzarət edir.Lakin bədən tərbiyəsi tədbirlərinin yerinə yetirilməsinə rəhbərlik məktəbin fiziki tərbiyə müəllimlərinə tapşırılır.Bu tədbirlərin vaxtaşırı və səmərəli keçirilməsi üçün fiziki tərbiyə müəllimi, tərbiyə işləri üzrə direktor müavini, gənclər təşkilatı, müəllim heyəti birgə fəaliyyət göstərir. Belə olan halda fiziki tərbiyə dərslərinin səmərəliliyi və keyfiyyəti də yüksək səviyyədə olur.
Məktəblərdə hər gün müntəzəm olaraq 1-ci dərsdən əvvəl keçirilən kompleks hərəkətlər dərsəqədər gimnastika adlanır. Dərsəqədər gimnastikanın məqsədi aşağıdakılardan ibarət olmalıdır:
1. Şagirlərin əhvalını yuxudan sonra gümrahlaşdırır, onların əhval-ruhiyyəsini artırır;
2. Şagirdlərin fiziki inkişafını möhkəmləndirir;
3. Fiziki tərbiyə üzrə proqram materiallarının bəzi bölmələrini daha yaxşı mənimsənməsinə müsbət təsir edir.
4. Şagirdlər məktəbdə tədris günlərinə kollektiv sürətdə və nizamla başlayır;
5. Şagirdlərin müntəzəm olaraq fiziki hərəkətlərlə məşğul olmalarının vərdiş halına keçməsinə imkan yaradır.
Məşğələdə məktəb rəhbərliyinin və birinci dərsi olan müəllimlərin iştirakı mütləq sayılır. Şagirdlər ümumtəhsil dərslərində və əmək təlimi məşğələlərində istər zehni, istərsə də, fiziki cəhətdən gərgin iş sahəsində yorğunluq hiss edirlər.Buna görə də, şagirdlərdə dərsin gedişinə diqqətsizlik yaranır. Onlar dərs prosesindən yorulduqları üçün biri-biri ilə söhbət edirlər. Bütün bunlar nizam-intizamın pozulmasına və iş qabiliyyətinin aşağı düşməsinə səbəb olur. Belə vəziyyət, xüsusilə 3-cü və 4-cü, eləcə də sonrakı dərslərdə yazı işi, məsələ həllindən sonra baş verir. Şagirdlərin yorğunluğunun qarşısını almaq və onların iş qabiliyyətini artırmaq üçün bədən tərbiyəsi dəqiqəsi mühüm vasitədir.

Bədən tərbiyəsi dəqiqəsini (2-3) dəqiqə fənn müəllimi, bədən tərbiyəsi fasiləsini (3-4 dəqiqə) isə əmək təlimi müəllimi həyata keçirir.Bədən tərbiyəsi dəqiqəsi və fasiləsi üçün dəqiq vaxt təyin edilmir, bu hərəkətlər yorğunluq hiss etdikdə tətbiq edilməlidir.
Bədən tərbiyəsi dəqiqəsi və fasiləsi nəinki aşağı siniflərdə, (I-VIII siniflərdə mütləqdir), həm də yuxarı siniflərdə də tətbiq edilməlidir.Hərəkətlər sadə və şagirdlərə tam məlum olan formada aparılmalıdır.Təəssüf ki, bu vacib məsələ unudulur və yerinə yetirilmir. Çünki bu məsələyə məktəb rəhbərləri kifayət qədər diqqət və qayğı göstərmirlər.
Şagirdlərin dərsarası tənəffüslərini, xüsusilə böyük tənəffüsü səmərəli və şən keçirmək, onların sağlam, hərtərəfli inkişaf etdirilməsində mühüm vasitələrdən biri də tənəffüslərdə oyun və əyləncələrin təşkil edilməsidir. Uşaqlar tənəffüs zamanı dəhlizdə, yaxud həyətdə o tərəf bu tərəfə qaçaraq məktəbin daxili intizamını pozurlar. Bütün bu xoşagəlməz halların qarşısını almaq məqsədi ilə məktəb rəhbərliyi, müəllim heyəti, xüsusilə sinif və fiziki tərbiyə müəllimləri əlbir olaraq tənəffüslərdə oyun və əyləncələr təşkil etməkdə maraqlı olmalıdırlar. Həmin tədbirləri müvəffəqiyyətlə həyata keçirmək üçün məktəbin meydançasında şəraitin və avadanlığın olması mütləqdir.
Yuxarıda deyilənlərdən belə nəticəyə gəlmək olur ki, uşaq və gənclərin sağlam olmaları, həyata, vətənin müdafiəsinə hazır olmaları üçün idman və bədən tərbiyəsi ən mühüm vasitədir. Bədən tərbiyəsinin bağça, orta və ali məktəblərdə yüksək səviyyədə tədrisi bu məsələdə vacib şərtlərdəndir.

Dilqəm Quliyev,
professor








Bu yazı

2329 dəfə oxunub

Tarix

2018-01-30 15:10:00

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook