Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakı Marafonu-2018 keçiriləcək


Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 13-də Bakı Marafonu-2018 keçiriləcək. Olimpnews.az saytının məlumatına görə, "Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı marafonu ardıcıl üçüncü ildir ki, təşkil olunur.

İdmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirmək məqsədi daşıyan Bakı Marafonu-2018 layihəsinin eksklüziv tərəfdaşı "Azercell Telekom” şirkətidir. Marafon Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunacaq. Layihənin icrasını isə Sport Marketing Group (SMG) şirkəti həyata keçirəcək.

Bakı Marafonu-2018 Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edəcək.
16 yaşından yuxarı hər kəs əvvəlcədən qeydiyyatdan keçərək yarımarafonda iştirak edə bilərlər.

Bakı Marafonu-2018-dən toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı layihəsinə yönəldiləcək.

Bakı Marafonu-2018-in mükafatlandırma mərasimi iki kateqoriya üzrə həyata keçiriləcək. Marafonun kişi və qadın iştirakçıları qaçış zolağında ilk 3 yer uğrunda mübarizə aparacaqlar. Kişilər və qadınlar arasında marafon yarışlarının nəticələrinə görə, 1-ci yerin qalibi 3000 AZN, 2-ci yerin qalibi 2000 AZN, 3-cü yerin qalibi isə 1000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunacaqlar.

Bununla yanaşı, kişi və qadın kateqoriyaları üzrə 4-10-cu yerlərin sahiblərinə müxtəlif qiymətli hədiyyələr veriləcək. Bütün marafon iştirakçılarına və marafon yarışının təşkilində dəstək göstərən könüllülərə təşkilatçılar tərəfindən sertifikatlar təqdim olunacaq.

Xatırladaq ki, Bakıda 2016-cı və 2017-ci illərdə təşkil olunan yarımarafonlarda 20 mindən çox iştirakçı qeydiyyatdan keçmişdi. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə keçirilən bu yarışlarda Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb çalışan əcnəbilər, İspaniya, Fransa, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Ukrayna, Səudiyyə Ərəbistanı, İran, Hindistan, Çexiya, Meksika və digər ölkələrin Azərbaycandakı səfirliklərinin, "BP Azərbaycan” şirkətinin, Böyük Britaniyanın Azərbaycana Birgə Yardım (UAFA) təşkilatının nümayəndələri də iştirak edirdilər. Yarımarafonlarda ABŞ, Avstriya, Almaniya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, İspaniya, Fransa, Rusiya, Polşa, İran, Ukrayna, Gürcüstan, Keniya və digər ölkələrdən turistlər də iştirak etmişdilər. Layihə region sakinləri tərəfindən böyük maraqla qarşılandığından 2017-ci il sentyabrın 17-də Gəncə şəhərində də təşkil olunub.


Bu yazı

25623 dəfə oxunub

Tarix

2018-03-13 13:24:10

Yazını

Çap et

Yazını

Paylaş