Elxan Məmmədov: “Düşünürəm ki, Premyer Liqada 10 komanda olsa...” - MÜSAHİBƏ


İcraiyyə Komitəsinin iclasından sonra brifinq təşkil olunub. Olimpnews.az saytının məlumatına görə, AFFA-nın baş katibi Elxan Məmmədov jurnalistlərin suallarını cavablandırıb.

- Əvvəlcə İcraiyyə Komitəsinin iclasında qəbul olunan qərarlar haqda danışardınız.

- İcraiyyə Komitəsinin iclasında 7 məsələ müzakirə olunub. Onlardan birincisi, Azərbaycan Futzal Federasiyasının hesabatı idi. Buyaxınlarda yığmamız Avropa çempionatında çıxış etmişdi. Həm bu barədə məlumat verildi, həm də qarşıdakı turnirlər barədə söhbət oldu. Zeynal Zeynalov çimərlik futbolu üzrə yığmamızın baş məşqçisi təyin olundu. O, yeganə futbolçudur ki, bir mövsümdə həm futbol, həm futzal, həm də çimərlik yığmamızda qol vurub. Bəlkə də, bu baxımdan Avropada yeganə futbolçudur. Danışılmış oyunlarla bağlı müzakirələr olundu. UEFA-dan yeni sənədlər daxil olub. İcraiyyə Komitəsinin üzvlərinə təqdim etdik. UEFA-nın İcraiyyə Komitəsinin üzvü də orada iştirak etdi. Növbəti məsələ təqaüd məsələsi idi. 2 nəfərə xüsusi, 4 nəfərə adi təqaüd verildi. Lisenziyalaşdırmada bir üzvlük çatmırdı. Zaur Hacı-Məhərrəmovu təklif etdik və təsdiq olundu.
İcraiyyə Komitəsi Media Komitəsinin fəaliyyətinin davam etdirməsini istəyir. Bizə tapşırıldı ki, yeni format üzərində işləyək. Çünki İcraiyyə Komitəsi düşünür ki, ilk ildəki fəaliyyət uğurlu idi, lakin sonra problemlər yarandı. Çox güman ki, apreldə sizinlə bir daha görüşüb, yeni formatı müzakirə edəcəyik.

- Bayaq qeyd etdiniz ki, uşaq futbolunda komandaların sayı artıb. Ancaq hesabatda qeyd olunub ki, 8 faiz azalıb...

- Biz uşaq futbolunu iki yerə bölürük: akademiya və kütləvi futbol. Premyer Liqada iştirak edən klubların sayı azalırsa, avtomatik olaraq, akademiyaların sayı azalır. Ancaq kütləvi futbolda artım var. Əvvəlki illərdə hansısa bölgə, qəsəbə bir komanda ilə təmsil olunurdursa, orada artıq başqa yaş qrupları da yaradılıb.

- Danışılmış oyunlarla bağlı uzun müddətdir söhbətlər gedir. Bu məsələni birdəfəlik həll etmək olmaz?

- Biz bu məsələni müzakirə etdik. Təbii ki, qərar yoxdur. Amma eyni qaydada davam olsa və təsdiqini tapsa, yeni formatı düşünəcəyik. Bəzi ölkələrin təcrübəsinə baxacağıq. Ola bilər ki, I Divizion yarımhəvəskar statusda olsun. Milli komandanın baş məşqçisi ilə də bunu müzakirə etmişdik.

- Çempionatımızda azarkeş sayı da azalıb. Bununla bağlı müzakirə aparıldımı?

- Azarkeşlərin sayı azalır. Bu da klubların sayından asılıdır. Buna görə də, məsələni qeyd etmişik. Məsələn, Sumqayıt stadionunun tribunaları kifayət qədər böyük deyil. Amma görünən odur ki, tribuna çoxalsa, əlavə 2-3 min azarkeş də stadiona gələr. Komandanın nəticəsi yaxşı olduqca, azarkeş də artır. "Kəpəz”dəki azalma da nəticə ilə bağlıdır.

- Klublar Komitəsinin gücü çox azalıb. Bu qurumun iclasında qərara alınan məsələlər adiləşib. Bununla bağlı nə deyə bilərsiniz?

- Biz AFFA olaraq, bir platforma yaratmışdıq. Klubların gücü olmalıdır ki, bundan səmərəli istifadə etsinlər. 8 klub var, onların icraçıları iclaslarda iştirak edirlər. Onlar gündəliyin detalları ilə tanışdılar. Klubların inkişafı məsələsini orada müzakirə edə bilərlər.

- İclasda Premyer Liqa klublarının sayı artırılması ilə bağlı müzakirələr aparıldı?

- Bəli, bu barədə də müzakirələr oldu. Amma I Diviziondan hansı komandanı gətirək? Sadəcə, əmin olmalıyıq ki, həmin klub oyun alqı-satqısında iştirak etmir. Mövsümün sonuna qədər gözləməliyik. Düşünürəm ki, Premyer Liqada 10 komanda olsa, çox yaxşı olardı. Beynəlxalq təşkilatlarla məsləhətləşmişik. Onlar 10 komandalı çempionatın ideal olduğunu bildiriblər.

- Millimizin baş məşqçisi Qurban Qurbanovun Millətlər Liqası ilə bağlı planları maraqlıdır. Hamını komandamızın bu turnirdə necə edəcəyi maraqlandırır. Baş məşqçi ilə bu barədə söhbət oldumu?

- Xeyr. Əvvəlki iclasdan potensial rəqibləri bilirdik. Təbii ki, baş məşqçimizin fikrini öyrəndik. Hazırda nəsə tələb etmək düzgün olmaz. Çünki Qurban müəllim işinə təzə başlayıb. Yoldaşlıq oyunlarından sonra bu barədə müzakirələrimiz olacaq. Mart və iyun aylarında oyunlar olacaq. İyunda hətta 3 oyun keçirilə bilər.

Rahib Səmədov


Bu yazı

14007 dəfə oxunub

Tarix

2018-03-13 01:16:20

Yazını

Çap et

Yazını

Paylaş