Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) akt zalında Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib. Olimpnews.az saytının məlumatına görə, tədbirdə ADBTİA-nın rəhbərliyi, professor-müəllim heyəti və Akademiyanın tələbələri iştirak edib.

Tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra tədbir çərçivəsində iştirakçılara soyqırım dəhşətlərini əks etdirən "Xocalı” adlı sənədli film nümayiş olunub.

Tədbirə yekun vuran Akademiyanın rektoru Fuad Hacıyev 26 il bundan öncə Ermənistanın silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə törədilən Xocalı soyqırımı və onu yaradan tarixi səbəblər barəsində məlumat verib.

Rektor çıxışında qeyd edib ki, xalqımızın başına gətirilən ən böyük faciələrdən biri olan "Xocalı soyqırımı” insanlığa qarşı törədilən ağır cinayətlərdəndir. Bu faciə hər il beynəlxalq səviyyədə yad edilir, Ermənilərin törətdiyi soyqırımı qurbanlarının xatirəsi hər zaman əziz tutulur. Fuad Hacıyev çıxışında bildirdi ki, dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir. Xocalı soyqırımı həqiqətlərindən dünya dövlətlərinin xəbərdar olması üçün dövlət tərəfindən ardıcıl tədbirlər həyata keçirilir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə aparılan "Xocalıya ədalət” beynəlxalq kampaniya çərçivəsində Xocalı soyqırımının qurbanları və fəsadları haqqında məlumatlar mütəmadi olaraq dünya ictimaiyyətinin diqqətinə çatdırılır. Bu tədbirlər nəticəsində artıq bir sıra ölkələrdə Xocalı soyqırımı tanınıb.



Bu yazı

6831 dəfə oxunub

Tarix

2018-02-27 16:27:53

Yazını

Çap et

Yazını

Paylaş