“Gömrükçü” idmançıların fəaliyyəti yüksək qiymətləndirilib


Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzində 5 Mart-Bədən Tərbiyəsi və İdman gününə həsr olunmuş tədbir keçirilib. Olimpnews.az saytının məlumatına görə, tədbirdə Dövlət Gömrük Komitəsi Daxili Təhlükəsizlik İdarəsinin rəisi Fuad Qasımov, Dövlət Gömrük Komitəsi Enerji Gömrük İdarəsinin rəisi Vaqif İbrahimov, Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin baş direktoru, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev iştirak ediblər. Çıxış edənlər tədbir iştirakçılarını salamlayıb, onları "5 Mart Bədən Tərbiyəsi və İdman Günü” münasibəti ilə təbrik ediblər.

Qeyd olunub ki, bu tarix Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir. Bilidirilib ki, Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinə rəhbər seçilməsindən sonra ölkəmizdə idmana və bədən tərbiyəsinə diqqət daha da artırılıb. Azərbaycanın dünyanın idman mərkəzlərindən birinə çevrildiyini deyən çıxışçılar qeyd ediblər ki, dövlətimizin başçısının idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, yeni Olimpiya İdman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları ölkəmizdə idmanın kütləviləşməsinə əlverişli şərait yaradıb.

Daha sonra 2001-ci ildən fəaliyyət göstərən Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin fəaliyyəti barədə hesabat dinlənilib.

Qeyd olunub ki, DGK İSM-ın nəzdində fəaliyyət göstərən "Gömrükçü” İdman Klubunda 23 idman növü üzrə 540 idmançı 22 məşqçi-müəllimin rəhbərliyi altında müxtəlif idman növlərinin sirlərinə yiyələnir. Klubda fəaliyyət göstərən idman növlərindən 11-i olimpiya, 12-si qeyri-Olimpiya idman növüdür. Klubu 9-u əməkdar məşqçi, 4-ü fəxri bədən tərbiyəsi və idman işçisi təmsil edir.

Bildirilib ki, klubun təmsilçiləri IV İslam Həmrəyliyi Oyunlarında uğurla iştirak edərək atletika, taekvondo və zorxana kimi idman növlərində 2 qızıl, 2 gümüş medala sahib çıxıblar. Taekvondoçu Patimat Abakarova qızıl, atlet Rahib Məmmədov gümüş medal qazanıb. Zorxana idman növündə Rüfət Güləliyev şəxsi birincilikdə qızıl medal, komanda hesabında gümüş medala sahib olub.

Nəzərə çatdırılıb ki, 2017-ci ildə Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin rəhbərliyi altında "Gömrükçü” İdman Klubunun bir sıra açıq birincilik və çempionatları keçirilib. Ötən il ərzində 11 idman növü üzrə 116 qızıl, 75 gümüş və 100 bürünc (ümumilikdə 291 medal) qazanılıb.

Diqqətə çatdırılıb ki, mərkəz fəaliyyətə başladığı 2001-ci ildən indiyədək keçirilən Olimpiya Oyunlarında 4 bürünc medal, IV İslam Həmrəyliyi Oyunlarında 2 qızıl, 2 gümüş medal, dünya çempionatı və birinciliklərində 70 medal, Avropa çempionatları və birinciliklərində 76 medal, beynəlxalq turnirlərdə 400 medal, Azərbaycan çempionatı və birinciliklərində 764 medal əldə olunub. Tədbirin sonunda 2017-ci ilin yekunlarına əsasən il ərzində mötəbər yarışlarda fərqlənmiş idmançılar və onların məşqçiləri Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar.


Bu yazı

7082 dəfə oxunub

Tarix

2018-03-06 12:34:09

Yazını

Çap et

Yazını

Paylaş