Onun həyatla “matç”ı başa çatdı...


Bir neçə gün əvvəl aldığımız xəbər bizi çox sarsıtdı: "Azərbaycan futbolunda ağır itki..." Gəlin, etiraf edək ki, tarixə adını yazmaq çox çətin işdir. Bunu yalnız özünün gördüyü işi, qazandığı uğurları ilə fərqlənənlər bacarır. Yəni, Böyükağa Hacıyev kimi insanlar...

Futbolla az-çox maraqlanan hər kəs bu adı yaxşı tanıyır. Təcrübəli futbol mütəxəssisi fasilələrlə "Qarabağ", "Araz Naxçıvan" və "Bakı” klublarında baş məşqçi olub. Amma o, daha çox "Neftçi" klubunda tanınıb. Elə məşqçi kimi karyerasını məhz bu komanda başa vurub. Böyükağa Hacıyev "Neftçi”də çalışdığı müddətdə komandada güclü nizam-intizam yaratmışdı. Məhz onun baş məşqçiliyi dövründə "Neftçi" Azərbaycan futbol tarixində ilk dəfə olaraq, UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı. O, 3 dəfə Azərbaycan çempionatının, 2 dəfə isə ölkə kubokunun qalibi olaraq adını futbol tariximizə qızıl hərflərlə yazdırdı.

"Neftçi" üçüncü dəfə Azərbaycan çempionu olduqdan sonra jurnalistlərdən biri ondan bu barədə fikirlərini soruşub. Böyükağa müəllimin suala cavabı isə belə olub: "Bu, mənim vəzifə borcumdur. Böyüdüləsi bir şey yoxdur. Bu gün Böyükağa müəllim ya işləyir, ya işləmir..." Yəni, onu demək istəyirəm ki, o, uğurlar qazansa da, yenə sadəliyini, səmimiliyini qoruyub saxlayırdı...

...Böyükağa Hacıyevlə cəmi bir dəfə görüşmüşəm. O da təsadüfən. Müsahibə ilə bağlı AFFA-ya getmişdim. O, inzibati binanın qabağında dayanmışdı. Həmin vaxt tanınmış mütəxəssis "Neftçi"dən istefa vermişdi. Yanında keçəndə "salam, müəllim" dedim. Məni tanımasa da, əl uzatdı, "Necəsən? Nə var, nə yox?" deyə soruşdu. Bax, mən onda Hacıyevin necə səmimi bir insan olduğunu gördüm. Halbuki mətbuat konfranslarında iştirak edəndə, müsahibələr verəndə kifayət qədər ciddi və bəzən də aqressiyalı olurdu. Amma həmişə əminliklə danışardı. "Bu axşam biz udacağıq" deyərdi və çox vaxt da bu, doğru çıxardı. Hə, spesifik bir sözü də var idi Böyükağa müəllimin. Tez-tez "unutmayın ki..." ilə başlayan cümlələr işlədərdi. Biz sizi, heç vaxt unutmayacağıq Böyükağa müəllim....

Böyükağa Hacıyev və onun komandası heç vaxt təslim olmazdı. 90 dəqiqənin son anlarına kimi ancaq qələbə uğrunda mübarizə aparırdılar. Məşqçi müsahibələrinin birində demişdi ki, məni öldürmək olar, amma sındırmaq olmaz. Hamı gözləyirdi ki, Böyükağa müəllim yenə güclü rəqibə - ağır xəstəliyə təslim olmayacaq. Amma bu dəfə alınmadı... Allah rəhmət eləsin!

Kənan Novruzov





Bu yazı

23868 dəfə oxunub

Tarix

2018-03-19 16:57:50

Yazını

Çap et

Yazını

Paylaş