3 təmsilçimiz reytinq cədvəlinin ilk onluğunda


Dünya Taekvondo Federasiyasının Olimpiya çəkiləri üzrə yeni reytinq cədvəli Azərbaycan idmançıları üçün uğurlu olub.

Olimpnews.az saytının məlumatına görə, mart ayı üçün tərtib olunan siyahıda yığmamızın üç taekvondoçusu yer alıb. Hesabında 423,14 xal olan Rio-2016 Yay Olimpiya Oyunlarının qalibi, dünya və Avropa çempionu Radik İsayev +80 kq çəki dərəcəsində ikinci pillədədir. Dünya çempionu və Olimpiya mükafatçısı Milad Beigi Herçəqani də (80 kq) 444,93 xalla reytinq cədvəlində ikinci yerdə qərarlaşıb. 68 kq çəki dərəcəsində Bakı-2015-in və IV İslam Həmrəyliyi Oyunlarının çempionu olan Ayxan Tağızadə isə 197,23 xalla səkkizinci pillədə yer alıb.

Reytinq xalları Dünya Taekvondo Federasiyasının təşkil etdiyi yarışlarda idmançıların aktivinə yığılan xallara əsasən verilir. Taekvondo qaydalarına görə 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarınadək reytinq xalları sayəsində cədvəldə ilk altılıqda olacaq idmançılar Olimpiadaya birbaşa vəsiqə qazanacaqlar.


Bu yazı

20451 dəfə oxunub

Tarix

2018-03-13 13:04:04

Yazını

Çap et

Yazını

Paylaş