Bakıda keçiriləcək dünya çempiopnatına 100 gün qalır




Bakıda keçiriləcək velosiped idmanının BMX növü üzrə keçiriləcək dünya çempionatının başlanmasına 100 gün qalır. İyunun 5-9-da təşkil ediləcək mötəbər yarışa hazırlıq işləri davam etdirilir.

Məlumat üçün bildirək ki, BMX velosiped idmanının ən gənc növü hesab edilir. 1970-ci illərdə Amerika Birləşmiş Ştatlarında yaranan bu idman növü getdikcə populyarlıq qazanmağa başlayıb və 1981-ci ildə Beynəlxalq BMX Federasiyası təsis edilib. BMX üzrə ilk dünya çempionatı 1982-ci ildə təşkil edilib. 1993-cü ildə federasiya Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) tərkibinə daxil olub. 2003-cü ildə Beynəlxalq Olimpiya Komitəsinin növbəti konqresində BMX idman növünün yay Olimpiya Oyunlarının proqramına daxil edilməsi barədə qərar qəbul edilib. 2008-ci il Pekin Yay Olimpiya Oyunlarından etibarən BMX olimpiadanın zirvə yarışının tamhüquqlu üzvünə çevrilib. Hazırda ən çox tamaşaçı toplayan idman növlərindən biridir.
Azərbaycanda BMX idman növü ilə ilk əyani tanışlıq Bakı-2015 ilk Avropa Oyunlarına təsadüf edir. Ölkəmizin digər növlər kimi, velosiped yarışlarını da ən yüksək səviyyədə təşkil etdiyini görən Beynəlxalq Velosipedçilər İttifaqı 2018-ci il dünya çempionatını Azərbaycan Velosiped İdmanı Federasiyasına etibar edib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə yarışa hazırlıq işlərinə başlanılıb.
2015-ci ilin əvvəlində Bakıda ən müasir tələblərə cavab verən BMX stadionu inşa edilsə də, 2016-cı ildə UCI müvafiq qaydaları və stadionların ölçülərini dəyişdiyindən Bakı stadionu yenidən qurulub, trekin uzunluğu, eni, maneələrin sayı və döngələrin hündürlüyü artırılıb. Bu gün UCI-ın yeni standartlarına tam cavab verən yeganə stadion məhz Bakı trekidir.
Mötəbər yarışın keçiriləcəyi BMX Trekində aparılmış yenidənqurma işlərindən sonra ötən ilin oktyabr ayında təşkil olunan Dünya Sınaq Yarışı Beynəlxalq Velosipedçilər İttifaqının rəsmi nümayəndələri tərəfindən yüksək qiymətləndirilib və arenanın dünya çempionatının qəbul etməyə hazır olduğu rəsmi məktubla təsdiqlənib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 noyabr 2017-ci il tarixli Sərəncamına əsasən, 2018-ci il iyun ayının 5-9-da təşkil olunacaq dünya çempionatı ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb. Bu günə qədər artıq 30-dan artıq ölkə dünya çempionatında iştirakla bağlı müraciət edib və onların sayı getdikcə artmaqdadır.



Bu yazı

10010 dəfə oxunub

Tarix

2018-02-26 15:51:23

Yazını

Çap et

Yazını

Paylaş