“Synergy Baku”nın mövsümdə ilk qələbəsi




Ölkəmizin şosse velosipedi üzrə "Synergy Baku Cycling Project” kontinental komandası 2018-ci ildə ilk uğuruna imza atıb. 

"Olimpnews.az"ın məlumatına görə, komandamız Türkiyənin Alanya şəhərində keçirilən birgünlük Qran-pri yarışlarında müvəffəqiyyətlə çıxış edib. Belə ki, yarış Elit yığmamızın və "Synergy Baku”nun üzvü Kiril Pozdnyakovun qələbəsi ilə başa çatıb.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 175 km-dən ibarət 1.2 kateqoriyalı yarışında ümumilikdə 21 komanda iştirak edib. 
Alanya Qran-pri yarışlarında Elçin Əsədov, Elgün Əlizadə, Kiril Pozdnyakov, Ənvər Asanov, Samir Cəbrayılov, Musa Mikayılzadə və Aleksandr Polivadadan ibarət komanda heyəti mübarizə aparıb. Təmsilçimiz Kiril Pozdnyakov məsafəni 4 saat, 3 dəqiqə, 42 saniyəyə başa vuraraq, ən yaxın izləyicisini 1 dəqiqə, 20 saniyə qabaqlayıb. Bu qələbə həm də velosipedçimizə 40 reytinq xalı da qazandırıb. Bundan başqa, finişi 4-cü keçən Aleksandr Poliva da komandamızın aktivinə daha 20 xal yazdırıb.

Qeyd edək ki, "Synergy Baku”nu Türkiyədə keçiriləcək daha bir yarış gözləyir. Belə ki, velosipedçilərimiz fevralın 22-25-də təşkil olunacaq 2.2 kateqoriyalı, 4 mərhələdən ibarət Antalya Turunda mübarizə aparacaqlar.




Bu yazı

11125 dəfə oxunub

Tarix

2018-02-19 10:28:53

Yazını

Çap et

Yazını

Paylaş