İdman insanda sağlamlıqla yanaşı, geniş təfəkkür, analitik düşüncə formalaşdırır

Fiziki tərbiyənin təlim prosesinin düzgün təşkili və keçirilməsində pedaqoji təcrübə əsas rol oynayır.

Bədən tərbiyəsi yetişməkdə olan gənc nəslin formalaşması, əməyə, həyata, əməli fəaliyyətə hazırlanması, ailəyə yaxından kömək kimi mühüm məsələlərin yerinə yetirilməsinə xidmət edir. İdman hər yaşda insanların sağlamlığı ilə bərabər, onların harmonik inkişafına da şərait yaradır, şagirdlərdə doğma məktəbin, tələbələrdə ali təhsil ocaqlarının, ümumilikdə isə vətənin şərəfini müdafiə etmək kimi müsbət keyfiyyətlər tərbiyə edir.

Bədən tərbiyəsi dərslərində şagird və tələbələr fiziki tərbiyə, idman, gün rejimi, sağlamlığın qorunması barədə nəzəri biliklərə yiyələnirlər. Qeyd etmək lazımdır ki, onların nə üçün idmanla məşğul olduğunu, bədən tərbiyəsi və idmanın məna və əhəmiyyətini, onun orqanizmə müsbət təsirini başa düşmələri böyük təlim-tərbiyəvi əhəmiyyətə malikdir. Bu, bir tərəfdən tələbələrin marağını artırırsa, digər tərəfdən onların bədən tərbiyəsi dərslərinə şüurlu münasibətini yüksəldir. Bu gün ali təhsil ocaqlarında bu məsələyə ciddi diqqət yetirilir. Əsas məqsəd isə gələcəkdə onların cəmiyyətdə sağlam olmasından ibarətdir.

Azərbaycan Dövlət Neft və Sənayə Universitetində (ADNSU) də bu məqsəd, dəyişməz olaraq qalmaqdadır. Adı çəkilən təhsil müəssisəsi 1920-ci ildən fəaliyyət göstərir. Yarandığı ilk gündən etibarən ADNSU öz uğurları ilə fərqlənməyi bacarıb. Hazırda universitetdə 8600 tələbə müxtəlif elmlərin sirlərinə yiyələnir. Universitetin tələbələri həm təhsildə, həm də idmanda fərqlənməyə çalışırlar.

Ali təhsil müəssisəsinin idman həyatı haqda ətraflı məlumat almaq üçün ADNSU-nun idman klubunun müdiri, sərbəst güləş üzrə məşqçi-müəllim, SSRİ idman ustası, Azərbaycanın fəxri bədən tərbiyəsi işçisi Sahəddin Əhmədovla görüşdük. Sahəddin müəllim gənclərin həyatında idmanın əhəmiyyətindən danışdı və bildirdi ki, universitetdə tələbələr arasında idmana olan maraq qənaətbəxşdir. "Əslində hamı, o cümlədən də gənclər dərk etməlidirlər ki, idman onların sağlamlığı, düzgün həyat tərzi keçirmələri üçün çox vacibdir. İdman növünün o qədər də fərqi yoxdur, əsas odur ki, tələbə bədən tərbiyəsi ilə məşğul olsun, sağlamlığının qeydinə qalsın. İdman yalnız düzgün bədən quruluşuna sahib olmağı deyil, həm də geniş təfəkkürə, analitik düşüncəyə malik olmağı formalaşdırır. Məsələn, təkmübarizlik növü olan güləş və ya boksla məşğul olan idmançı görüş ərzində rəqibin zəif nöqtəsini tapmağa, ona qalib gəlmək üçün əks-hücum etməyə çalışır. Ölkədə idman və bədən tərbiyəsinə yüksək səviyyədə diqqət olduğu bir zamanda gənclər özləri müxtəlif bölmələrdə məşq etməyə can atmalıdırlar. Təəssüflə bildirməliyəm ki, universitetdə idmana olan həvəs hələki, arzuolunan səviyyədə deyil. Əvvəlki illərlə müqayisədə kütləvilik zəifdir”, - deyə Sahəddin müəllim bildirdi.

Nəticə əldə etmək üçün həvəs əsas amildir

Uğurlu nəticələrin əldə edilməsi üçün vacib olan amillərdən biri istəkdirsə, ikincisi yaradılan şəraitdir. Təcrübələr göstərir ki, bütün avadanlıqlarla təmin olunan zallarda idmançılar daha böyük həvəslə məşq edir və digərlərinə nisbətən daha tez nəticə qazanırlar. Bu barədə danışan müsahibimiz bildirdi ki, əgər idmançıda, həqiqətən, həvəs varsa, müvafiq şərait yaradılıbsa, o, mütləq qələbə qazanacaq: "Düzdür, universitetimizdə tələbələrin idmanla məşğul olmaları üçün şərait var. Bəzi avadanlıqlar çatışmasa da, çalışırıq ki, bu səbəblər tələbələrimizin idman fəaliyyətinə mənfi təsir göstərməsin. Universitetin rektoru Mustafa Babanlı tələbə idmançılara daim dəstək olur, hətta yarışlarda da tamaşaçı qismində iştirak edir.

Qeyd etmək istəyirəm ki, əgər tələbədə idmana həvəs varsa, o, mütləq bu sahədə uğur qazanacaq. Bu məsələdə şərait şərt deyil, sadəcə, vasitədir. Gəlin, etiraf edək ki, qaçmaq, jim və digər fiziki hərəkətlər etmək, təmiz havada gəzmək, turnikdə dartınmaq xüsusi texnika tələb etmir.

İdmana maraq ailədə formalaşmalıdır

Bəzən valideynlər elə düşünürlər ki, idmanla məşğul olmaq tələbəni təhsildən yayındırır, onların vaxtını alır. SSRİ idman ustası bu fikrə münasibət bildirərkən vurğuladı ki, əksinə, idman təhsillə parelel aparılmalıdır. Onun fikrincə, tələbədə təhsil də, sağlamlıq da, fiziki hazırlıq da sistemli şəkildə inkişaf etməlidir. İdman klubunun müdiri, onu da vurğuladı ki, gənc nəsildə bədən tərbiyəsinə münasibət ailədə formalaşmalıdır. "Valideynlərin bəziləri zədə səbəbindən öz övladlarını idmandan uzaq tutmağa çalışırlar. İdmana münasibət, ilk növbədə, ailədə, sonra isə orta məktəbdə formalaşmalıdır. Ata və ana hələ kiçik yaşlarından öz uşaqlarında idmana həvəs oyatmalıdırlar. Uşaqlıqda sadə idman hərəkətlərini yerinə yetirən yeniyetmədə istər-istəməz bu sahəyə maraq oyanacaq. Belə olan halda o, bədən tərbiyəsi ilə könüllü məşğul olacaq və hansısa idman bölməsinə yazılmağa qərar verəcək. Bu, xüsusilə indiki dövrdə, yəni müharibə şəraitində olduğumuz bir vaxtda bizim üçün çox vacibdir. Nəzərə almaq lazımdır ki, hər an səfərbərlik elan oluna bilər. Gərək gənclərimiz fiziki cəhətdən hazır olsunlar, onlarda əsl əsgər xarakteri formalaşsın. Diqqət etsək, görərik ki, milli qəhrəmanlarımızın əksəriyyəti vaxtilə idmançı olublar”, - deyə Sahəddin Əhmədovla bildirdi.

"Tanınmış idmançımız gənclərə nümunədir”

Hazırda ADNSU-nin idman klubunda 14 növ üzrə 8 məşqçi-müəllim məşq keçir. SSRİ idman ustasının sözlərinə görə, hər bölmədə təxminən 15-20 tələbə məşğul olur. Maraqlıdır, bəs görəsən, universitetdə fəaliyyət göstərən 8 fakültə arasında hansılar daha fəaldır? Bu məsələ ilə bağlı suallarımızı cavablandıran Sahəddin Əhmədov qeyd etdi ki, energetika fakültəsinin tələbələri digərlərinə nisbətən öz fəallığı ilə seçilirlər.

Hər bir təhsil müəssisəsi özünün təhsil sahəsində qazandığı nailiyyətləri ilə yanaşı, həm də idman uğurları ilə fərqlənir. Bəs görəsən, Neft və Sənaye Akademiyası son illər idmanda hansı uğurlar qazanıb? Üç ildir idman klubuna rəhbərlik edən Sahəddin müəllim bildirdi ki, mövcud şəraiti və tələbələrin idmana olan həvəsini nəzərə alaraq qazanılan nəticələri uğurlu hesab etmək olar: "İlk növbədə onu deyim ki, 2015-ci ildə keçirilən I Avropa Oyunlarında bizim iki tələbəmiz - Kamran Cəfərov və magistrimiz Raman Vladka su polosu yarışlarında ölkəmizi təmsil etdilər. Bundan başqa respublika çempionatında artıq dalbadal üçüncü ildir ki, basketbol komandamız üçüncü yeri tutur. Həmçinin 2017-ci ildə universitetin tələbələri futbol və stolüstü tennis idman növü üzrə bürünc medala layiq görülüblər. Ötən il keçirilən Azərbaycan çempionatında güləşçilərimizdən biri qızıl, biri gümüş, üçü isə bürünc medalla mükafatlandırıldılar. Çalışırıq ki, iştirak etdiyimiz bütün yarışlarda yaxşı nəticə əldə edək, rəhbərliyin bizə göstərdiyi etimadı doğruldaq. Məzunlarımız sırasında bacarıqlı idmançılar az deyil. Cüdo üzrə qadınlardan ibarət yığma komandamızın baş məşqçisi Natiq Bağırov bizim universiteti bitirib. Natiqi idman ictimaiyyəti çox yaxşı tanıyır. O, gəncliyində idmanla ciddi məşğul olduğu üçün tanınır, sevilir. Tanınmış məşhur idmançımız bugünkü gənclərə nümunədir”.

"Azarkeş dəstəyi güclü olmalıdır”

Qələbəyə gedən yolda psixoloji amil çox vacibdir. Məşqçilər öz idmançılarını təkcə texniki-taktiki və fiziki cəhətdən yox, həm də psixoloji cəhətdən hazırlayırlar. Psixoloqlar da təsdiq edirlər ki, idmançılar, xüsusilə yarışa hazırlaşanda stressdən uzaq olmalıdırlar. Təcrübəli mütəxəssis belə hesab edir ki, idmançı daxilən özünə inanmalı, ancaq qələbə haqqında düşünməlidir. Əks halda, qalib olmaq çox çətindir. Sahəddin müəllim vurğuladı ki, idmançının qələbə qazanmasına kömək olan əsas amillərdən biri də azarkeş dəstəyidir. Azarkeş dəstəyi çox olanda istər-istəməz idmançıda özünəinam daha da artır və o, təkcə medala görə yox, həm də azarkeşlərin ümidini, inamını doğrultmaq üçün mübarizə aparır.

Qazanılan nəticələr təqdirəlayiqdir

Müasir dövrdə bir çox müəssisələrdə Həmkarlar İttifaqı Komitəsi (HİK) fəaliyyət göstərir. Onların əsas məqsədi rəhbərliklə işçilər arasında münasibətləri tənzimləmək, işçilərin hüquqlarını müdafiə etməkdir. Bu cür komitələr bütün universitetlərdə, o cümlədən ADNSU-də də var. Sahəddin müəllim THİK-in tələbə-idmançıların fəaliyyətindən danışarkən qeyd etdi ki, bu komitənin sədri Namiq Gənciyev həmişə idmançılara dəstək olur, öz köməyini onlardan əsirgəmir. THİK-in universitetin idman həyatındakı rolu ilə bağlı daha ətraflı məlumat almaq üçün Namiq müəllimlə həmsöhbət olduq. Əvvəlcə, THİK-in fəaliyyətindən danışan sədr bildirdi ki, komitənin əsas vəzifələrindən biri də gənclərin asudə vaxtlarının səmərəli təşkilidir. Bunun üçün müxtəlif dərnəklər, birliklər var ki, onlardan biri də idman klubudur. Söhbət zamanı məlum oldu ki, Namiq müəllim özü də idman klubunun sədri və keçmiş "Burovestnik” İdman Cəmiyyətinin üzvüdür. O, daha çox ADSNU-nun universitetxarici idman işləri ilə məşğul olur. İdman ustalığına namizəd olan müsahibimiz bildirdi ki, təhsil ocağının idman klubunda təxminən 1500-ə yaxın tələbə müxtəlif bölmələrdə məşq edir. Futbol, üzgüçülük, şahmat, cüdo, güləş kimi növlərdə kütləvilik daha çoxdur. Bir neçə il əvvəl proqrama basketbolun 3x3 növü daxil edilib ki, bu da tələbələr arasında böyük maraq qazanıb. THİK-in sədrinin verdiyi məlumata görə, 2017-ci ildə Təhsil Nazirliyinin keçirdiyi "Təhsil” Kubokunda futbol komandası ilk dördlükdə qərarlaşıb. Təhsil İşçiləri Azad Həmkarlar İtttifaqı Respublika Komitəsinin (TİAHİRK) təşkil etdiyi ali məktəblər arasında futzal üzrə respublika çempionatında akademiyanın futzalçıları üçüncü olublar. O, bildirdi ki, ali məktəbin basketbol komandası yüksək liqada uğurla təmsil olunur. Namiq Gənciyev təşkilata üç ildir ki, rəhbərlik edir. "İdman təkcə sağlamlıq deyil, həm də mədəniyyətdir. Bu, sübut olunmuş bir faktdır ki, idmanla məşğul olan gənclər digərlərindən seçilirlər. Onlar daha nizam-intizamlı, cəsur, ədalətli olurlar, qarşılarındakı insana hörmətlə yanaşır, habelə, pis vərdişlərə meyl göstərmirlər. Bizim çox güclü idman ənənələrimiz var. Nazim Hüseynov, Elnur Məmmədli, Rövşən Bayramov, Teymur Məmmədov, Eduard Məmmədov, Radik İsayev, Teymur Rəcəbli, Şəhriyar Məmmədyarov kimi Azərbaycanı bütün dünyada tanıdan idmançılarımız yüzlərlədir. Biz onlarla fəxr edirik. Adlarını çəkdiyim idmançılar müxtəlif ali məktəblərdə təhsil alıblar. Əlbəttə, onların arasında bizim məzunlarımız da olub. Bu, çox sevindiricidir. Biz istəyirik ki, ölkəmizin, xalqımızın fəxrinə çevrilən idmançılarımızın sayı daha çox olsun”, - deyə Namiq müəllim vurğuladı.

Namiq müəllim söhbətimiz zamanı badminton idman növünun üstünlüklərindən danışdı. Onun sözlərinə görə, idman klubunda badminton məşqləri artıq bir neçə ildir ki, keçirilir: "Badminton bəzi insanlara bir qədər primitiv idman növü təsiri bağışlasa da, əslində hər kəs, xüsusilə tələbələr üşün çox vacibdir. Bu idman növü cəldliyi və diqqəti artırır. Badmintonla məşğul olan tələbələr diqqətli olmağa, fikrini cəmləməyə alışırlar. Klubumuzda badminton məşqləri də keçirilir. Bunun üçün universitet rəhbərliyinə minnətdarlığımıı bildirirəm. Akademiyada Olimpiya və qeyri-Olimpiya idman növlərinə fərq qoyulmur, bütün idman növlərinin inkişafına diqqət göstərilir”.

Namiq müəllim ali təhsil ocağında idmanın hazırkı vəziyyətindən danışarkən onu da əlavə etdi ki, əvvəlki kimi idman məşqlərinə ayrıca dərs saatının nəzərdə tutulması daha məqsədəuyğun olardı: "Yaxşı olardı ki, yenə ali təhsil ocaqlarında idman və bədən tərbiyəsi bir fənn kimi tədris olunsun. Bu zaman nəticə daha da yaxşı olar. Biz əzmlə işləyir, mümkün qədər yaxşı nəticələr əldə etməyə çalışırıq”.

"Şahmat zehni inkişaf etdirir”

Namiq Gənciyevin fikrincə, idmanla məşğul olmaq istənilən halda şagird və tələbələrin sağlamlığına xidmət edir. "Əvvəllər belə bir tendensiya var idi ki, idmanla məşğul olanlar dərslərini yaxşı oxumayanlardır. Lakin tədricən bu fikrin yanlış olduğu sübut olundu. Fiziki idman növləri ilə yanaşı gənclərə, həmçinin şahmatla məşğul olmalarını məsləhət görərdim. Çünki digər idman növləri bədənin sağlamlığına xidmət edirsə, şahmat zehni inkişaf etdirir. Dahilərdən biri təsadüfi olaraq deməmişdir ki, şahmat zehnin trenajor zalıdır. Sevindirici haldır ki, bizim universitetimizdə şahmat kifayət qədər inkişaf edib. Çox istəyərdim ki, bu, daimi olsun. Şahmat hamı üçün vacibdir” - deyə, THİK-in sədri əlavə etdi.

Qeyd edək ki, akademiyanın nəzdində fəaliyyət göstərən Fransa-Azərbaycan Universitetində də (UFAZ) idmana maraq böyükdür. Həmin universitetin tələbələri də idmanın kütləviləşməsində müəyyən uğurlar qazanırlar.

ADNSU-də idmana maraq var. Məşqçi-müəllimlər öz işlərinin öhdəsindən layiqincə gəlir, tələbələrin isə hamısı olmasa da, bir qismi könüllü şəkildə məşqlərə yazılır, həvəslə çalışırlar. Biz də universitetin idman kollektivinə uğurlar arzulayırıq. İnanırıq ki, gələcəkdə bu ali təhsil müəssisəsinin tələbələri idmanda daha böyük uğurlar qazanacaqlar və əldə olunan nəticələr idmanın daha da küləviləşməsinə şərait yaradacaq.

Kənan Novruzov




Bu yazı

23699 dəfə oxunub

Tarix

2018-03-06 17:45:37

Yazını

Çap et

Yazını

Paylaş