Cocuq Mərcanlıda “Cəsur ürəklər” adlı festival keçirilib


AFFA-nın təşkilatçılığı ilə martın 27-dən 29-dək Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində "Cəsur ürəklər” adlı festival keçirilib.

Olimpnews.az saytının məlumatına görə, layihənin həyata keçirilməsində əsas məqsəd qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlar arasında futbolun kütləviliyini artırmaq, uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir. Layihəyə əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 3 gün ərzində fərdi inkişaf treninqləri, futbol turniri, müxtəlif əyləncələr təşkil olunub. Festivalda 200-ə yaxın uşaq və yeniyetmə iştirak edib.

Bundan əlavə, 3 ayda bir dəfə olmaq şərtilə mini-turnir keçiriləcək. Layihə çərçivəsində Cocuq Mərcanlı kəndinin sakinlərinə idman ləvazimatları təqdim ediləcək. Həmçinin, Cocuq Mərcanlıda AFFA tərəfindən süni örtüklü futbol meydançası inşa olunacaq. İnşaat xərclərini AFFA-nın irəli sürdüyü layihəni müsbət dəyərləndirən UEFA Children Foundation ödəyəcək.

Qeyd edək ki, AFFA-nın ötən ilin sonlarında irəli sürdüyü "Brave Hearts” (Cəsur ürəklər) adlı layihə UEFA-nın Uşaq Fondu (UEFA Children Foundation) tərəfindən təsdiq olunub.



Bu yazı

14484 dəfə oxunub

Tarix

2018-03-30 17:10:50

Yazını

Çap et

Yazını

Paylaş