Kiçikyaşlı atletimizin arzuları böyükdür





Böyük idmana gedən yol uşaq idmanından başlayır. Bu baxımdan uşaqların kiçik yaşlarından bu sahəyə cəlb edilmələri vacib amillərdəndir. Uşaqların fiziki və mənəvi inkişafında böyük rol oynayan bədən tərbiyəsi və idmanın inkişafı bu gün vacib məsələlərdən biri kimi dövlətimizin diqqət mərkəzindədir. İdmana dövlət səviyyəsində göstərilən diqqət və qayğının nəticəsidir ki, minlərlə uşaq, yeniyetmə və gənc müxtəlif idman növlərinin sirlərinə yiyələnməklə yanaşı, həm də bu sahədə yüksək uğurlar qazanırlar. Şübhəsiz ki, idmanla məşğul olan hər bir gənc həm sağlam olur, həm də asudə vaxtlarını səmərəli keçirir.

"Olimpiya dünyası” qəzeti vaxtaşırı "Olimpiya ümidləri” rubrikası altında yazılar dərc edir. Məhz bu yazılarda perspektivli, Olimpiya Oyunlarında ölkəmizi təmsil etməyə namizəd idmançılar haqqında ətraflı məlumatlar verilir.

Gələcəkdə yüksək uğurlar qazanmağı qarşısına məqsəd qoymuş yeniyetmə idmançılardan biri də Əmrah Yaqubovdur. 2006-cı il oktyabrın 26-da Bakı şəhərində anadan olan Əmrah artıq bir ildir ki, məşqçi Tural Sadıqlının rəhbərliyi altında atletika idman növünün incəliklərinə yiyələnir. Lap kiçik yaşlarından idmana maraq göstərən Əmraha örnək olan insan atasıdır. Onun ən böyük arzusu bu sahədə, ən azından, atasının uğurlarını təkrarlamaqdır. Qeyd edək ki, vaxtilə atletika ilə məşğul olan Əmrahın atası Əliağa Yaqubov atletika üzrə 400 m və 800 m məsafəyə qaçış üzrə ikiqat Azərbaycan (1997-1998-ci illər) çempionu olub. O həmçinin futbol üzrə Azərbaycan yığma komandasının şərəfini qoruyub.

45 saylı orta məktəbin 5-ci sinif şagirdi olan Əmrah da əvvəlcə atası kimi futbol idman növünə maraq göstərsə də, sonradan atletikanı seçib. İdmançı qısa müddət ərzində medal qazanmağa da müvəffəq olub. Belə ki, ötən il keçirilən Respublika Bədən Tərbiyəsi İdman Mərkəzinin təşkilatçılığı ilə 9 noyabr Milli Bayraq Gününə həsr olunmuş klublarası etafet yarışında bürünc medala sahib çıxıb. O, idmanda fərqləndiyi kimi oxuduğu məktəbdə də nümunəvi şagirddir. Belə ki, idmançının nailiyyətləri məktəbin «şərəf lövhəsi»ndə yer alır. İnanırıq ki, idmançımız gələcəkdə də ona bəslənilən etimadı doğruldaraq daha da yüksək nailiyyətlər qazanacaq.

Aysel Sultanova



Bu yazı

27198 dəfə oxunub

Tarix

2018-03-30 15:21:17

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev