Azərbaycanın parlament futbol komandası beynəlxalq turnirin qalibi olub


Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 100 illik yubileyinə həsr olunan parlament komandalararası beynəlxalq futbol turnirinə yekun vurulub. Olimpnews.az saytının məlumatına görə, Azərbaycanın parlament futbol komandası beynəlxalq turnirin qalibi olub. "İnter Arena”da keçirilən final oyununda Azərbaycan və Ukrayna komandaları qarşılaşıblar. Oyunun gedişini Milli Məclisin sədri Oqtay Əsədov, parlamentin digər vəzifəli şəxsləri və nümayəndə heyətlərinin üzvləri izləyiblər.

Əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Oyunda topa ilk toxunuşu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov va Türkiyənin gənclər və idman naziri Osman Aşkın Bak ediblər.

Komandaların cəhdlərinə baxmayaraq oyunun birinci hissəsində hesab açılmayıb. İkinci hissəyə daha fəal başlayan Azərbaycan komandası 36-cı dəqiqədə Əli Abişovun qolu ilə hesabda önə keçib. Oyunun 60-cı dəqiqəsində Ukrayna komandasının üzvü Oleq Osuxovski hesabı bərabərləşdirib. Qarşılaşmanın sonuncu dəqiqəsində Musa Qurbanovun qolu ilə Azərbaycan komandasının qələbəsi rəsmiləşib.

Beləliklə, Azərbaycan komandası görüşdən 2:1 hesablı qələbə ilə ayrılıb.

Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. Beynəlxalq turnirin iştirakçı komandalarının üzvlərinə medallar və kubok təqdim olunub. Mükafatları Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov təqdim ediblər.

Xatırladaq ki, turnirdə Azərbaycan Milli Məclisinin, Türkiyə Böyük Millət Məclisinin, Ukrayna Ali Radasının, Polşa və Latviya seymlərinin komandaları yarışıblar.


Bu yazı

13423 dəfə oxunub

Tarix

2018-03-13 10:28:51

Yazını

Çap et

Yazını

Paylaş