Elçin Zeynalov 70 yaşını qeyd edib




Əməkdar bədən tərbiyəsi və idman xadimi Elçin Zeynalov aprelin 1-də 70 illik yubileyini qeyd edib.

Elçin Zeynalov 1948-ci ildə Gəncə şəhərində anadan olub. 1968-ci ildə Kirov adına Bədən Tərbiyəsi İnstitutunun qiyabi şöbəsinə daxil olub. Hazırda sərbəst güləş idman növü üzrə məşqçilik fəaliyyətini davam etdirən yubilyar Gəncə şəhər yığma komandasının baş məşqçisi vəzifəsində çalışır. Elçin müəllimin yetirmələri Olimpiya Oyunları, dünya, Avropa çempionatlarının, Dünya kuboku yarışlarının qalibi və mükafatçılarıdır. Təcrübəli məşqçinin yetirməsi Toğrul Əsgərov London-2012 Yay London Olimpiya Oyunlarının qızıl, Rio-2016 Yay Olimpiadasının gümüş medalını qazanıb.
Onun digər yetirmələrindən Abil İbrahimov, Rza Xəlilov, Vüsal Həsənov və Rəhim Əliyevin adlarını çəkə bilərik.

Elçin Zeynalov güləşin inkişafındakı xidmətlərinə görə 1973-cü ildə SSRİ idman ustası, 1989-cu ildə Əməkdar məşqçi adlarına layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə 2008-ci ildə "Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına, 2012-ci ildə "Şöhrət" ordeninə, 2015-ci ildə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na və 2016-cı ildə "Tərəqqi" medalına layiq görülüb.

Azərbaycan Güləş Federasiyasının kollektivi Elçin Zeynalovu 70 illik yubileyi münasibətilə təbrik edir, ona can sağlığı, gələcək fəaliyyətində uğurlar arzulayır.




Bu yazı

16646 dəfə oxunub

Tarix

2018-04-02 10:43:51

Yazını

Çap et

Yazını

Paylaş