Yükü baş məşqçi daşıyacaqsa, bəs klubdakı rəhbər vəzifələr nəyə lazımdır?!


"Zirə” son mövsümlərin ən stabil komandalarından biridir. İddialı klubların dağılması, zəifləməsindən maksimum yararlanan yeni yaradılmış "Zirə” qış fasiləsindən sonra geriləməkdə davam edir. Düzdür, 3-cü yeri hələ ki, qoruyurlar, ancaq xal fərqi kritik həddə çatıb. Belə davam etsələr, nəinki "3-cülük” əldən çıxacaq, 4-cü pillədən də aşağı enə bilərlər...

"Zirə” klub rəhbərliyi olaraq heç vaxt önə çıxmayıb. Baş məşqçi(lər), futbolçular istər meydanda, istərsə də meydandan kənarda gündəmdə olub, komanda ilə yanaşı klubun da yükünü daşıyıb(r)lar...

Bir-iki mövsüm "Zirə”nin ciddi rəqib kimi qəbul olunmaması işlərinə yarayırdı. "Kölgə”də qalaraq komandanı formalaşdırıb Avropaya da daşıya bildilər. Hətta yeni klub olduqları üçün ilk mövsüm qazandıqları uğuru başqalarına hədiyyə də etdilər. Artıq "Zirə”nin "gizlənmək” şansı yoxdur. Rəqibləri onları ciddi qəbul edir, hesablaşırlar...

Nə baş verdisə, Qəbələ səfərindən sonra baş verdi. "Zirə” klub olaraq tək meydanda deyil, kənarda da ciddi psixoloji zərbə aldı. Hiss olunur ki, bu "zədə”dən hələ sağalmayıblar.

Baş məşqçi komandanı arxasınca apara bilər, aparmalıdır. Klubun tam yükünü öz üzərinə davamlı götürə bilməz. Buna zaman, güc yetməz. Müəyyən müddətdən sonra fəsadları görünəcək. Necə ki, artıq biruzə verməyə başlayıb...

Sanki "Zirə”nin prezidenti, vitse-prezidenti, icraçı, idman direktorları yoxdur. İctimaiyyətdə klubu təmsil edən, məsuliyyəti üzərlərinə götürən baş məşqçi və mətbuat xidmətidir. Baş məşqçinin əsas fikri, düşüncəsi futbolçulara, onların hazırlığına, oyunların təhlilinə, nəticə qazanmağa yönəlməlidir. Komanda ilə birlikdə isə klubu qorumaq birbaşa rəhbərliyin üzərinə düşür, məsuliyyət daşıyırlar. Beyin yükləndiyi anda baş məşqçi təzyiq altında olur, bütün bacarığını komandaya ayıra bilmir. Əgər klubun tam yükünü baş məşqçi daşıyacaqsa, bəs klubdakı rəhbər vəzifələr nəyə lazımdır?!

Bu tək "Zirə”yə aid deyil, istənilən peşəkar klubda belə olmalıdır. Söhbət günlərlə mətbuatın diqqətində, gündəmdə olmaqdan getmir. Lazımi anda klubu, komandanı qorumaq, məşqçi və futbolçulara dəstəkdən gedir. Əks halda baş məşqçi və futbolçular özlərini kimsəsiz hiss edir və sonda meydandakı nəticələrdə özünü göstərir...

Müasir futbolun 4-5 ən mühüm faktorlarından biri də psixologiyadır. Psixoloji rahatlığı olmayan klub istədiyi uğuru qazana bilməz. "Zirə” tez bir zamanda dönüş yaratmağı bacarmalıdır...

Futbolda heç kim uğursuz nəticələrdən sığortalanmayıb. Əsas amillərdən biri çətin durumda vəziyyətdən çıxmaq bacarığının olmasıdır. Ayxan Abbasov və futbolçular son turları ciddi təhlil edib dönüş yaratmalıdırlar. Onlarda bu potensial var və bunu dəfələrlə göstəriblər. Təbii ki, klub rəhbərliyinin onları qoruması, dəstək verməsi, "Zirə”nin komanda yox, klub olmasını ötən mövsümlər olduğu kimi sübut etməkləri şərtilə...

Tahir Süleymanov,
futbol mütəxəssisi



Bu yazı

20581 dəfə oxunub

Tarix

2018-03-13 15:05:50

Yazını

Çap et

Yazını

Paylaş