Tolerantlığın Azərbaycan modeli dünyada ən mükəmməl nümunədir


"Azərbaycanda tarixən heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma baş verməyib, qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər mövcud olub. Azərbaycanda milli və dini dözümlülük, yüksək tolerantlıq bizim güc mənbəyimizdir”.
İlham Əliyev

Tanrı Azərbaycandan heç nəyi əsirgəməyib. Ölkəmizin yeraltı və yerüstü sərvəti Yaradanın xalqımıza bəxş etdiyi tükənməyən sərvətdir. Tarixin keşməkeşlərinə vüqarla sinə gərən Azərbaycan xalqı özünün mədəni zənginliyi ilə qürur duyur.

Çağdaş Azərbaycan multikulturalizm məkanı kimi dinlərin müxtəlifliyini vahid harmoniyada birləşdirən unikal ölkəyə çevrilib. Bu harmoniya respublikamızda yaşayan hər bir etnik qrupun, xalqın ümummilli həmrəyliyinə xidmət edir. Azərbaycanda yaşayan xalqlar üçün dini və milli tolerantlıq mənəvi keyfiyyətlərin daşıyıcısıdır. Burada ayrı-ayrı inancları özünün mənəvi qidası hesab edən insanların əsrlər boyu əmin-amanlıq şəraitində yaşamasını bəşəriyyətə sülh çağırışı kimi dəyərləndirmək olar.

"Tolerantlıq təkcə dinlərin bir-birinə dözümlüyü deyil”

Müstəqillik dövründə xalqımızın öz kökünə qayıdışı tolerantlığa, islami dəyərlərə daha böyük üstünlük verilməsinə, adət-ənənələrimizin bərpasına və cəmiyyətin əxlaqi-mənəvi yüksəlişinə zəmin yaratdı. Bu ali dəyərlərin qorunması dövlət siyasətinin prioritet istiqamətinə çevrildi. Tolerantlıq, ümummilli lider Heydər Əliyevin zəngin təcrübəsindən qaynaqlanan düşünülmüş addımlar sayəsində "mədəniyyətlərin, dinlərin birgə yaşayışı” statusunu bərpa etdi.

Ulu öndər geniş məna tutumuna malik olan tolerantlıq termininə lakonik izah verərək demişdir: "Tolerantlıq həm insani münasibət və cəmiyyətdə gedən proseslərin, həm də dövlətlərarası, dinlərarası münasibətlərin bir çox cəhətlərinə aiddir. Tolerantlıq təkcə dinlərin bir-birinə dözümlüyü deyil, həm də bir-birinin adətlərinə, mənəviyyatına, mədəniyyətlərinə dözümlülük deməkdir”.

Ümummilli liderin miras qoyduğu bu siyasəti onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla davam etdirir. Ölkə prezidentinin milli-mənəvi dəyərlərimizə, müxtəlif dinlərə və sivilizasiyalara hörmətlə yanaşması ölkədə güclü tolerantlıq ənənələrinin daha da möhkəmləndirib. Azərbaycanı nəinki regionda, bütövlükdə dünyada multikulturalizmin, dinlərarası və mədəniyyətlərarası dialoqun əsas mərkəzlərindən birinə çevrilib. Bu gün tolerantlıq Azərbaycanın dövlət siyasəti və həyat tərzidir. Azərbaycan dinlər arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönələn mühüm layihələrin reallaşdırılması, mötəbər forumların keçirilməsi sahəsində zəngin təcrübəyə malikdir. Tolerantlığın Azərbaycan modeli dünyada ən mükəmməl nümunədir. Dünya Dini Liderlərinin Ümumdünya Sammiti (2010-cu il) və BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun (2016-cı il) Bakıda keçirilməsi bunu bir daha təsdiqləyir.

Qeyd edək ki, 33 ölkənin iştirak etdiyi Sammitin iştirakçıları arasında bütün ermənilərin katalikosu II Qoreginin də yer alması dini dözümlülüyün təcəssümü idi. Həmin tədbirdə çıxış edən Prezident İlham Əliyev ölkəmizdə müxtəlif dinlərin mövcud olmasını, millətlərin əsrlər boyu birgə yaşadığını, dini azlıqların hüquq və azadlıqlarının qorunduğunu vurğulamışdı.

Azsaylı xalqlar özlərini Azərbaycanda yad hiss etmirlər

Uzun illərdir ki, ölkəmizdə müxtəlif dinə etiqad edən xalqlar azərbaycanlılarla çiyin-çiyinə yaşayırlar. Bu xalqların monolit birliyi Azərbaycan tolerantlığı ilə vəhdət təşkil edir. Tolerantlıq ölkənin (xalqın) mənəvi zənginliyi deməkdir. Bu baxımdan Azərbaycan zəngin ölkədir. Azərbaycan dövlətinin, xalqımızın dini və etnik tolerantlığı barədə müxtəlif səpkili yazılar yazılıb, televiziya verilişləri hazırlanıb, Azərbaycan tolerantlığı beynəlxalq konfransların müzakirə mövzusuna çevrilib. Respublikamızda etnik və dini mənsubiyyətinə görə fərqlənən xalqların məskunlaşması zənginliyimizin, tolerantlığımızın bariz nümunəsidir. Dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan (01.09.2009-cu il) sonra 793 dini qurum qeydiyyatdan keçib. Konfessional baxımdan onların 765-i İslam, 28-i isə qeyri-islam (xristian - 17; yəhudi - 8; krişna - 1; bəhai - 2) təmayüllüdür. Hazırda ölkəmizdə 14 kilsə və 7 sinaqoq fəaliyyət göstərir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkəmizdə əhalinin təxminən 90 faizini azərbaycanlılar təşkil edir. Bundan başqa, ölkənin ayrı-ayrı bölgələrində talışlar, ləzgilər, ruslar, kürdlər, tatlar, yəhudilər, udinlər məskunlaşıblar. Say tərkibinə görə daha az olan ingiloylar, xınalıqlılar, lahıclar, qırızlar, rutullar, kilitlilər də qədim yurdumuzun qədim sakinləridir. Bu etnik toplumlar özlərini Azərbaycanda yad hiss etmirlər. Əsrlərdən bəri davam edən birgə yaşayış, qarşılıqlı münasibət, dilə, dinə, adət-ənənələrə göstərilən ehtiram bu xalqların qaynayıb-qarışmasına zəmin yaradıb. Dağ Yəhudiləri dini icmasının sədri, "Şöhrət” ordenli Milix Yevdayevin bu məsələyə münasibəti təqdirəlayiqdir. O, çıxışlarının birində bunları deyib: "Azərbaycan həmişə müxtəlif xalqların, millətlərin və dinlərin birgə yaşadığı, mədəniyyətlərin qovuşduğu tarixi məkan olmuşdur. Ölkədə bütün azsaylı xalqlara, dinlərə, millətlərə qarşı yüksək mədəniyyət nümayiş etdirilir. Azərbaycanda olduğu qədər tolerant mühitin formalaşdığı ikinci belə bir dövlət tanımıram. Ölkəniz öz müsbət nümunəsi ilə müsəlmanların, yəhudilərin və xristianların sülh və qarşılıqlı hörmət şəraitində dinc yanaşı yaşamaq imkanlarını sübuta yetirir. Yəhudilərin Azərbaycanda məskunlaşmasının 2000 ildən çox tarixi var. Azərbaycanlılarla yəhudilər arasında dostluq və tolerant münasibət olmasaydı, biz burada dinimizi, adət-ənənələrimizi saxlaya bilməzdik. Bizim bu dostluğumuzu, Azərbaycandakı tolerantlıq mühitini heç bir qüvvə poza bilməz”.

Etnik qrupların mərd oğulları vətənin dar günündə biganə qalmayıb, azərbaycanlılarla əl-ələ verib, çiyin-çiyinə dayanıblar. Qarabağ uğrunda savaşda şücaət göstərərək Azərbaycan Prezidenti tərəfindən Milli Qəhrəman adına layiq görülənlər arasında rus (Yevgeni Korlov, İqor Makiyev), yəhudi (Albert Aqoronov) və digər xalqların nümayəndələrinin olması təsadüfi deyil.

Üç müxtəlif dinin dinc yaşadığı nadir ölkə

Hazırda Avropa qitəsində islamafobiya düşüncəsi pik həddə çatıb. Yaxın Şərq ölkələrinin əksəriyyətində məzhəb savaşı tüğyan edir. Belə bir zamanda Azərbaycanda dini və milli tolerantlığın qorunması, həmçinin inkişafı üçün atılan addımlar hər birimizi sevindirir. Dövlət tərəfindən düşünülmüş şəkildə həyata keçirilən işlər dini sabitliyin qorunmasında mühüm əhəmiyyət kəsb edir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı respublikadakı dini konfessiyalara dövlət qayğısından danışkən Azərbaycanda dövlət-din münasibətləri normal məcrada inkişaf etdiyini vurğulayıb: "Pravoslav və katolik kilsələri, sinaqoqlar, Atəşgah məbədi - bütün bunlar Azərbaycanın mədəni irsinin tərkib hissəsidir. Bütün dini qurumlara, o cümlədən qeyri-müsəlman dini icmalara dövlət tərəfindən mütəmadi maliyyə yardımı göstərilir. Ölkəmizdə istənilən dini icmanın azad fəaliyyətinə tam şərait var. Azərbaycan tolerantlıq baxımından dünyanın ən qabaqcıl ölkələri sırasındadır”.
Azərbaycanda dini görüşlərinə görə heç kimə təzyiq göstərilmir. Əksinə, ölkəmizdə Multikulturalizm mərkəzi yaradılıb, əhalini bu istiqamətdə maarifləndirmək üçün Bilik Fondu təsis edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2016-cı ilin "Multikulturalizm ili” elan edilməsi bir daha göstərdi ki, dini-milli tolerantlığın inkişafı dövlətimizin önəm verdiyi mühüm məsələdir.

Azərbaycan tolerantlığı Avropanın da diqqətini cəlb edib. Artıq avropalılar Azərbaycanda olan bu unikal modelin təcrübəsini öyrənirlər. İtaliyanın paytaxtı Roma şəhərində "Müsəlman ölkəsində müxtəlif dinlərin yanaşı mövcudluğu: Azərbaycan təcrübəsi” adlı beynəlxalq konfransın keçirilməsi ölkəmizdə bu sahədəki mövcud vəziyyətin reallığını əks etdirir. Konfransda Azərbaycanın müxtəlif dinlərin birgə mövcudluğu sahəsində böyük təcrübəyə malik olması, həmçinin bu təcrübənin öyrənilməsinin vacibliyi xüsusi vurğulanıb. Təkcə Avropa deyil, Qərbin dini liderləri də Azərbaycanın dini tolerantlıq baxımından örnək götürüləcək bir ölkə olduğunu etiraf edirlər. 2002-ci ildə Bakıya səfər edən dünya katoliklərinin mərhum lideri, Roma papası II İohan Pavel Azərbaycanı "üç müxtəlif dinin dinc yaşadığı nadir ölkə” adlandırıb. "Azərbaycanda dini dözümlülük baxımından sabit cəmiyyət mövcuddur. Qoy üç böyük din tərəfindən izhar edilmiş bu məhəbbət şahidliyinə görə Allaha həmd olsun”, - deyə Roma papası bildirib. Onu da deyək ki, Azərbaycan əhalisinin cəmi 0,5 faizini katoliklər təşkil edir. Dünya katoliklərinin dini liderinin məhz belə bir ölkəyə səfər etməsi Azərbaycanda məskunlaşan azsaylı xalqların dininə xoş münasibətin dönməzliyindən xəbər verir. Xatırladaq ki, Azərbaycan yeganə İslam ölkəsidir ki, bu ölkənin mədəni irsi Vatikanda nümayiş etdirilib.

Bakının mərkəzindəki erməni kilsəsi bu gün də qalmaqdadır

Azərbaycan xalqı ona pənah gətirən hər kəsdən üz döndərməyib. Pənah gətirən erməni də olsa, xalqımız özünəməxsus insanı keyfiyyətlərə sadiq qalıb. Lakin azərbaycanlıların bir vaxtlar dost bildiyi ermənilər xalqımıza qarşı hər zaman düşmən münasibəti göstərib. Əsli, kökü, tarixi olmayan ermənilərin törətdikləri dəhşətli qırğınlar minlərlə soydaşımızın həyatına son qoydu. Bütün bunlara baxmayaraq, Azərbaycanı ümid yeri bilərək ölkəmizə pənah gətirən erməni ailələrinə (2010-cu ildə Gevorkyanlar, 2015-ci ildə Martirosyanlar ailəsi), ordudakı dözülməz vəziyyətə görə ölkəmizə üz tutan erməni hərbçilərinə sığınacaq verilib. Hətta Martirosyanlar ailəsi Azərbaycan vətəndaşlığını qəbul etmək üçün dövlət başçısı cənab İham Əliyevə müraciət ünvanlayıblar. Bu, hər cür xəyanəti, nankorluğu unutmağı bacaran ("unutqan” ifadəsi ilə səhv salmayın - R.S.) Azərbaycan xalqının tolerantlığının, dözümlülüyünün əyani ifadəsidir. Lakin erməni xisləti, erməni nankorluğu "haylar”ın qanındadır. Onlar xalqımızı dünyaya qeyri-tolerant, qəddar xalq kimi təqdim etmək üçün bütün çirkin yollara əl atırlar. Amma unudurlar ki, tolerant, çoxmillətli Azərbaycandan fərqli olaraq, Ermənistan əhalisinin 99 faizi ermənilərdən ibarət olan monomilli dövlətdir. Hazırda qədim İrəvan xanlığı ərazisində bir nəfər belə azərbaycanlı yaşamır. Azərbaycanda (xüsusilə Bakıda) isə 20 min erməni rahat şəkildə ömür sürür. Bakının mərkəzində erməni kilsəsi bu gün də qalmaqdadır. Düzdür, həmin kilsə ibadət yeri kimi fəaliyyət göstərmir, amma buranın eksponatları, kitablar qorunur. Digər millətlərin dininə, mədəniyyətinə bu cür yanaşma tolerantlığın ən yüksək zirvəsi deyilmi?

Tanrı Azərbaycana hər şey verib: bol sərvət, bərəkətli torpaq, halal zəhməti hər şeydən uca tutan mehriban, qonaqpərvər, səxavətli insanlar. Təbii sərvətlərimiz nə vaxtsa tükənə bilər. Amma yaddaşımızda, düşüncəmizdə qranit möhkəmliyi ilə kök salan tolerantlıq, tarix boyu digər xalqların dəyərlərinə göstərdiyimiz xoş münasibət isə heç vaxt tükənməyəcək.

Rahib Səmədov

Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün



Bu yazı

7380 dəfə oxunub

Tarix

2018-02-27 14:42:58

Yazını

Çap et

Yazını

Paylaş