5 Mart - Bədən Tərbiyəsi və İdman Günü təntənəli şəkildə qeyd olunub


5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin, idman federasiyalarının və ictimaiyyətinin nümayəndələri Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Olimpnews.az saytının məlumatına görə, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, "Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Daha sonra bayram münasibətilə 50-dək velosipedçinin iştirakı ilə Şəhidlər xiyabanının qarşısından Fəvvarələr meydanına doğru veloyürüş keçirilib. Gənclər və İdman Nazirliyinin, Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən veloyürüşdə federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin üzvləri və həvəskar velosipedçilər iştirak ediblər. Startdan əvvəl veloyürüş iştirakçılarını salamlayan gənclər və idman naziri Azad Rəhimov Bədən Tərbiyəsi və İdman Günü mübasibətilə onları təbrik edib. Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını deyən nazir bildirib ki, respublikamızda idmana dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərilir.

Azərbaycan Velosiped İdmanı Federasiyası mütəmadi olaraq müxtəlif dövlət və ictimai qurumlarla birlikdə dövlət əhəmiyyətli və əlamətdar günlərdə veloyürüşlər təşkil edir. Federasiya Dövlət Bayrağı Günü, Azərbaycan Gəncləri Günü, peşə bayramları günü, Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə silsilə yürüşlər reallaşdırıb.

Daha sonra 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Fəvvarələr meydanında tədbir təşkil olunub. Tədbirdə 40-dan artıq idman federasiyası, idman təşkilatları və qurumları öz stendlərini nümayiş etdiriblər.

Gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, MOK baş katibinin müavini Azər Əliyev, idmançılar və idman ictimaiyyətinin nümayəndələri stendlərlə tanış olub, federasiya və idman qurumlarının nailiyyətləri və fəaliyyətlərinin əsas istiqamətləri, gələcək planları haqda məlumatları dinləyiblər.

Sonra müxtəlif viktorinalar təşkil olunub. İdmançıların nümunəvi çıxışları iştirakçıların böyük marağına səbəb olub və alqışlarla qarşılanıb.

Tədbir konsert proqramı ilə davam edib.

Qeyd edək ki, 5 mart - Bədən Tərbiyəsi və İdman Günü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamı ilə təsis edilib. 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib. Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub.



Bu yazı

8947 dəfə oxunub

Tarix

2018-03-06 10:02:49

Yazını

Çap et

Yazını

Paylaş