Aqil Acalov: “Alpaqut türkçülüyü, ədaləti tərənnüm edir”





Gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam böyüməsi günümüzün vacib məsələlərindəndir. İdman insanın fiziki və mənəvi cəhətdən inkişafında, onun sağlam böyüməsində son dərəcə vacib rol oynayır. Fiziki və mənəvi saflıq həm də vətənpərvər ruhda böyümə, xalqına, millətinə, vətəninə sadiqlik deməkdir. Dövlətimiz tərəfindən gənc nəslin fiziki sağlamlığına, mənəvi inkişafına xidmət edən bir sıra mühüm qərarlar qəbul edir, bu sahədə məqsədyönlü fəaliyyət göstərir. Ölkəmizdə bütün sahələr kimi, idman və Olimpiya Hərəkatı yüksək sürətli inkişaf yolu keçib. Bu gün respublikamızda Olimpiya idman növləri ilə yanaşı, qeyri-Olimpiya idman növlərinə də xüsusi diqqət və qayğı ilə yanaşılır. Qeyri-Olimpiya idman növləri sırasında xüsusilə döyüş növləri ölkəmizdə böyük populyarlıq qazanıb.

Azərbaycanda yeni yaradılan idman növlərindən biri də qədim türk döyüş sənətlərindən götürülmüş Turan(milli) döyüş sənəti olan alpaqutdur. 2014-cü ildə yaradılan Azərbaycan Alpaqut Federasiyası qısa müddət ərzində bu sahədə böyük işlər görüb, yüksək nailiyyətlər qazanıb. Bugünlərdə Azərbaycan Alpaqut Federasiyasının prezidenti Aqil Acalovla görüşərək bu idman növünün təbliği və inkişafı ilə bağlı həyata keçirilən tədbirlər barədə söhbət açdıq.

- Aqil müəllim, ilk növbədə rəhbəri olduğunuz Azərbaycan Alpaqut Federasiyasının yaranması ilə bağlı oxucularımıza məlumat verərdiniz.

- Bildiyiniz kimi, dünyada hər bir ölkənin özünəməxsus döyüş sənətləri var. Alpaqut döyüş sənəti Turan coğrafiyasında yaşayan türk soylu xalqlara türklərə məxsus döyüş sənətidir. Alpaqut sözünün mənası- "Alp” döyüşçü, "Qut” isə kutsal yəni müqəddəs döyüşçü, təkbaşına döyüşən deməkdir. Goyturk xaqanlığı dövründə xüsusi istedada, döyüş qabiliyyətinə malik gənclər seçilərək onlardan xüsusi təyinatlı döyüşçülər hazırlayardılar. Bu gənclər əlbəyəxa döyüşü, qılınc oynatmağı, at çapmağı bacaran xüsusi döyüşçülər olurdular. Müharibələr zamanı bu cür az sayda döyüşçülər qarşı tərəfin düşərgəsinə gecə hücum edər, onları səhərə qədər oyaq saxlayar, döyüşərək yorardılar. Səhər qoşunlar üzbəüz gələndə, yorğun olan düşmən ordusu asanlıqla məğlub olardı. Alpaqutlar şəhid olsalar da, heç vaxt əsir düşməzdilər. Alpaqut türkçülüyü, tolerantlığı, ədaləti tərənnüm edən döyüş sənətidir. Hər bir döyüş sənətinin öz fəlsəfəsi var. Alpaqut yeganə döyüş sənətidir ki, onun fəlsəfəsi inanclara deyil, məhz tanrıçılığa söykənir. Qeyd edim ki, Türk dünyasının ilk ensklopediyası olan ”Divani lüğat-it-türk” əsərində də "alpaqut” sözünə rast gəlinir. Qədim türk dilində "alp” igid, bahadır, "kut” isə mübarəklik, kutlamaq mənalarını verir.

Alpaqut döyüş sənətinin yaradıcısı həmyerlimiz kutsan (ustad) Vasif Namazovdur. O, bu idman növünü yaradanadək uzun müddət araşdırmalar aparıb. Bundan sonra Azərbaycanda bu növ üzrə yerli və beynəlxalq federasiyanın yaradılmasına qərar verilib. Dünya və Azərbaycan Alpaqut Federasiyası 2014-cü ildə yaradılıb. Beynəlxalq federasiyaya Atatürk Mərkəzinin direktoru, millət vəkili Nizami Cəfərov rəhbərlik edir. Təşkilatın 1-ci vitse-prezidenti isə millət vəkili Qənirə Paşayevadır.

- Qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq federasiya bir sıra uğurlar qazanıb. Az müddətdə buna necə nail olmusunuz?

- Bizim bir dəsti-xəttimiz var və ondan kənara çıxmırıq: vətənpərvərlik, dövlətçilik. Bu idmanda millilik, vətənpərvərlik, tariximiz, döyüş mədəniyyətimiz, hərb sənətimiz cəmləşib. Azərbaycan müharibə şəraitində olan ölkədir. Gənclərimizin vətənpərvər, döyüşkən ruhda böyüməsi vacib məqamlardandır. Həyata keçirdiyimiz bütün layihələrimizin bu istiqamətə yönəlib. Yeni yaranan federasiya olmağımıza baxmayaraq, qeyri-olimpiya idman növü kimi bu sahədə fəaliyyətimiz zəngindir. Hazırda təkcə Azərbaycanda deyil, dünyanın 24 ölkəsində bu idman növü tədris olunur və federasiyalar fəaliyyət göstərir. Bölgələrdə nümayəndəliklərimiz, filiallarımız fəaliyyət göstərir. Tovuz, Qazax, Qarabağ zonası, Bərdə, Ağdam, Ağcabədi, şimal bölgəsi, Quba, Xaçmaz, cənubda Neftçala, Salyan, Lənkəran, Bakı və Bakının rayonları, Binəqədi, Sabunçu, Bakıxanov, Nərimanov və Sumqayıt, Xırdalan şəhərlərində yerli filiallarımız və bölmələrimiz aktiv fəaliyyət göstərməkdədir. 4 ildir yaranmış federasiyanın bu cür uğurlu fəaliyyət göstərməsinə böyük əmək sərf olunub. Əlbəttə ki, burada bir insanın əziyyətindən söhbət gedə bilməz. Fəaliyyətimizdə dövlət dəstəyi ilə yanaşı, vətənpərvər insanların, xeyriyyəçi dostlarımızın, medianın da böyük rolu olub. Federasiyamız müxtəlif vaxtlarda bir sıra mükafatlara layiq görülüb. Yeri gəlmişkən qeyd edim ki, "Olimpnews.az” saytının 2017-ci ilin yekununa əsasən keçirdiyi sorğuda Azərbaycan Alpaqut Federasiyası "Qeyri-olimpiya idman növləri üzrə ilin ən yaxşı federasiyası” nominasiyasına layiq görülüb. Əlbəttə ki, bütün bunlar bizim əməyimizə verilən ən yüksək qiymətdir.



- İndiyədək federasiya tərəfindən həm respublika, həm də beynəlxalq miqyaslı yarışlar təşkil olunub. Maraqlıdır, bu idman növü üzrə yarışlar hansı qaydalar əsasında keçirilir?

- Qeyd etdiyim kimi,  bu idman növü Kutsan Vasif Namazov tərəfindən yaradılarkən bir sıra mütəxəssislərə müraciət olunub. Qədim türk döyüş sənətləri sintezləşdirilərək müasir idman,yarış elementlər əlavə olunaraq formalaşdırılıb. Bu idman növündə 4 versiya mövcuddur. Bunlar aypara, batur, cayma ve gures sistemləridir. Bir idmançı bir və ya bir neçə versiyada qüvvəsini sınaya bilər. Döyüş xüsusi örtüklü tatami üzərində müxtəlif ölçülü "qurd çevrəsi” və ya "şahin çevrəsi” adlandırılan sahədə keçirilir. İdmançılar bu çevrədən kənara çıxdıqları halda cərimə xalı ilə qiymətləndirilirlər. Müəyyənləşdirilmiş çevrədən kənara 3 dəfə çıxan idmançı məğlubiyyətlə üzləşir. Bu isə qədim türklərin hər zaman yaxın məsafədə döyüşməyə üstünlük vermələri ilə əlaqədardır.



Məlumat üçün bildirim ki, indiyədək bu növ üzrə bir sıra yarışlar təşkil etmişik. Hər il ənənəvi olaraq ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş respublika turniri və ulu öndərin anım günündə müxtəlif bölgələrdə seminarlar təşkil edilir. Bayramlar və tarixi günlər, eləcə də torpaqlarımızın müdafiəsi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinə ənənvi olaraq yarışlar keçiririk. Bir sıra xalq qəhrəmanlarımız var ki, onları tanıtmaq, təbliğat məqsədilə onların xatirəsinə turnirlər keçiririk. Məşqçilərin ustalıq səviyyəsinin artırılması məqsədilə mütəmadi seminarlar təşkil edilir. Bəzi yarışlarımızı hətta bölgələrdə keçiririk. Məsələn, ötən il Azərbaycan kubokunu Şəmkir rayonunda təşkil etdik. Ötən ilin ən mötəbər yarışlarından biri Dünya Alpaqut Federasiyasının təşkilatçılığı ilə keçirilən II Dünya kuboku oldu. Bu yarışda 16 ölkə iştirak edirdi.

-İctimai sahədəki fəaliyyətiniz idmana gəlişinizdə nə kimi rol oynayıb?

- Mən 2003-cü ildən ictimai fəaliyyətlə məşğul olmağa başlamışam. Həmişə məktəbdə, universitetdə fəal olmuşam və bu, indiyənə kimi özünü göstərir. Deməli, 2003-2005-ci illərdə xarici ölkələrdə yaşayan azərbaycanlı gənclər üzrə həmrəylik assosiasiyasının koordinasiya şurasının sədri, 2005-ci ildən bu günə qədər Azərbaycan və Gürcüstan gənclərinin həmrəylik assosiasiyasının sədri, 2007-ci ildə dünya azərbaycanlıları konqresi, gənclər təşkilatının sədr müavini, 2009-cu ildə isə sədr vəzifəsinə səsvermə yolu ilə seçilmişəm. 2011-ci ildən əziz dostum beynəlxalq dərəcəli idman ustası Vasif Namazovun dəvəti ilə Sayokan federasiyasına dəvət olundum və 1-ci vitse-prezident vəzifəsinə təyin olundum.



2013-cü ilin yanvar ayından idarə heyətinin qərarı ilə Sayokan Federasiyanın prezidenti seçildim. 2013-cü ildə "Gələcəyə Baxış” adlı ictimai ümumrespublika hərəkatının təsisçilərindən biri, həm də həmsədri olmuşam. 2014-cü ildə isə yeni yaradılan Azərbaycan Alpaqut Federasiyasının prezidenti kimi fəaliyyət göstərirəm.



Esmira Orucova 
Aysel Sultanova




Bu yazı

48859 dəfə oxunub

Tarix

2018-01-31 11:43:30

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook