Ramin Musayev: “I divizionda növbəti mövsüm tam fərqli olacaq” - MÜSAHİBƏ


Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Türkiyənin Antalya şəhərində mətbuat konfransı keçirdi. Olimpnews.az saytının məlumatına görə, o, "Miracle” hotelində azərbaycanlı jurnalistlərin suallarını cavablandırdı.

- Antalyada keçirilən təlim-məşq toplanışı haqda fikirlərinizi bilmək istərdik.

- Təlim-məşq toplanışı artıq neçə ildir ənənəyə çevrilib. Bunu da AFFA rəhbərliyi yaradıb. Bilirsiniz ki, toplanışda hakimlərimizin idarə etdikləri oyunların sayı mövsümdəki matç sayına bərabər olur. Ümumilikdə hakimlərimiz 74 oyun idarə ediblər. Məqsəd odur ki, onlar fiziki göstəricilərini artırsınlar və hansısa klubun haqqı tapdalanmasın. Klubların da işləri ilə maraqlanırıq. Onların hazırlıqları ilə bağlı kifayət qədər məlumatlarımız var.

- Fariz Yusifov toplanışda iştirak etmirdi. Halbuki çempionatda əsas oyunlar ona həvalə edilir...

- Fariz müəllim peşəkar hakimdir, idmanla məşğul olur. Onun peşəkarlığına şübhə ola bilməz. İnanıram ki, yenə ümidlərimizi doğruldacaq. Keçən mövsümdə ən çətin oyunlarda o, idarəçilik edib.

- "Neftçi”nin baş məşqçisi Tərlan Əhmədovla aranızda soyuqluq yarandığı haqda xəbərlər yayılıb. Onun görüşmək cəhdlərinə razılıq vermədiyiniz bildirilir...

- Mən Tərlan Əhmədovun "Neftçi”yə gedişinə zamin durmuşam. Tərlan gözəl məşqçi, gözəl insandır. Amma çıxışımın əvvəlində dedim ki, klubların nə işlə məşğul olması haqda məlumatımız var. Mənə deyildi ki, Tərlan vaxtınının çoxunu klubdan kənarda keçirir. Mən də bu səbəbdən ona iradımı bildirdim. Yəni, sadəcə, incimişəm. Amma Tərlan yaxşı məşqçidir, onun xasiyyətinə bələdəm.

- Hakimlərin hazırda necə formada olduğunu bilirsiniz. Qış fasiləsindən sonra "Qarabağ” və "Qəbələ” arasında keçiriləcək oyuna kimi layiq görürsünüz?

- Bu günə qədər hansı hakimin hansı oyuna getməsi ilə bağlı istəyimi irəli sürməmişəm. Halbuki, müqavilə əsasında bunu etməyə ixtiyarım var. Çempionatı keçirən qurum rəhbəri kimi, məndə məlumatlar olur. İradlarımı bildirməyə ixtiyarım var. Amma heç nə demirəm. Sadəcə, iradlarımı bildirirəm. "Qarabağ” və "Qəbələ” klubları arasındakı oyun çempionluğun taleyini həll etmir. Hələ qarşıda bir neçə tur olacaq. Rauf Cabbarov, Fariz Yusifov, Əliyar Ağayev və digər hakimlərimiz də bu matça təyinat ala bilər. Rəşad Əhmədov bu gün artıq hazırdır. İnanıram ki, həmin oyunu ona versək, gözəl idarə edə bilər. Sadəcə, Rəşada mənim kimi insan dəstək verməlidir.

- Çempionatın qalan hissəsindəki mübarizəni necə qiymətləndirirsiniz? Sizcə, çempion kim olacaq?

- Çempionun kim olacağını deyə bilmərəm. Yoldaşlıq görüşlərində komandalarımızın uduzması onların zəifliyi demək deyil. "Səbail”in matçında oldum. Gördüm ki, baş məşqçi bəzi futbolçuların mövqeyini dəyişib. Bunu Qurban Qurbanovun özündə də görmüşəm. Bu il 3-4-cü yerlər uğrunda daha çox mübarizə gedəcək.

- I divizionla bağlı hansı fikirdəsiniz? Aşağı dəstədən Premyer Liqaya komanda çıxacaqmı?

- "Xəzər” klubu çox xoşuma gəldi. Orada iddialı komandalarımız var. Mənim üçün I divizion çox önəmlidir. İstərdim ki, şəxsi büdcəsi ilə maliyyələşən klublarımız daha çox olsun. Antalyada "Xəzər” rəhbərliyi ilə söhbətimiz oldu. Dedilər ki, Premyer Liqaya gələ bilərik. Onu da deyim ki, I divizionda növbəti mövsüm tam fərqli olacaq. Cari mövsüm başa çatana qədər daha 1-2 klub çempionatı tərk edə bilər. Artıq bəzilərinin izinə düşmüşük. Məlumatlarımız öz təsdiqini tapmaq üzrədir.

- Millimizin Moldova komandası ilə oyunu haqda fikirlərini bilmək istəyirik.

- Yeni futbolçular gördüm. Qurban müəllim gənc futbolçulardan istifadə etməyi bacarır. İnanıram ki, tez bir zamanda yığma komandalarımız da azarkeşlərini sevindirəcəklər. Millinin oyununda bir nəfəri gördüm. Bakıdan birbaşa Antalyaya yığmanın matçına baxmaq üçün gəlmişdi. Bundan başqa, balaca uşaqlar da milliyə dəstək verdilər.

- Gürcüstan futbolunda komandaların əvəzedici heyətləri və bir neçə aşağı yaş qrupları ləğv olunub. Bizdə də belə bir sistem tətbiq oluna bilərmi?

- Bu addımın müsbət olub-olmayacağını hələ bilmirik. Futbol komandaları nə qədər çox yarışlarda iştirak etsələr, bir o qədər yaxşıdır. Gürcülər cəmi 3 aşağı yaş qrupu saxlayacaqlar. Məncə, bu, yanlış fikirdir. Hər yaş qrupunun öz çempionatı olmalıdır. Bilirsiniz ki, PFL yaranana qədər bizdə əvəzedicilərin çempionatı ləğv olunmuşdu. Biz onu bərpa etdik. Əvəzedici heyəti ləğv etmək yox, başqa planımız var. Rəşad Sadıqovla söhbət etdik, ümumi bir fikir irəli sürdük. Onu bu gün açıqlamaq istəmirəm. Amma çox bəyəndim, yaxşı fikirdir. Əgər icra edə bilsək, hamımızın ürəyincə olacaq. Sadəcə, klubların razılığı olmalıdır.

- Klublarımızın maddi cəhətdən əvvəlki illərə qayıtmaq imkanı var?

- Şükür Allaha, vəziyyətimiz bu gün yaxşıdır. Məncə, əvvəlkindən də yaxşı olacaq. Bu gün klublarımızın əksəriyyəti daha çox keyfiyyətə üstünlük verirlər.

- PFL sosial layihələrlə bağlı vaxtilə çox hərəkətli idi. Qurum yenə bu baxımdan fəallaşacaqmı?

- Klublarımızın vəziyyəti düzəlirsə, inşallah, bizim də vəziyyətimiz düzələr (gülür). Əvvəl klublarımızın vəziyyəti yaxşı olmadığı üçün borc məsələsində onları çox sıxa bilmirdik. Vəziyyət normaldır. Amma klublarımızdan borclarımızı ala bilsək, vəziyyət daha da yaxşılaşacaq.

- İki futbolçu ömürlük futboldan uzaqlaşdırılandan sonra başqa sanksiyalar olmadı...

- Hər birimizin bir məqsədi var: təmizlik, düzgünlük olsun. Baş katib Elxan Məmmədov da bunu istəyir. Oyunçularla bağlı vəziyyətdə sakitlik deyil. İşlər gedir. AFFA və PFL birgə çalışır. Hər şey məxfidir. Açıqlasaq, işin gedişinə mane ola bilər.

- Növbəti mövsümdə Premyer Liqada 8-dən çox komanda olacaq?

- Klublarımızın vəziyyəti yaxşıdır. Bu il Antalyaya 8 klubun hamısı gəldi. I diviziondan Premyer Liqaya gəlmək istəyənlərə maneə törətməyəcəyik. Əgər maddi durumları imkan verərsə, onlara dəstək olmaq bizim borcumuzdur. "Xəzər” və "Binə” klubları müraciət edib. Hər şey ola bilər. Amma indidən konkret söz deyə bilmərəm. Təki gələn il Premyer Liqada 12 komanda olsun.

- "Araz Naxçıvan”ın Premyer Liqaya qayıtmaq variantı varmı?

- Naxçıvan blokada vəziyyətindədir. Buyaxınlarda eşitdim ki, oraya qatarla gedib-gəlmək bərpa olunacaq. Əgər bu baş versə, məncə komanda qayıda bilər. Həm də digər klubların Naxçıvana getmək imkanları da yaranar. "Arax Naxçıvan”ın istəyi var, amma ümumi vəziyyət, indiki durum buna imkan vermir.

- Ölkə kubokunun finalı harada keçiriləcək?

- İki məkan üzərində dayanmışam: birinci Gəncə, sonra Qəbələ. Qəbələdə bizim oyun keçirməyimiz işimizi 50 faizdən artıq yüngülləşdirir. Çünki klub bizə dəstək olur. Amma Gəncəyə doğru da addım atmaq istəyirik. Təkcə işıqlandırma ilə bağlı problemimiz var. Əgər mayın 28-nə qədər bu məsələdə, Gəncə hazır olsa, orada keçirəcəyik. Əks təqdirdə isə Qəbələnin stadionunu məkan seçəcəyik.

- Kubokun final matçının Lənkəran və ya İmişlidə keçirilməsi mümkündürmü?

- O zonaya da böyük hörmətim var. Amma öyrəndik ki, stadionun ot örtüyü yaxşı vəziyyətdə deyil. Şərait olmalıdır. Hazırda orada işlər dayanıbsa, bizim işimiz daha da artıq olar. Mən təkcə seçdiyimiz rayonu yox, ətrafı da fikirləşirəm. Oyunu İmişlidə keçirsək, hansı rayonlardan gələcəklər? Həm də orada da şərait yaxşı deyil.

- Həm Qurban Qurbanovun, həm də Rəşad Sadıqovun eyni anda bir neçə yerdə çalışması "Qarabağ”a mənfi təsir etməyəcək?

- Qurban Qurbanov millinin düşərgəsində olanda belə, klubda təlimatlarını verir. Əsas odur inam olsun. Əgər birgə işlədiyin yerdə sənə arxa dururlursa, onda problem olmayacaq. Qurban müəllim yığmada olanda komandanı Rəşada tapşırdı. Amma tapşırıqları yenə Qurban Qurbanov vermişdi. Düzdür, Qurban müəllim birdən-birə fantastik nəticələr göstərməyə bilər. Cavandır, ona vaxt vermək lazımdır. Qurban dostum olduğu üçün demirəm. O, məsuliyyətli insandır və ömür boyu məsuliyyət daşıyacaq. Xoşbəxtliyimiz ondadır ki, o insan həmişə üzünün ağ, gördüyü işin keyfiyyətli olmasını düşünür. İnanıram ki, yaxşı olacaq.

Rahib Səmədov,
Bakı-İstanbul-Antalya-İstanbul-Bakı

P.S. Əməkdaşımızın Türkiyənin Antalya şəhərinə ezam olunmasında yaratdığı şəraitə görə, "Olimpiya dünyası” qəzeti adından PFL rəhbərliyinə minnətdarlığımızı bildiririk.


Bu yazı

10529 dəfə oxunub

Tarix

2018-02-07 00:22:05

Yazını

Çap et

Yazını

Paylaş