“Olimpiya Odisseyası” proqramının təqdimat mərasimi keçirilib


Martın 30-da Milli Olimpiya Komitəsinin (MOK) və Olimpiya Həmrəyliyi Fondunun birgə dəstəyi ilə "Olimpiya Odisseyası” proqramının təqdimat mərasimi keçirilib.

Olimpnews.az saytının məlumatına görə, mərasimdə MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, baş katibi Ağacan Abiyev, baş katibin müavini Azər Əliyev, Olimpiya çempionları və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə bildirilib ki, 2008-ci ildə MOK azərbaycanlı Olimpiya çempionları haqqında sənədli filmlərin çəkilməsi barədə qərar qəbul edib. Həmin dövrdən başlayaraq, Azərbaycanın Olimpiya çempionlarına həsr olunmuş "İlk qızıl”, "Qızıl Sidney”, "Cəngavər”, "Elin nuru”, "Ərtoğrul” və s. sənədli filmlər çəkilib. Ötən il isə MOK tərəfindən çəkilmiş filmlərin bir albomda toplanmasını və təqdimatını nəzərdə tutan "Olimpiya Odisseyası” proqramının həyata keçirilməsi qərara alınıb.

Sonra "Olimpiya Odisseyası” proqramından bəhs edən videoçarx nümayiş olunub.

Layihənin baş rejissoru Arzu Qulamov filmlərin ərsəyə gəlməsi haqqında məlumat verib, ekran əsərlərinin çəkilməsi, istehsal prosesi və xatirələrdən danışıb.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycanın idman nailiyyətləri, o cümlədən ölkəmizin Olimpiya Oyunlarındakı uğurlarının təbliği baxımından layihənin əhəmiyyətini yüksək qiymətləndirib. Bildirib ki, Azərbaycanın altı Olimpiya çempionunun uğurları və onların karyeraları bu filmlər vasitəsilə gənclərdə və uşaqlarda idmana böyük məhəbbət və maraq oyadacaq.

Ç.Hüseynzadə filmin baş rejissoru Arzu Qulamova "Olimpiya Odisseyası” layihəsinin uğurlu icrası və ölkədə Olimpiya hərəkatının təbliğində göstərdiyi dəstəyə görə təşəkkürnamə və xatirə hədiyyəsi təqdim edib.

Olimpiya çempionları Zemfira Meftahətdinova, Namiq Abdullayev, Fərid Mansurov, Elnur Məmmədli və Toğrul Əsgərova da film dəsti təqdim olunub.

Çempionlar çıxışlarında layihənin əhəmiyyətini xüsusi vurğulayıb, onların karyeralarının və uğurlarının təbliğinə göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.


Bu yazı

16359 dəfə oxunub

Tarix

2018-03-30 16:51:01

Yazını

Çap et

Yazını

Paylaş