Dakar ralli yarışına yekun vurulub


Cari ilin Dakar ralli yarışı başa çatıb. Motosikletçilərin mübarizəsində qələbəni "Red Bull KTM Factory” komandasının təmsilçisi Mattias Valkner qazanıb. Avstriyalı idmançı və MX3 seriyasında motokross üzrə dünya çempionu rallinin 14 mərhələsini ümumilikdə 43 saat 6 dəqiqə 1 saniyəyə qət edərək karyerasında ilk dəfə Dakar rallisinin çempionu tituluna sahib olub. Digər iki yerdə müvafiq olaraq "Monster Energy Honda Team”dən Kevin Benavides və "Red Bull”un daha bir təmsilçisi Tobi Prays qərarlaşıblar. Çilili İqnasio Kasale isə kvadrasiklların mübarizəsində birinciliyin qalibi adını qazanıb. "Casale Racing” komandasının təmsilçisi ilə digər iki yeri tutan pilotlar arasında vaxt məsafəsinin kifayət qədər böyük olması ən çox müzakirə olunan mövzulardandır. Belə ki, İ.Kasale "Team Al Desert” komandasından argentinalı Nikolas Kavilyassonu ümumi nəticədə 1 saat 38 dəqiqə 52 saniyə, "Consultores De Empresas” təmsilçisi Xeremias Qonsales Feriolini isə 2 saat 8 dəqiqə 14 saniyə üstələyib.

Avtomobillərin yarışında ispaniyalı Karlos Saynz birinci yeri tutub. Ralli üzrə ikiqat dünya çempionu, "Team Peugeot Total” kollektivini təmsil edən pilot 14 mərhələdə 49 saat 16 dəqiqə 18 saniyə nəticə göstərib. O, bununla da 2010-cu ildə əldə etdiyi nəticəni təkrarlayıb. Digər iki yeri "Toyota Gazoo Racing Sa” komandasının nümayəndələri Nasser Al-Attiya və Jiniel De Villers tutublar.
Yük avtomobillərinin mübarizəsində Rusiyanın "Kamaz” ekipajı bu dəfə də bütün rəqiblərini geridə qoyub. Eduard Nikolayevin başçılıq etdiyi kollektiv yekunda 54 saat 57 dəqiqə 37 saniyəlik göstərici ilə Dakar tarixində 14-cü qələbəsini rəsmiləşdirib. Belarusun "Maz-Sportauto” komandası ikinci, Rusiyanın daha bir təmsilçisi Ayrat Mardeyevin rəhbərlik etdiyi "Kamaz - Master” kollektivi isə üçüncü yerlə kifayətlənib.


Bu yazı

11275 dəfə oxunub

Tarix

2018-01-30 15:13:03

Yazını

Çap et

Yazını

Paylaş