"Sərhədçi"nin təmsilçiləri böyük uğurlar qazanırlar





Respublikamızda bədən tərbiyəsi və idmanın kütləviləşməsinə, gənclərin fiziki və mənəvi hazırlıqlarının yüksəldilməsinə dövlət səviyyəsində diqqət və qayğı göstərilir. Məhz bunun nəticəsidir ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Respublikamızda Olimpiya Hərəkatının təbliği və genişləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. İdman sahəsində ölkəmizdə dövlət səviyyəsində aparılan uğurlu siyasətin məntiqi nəticəsi olaraq təmsilçilərimiz bir sıra mötəbər yarışlardan vətənə medallarla qayıdırlar. Bununla yanaşı, respublikamız müxtəlif idman növləri üzrə mötəbər yarışlara yüksək səviyyədə ev sahibliyi edir. Təsadüfi deyil ki, ölkəmizə səfər edən bir sıra beynəlxalq idman təşkilatlarının nümayəndələri Azərbaycanda idmanın inkişafını yüksək qiymətləndiriblər. Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin bu istiqamətdə apardığı məqsədyönlü siyasət nəticəsində mümkün olmuşdur.
Paytaxtımızda mötəbər yarışlar yüksək səviyyədə keçirilir. Əldə olunan uğurların nəticəsidir ki, 2015-ci ildə paytaxtımız I Avropa Oyunlarına, ötən il isə IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi edib. Yarışların yüksək səviyyədə təşkili, idmanın inkişafına, bu sahənin təbliğinə, ölkəmizin öz gücünü bütün dünyaya bir daha nümayiş etdirməsinə zəmin yaratdı.

Sərhədlərimizin toxunulmazlığının və etibarlı qorunmasının aktual olduğu bir dövrdə orduya çağrılan hər bir Azərbaycan əsgərinin öz vətənini qoruması üçün, ilk növbədə, fiziki hazırlıqlı olması vacib amillərdəndir. 2009-cu ildə istifadəyə verilən "Sərhədçi" İdman Olimpiya Mərkəzinin yaradılmasında da əsas məqsəd idmanın inkişafına, eləcə də sərhəd qoşunlarında xidmət edən hərbi qulluqçuların fiziki hazırlıqlarının yüksəldilməsinə xidmət göstərməkdir.

Olimpiya və qeyri-Olimpiya idman növlərində yüksək uğurlar qazanılıb

"Sərhədçi" İdman Olimpiya Mərkəzində idmanın müxtəlif növləri ilə məşğul olmaq, eləcə də mötəbər yarışların təşkili üçün hərtərəfli şərait var. Kompleksdə eyni vaxtda 25 idman növü ilə məşğul olmaq mümkündür. Mərkəz Olimpiya statuslu olmasına baxmayaraq, burada qeyri-Olimpiya idman növlərinə də diqqət göstərilir. Əsas məqsəd isə növündən asılı olmayaraq, idmançılarımızın ölkəmizi dünyada layiqincə təmsil etmələrinə və bayrağımızı ən yüksəklərdə daalğalandırmalarına nail olmaqdır.

Ötən illərdə olduğu kimi, 2017-ci il də idman mərkəzinin təmsilçiləri üçün uğurlu olub. "Sərhədçi" İdman Olimpiya Mərkəzinin idmançıları müxtəlif statuslu idman yarışlarında iştirak edərək ümumilikdə 208 medal qazanıblar. Bunlardan 68-i qızıl, 71-i gümüş, 69-u isə bürünc medaldır. Bu medallardan 55-i (19 qızıl, 17 gümüş və 19 bürünc) beynəlxalq statuslu yarışlarda əldə olunub.
Ötən il ərzində idman mərkəzində müxtəlif statuslu 22 yarış keçirilib. Bunlardan 7-si beynəlxalq, 15-i isə ölkədaxili yarışdır.

Ölkəmizin ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olan həndbol və stolüstü tennis yarışları da "Sərhədçi" İdman Olimpiya Mərkəzində təşkil olunub. "Sərhədçi” idmançılar IV İslam Həmrəyliyi Oyunlarında müxtəlif idman növlərində qüvvələrini sınayaraq yüksək nəticələr qazanıblar.
İdman mərkəzinin yetirmələri IV İslam Həmrəyliyi Oyunlarında ümumilikdə 6 qızıl, 2 gümüş və 2 bürünc medal əldə ediblər.
Mərkəzin zabit-məşqçisi kapitan Nicat Şıxəlizadə (66 kq, cüdo), zabit-məşqçi leytenant Hacı Əliyev (68 kq, sərbəst güləş), zabit-məşqçi baş leytenant Fəridə Abiyeva (61 kq, karate) qızıl medallar qazanıblar. Gizir Ramilə Kaştayeva 70 kq çəki dərəcəsində paracüdo yarışlarında qalib olub. Gizir Rüstəm Orucov (73 kq) cüdo yarışlarında gümüş medal qazanıb. Zabit-məşqçi leytenant Rəsul Çunayev 71 kq çəki dərəcəsində yunan-Roma güləşi üzrə bürünc medal əldə edib. Qeyd edək ki, Nicat Şıxəlizadə və Rüstəm Orucov həmçinin cüdo üzrə komanda yarışlarında da qızıl medallar qazanıblar. Leytenant Emil Abdullayev voleybol yarışlarında yığma komandanın tərkibində 2-ci olub. Mərkəzin təmsilçiləri üzgüçülük yarışlarında da fərqləniblər. Belə ki, Fatimə Alkərəmova estafet yarışlarında üçüncü yerlə kifayətlənib.
Bununla yanaşı, mərkəzin təmsilçiləri il ərzində müxtəlif mötəbər yarışlarda da iştirak edərək medallar qazanıblar. Nicat Şıxəlizadə Almaniyada keçirilən "Bundesliqa çempioantı"nda birinci olub. Rəsul Çunayev İranda keçirilən Dünya kubokunda gümüş medala sahib çıxıb. Fəridə Abiyeva Türkiyədə keçirilən "Bosfor Cup" yarışında 3-cü, "Baku Open" beynəlxalq turnirdə isə 1-ci olub. Hacı Əliyev sərbəst güləş üzrə dünya çempionatında qızıl, İranda keçirilən Dünya kubokunda bürünc medala sahib çıxıb. Rüstəm Orucov Zaqreb şəhərində təşkil olunan Qran-pri yarışında birinci, Budapeştdə keçirilən dünya çempoinatında isə 2-ci olub.

Mərkəzin müddətli həqiqi hərbi xidmət qulluqçusu əsgər Səid Quliyev taekvondo üzrə Lüksemburqda keçirilən beynəlxalq turnirdə gümüş medal qazanıb. Əsgər Orxan Aslanov atletika üzrə Türkiyə çempionatında qızıl medala sahib çıxıb. Əsgər Arslan Pənahov cüdo üzrə Bakı çempionatında birinci olub. Mərkəzin təlimatçısı Vasif Səfərbəyov milli idman növləri üzrə festivalda bütün rəqiblərini üstələyib. O, Serbiyanın Novi-Sad şəhərində təşkil olunan Avropa çempionatında gümüş medal qazanıb. Karateçi İlahə Məmmədova Ukraynanın Xarkov şəhərində keçirilən açıq dünya çempionatında 2-ci olub. Emil Həsənov sambo üzrə Minsk şəhərində keçirilən Avropa çempionatında gümüş medal qazanıb. Mərkəzin üzvü Şamil Şaxov üzgüçülük üzrə Berlində keçirilən 31-ci beynəlxalq turnirdə qızıl medala yiyələnib. Fatimə Alkərəmova üzgüçülük üzrə Riqada keçirilən beynəlxalq turnirdə birinci olub. Ötən ilin noyabr ayında "Sərhədçi" yığma komandasının üzvü Vəli İsrafilov 200 m brass üsulu üzrə 02.25.45 dəqiqə nəticə ilə (665 bal) idman ustası normativini yerinə yetirib. Mərkəzin bədii gimnasitika üzrə yığma komandası Bakı birinciliyində 3-cü olub.

Mərkəz bir sıra mötəbər yarışlara ev sahibliyi edib

Ötən ilin yanvar ayında idman mərkəzində voleybol üzrə "2017-CEV Voleyball Champions League" Telecom (Bakı) və "Chemik Police" (Polşa) komandasının görüşü keçirilib. Mərkəzdə həmçinim "2017- CEV Voleyball Champions League" çərçivəsində Telecom (Bakı) komandası ilə Liu Jo Nordmeccanica MODENA (İtaliya) yığmasının oyunu da baş tutub. İdman ocağında cüdo, taekvondo və kikboksinq üzrə Bakı birincilikləri, eləcə də Xocalı soyqırımına həsr olunmuş sindo-ryu və pençak-silat üzrə paytaxt birinciliyi təşkil olunub.

Voleybol üzrə Avropa oyunlarının Çempionlar Liqası da mərkəzdə keçirilib. Cüdo üzrə U-18 yeniyetmələr, 23 yaşa qədər gənclər arasında Azərbaycan birincilyi, Bakı şəhər açıq birincilyi, may ayında muay tay üzrə 9-cu Azərbaycan çempionatı, iyun ayında isə Milli Olimpiya Komitəsi tərəfindən Olimpiya Hərəkatına dəstək məqsədilə məktəblilərarası yarış təşkil olunub. Mərkəz avqust ayında sərhəd mühafizəsinin 98-ci ildönümünə həsr olunmuş pençak silat üzrə dünya çempionatına, daha sonra isə sindoryu və pençak silat üzrə Avropa çempionatına ev sahibliyi edib.

"Sərhədçi" İdman Olimpiya Mərkəzinin rəisi, polkovnik Elşən Mirzəyev idman ocağının ötənilki fəaliyyətini uğurlu hesab edir. Onun sözlərinə görə mərkəzdə təşkilati tədbirlərlə yanaşı, idmançıların, eləcə də, Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının fiziki hazırlıqlarının gücləndirilməsi, məşqçilərin təlimatlandırılması, uşaq və gənclər arasında idmanın kütləvi inkişafı istiqamətində işlər həyata keçirilib. "Əsas məqsəd "Sərhədçi" İdman Olimpiya Mərkəzinin şəxsi heyətinin fiziki hazırlığının yüksəldilməsi, Olimpya və qeyri-Olimpiya idman növləri üzrə idmançıların yarışlara hazırlanması, gənc nəslin idmanla məşğul olmasını təmin etmək, onların pis vərdişlərdən uzaqlaşmalarına nail olmaqdır. Mərkəzin hərbi qulluqçularının əksəriyyəti müxtəlif idman növləri üzrə milli komandanın üzvləridirlər. Dövlət Sərhəd Xidmətinin sıralarında zabit, gizir və əsgərlərimiz də idmanla məşğul olurlar. Hərbi xidmət dövründə idmançılarımızın fiziki, taktiki cəhətdən hazırlıqlarının yüksək səviyyədə olması üçün onların məşqlərdə və beynəlxalq yarışlarda iştirakı təmin olunur. İdmançılarımız burada proqram əsasında məşq edirlər. Onların məşq proseslərinə rəhbərlik tərəfindən nəzarət olunur. 

Nailiyyət göstərən idmançılarımız əvvəlcə «Sərhədçi» İOM-un yığmasının heyətinə daxil edilir, daha sonra milli yığma komandanın heyətində beynəlxalq yarışlarda qüvvələrini sınayırlar. Mərkəzin yetirmələri arasında beynəlxalq yarışların qalibləri, dünya və Avropa çempionları var. İndiyədək idman mərkəzində bir sıra idman növləri üzrə beynəlxalq səviyyəli yarışlar keçirilib. İdman ocağında mütəmadi olaraq müxtəlif idman növləri üzrə yerli və beynəlxalq təlim-məşq toplanışları təşkil edilir. Ötən il qarşımızda dayanan əsas məqsəd I İslam Həmrəyliyi Oyunlarında uğurla çıxış etmək idi. Bu yarışlara hazırlıq prosesində üzərimizə düşən bütün işləri yüksək səviyyədə yerinə yetirməyə çalışmışıq. Təmsilçilərimiz onlara bəslənilən ümidləri doğruldaraq yüksək nailiyyətlər qazanıblar. 

Əsas məqsədimiz qarşıdakı mötəbər yarışlarda daha da uğurlu nəticələr qazanmaqdır. Qeyd edim ki, "Sərhədçi” İOM müxtəlif vaxtlarda bir sıra mükafatlara layiq görülüb. Ötən ilin yekunlarına əsasən "Olimpnews.az” saytının keçirdiyi sorğuda "Sərhədçi”İOM yarışların təşkilinə görə "İlin ən yaxşı idman mərkəzi” nominasiyasının qalibi olub. Dövlət Sərhəd Xidməti rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğının nəticəsidir ki, üzərimizə düşən vəzifəni ləyaqətlə yerinə yetiririk. Sərhədçilər vətənə dövlətimizə, dövlətçiliyə sadiq əsgərlər kimi vətənin keşiyində dayanırlar. Biz xalqımızın, millətimizin əmin-amanlıq içərisində, firavan yaşaması üçün xidmət göstəririk. Nümunəvi sərhədçi vətənpərvər, dövlətinə, dövlətçiliyinə, Heydər Əliyev ideyalarına, Prezidentinə sadiq, mübariz, mətin olmalı, heç bir çətinlikdən qorxmamalıdır", -deyə Elşən Mirzəyev bildirdi.



Aysel Sultanova
Esmira Orucova







Bu yazı

24353 dəfə oxunub

Tarix

2018-01-31 10:18:55

Yazını

Çap et

Yazını

Paylaş