Ali təhsil ocağı idmandakı uğurları ilə də fərqlənir


Dahi şəxsiyyət, ümumilli lider Heydər Əliyevin idmana və bədən tərbiyəsinə göstərdiyi diqqət və qayğı bu gün layiqincə davam etdirilir. Gənc nəsil Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi idman siyasətini dəstəkləyir, ölkəmizin çiçəklənməsi naminə öz istedad və bacarıqlarını əsirgəmir. Ölkədə idman və Olimpiya Hərəkatına yüksək səviyyədə diqqət və qayğı göstərildiyi bir vaxtda uşaq və gənclərimiz idmana böyük maraq göstərir, öz sağlamlıqlarının qeydinə qalırlar. Çünki bunun üçün respublikamızda hər cür şərait yaradılıb. İdmana marağı olan, onu sevən uşaq və gənclərimiz həm müxtəlif klublarda, həm də orta və ali təhsil məktəblərində idmanla məşğul olmaq imkanına malikdirlər. Respublikamızın qocaman təhsil ocaqlarından olan Azərbaycan Texniki Universitetində (AzTU) bu məsələ xüsusilə, diqqətdə saxlanılır. Mühəndislər yetişdirən ali təhsil ocağında tələbələr elm və biliklərə yiyələnməklə yanaşı, idmanın müxtəlif növləri ilə məşğul olur, öz sağlamlıqlarının qayğısına qalırlar.

Universitetin zəngin idman ənənələri var

Azərbaycan Texniki Universiteti 1950-ci ildən fəaliyyət göstərir. Bu illər ərzində adı çəkilən ali məktəbin tələbələri həm təhsildə, həm də idmanda müxtəlif uğurlara nail olublar. Əlbəttə, bu, ilk növbədə rəhbərliyin yaratdığı şəraitdən, sonra isə tələbələrin idmana olan marağından xəbər verir. Buyaxınlarda "Olimpiya dünyası” qəzeti olaraq ali təhsil ocağının idman həyatı barəsində məlumat əldə etmək üçün universitetin idman sarayında olduq. Burada bizi AzTU-nun idman klubunun müdiri Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi, SSRİ idman ustası Aydın Ağəliyev qarşıladı. Müsahibimizlə görüşdə universitetin idman nailiyyətləri və buranı təmsil edən tələbələrin nəticələri ilə bağlı maraqlı məlumat əldə etdik. Aydın Ağəliyevin bildirdiyinə görə, universitetdə tələbələr arasında idmana maraq böyükdür: "Digər ali təhsil müəssisələrində olduğu kimi, Azərbaycan Texniki Uniersitetində də idman diqqət mərkəzində saxlanılır. Gənclərimiz burada təhsillə yanaşı, sağlamlıqlarının da qeydinə qalırlar. Tələbələr yaxşı bilirlər ki, idman sağlamlıqdır. İndiki dövrdə gənclərimiz, həm öz sağlamlıqlarının qayğısına qalmaq, həm də bədən quruluşlarını ideal formaya salmaq üçün idmana həvəs göstərirlər. Təhsil müəssisələrində tələbələr üçün lazımi şərait yaradılıb. Bu gün bir çox qabaqcıl universitetlərdə olduğu kimi, AzTU-da da idmançı-tələbələrin maraqları nəzərə alınıb. Tələbələr burada həvəslə məşq edir, idmanın sirlərinə yiyələnir, yaradılan şəraitdən maksimum dərəcədə istifadə etməyə çalışırlar”.
Şübhəsiz ki, məşqlərin keyfiyyətli, səmərəli keçməsi üçün lazım olan amillərdən biri həvəsdirsə, ikincisi, əlverişli şərait və lazımi idman qurğularıdır. Mütəxəssislər təsdiq edirlər ki, məşqlərdə əyani surətdə müxtəlif avadanlıqlarla tanış olmayanlar (məsələn kəndir, turnik və s.), normativləri düzgün yerinə yetirməyənlər yarışlarda çətinlik çəkirlər. Bəs, görəsən, AzTU-da vəziyyət necədir? Bu barədə danışan Aydın müəllim bildirdi ki, universitetdə tələbələrin idmanla məşğul olması üçün hər cür şərait mövcuddur: "Universitetimizin idman sarayı buyaxınlarda əsaslı təmir olunub. Burada müxtəlif növlər üzrə hazırlaşmaq olmaq üçün zallar, stadion var. Bu isə, şübhəsiz ki, tələbələrimizin idmanla məşğul olmaq imkanlarını daha da genişləndirir. Onlar müxtəlif yarışlarda iştirak edir və uğurlu nəticələri ilə bizi sevindirirlər. Qeyd edim ki, Azərbaycan Texniki Universitetinin idman sarayı 1973-cü ildə istifadəyə verilib. Böyük imkanları olan kompleks universitetin idman həyatında mühüm rol oynayır. Burada atletika maneji, trenajor, futbol, basketbol, güləş, boks və ağırlıqqaldırma zalları fəaliyyət göstərir. AzTU-nun idman kompleksi müxtəlif illərdə beynəlxalq yarışlara ev sahibliyi edib. Bunların arasında xüsusilə, boks yarışlarını qeyd etmək istərdim. Sarayda, həmçinin ümumilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnirlər də keçirilib. Fərəhlə deyə bilərəm ki, əvvəllər olduğu kimi, indi də universitetimiz idman sahəsində çox böyük nailiyyətlər qazanır”.

"Qalibiyyətə gedən yolda psixoloji hazırlıq çox vacibdir”

Söhbət zamanı məlum oldu ki, Aydın Ağəliyev iki ildir ki, idman klubuna rəhbərlik edir və bununla yanaşı, o, uzun illərdir ki, tələbə-idmançılara basketbolun sirlərini öyrədir. İdman sahəsində kifayət qədər təcrübəsi olan klub müdiri idmançıların psixoloji hazırlığı ilə bağlı fikirlərini də bizimlə bölüşdü: "İdman təkcə fiziki və texniki-taktiki hazırlıqdan ibarət deyil. "İnam qələbənin yarısıdır” ifadəsi təsadüfi olaraq işlənmir. Bu, o deməkdir ki, qalibiyyətə gedən yolda psixoloji hazırlıq çox vacibdir. Klubda çalışan məşqçi-müəllimlərin hamısı öz işlərinə yaxşı bələddirlər. Biz hamımız bilirik ki, yarışqabağı idmançını ruhlandırmaq, onda qələbə əzmi yaratmaq lazımdır. Komanda oyunlarında isə vəziyyət bir qədər başqadır. Məsələn mən basketbolçuları ruhlandırmaq, həvəsləndirməklə yanaşı, həm də onlara yoldaşlığı aşılamağa çalışıram. Bir də görürsən, elə idmançılar olur ki, eqoistlik edib topu götürərək tək irəliləməyə, fərqlənməyə can atırlar. Bu isə yanlış addımdır. Komanda oyunu kollektiv oyundur, burada həmrəylik əsas şərtdir. Çalışıram ki, yetirmələrimə kollektiv oyun tərzini aşılayım. Çünki ancaq bu halda müvəffəqiyyət qazanmaq olar”.

Texniki Universitetin idman klubunun müdir müavini, sərbəst güləş və cüdo üzrə məşqçi Gülağa Sadıxovun fikrincə isə psixoloji hazırlığı yerində olmayan idmançı heç bir halda qalib ola bilməz. O, belə düşünür ki, idmançı yarışa hazırlığın ilk günündən etibarən yalnız qələbə barədə düşünməli və maksimum nəticə üçün çalışmalıdır. "Deyərdim ki, idmançıda psixoloji, texniki-taktiki və fiziki hazırlıq bir-birləri ilə vəhdət təşkil etməlidir. Əlbəttə, bunların hər biri vacibdir. Lakin əgər idmançı daxilən özünə inanmırsa, o, nə qədər güclü olsa da, qalib ola bilməyəcək. Bu mənada bizim üzərimizə çox böyük məsuliyyət düşür. Çalışırıq ki, idmançılarımız yarışqabağı həyəcan keçirmək yerinə, özünəinamlı və mübariz olsunlar. Çünki yarışda həyəcan idmançıya mane olan, onun əlini-qolunu bağlayan əsas amildir. Biz yarış zamanı heç də tələbələrimizdən az həyəcan keçirmirik, sanki onlarla birlikdə mübarizə aparırıq. Amma məğlubiyyəti də unutmaq olmaz. Uduzan tələbəyə də dəstək olub, onu ruhdan düşməyə qoymuruq. Elə idmançılar var ki, uduzmaqdan qorxduqları üçün mübarizədən qaçırlar. Bu isə çox pis haldır. Biz yetirmələrimizi inandırmağa çalışırıq ki, məğlubiyyət acısını dadmasan, qələbənin şirinliyini hiss edə bilməzsən. Əsas odur ki, risk edib, əzmkarlıqla güləşməyi bacarasan”, - deyə o vurğuladı.

Yuxarıda da qeyd etdiyimiz kimi, bu gün bütün orta və ali təhsil müəssisələrində idmana xüsusi qayğıyla yanaşılır. Məqsəd isə gənc nəslin sağlam və vətənpərvər ruhda böyüməsini təmin etməkdir. Orta məktəblərdə həftədə bir və ya iki saat olmaqla fiziki tərbiyə dərsləri keçirilir. Universitetlərdə isə vəziyyət bir qədər fərqlidir. Məlumat üçün bildirək ki, 2015-ci ilə qədər ali məktəblərdə ayrıca idman kafedraları fəaliyyət göstərirdi. O zaman bütün tələbələr məcburi olaraq idman dərslərində iştirak etməli idilər. Sonra kafedralar idman klubları ilə əvəz olundu. Hazırda ali təhsil ocaqlarında bədən tərbiyəsi dərsləri könüllülük prinsipi əsasında aparılır. Gəlin, görək, bu üsul ali təhsil müəssisələrində idmanın kütləviliyinə, əldə olunan keyfiyyətə və nəticələrə necə təsir göstərir?

Bu məsələ ilə bağlı Əməkdar müəllim, Aydın Ağəliyevin fikirlərini öyrəndik. İdman kafedralarının ləğv olunmasından təəssüfləndiyini bildirən təcrübəli mütəxəssis hazırda nəinki AzTU-da, eləcə də, digər universitetlərdə kütləviliyin qənaətbəxş olmadığını bildirdi: "Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Ölkədə idman və bədən tərbiyəsinə bu cür diqqət və qayğı var. Biz hamımız çalışırıq ki, idmanın inkişafına öz töhfəmizi verək, üçrəngli bayrağımızı beynəlxalq arenalarda dalğalandıran idmançılar yetişdirək. Düzdür, gənc nəsil arasında idmana maraq var. Amma bu, arzuolunan səviyyədə deyil. Əvvəllər, yəni idman kafedraları ləğv olunana kimi tələbələrin hamısı bir nəfər kimi məşqlərdə iştirak edirdi. Bunun müsbət tərəfi çox idi. Bundan başqa, məşqlərə könülsüz gələn bəzi idmançılarda müəyyən müddətdən sonra həvəs yaranırdı. Digər tərəfdən isə yarışlarda iştirak üçün idmançı seçəndə bir neçə alternativ namizədimiz olurdu. Hazırda ali təhsil müəssisələrində tələbələr idmanla könüllü olaraq məşğul olur, maraqlandıqları növü seçirlər. Hazırda universitetimizdə idmanla məşğul olanların ümumi sayı 300-350 nəfərdir. Halbuki əvvəllər 7000-dən çox tələbənin hamısı idmanla məşğul olurdu. Heç kimə də sirr deyil ki, kəmiyyət az olan yerdə, keyfiyyət də istədiyin kimi olmayacaq. Buna baxmayaraq biz yenə də səylə işləyir və müxtəlif yarışlarda iştirak edir, yaxşı nəticələr əldə edirik”.

Qazanılan uğurlar sevindiricidir

Azərbaycan Texniki Universiteti istər təhsildə, istərsə də, idmanda fərqlənən ali məktəblər sırasındadır. Çünki pedaqoji kollektiv öz işinin öhdəsindən bacarıqla gəlir. İdman klubunun müdiri bizimlə söhbət zamanı vurğuladı ki, ənənəvi olaraq hər il keçirilən universiadalarda, spartakiadalarda və müxtəlif yarışlarda universitet kollektivi komanda hesabında ilk yerlərdən birini tutur. Keçən il təşkil olunan universiadada Texniki Universitetin komandası yalnız Bədən Tərbiyəsi və İdman Akademiyasından geri qalaraq ikinci olub. Həmçinin ötən il keçirilən futbol çempionatında bu təhsil ocağının futbolçuları uğurla çıxış edərək 33 komanda arasında dördüncü yerə sahib çıxıblar. Ötən il keçirilən şahmat çempionatında zəka sahiblərimiz ikinci olublar. Aydın müəllim şahmatçıların uğurları barədə ağızdolusu danışdı: "Universitetin şahmat komandası həmişə fərqlənib. Biz şahmatda daim qənaətbəxş nəticələr qazanmışıq. Əvvəlki illərdə adətən üçüncü, dördüncü yerlərlə kifayətlənirdik. Keçən il isə ikinci yeri tutduq. Bu, bizim üçün rekord nəticədir. Bu onu göstərir ki, universitetimizdə digər idman növləri kimi, şahmat da inkişaf edir. Şahmat fiziki idman növü olmasa da, bəlkə, onlardan da vacibdir. Şahmat xüsusilə yeniyetmə və gənclər üçün çox vacibdir. Bu növlə məşğul olan tələbələr həmyaşıdlarından fərqənir, müxtəlif situasiyalardan çıxış yolunu asanlıqla tapa bilirlər. Təsadüfi deyil ki, yaxşı şahmat oynayanlar adətən digər növlərdə də uğur əldə edirlər. Onu da əlavə etmək istərdim ki, əgər universitet rəhbərliyinin dəstəyi və köməyi olmasa, biz bu nailiyyyətləri qazana bilməzdik”.

Olimpiya və qeyri-Olimpiya növləri inkişaf etdirilir

Ölkəmizdə həm Olimpiya, həm də qeyri-Olimpiya idman növləri sürətlə inkişaf edir. Bunu beynəlxalq aləmdə əldə edilən nailiyyətlər də bir daha sübut edir. Azərbaycan Texniki Universitetində də Olimpiya və qeyri-Olimpiya idman növləri eyni səviyyədə inkişaf etdirilir. Peşəkar mütəxəssislər tələbələrə müxtəlif idman növlərinin sirlərini öyrədirlər. Müsahibimiz söhbət zamanı bildirdi ki, burada 11 məşqçi-müəllim 9 idman növü üzrə (boks, kikboksinq, cüdo, sərbəst güləş, yunan-Roma güləşi, futbol, voleybol, basketbol, badminton) tələbə-idmançılara məşq keçir. Ali məktəbdə keçirilən ixtisaslarla əlaqədər olaraq məşqlərdə iştirak edən oğlanlar qızlara nisbətən üstünlük təşkil edir. Yalnız AKT, radiotexnika və rabitə, avtomatika və kompüter texnologiyaları fakültələrində təhsil alan qızlarda idmana maraq böyükdür. Aydın müəllim hər zaman universitetdə sərbəst güləşə marağın böyük olduğunu qeyd etdi və bildirdi ki, bu növdə yüksək nailiyyətlər əldə edilib. Həmin ənənə indi də davam etdirilir. Voleybol və badminton bölmələrində məşq edən tələbələr də fərqlənən kollektivlər arasındadır.

Hazırda universitetdə ümumilikdə, 9 fakültə (Avtomatika və kompüter texnikası, radiotexnika və rabitə, elektrotexnika və energetika, nəqliyyat, maşınqayırma, metallurgiya, mühəndis biznesi və menecment, xüsusi texnika və texnologiya, xarici tələbələr üzrə dekanlıq) faəliyyət göstərir. Əlbəttə ki, həmin fakültələrdə təhsil alan tələbələr biri-biri ilə rəqabət aparır, ən yaxşı nəticəni qazanmağa çalışırlar. Aydın Ağəliyevin sözlərinə görə, bu fakültələrin tələbələrinin demək olar ki, hamısı fəallığı ilə seçilir. Yarışlar zamanı isə onlardan ən bacarıqlı və fəalları komandaya cəlb olunurlar.

Təhsil və idman vəhdət təşkil etməlidir

Mütəxəssislər hesab edirlər ki, idmanla məşğul olmaq kimliyindən asılı olmayaraq hamı üçün vacibdir. Çünki sağlam olmadan heç bir sahədə səmərəli fəaliyyət göstərmək mümkün deyil. Fiziki cəhətdən möhkəm və enerjili insan özünə də, cəmiyyətə də faydalıdır. Bu, tələbələrə də aiddir. Sərbəst güləş üzrə məşqçi-müəllim Gülağa Sadıxov bu fikirdədir ki, mütəmadi olaraq kitab oxuyan, stol arxasında yazı yazan insan mütləq gündə 1,5 -2 saat idmana vaxt ayırmalıdır. "İdman təkcə bədəni sağlam etmir. O, həm də ruhun sağlam olmasına, beyinin fəal düşünməsinə kömək edir. Buna görə də demək olar, təhsildə uğur qazanan tələbələr üçün idman xüsusilə vacibdir. İstənilən halda gündə bir neçə saat idmana vaxt ayırmaq o qədər də çətin deyil. Əlbəttə, burada mürəkkəb fiziki hərəkətlərin yerinə yetirilməsindən və ya güləşdən söhbət getmir. Elə bir saat təmiz havada gəzmək də tələbələr üçün çox faydalıdır. Sevindirici haldır ki, idman bölmələrinə gələnlər arasında dərslərində əlaçı olan tələbələrimiz çoxdur”.

"Tələbə Həmkarlar İttifaqı Komitəsi bizə çox dəstək olur”

Bu gün əksər müəssisələrdə, birliklərdə işləyənlərlə sahibkarlar arasında olan münasibətləri tənzimləmək üçün Həmkarlar İttifaqı Komitəsi faəliyyat göstərir. Belə təşkilatlar universitetlərdə də var və bu təşkilatların əsas məqsədi tələbələr üçün lazımi şərait yaratmaq, onların problemləri ilə maraqlanmaqdır. Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) bir növ tələbələrlə müəllimlər, rəhbərlik arasında körpü rolunu oynayır. Sözsüz ki, idman da hər bir ali təhsil müəssisəsinin ictimai həyatında mühüm rol oynayır. İdman ustası Aydın Ağəliyev bildirdi ki, THİK müxtəlif yarışlar, tədbirlər zamanı onlara böyük dəstək olur, əllərindən gələn köməkliyi əsirgəmir: "Biz Tələbə Həmkarlar İttifaqı Komitəsi, həm də Tələbə Gənclər Təşkilatı ilə birgə fəaliyyət göstəririk. Onlar bizə, biz də onlara köməklik edirik. Bu məsələdə, xüsusilə THİK-in sədri Elvin Bəxtiyarova minnətdaram”.

Hər bir universitet özünün bacarıqlı tələbələri, o cümlədən idmançıları ilə fəxr edir. Çünki onlar öz müəllimlərinin əziyyətlərini və etimadlarını doğruldur, dörd illik tədrisdə qazandıqları bilik və bacarıqları uğurlu formada tədbiq edirlər. Aydın müəllimlə bu barədə danışan zaman bildirdi ki, Azərbaycan Texniki Universiteti öz idmançı məzunları ilə qürur duyur: "Basketbol üzrə beynəlxalq dərəcəli hakim Ələkbər Həsənov, çimərlik futbolu üzrə yığma komandanın baş məşqçisi İlham Vəliyev, pourliftinq üzrə dünya çempionları Bəxtiyar Şirinov, Bəxtiyar Quliyev və başqaları məhz bu universitetin yetirmələridirlər”.

Beləliklə, Azərbaycan Texniki Universitetində təhsil və idmanın tamlığı, bütövlüyü prinsipi qorunub saxlanır və bu ali təhsil ocağının tələbələri, məzunları qazandıqları nailiyyətləri ilə seçilirlər. Burada tələbə-idmançılar müxtəlif bölmələrdə məşğul olur, məşqçilər isə həvəslə öz bilik və bacarıqlarını onlarla bölüşürlər. Universitetin gələcəkdə də bu sahədə yeni uğurlar və nailiyyətlər qazanacağını əminliklə söyləmək mümkündür.

Kənan Novruzov



Bu yazı

12380 dəfə oxunub

Tarix

2018-02-22 12:47:30

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook