Azərbaycanın Cənubi Koreyadakı səfiri “Olimpiya kəndi”ndə olub






Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunları kəskin hava şəraitindən asılı olmayaraq, maraqlı yarışları, rekordları və Asiya qitəsinin özünəməxsusluğu ilə davam edir.

"Olimpnews.az" xəbər verir ki, Pxençxan-2018 Qış Olimpiadasının "hərarətini” artıran amillərdən biri də həm atletlərin, necə deyərlər, ekstremal şəraitdə qələbə uğrunda apardıqları mübarizə, həm gözlənilməz nəticələr və rekordlar, həm də rəsmi şəxslərin "Olimpiya kəndi”ni ziyarət etməsidir. Azərbaycan nümayəndə heyətinin mənzil-qərargahının yerləşdiyi, eyni zamanda ölkəmizi təmsil edən idmançımızın məskunlaşdığı "Olimpiya kəndi” oyunlar zamanı qonaqları qarşılamaq üçün ən münasib yerdir. 
Bir neçə gün öncə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, MOK-un baş katibinin müavini Azər Əliyev və Azərbaycan Dağ Xizəkçiliyi Federasiyasının prezidenti Rauf Xəlilov idmançıların məskunlaşdığı bu məkanda olmuşdular. 
Bu gün isə "Olimpiya kəndi”ni Azərbaycanın Cənubi Koreyadakı fövqəladə və səlahiyyətli səfiri Rəmzi Teymurov ziyarət edib. Ölkəmizin səfiri "Olimpiya kəndi”ndə əvvəlcə Azərbaycanın dövlət bayrağının ucaldıldığı meydanda olub. Səfir "Olimpiya kəndi”ndə atletlərə yaradılan şəraitlə tanış olduqdan sonra ölkəmizin nümayəndə heyətinin yerləşdiyi mənzil-qərargaha gəlib. Burada səfirə Azərbaycan nümayəndə heyətinin şef-de missionu Anar Bağırov yarışların proqramı, ölkəmizi təmsil edən atletimizin məşq prosesi və slalom yarışlarının keçirilmə tarixi barədə ətraflı məlumat verib. 
Azərbaycanın Cənubi Koreyadakı fövqəladə və səlahiyyətli səfiri Rəmzi Teymurov ölkəmizdə idmanın və Olimpiya Hərəkatının inkişafından bütün dünyanın xəbərdar olduğunu, bu sahədə böyük uğurların qazanıldığını vurğulayıb. O, əmin olduğunu bildirib ki, Azərbaycanda idman və Olimpiya hərəkatı bundan sonra da yüksək səviyyədə inkişaf edəcək, idmançılarımız həmişə olduğu kimi, daha böyük nailiyyətlər əldə edəcəklər.




Murad Fərzəliyev
Pxençxan, Olimpiya kəndi





Bu yazı

15783 dəfə oxunub

Tarix

2018-02-16 17:27:37

Yazını

Çap et

Yazını

Paylaş