Firdovsi Umudov: “Dünya kubokuna güclü heyətlə gedirik”






Aprelin 3-də Olimpiya Güləş Mərkəzində Dünya kubokunda iştirak edəcək sərbəst güləş üzrə millinin heyəti açıqlanıb.

"Olimpnews.az" xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının (AGF) 1-ci vitse-prezidenti və sərbəst güləş üzrə yığmanın baş məşqçisi Firdovsi Umudov açıq məşqdə iştirak edən media nümayəndələrinin suallarını cavablandırıb.

- Dünya kuboku yarışlarında İran və Rusiya yığmaları iştirak etməyəcək. Bu, Azərbaycan komandasının şansını artıracaqmı?

- İran Güləş Federasiyasının prezidenti daxili problemlər səbəbindən istefa verib. Rusiya yığmasında isə viza problemləri ortaya çıxıb. Bu səbəbdən, hər iki ölkə yığması Dünya kuboku yarışlarında iştirak etməyəcək. Yarışda iştirak edəcək komandaların hamısı çox güclüdür. Qrupdakı rəqiblərimizə nəzər salsaq, görərik ki, Kuba güləş məktəbi dünyada tanınır. Qazaxıstan da həmçinin. İran və Rusiyanın əvəzinə Hindistanla Monqolustana dəvət göndərilib. Asiya ölkələri komandalarının gəlişi baş tutsa, ikisindən biri qrupumuza düşəcək. Hədəfimiz isə finala çımaqdır.

- Bəzi çəkilərdə bir, bəzilərində isə iki güləşçiyə şans verəcəksiniz. Zədə ehtimalını nəzərə alaraq, bütün çəkilərdə iki pəhləvana şans vermək mümkün deyildi?

- 57 kq, 65 kq və 97 kq çəkilərdə güləşçiləri yoxlamaq fikrimiz var. Ona görə bu çəkilərdə 2 pəhləvan çıxış edəcək. Amma ümumilikdə, bütün çəkilərdə 2 güləşçi ilə təmsil olunmağa lüzum görmədik.

- Coşqun Əzimov heyətdə yenidir. Bununla bağlı nə deyə bilərsiniz?

- - Biz onu müxtəlif turnirlərdə yoxlamışıq. Nəticələri olduğu üçün onu daha səviyyəli yarışlarda sınaqdan çıxarmağı qərar aldıq. Qarşıdan Avropa çempionatı gəlir. 2 güləşçimiz - Şərif Şərifovla Murtuz Müslümov zədələrini bərpa edə bilməsələr, Çoşqun Əzimovu qitə çempionatına apara bilərik. Digər tərəfdən, cəzası bitmək üzrə olan Toğrul Əsgərovu da heyətə cəlb etməyimiz mümkündür.

- Bəzi güləşçilər ənənəvi çəkilərində deyil, daha yuxarı çəkilərdə çıxış edəcəklər. Onlardan biri də Hacı Əliyevdir.

- Hacı Əliyev artıq xeyli vaxtdır 65 kq çəkidə çıxış edir. Digər güləşçilər də öz çəkilərində mübarizə aparacaqlar.

- Toğrul Əsgərov qayıtdıqdan sonra hansı çəkidə çıxış edəcək?

- Hələlik onu 70 kq-da yoxlayacağıq. Toğrulun Avropa çempionatında çıxış edəcəyi tam dəqiqləşməyib. Çünki o hazırda formada deyil. Çempionatadək baxacağıq. Coşqun Əzimovu Dünya kuboku yarışlarında sınaqdan keçirməkdə məqsədimiz Murtuz Müslümovun da zədəli olması ilə bağlıdır. Çoşqun Əzimov yaxşı çıxış etməsə, Avropa çempionatında Toğrulun iştirakını dəyərləndirə bilərik. Amma yenə də hazırlıq səviyyəsinə baxacağıq.

- Azərbaycan çempionatının finalında mübarizə aparan Murad Süleymanova Cəbrayıl Həsənovun əvəzləyicisi gözü ilə baxılmışdı. Amma Dünya kubokuna yollanan heyətdə yoxdur...

- Nizam-intizam mühüm şərtlərdəndir. Bu qaydaya əməl etməyən güləşçi yığmada yer almamalıdır. Özünün mübarizə aparmaq istəyi yoxdursa, onu məcbur edə bilmərik. Digər tərəfdən, bu yaxınlarda ailə qurduğundan, hələ tam formada deyil. 79 kq çəkidə güləşməsi də sual altındadır. Artıq 85-86 kq çəkisi var. Yəqin ki, 23 yaşadək güləşçilər arasında Avropa və dünya çempionatlarında 86 kq-da yer alacaq.

- Dünya kuboku yarışlarında əsas hədəf birinci yeri tutmaqdır?

- Qarşımıza bu məqsədi qoymuşuq. Lakin bu, güləşdir, mübarizədir. Qazaxıstan, Kuba kimi yığmalar yetərincə güclü komandalardır. Zəif rəqib yoxdur. Saymazlıq üzündən məğlubiyyətlə üzləşə bilərsən. Dünya kuboku yarışlarında mütləq nəticə verməliyik. 2016-cı ildə Dünya kuboku yarışları vaxtı Aprel döyüşləri gedirdi. Bütün qələbələrimizi şəhidlərimizə, veteranlarımıza, qazilərimizə həsr etmək üçün yarışacağıq. Ən pis halda ilk 3-lükdə yer tutub, okeanın o tayında bayrağımızı qaldıraraq, uğurlu nəticə ilə vətənə qayıtmalıyıq.

- Cəmi 4 həftədən sonra Avropa çempionatı keçiriləcək. Dünya kubokundan dərhal sonra qitə yarışında iştirak etməyiniz nəticələrər təsie edə bilərmi?

- Bərpa prosesinə yetərincə vaxtımız olacaq. 2009-cu ildə İranda Dünya kuboku yarışlarının qalibi olduqdan 2 həftə sonra Avropa çempionatında uğurla çıxış etmişdik.. Heç vaxt döyüşdən qorxmaq lazım deyil. Bir həftə - on günlük vaxt olsaydı, bu barədə fikirləşmək olardı. Digər tərəfdən, 3 çəkidə 2 güləşçi çıxış edəcəyindən, istirahət etmək imkanı da olacaq. Bərpa prosesini isə Bakıya qayıtdıqdan sonra 5-6 gün ərzində keçəcəyik.

- Tokio-2020 Yay Olimpiya Oyunlarına hazırlıq dövründə bəzi güləşçilərin çəki dərəcələrini dəyişəcəkləri gözlənilirmi?

- - Aslanbek Alborova çəkisini dəyişməyi mən məsləhət görmüşəm. Buradan ABŞ-a gediriksə, uğurlu nəticə ilə qayıtmalıyıq. Digər qrupdakı ABŞ, Yaponiya və Gürcüstan yığmaları dünyada yetərincə tanınmış komandalardır, güclü güləş məktəbləri var. Bir çəkidə uğursuzluq bütün görüşün taleyini həll edə bilər. Hətta hesab 5:5 olduqda, qələbələrin hansı hesabla əldə olunduğuna baxılacaq. Dünya kubokuna güclü heyətlə gedirik. Avropa çempionatına qədər Şərif Şərifovun zədəsi sağalmasa, onun yerinə Alborovu yoxlayacağıq.





Bu yazı

21396 dəfə oxunub

Tarix

2018-04-03 13:15:34

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook