“Sumqayıt” klubunda yerli futbolçuların inkişafı üçün yüksək şərait yaradılıb

Ölkəmizdə idmanın inkişafı və kütləviliyi diqqət mərkəzindədir. "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” layihəsi çərçivəsində "Olimpiya dünyası” qəzeti budəfəki yazını "Sumqayıt” futbol klubuna həsr edib. Buyaxınlarda "Sumqayıt” klubu Türkiyənin Antalya şəhərində təlim-məşq keçirdi. Qəzetimizin əməkdaşı klubun məşqlərini və yoldaşlıq oyunlarını birbaşa izləmək imkanı əldə etdi. Premyer Liqanın ikinci dövrəsinə hazırlaşan Sumqayıt təmsilçisi qarşısına Avropa Liqasına vəsiqə qazanmaq məqsədini qoyub. Təlim-məşq toplanışı başa çatdıqdan sonra "Sumqayıt” futbol klubunun prezidenti Kamran Quliyev, baş məşqçisi Samir Abasov və hücumçusu Amil Yunanov qəzetimizə müsahibə verdilər.

Kamran Quliyev: "Məqsədimiz akademiyanın
yetirmələrinin əsas komandada
çıxış etməsidir”

- Futbol sektoruna nə vaxt gəlmisiniz?

- Futbola 2009-cu ildə gəlmişəm. AFFA-nın baş katibi Elxan Məmmədov mənə Texniki Departamentdə bir vəzifə təklif etmişdi. Həmin dövrdə Azərbaycanın əsas milli komandası istisna olmaqla, digər yığmaların inzibati məsələlərinə nəzarət edəcək şəxs lazım idi. Yəni belə bir vakansiya vardı. Elxan müəllimlə bir-birimizi çoxdan tanıyırdıq. O, biliridi ki, mən futbol həvəskarı, azarkeşiyəm.

- "Sumqayıt” klubunun heyətində legioner futbolçuların oynamaması nə ilə bağlıdır?

- Bu büdcə ilə 3-4 legioner gətirənlər də olub. "Sumqayıt” Azərikimya İstehsalat Birliyinin nəzdində yaradılan klubdur. Klub təsis ediləndə məni ora dəvət etdilər. Həmin vaxt milli komandanın maraqları nəzərdə tutulurdu. AFFA-da işləyəndə 16-17 yaşlı yığma üzvlərini görüb, tanıyırdım. Bu məsələdə şəxsi təcrübəmdən istifadə etmək istəyirdilər. Siyasətimiz belə olub ki, milli komandaya yeni nəsil yetişdirmək lazımdır. Biz fəaliyyətə başlayanda legioner limiti 8+3 idi. Bu, indiki ilə müqayisədə böyük fərq idi. Hazırda klublarımızın heyətində kifayət qədər azərbaycanlı futbolçu oynayır. Son illər ərzində klublar akademiyalara xeyli vəsait yatırdılar, yeni və perspektivli futbolçular üzə çıxdı. Bir problem vardı: yetişən uşaqlar nə vaxt və harada oynayacaqlar? Bu, çox aktual sual idi. Ona da cavab olaraq "Sumqayıt” klubu yarandı.

- AFFA-da çalışdığınız dönəmdə Rusiya vətəndaşı olan Aleksandr Səmədov, Emin Mahmudov kimi futbolçuların Azərbaycan yığmasına cəlb olunmaları işi ilə məşğul olmusunuz...

- O vaxtı seleksiya ilə məşğul olacaq ayrıca şəxs yox idi. Amma bizim Texniki Departamentin rəhbəri Bernhard Lippert futbolyönümlü işlərlə məşğul idi. Həm U-19, həm də U-21-in baş məşqçisi idi. Məşqçi kursları təşkil etməklə yanaşı, seleksiya işləri də aparırdı. Xaricdən futbolçu tapmaq isə mənə həvalə olunmuşdu. O vaxt çox adam tapmışdıq. Ramil Şeydayev, Ayaz Quliyevi bizim departament tapıb. Ramil Şeydayevlə ilk söhbətimiz olanda onun 14 yaşı vardı.

- Bəs yerli futbolçuların əksəriyyəti niyə Avropaya gedə bilmirlər? Nə çatışmır?

- Ciddilik və peşəkarlıq. Eyni sualı Rusiya futbolçularına da şamil etmək olar. Niyə gedib bir dəfə oynayıb, sonra geri qayıdırlar? Çünki "evdə hər şey yaxşıdır” deyə düşünürlər. İndi nə xoşuma gəlir? Son dövrlərdə bizim futbolçuları Çexiyaya aparırlar. Bax, əsl yerləri oradır. Çünki tab gətirən futbolçu qabağa gedəcək. Bizimkilər bu peşəni nə ciddiyə alırlar, nə də təhsillə məşğul olurlar.

- "Sumqayıt” klubunda uşaq futbolunun hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

- Bunu 5 ballıq sistemlə qiymətləndirsək, 3-dən çox olmaz. Klubumuz hələ gəncdir. İstədiyimizə nail olmamışıq. Ona görə ki, infrastrukturumuz hələ yüksək səviyyədə deyil. Peşəkar klub üçün infrastruktur genişləndirilməlidir. Bundan başqa, ölkəmizdə peşəkar məşqçilərin səviyyəsi artmalıdır. Bunun üçün müəyyən vaxt keçməlidir. Aşağı yaş qruplarının çempionatlarına baxıram. Hətta gedib onlara azarkeşlik etdiyim vaxtlar da olub. "Sumqayıt” yerli futbolçuların inkişafında maraqlı olan klublardandır. Xaricdən futbolçu transfer etmirik. Məqsədimiz akademiyanın yetirmələrinin əsas komandada çıxış etməsidir.

- Uşaq futbolu ilə bağlı tanınmış komandalarla əməkdaşlıq etmək fikriniz varmı?

- Əlbəttə var. Ən azından xarici klublardan uşaq futbolu ilə bağlı məlumatlar almaq, təcrübəsindən yararlanmaq istəyirik. Ötən ilin may ayından üç məşqçimiz Avropanın Zaqrebin tanınmış "Dinamo” klubunda praktikada oldular. Bildiyiniz kimi, həmin klubun uşaq futbol akademiyası yüksək səviyyədə inkişaf edib. Bundan başqa, klubun baş məşqçisi Samir Abasov İspaniyanın "Atletiko” klubunda da olub. Baş məşqçi komandanın həm bazası, həm də akademiyasında bir sıra görüşlər keçirib. Bir sözlə, xarici klubların təcrübəsindən yararlanır, bu təcrübəni komandada həyata keçirməyə çalışırıq.

- Sizcə, uşaq futbolunda çatışmayan cəhətlər hansılardır?

- Çox istərdik ki, uşaq komandalarımız qonşu ölkələrdəki turnirlərdə iştirak etsinlər. Çünki bu amil onların inkişafına səbəb olacaq. Bayaq dediyim kimi, Sumqayıtda infrastrukturla bağlı müəyyən problemlər var. Stadion və məşq meydançalarının sayı azdır. Əslində, hər şəhərdə 20-25 stadion fəaliyyət göstərməlidir. Uşaq futbolçular peşəkar səviyyədə böyüməli, məşq etməlidirlər. Etiraf edim ki, hazırda bizdə məşqlərin sayı və keyfiyyəti aşağıdır. Əlbəttə, 10 il əvvəllə müqayisədə indiki vəziyyət yaxşıdır. Amma görüləsi işlər çoxdur. Hazırda uşaq futboluna maliyyə ayıran iş adamları azdır. Sadaladığım bu amillər uşaq futbolunun inkişafını ləngidir. Təbii ki, bu məsələlərdə maliyyə problemi əsas rol oynayır. İnanıram ki, gələcəkdə bunlar öz həllini tapacaq.

- Ötən mövsüm Avropa Liqasına vəsiqəni son anda əldən verdiniz. Bu mövsüm komanda daha yaxşı təsir bağışlayır və Azərbaycan kubokunun yarımfinalına vəsiqə qazanıb. Müqayisə aparsanız, nələr dəyişib?

- Heyətimizin 70 faizi qalıb. Uşaqların özləri böyüyüb, təcrübələri artıb. Bu il uğurlu transferlər etdik. Heyətdə çatışmayan cinah yarımmüdafiə idi. Hazırda oraya kifayət qədər futbolçu cəlb olunub.

- Azərbaycan kubokunun 1/4 finalında "Qarabağ”ı keçmək sizin üçün sürpriz olmadı ki?

- Çempionlar Liqasındakı oyunlardan sonra "Qarabağ”da yorğunluq vardı. İlk matçda biz qol vurduq. Amma sonradan onlar iki dəfə fərqləniblər. Komandamız "Qarabağ”a meydanda şans vermədi. Sürpriz də olsa, layiqli qələbə idi.

- Avrokuboka vəsiqə qazanmaq sizin üçün nə deməkdir?

- Bu, bir nailiyyət olacaq. Sonra gələcəyi düşünəcəyik. Əlbəttə, bizim üçün böyük uğur olar. Klubumuz yerli futbolçularla çıxış edir. Bir məqamı da qeyd edim: indiyə qədər bizim "11-lik”də bu qədər sumqayıtlı futbolçu olmayıb.

- Sizcə, Avroliqaya gedən yolda daha çox kuboka bel bağlayırsınız, yoxsa Premyer Liqaya?

- Hər oyunda meydana qələbə üçün çıxırsan. Çox böyük, geniş heyəti olan klublar bir yarışda əsas, digərində ehtiyatda qalanlarla oynayırlar. Amma bizim heyətimizdə futbolçu azdır.

Samir Abasov: "Bu toplanışdakı gənc futbolçulardan
əvvəlkilərə nisbətən razıyam”
- Antalyadakı təlim-məşq toplanışı başa çatdı. Hazırlığı necə dəyərləndirirsiniz?

- Toplanış yaxşı keçdi. Ümumi götürəndə, futbolçular arasında yükü bölə bildik. Komandaya yeni gələn futbolçular - Nicat Qurbanovla Ülvü İsgəndərov uyğunlaşma prosesindədirlər. Elnur Abdullayev isə zədəlidir. Yeni gələnlər hələ də əziyyət çəkirlər. Amma inanırıq ki, yaxşı olacaq. Bəlkə də, Ülvü İsgəndərov komandaya gec qoşulduğuna görə bu problemi yaşayır. Bildiyiniz kimi, o, U-21 millisinin heyətinə dəvət olunmuşdu. Mənə elə gəlir ki, onlar komandaya tez uyğunlaşacaqlar.

- Taktiki gedişlər baxımından fikrinizi yeni futbolçulara aşılaya bilmisiniz?

- Sumqayıtda 2 həftədən çox fiziki hazırlıqla məşğul olduq. Plana görə, fiziki hazırlığı məhz Sumqayıtda keçməli idik. Bilirdik ki, Antalyada 3 gündən bir oyunumuz var. Sözün açığı, taktikada nələrisə dəyişmək fikrində idik. Sumqayıtda 1-2 oyun keçirəndən sonra fikirləşdik ki, bunu etmək risk ola bilər. Bundan əvvəlki taktikamız o qədər də uğursuz deyildi. Yaxşı oynayırdıq. Futbolçular oyun sistemini başa düşürdülər. Fikirləşdik ki, hələ bu sistemdə qalaq. Bu, futbolçular üçün qlobal problem deyil. Taktikada 1-2 nüans var ki, onları əlavə etmişik. Sadəcə, hazırkı məqsədimiz yeni gələn futbolçuları bizim istədiyimiz taktikaya uyğunlaşdırmaqdır.

- Komandanın heyətində gənc futbolçuları da sınaqdan keçirdiniz. Onların çıxışını necə qiymətləndirirsiniz?

- Gənc futbolçular bizim akamediyanın yetirmələridir. Heyifslənirik ki, Səbuhi Abdullazadə bizimlə deyil. Həmin futbolçu da 2001-ci il təvəllüdlüdür. O, milli komandanın heyətində idi. Bir neçə gün əvvəl gedib. Çox istərdik ki, o, da bizimlə olsun. Etiraf edək ki, limit söhbəti çıxandan gənclərə də diqqət yetirməyə başlayırsan. Limitə əsasən, ildən-ilə heyətə daha cavan futbolçular gəlir. İstəmirəm ki, gənc futbolçular məsələsində problem yaşansın. Cavan futbolçulardan çox razıyam. Ən azından, gənclərdən əsas komandaya 2-3 futbolçu seçilib gəlirsə, demək, bunlarda nəsə var. Özü də bu futbolçular akademiyadan, əvəzedici heyətdən seçilirlər. Deməli, bunlar yaxşı çıxış edirlər ki, seçilirlər. Bu futbolçular digərlərindən geri qalmadılar. Toplanışdakı gənc futbolçulardan əvvəlkilərə nisbətən razıyam.

- Qış fasiləsindən sonra onlara tez-tez şans verəcəksiniz?

- Bunu deyə bilmərəm. Hazırda bizim qrafik elədir ki, eksprement aparmaq imkanımız yoxdur. Hələ ki, elə şey fikirləşmirik. Əsas odur ki, onlar bizimlədir. Lazım olan anda onları meydanda görə bilərsiniz. Amma deyə bilmərəm ki, biz gənc futbolçuları oynadacağıq. Bilirsiniz ki, çempionat və kubokdakı oyunlarımız çox vacibdir.

- Rəqiblərinizin hamısı Antalyada təlim-məşq toplanışında idi. Yəqin ki, onların oyunlarını izləyə bildiniz...

- "Zirə”, "Keşlə” və "Səbail” klubları ilə oyunlarımız olub. Onlar haqqında müəyyən informasiyaya malikəm. Ən azından köməkçilərim onların oyunlarına baxıblar. Amma "Neftçi” komandası ilə bağlı məlumatımız yoxdur. İndi rəqib kimi komandaları bölə bilmərəm. Bilirsiniz ki, çempionatın aşağı pilləsində "Kəpəz” klubu qərarlaşıb. Onlar da fasilədə komandaya yeni futbolçular dəvət edib gücləniblər. Onların necə oynayacağı isə hələ ki, sirr olaraq qalır. Masa üstündə onlar gücləniblər. Necə çıxış edəcəkləri çempionatın gedişində bəlli olacaq. Mənim özüm üçün də maraqlıdır. Sözün açığı, bir az da qorxuludur. Bizim üçün hamısı rəqibdir. Ardıcıl itirdiyimiz xallar turnir cədvəlinin aşağı pilləsinə apara bilər. Uşaqlar da bilirlər ki, bizə nə qədər çətin olacaq.

- "Sumqayıt” klubu ölkə kubokunun yarımfinalındadır. Təbii ki, Avroliqa üçün kubok daha qısa yol sayılır...

- Yalnız kubok oyunlarını fikirləşsək, çempionatdakı nəticələrimiz pis olacaq, yaxud da əksinə. İkisindən birini seçsək, itirəcəyik. Hazırda əsas məqsədimiz odur ki, eyni tempdə gedək. Uduzsaq da, öz oyunumuzu oynayaq. Amma hansında irəli getsək, uğur qazansaq, bu, bizim üçün sevindirici olacaq.

- Həm çempionatda, həm də kubokda mübarizə aparmaq üçün hazırki heyət kifayət edirmi?

- Heyətə futbolçu transfer etmək haqqında düşünmürük. Siz də bilirsiniz ki, heyətə ancaq azərbaycanlı futbolçuları dəvət edirik. Hazırda bizim komandaya uyğun transferə çıxarılan futbolçu yoxdur. Başqa çıxış yolumuz da yoxdur. Bayaq dediyim kimi, heyətə 3 gənc futbolçu dəvət etmişik. Nə qədər gücümüz var, həm çempionatda, həm də kubokda oynayacağıq.

- Mövsümün son bir ayında doğma azarkeşlər önündə oynamamaq ehtimalınız var. Bu amil həlledici maneə ola bilərmi?

- Həm maneə, həm də həlledici məqam ola bilər. Açığı deyim, bu, bizim üçün çox pisdir. Çünki ən azından, "Sumqayıt” azarkeşlərini də tanıyırsınız. Futbolçular da o dəstəkdən güc alırlar. Biz doğma azarkeşlər önündə fərqli oynayırıq. Amma bu problem çıxsa, bizə mənfi mənada təsir edə bilər. Əlimizdən gələni edirik ki, kubokun ikinci oyununu Sumqayıtda keçirək.

- Yoldaşlıq oyunu zamanı problemləri gördünüz. Bundan sonra nəyin üzərində işləmək lazımdır?

- Komandada qlobal problem yoxdur. Dəyişiləsi 1-2 nüans var ki, onları açıqlaya bilmərəm. Məşqlərdə bir neçə taktika üzərində işləyirik. Amma yoldaşlıq oyunu zamanı onları daha yaxşı göstərə bilmirik. Bəzən tapşırıqlar yaxşı alınır, amma tam olaraq həyata keçmir. Çempinatın oyunları zamanı mənim dediklərimi daha yaxşı başa düşəcəksiniz. Alınsa, özünüz də biləcəksiniz ki, biz məşqlərdə nəyin üstündə işləyirik.

- Sumqayıtda uşaq futbolunun inkişafını necə qiymətləndirirsiniz? Yəqin ki, aşağı yaş qruplarının oyunlarına baxırsınız.

- Vaxtım olduqca baxıram. Uşaq futbolu, tək Sumqayıtda yox, Azərbaycanda gündəmdə olan məsələdir. "Sumqayıt” klubunun akademiyasında istedadlı uşaqlar çoxdur. Siyahımda bəyəndiyim gənc və perspektivli futbolçuların adları kifayət qədərdir. Akademiyanın yetirməsi olan 2001-ci il təvəllüdlü iki futbolçu hazırda komandanın əsas heyətində çıxış edir. Onlara həm çempionat, həm də kubokun oyunlarında şans verirəm. Deməli, akademiyanın xidməti yüksək səviyyədədir. Bizim klub pillə-pillə nailiyyət əldə edir. Bununla yanaşı, digər klubların akademiyasından da heyətə gənc futbolçular dəvət edirik.

- "Sumqayıt” azarkeşlərinə sözünüz varmı?

- Gündən-günə azarkeşlərimizin sayı artır. Bu, futbolçularımızın son vaxtlar yaxşı çıxış etməsindən irəli gəlir. Bir məsələni vurğulayım ki, doğum günümlə bağlı azarkeşlərdən kifayət qədər təbrik mesajları almışam. Sağolsunlar, həmişə bizi dəstəkləsinlər. Onlara həddindən artıq ehtiyacımız var. Yoldaşlıq oyunlarımıza da azarkeşlərimiz gəlir. Azarkeşlərimizdən xahişim odur ki, bütün Azərbaycan azarkeşlərinə örnək olsunlar.

Amil Yunanov: ""Sumqayıt” klubunda gənclərə
daim şans verilir”

- Komandanızın Antalya toplanışı necə keçdi?

- Klubumuzda əla ab-hava var. Qış fasiləsində hazırlığa Sumqayıtda başladıq. Yanvarın 21-dən etibarən isə Türkiyədə idik. Bir neçə yoxlama oyunları keçirdik. Bəzi oyunlarda uduzsaq da, indiki durumda nəticə önəmli deyil. Əsas məsələ səhvlərimizi görmək, onlardan nəticə çıxarmaqdır. Mövsümün qalan hissəsinə tam hazırıq.

- Toplanış çərçivəsində baş məşqçi Samir Abasov futbolçulardan nə tələb edirdi?

- Bizdən tələb olunan komanda oyunudur. Yoxlama matçlarında nəticə istənilmirdi. Əsəs odur ki, baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirək. Bunun da bəhrəsini görəcəyik. Premyer Liqada yüksək pillələr uğrunda mübarizəmizi davam etdirmək istəyirik. Üstəlik, Azərbaycan kubokunda yarımfinala vəsiqə qazanmışıq.

- Əsas məqsəd ölkə çempionatıdır, yoxsa kubok?

- Kubok oyunları hələ apreldədir. Buna qədər çempionatda önəmli oyunlarımız olacaq. Çempionatın gedişində kuboku fikirləşə bilərik. Hər iki "cəbhə”də uğur qazanmaq istəyirik.

- Ancaq Azərbaycan kuboku titul sayılır. Bu, "Sumqayıt” üçün tarixi nailiyyət ola bilər...

- Razıyam, Azərbaycan kuboku titul sayılmaqla bərabər, avrokubok üçün qısa yoldur. Yalnız kuboka bel bağlamamalıyıq. Kim bilir, bəlkə, çempionat bizim üçün daha yaxşı olacaq. Hər şeyin öz zamanı var.

- "Qəbələ”nin yetirməsi olsanız da, əsas komandada möhkəmlənə bilmədiniz. Ardınca "Neftçala” və "Rəvan”da çıxış etdiniz. Bu müddət ərzində sağ yarımmüdafiəçisi olsanız da, "Sumqayıt”da qolları ilə diqqət mərkəzinə düşən mərkəz hücumçusu oldunuz. Bu barədə nə deyə bilərsiniz?

- Futbola Tovuzda başlasam da, 15 yaşımda "Qəbələ”yə gəldim. Burada aşağı yaş qruplarında, əvəzedici və əsas heyətdə oynadım. Lakin ardıcıl zədələrdən sonra əməliyyat olundum. Bundan sonra məni başqa kluba icarəyə verməyi məqsədəuyğun saydılar. Hətta həmin dövrdə "Sumqayıt”a baxışa da gəldim, lakin bura keçidim alınmadı. "Neftçala”ya icarəyə getsəm də, yenidən zədələndim. Bir mövsüm "Rəvan”ın formasını geyindim. Sonra heç bir klub məni heyətinə götürmədi, 3-4 ay futbolsuz qaldım. Bu məqamda "Sumqayıt”ın keçmiş baş məşqçisi Aqil Məmmədov məni komandaya çağırdı. Elə alındı ki, gəlişimdən sonra baş məşqçi dəyişikliyi baş verdi, heyət Samir Abasova tapşırıldı. Məni "Sumqayıt”a cinah yarımmüdafiəçisi kimi gəlmişdim. Lakin Samir müəllim məni məşqlərdə və "Bakı” ilə yoxlama oyununda mərkəz hücumçusu kimi sınamağa başladı. Həmin oyunda iki qol vurdum. Ardınca "Kəpəz”lə görüşdə 15 dəqiqə şans verdi, yenə fərqləndim. Pərdis Fərcad Azad zədələnəndən sonra baş məşqçimiz mənə əsas heyətdə şans verdi.

- Bir futbolçu kimi inkişafınızda "Sumqayıt”ın oyun tərzinin də rolu olub?

- Əlbəttə. Samir müəllimin istəyi sürətli və tez hücumdur. Bu, xoşagələn, mənim də istədiyim bir futboldur. Oyun tərzim də bu cürdür. Meydanda hər zaman irəliyə getmək barədə düşünürəm.

- "Sumqayıt”ın heyətində vurduğun qollardan hansı sənin üçün xüsusidir?

- Əsas mənim qol vurmağım yox, komandamın nəticə qazanmağıdır. Nəticə əldə etməkdə pay sahibi olmaq hər bir futbolçunu qürurlandırır. Bir qol seçməli olsam, bu mövsüm Azərbaycan kubokunun yarımfinalında "Qarabağ”a vurduğum qolu deyərdim. Həm yaxşı qol alındı, həm də yarımfinala yüksəldik.

- Futbol karyeranda məqsədin nədir?

- Üzərimdə daima çalışıram. Məqsədim Avropada oynamaqdır. Karyeramı başa vurandan sonra geriyə baxanda böyük klublarda, millidə çıxış etdiyimi görmək istəyirəm.

- "Sumqayıt” klubunun sizin üçün ikinci nəfəs olduğunu söyləmək olar?

- Bura gələndə bilirdim ki, nə vaxtsa oynamaq şansım olacaq. Çünki "Sumqayıt” elə bir klubdur ki, burada gənclərə daim şans verilir, özlərini göstərmələrinə şərait yaradılır. Futbolçu da məqamını gözləməli və ona verilən şansdan istifadə etməyə çalışmalıdır. Bu gün futbol oynaya bildiyim üçün şükür edirəm. Bundan sonra da etimadı doğrultmaq üçün maksimum çalışacağam.

Rahib Səmədov,
Bakı-İstanbul-Antalya-İstanbul-Bakı





Bu yazı

9570 dəfə oxunub

Tarix

2018-02-06 10:21:25

Yazını

Çap et

Yazını

Paylaş