Dünya çempionatının kuboku Bakıda


"Coca-Cola” və AFFA futbol üzrə dünya çempionatının kubokunu fevralın 9-da Azərbaycana gətirib.

Olimpnews.az saytının məlumatına görə, "Coca-Cola” şirkəti dünya çempionatının kubokunu dördüncü dəfə dünya turuna götürür və futbol dünyasının ən ali mükafatını Azərbaycan azarkeşlərinə göstərmək üçün Bakıya gətirib.

Kubokun Azərbaycana səfəri "Coca-Cola” şirkətinin bu ölkədə uzunmüddətli tərəfdaşı olan AFFA ilə birgə əməkdaşlığı çərçivəsində təşkil olunub.

Xüsusi təyyarə ilə gətirilən kuboku Fransa millisinin heyətində 1998-ci ilin dünya çempionu Kristian Karambö müşayiət edib. Mükafatı qarşılayanlar arasında AFFA-nın baş katibi Elxan Məmmədov da olub. Baş mükafat Heydər Əliyev Beynəlxalq Hava Limanından "Hilton” otelinə aparılıb. Mətbuat konfransının ardından şəhər sakinləri və qonaqlara nümayiş etdirilməsi üçün kubok "Gənclik Mall” ticarət mərkəzinə aparılacaq.

Ötən ilin sentyabrında Rusiyada start götürən tur altı qitədən 50-dən çox ölkəni əhatə edəcək və doqquz ay ərzində 126 min kilometr məsafə qət edən kubok səyahətini futbol üzrə 2018-ci il dünya çempionatında başa vuracaq.

Qeyd edək ki, dünya kubokunun əsli mundialın qalibi olan komandaya təqdim olunsa da, FIFA-nın sərəncamında qalır. Qızıldan hazırlanmış 6,142 kiloqram ağırlığında olan kubokun kompozisiyası Yer Kürəsini əlləri üzərində saxlayan iki insan fiqurundan ibarətdir. Kubokun orijinal dizaynı 1974-cü ildə yaradılıb. Kubok dünyada ən məşhur və bahalı idman rəmzlərindən biridir. Ona yalnız mükafatın keçmiş qalibləri və dövlət başçıları olmaqla məhdud sayda insan toxuna bilər. Qaydalara əsasən, mükafat FIFA-nın sərəncamında qalır və dünya kubokunun qalib komandası mükafatın əslini müvəqqəti olaraq saxlayır, sonra isə onun replikasını alır. Həmin replika dünya kubokunun qaliblərinin mükafatı adlanır. Qızıl suyuna salınan mükafatın üzərində turnirin adı, çempionatı qəbul edən və qalib ölkələr haqqında məlumat həkk olunur.


Bu yazı

12962 dəfə oxunub

Tarix

2018-02-09 12:08:35

Yazını

Çap et

Yazını

Paylaş