Sərbəst güləş yığmamız Dünya kubokunu 2-ci yerdə başa vurub







Aprelin 7-8-də ABŞ-ın Ayova ştatının Ayova-Siti şəhərində sərbəst güləş üzrə Dünya kuboku yarışları keçirilib.

Olimpnews.az-ın məlumatına görə, B qrupunda yer alan Azərbaycan milli yığması aprelin 7-də Kuba yığmasını 8:2, Qazaxıstan milli yığmasını isə 9:1 hesabı ilə məğlub edib. Aprelin 8-də isə sərbəst güləşçilərimiz Monqolustan yığmasına 7:3 hesabı ilə qalib gələrək yarışların final mərhələsinə yüksəliblər.

Final mübarizəsində yığmamızın rəqibi ABŞ komandası olub. Carver-Hawkeye Arenasında keçirilən gərgin qarşılaşmada yığmamız ev sahibi olan ABŞ millisinə 6:4 hesabı ilə uduzub. Beləliklə, sərbəst güləşçilərimiz Dünya kuboku yarışlarını ikinci yerdə başa vurublar.
ABŞ-ın sərbəst güləş üzrə milli yığması Dünya çempionatı çərçivəsində 2003-cü ildən bəri ilk dəfə birinci yerə yüksəlib. Kuba yığmasına 6:4 hesabı ilə qalib gələn Yaponiya yığması isə üçüncü yerə sahib çıxıb.
Final oyunlarının nəticələri haqqında danışan ABŞ yığmasının baş məşqçisi Bill Zadik Amerika idmançılarının əla çıxış etdiyi və böyük səy göstərdiyini bildirib. Zadik deyib: "Biz bilirdik ki, Azərbaycan çətin rəqibdir və matç ağır keçəcək və elə də oldu. İdmançılarımız əla mübarizə apardılar”.




Bu yazı

6894 dəfə oxunub

Tarix

2018-04-09 10:01:21

Yazını

Çap et

Yazını

Paylaş