Bakıda keçirilən gimnastika üzrə XXIV Avropa çempionatı başa çatdı












Azərbaycan gimnastı Avropa çempionu adına layiq görüldü

Aprelin 12-15-də Bakıda ilk dəfə keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatına yekun vuruldu.

Olimpnews.az xəbər verir ki, Milli Gimnastika Arenasında həm böyüklər, həm də gənclər arasında təşkil edilən bu yarışda 25 ölkədən ümumilikdə, 400-dən çox idmançı mübarizə apardı. Gimnastlar çempionatda 4 növdə - fərdi batut, sinxron batut, tamblinq və ikili mini-batutda qüvvələrini sınayırlar. Dörd gün davam edən Avropa çempionatında gimnastlarımız ölkəmizə bir qızıl və iki gümüş medal qazandırdılar. Azərbaycanı yığma komandasının üzvü Mixail Malkin tamblinq növündə bütün rəqiblərdən çox xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Qadınlar arasında batut gimnastikası üzrə yarışlarda təmsilçilərimiz Veronika Zemlianaia və Sviatlana Makştarova cütlüyü gümüş medala sahib oldular.

Aprelin 12-də Milli Gimnastika Arenasında batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatının təntənəli açılış mərasimi təşkil edildi. Əvvəlcə iştirakçı ölkələrin paradı keçirildi. Sonra Azərbaycan milli komandasının üzvü, ötən il tamblinq üzrə dünya yaş qrupları yarışlarının qalibi Mixail Malkin idmançılar adından çıxış etdi. İdmançımız bu yarışda ədalətli mübarizə aparacaqlarını, rəqibə hörmətlə yanaşacaqlarını və "təmiz idman” prinsiplərinə sadiqlik nümayiş etdirəcəklərini bildirdi.
Açılış mərasimində çıxış edən gənclər və idman naziri Azad Rəhimov Azərbaycanın növbəti dəfə mötəbər yarışa ev sahibliyi etməsindən məmnunluğunu ifadə etdi. İdmançılara uğurlar arzulayan nazir Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını dedi: "Ölkəmiz irimiqyaslı beynəlxalq turnirlərə yüksək səviyyədə ev sahibliyi edir, idmançılarımız Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edirlər. Bütün bunlar beynəlxalq idman qurumlarının diqqətindən yayınmır və onlar nüfuzlu yarışların təşkilini heç bir tərəddüd etmədən ölkəmizə həvalə edirlər”.
Azərbaycanda idmanın digər növləri kimi, gimnastikanın da sürətlə inkişaf etdiyini diqqətə çatdıran Azad Rəhimov dedi: "2002-ci ildə Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilməsindən sonra bu təşkilat yenidən quruldu, gimnastikanın inkişafında dönüş yarandı. Ötən il 15 illiyini qeyd edən Azərbaycan Gimnastika Federasiyası digər növlər kimi batut və tamblinqin də inkişafına xüsusi diqqət yetirir. Bu sahədə edilən uğurlar göz qabağındadır. Federasiyanın məqsədyönlü və səmərəli fəaliyyəti nəticəsində idmanın bu növündə kütləvilik müşahidə edilir”.
Azərbaycan Prezidenti İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizdə idmana göstərdikləri yüksək diqqət və qayğıdan danışan gənclər və idman naziri Avropa çempionatının təşkilinin ölkəmizdə gimnastikanın inkişafına təkan verəcəyini dedi.
Açılış mərasimində çıxış edən Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbov qitə çempionatının Bakıda təşkil olunmasından məmnunluğunu bildirdi: "Ötən il Avropa Gimnastika İttifaqının prezidenti seçildim. Sevindirici haldır ki, həmin vaxtdan sonra ilk Avropa çempionatı məhz doğma Azərbaycanda keçirilir. Təşkilat Komitəsi yarışa yüksək peşəkarlıq və böyük səylə hazırlaşıb”.
Çempionatın əhəmiyyətini yüksək qiymətləndirən Fərid Qayıbov bildirdi ki, yeniyetmələrin yarışı bu il keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına, böyük gimnastların mübarizəsi isə 2019-cu ildə təşkil olunacaq II Avropa Oyunlarına lisenziya qazandırması baxımından əhəmiyyətlidir.
İştirakçılara uğurlar arzulayan Avropa Gimnastika İttifaqının prezidenti çempionatı açıq elan etdi.
Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.

Açılış mərasiminin bədii hissəsində tamaşaçılar meydançada hər zaman görməyə alışdıqları gimnastika alətləri ilə yanaşı, basketbol səbətinə də təsadüf etdilər. Öz tarixi izlərini ABŞ-dan götürən basketbol illər öncə məhz elə gimnastika dərslərinin tədrisi üçün icad olunub. Təsadüfi deyil ki, batut gimnastikasının yaranmasının və inkişafının da təməli ABŞ-da qoyulub. İki fərqli idman növünün tarixdə birləşən kökləri bu çempionatın açılış mərasimi üçün başlıca ideya olub. Məhz açılış mərasiminin bədii hissəsi "Bakıda Amerikasayağı "uçuş” adlandırılıb.
Çempionatın açılış mərasimini digərlərindən fərqləndirən əsas məqamlar bununla bitmədi. Belə ki, bu dəfə kompozisiyada təkcə gimnastika növləri üzrə yığma komandaların üzvləri deyil, həm də batut gimnastikası üzrə Texniki Komitənin nümayəndələri də iştirak etdilər. Yarışın ən maraqlı personaji isə maskot – "Qur-Qur” oldu. Qeyd edək ki, maskotu canlandırmaq üçün batut gimnastikasının vətəni ABŞ-dan Skot Hesinqton və Berri Anderson kimi peşəkarların köməyindən istifadə olunub.

Komanda yarışlarının medalçıları bəlli oldu


Aprelin 12-də Milli Gimnastika Arenasında keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatının ilk qalibləri müəyyənləşdi. Medallar yeniyetmələr arasında batut gimnastikası üzrə komanda yarışlarında öz sahiblərini tapdı.

Oğlanların mübarizəsində Belarus millisi Avropa çempionu adına layiq görüldü. Böyük Britaniya yığması yarışı ikinci, Rusiya isə üçüncü pillədə başa vurdu. Qızların yarışında isə qalibiyyət Rusiya komandasının idi. Belarus gümüş, Yunanıstan isə bürünc medala sahib oldu.
Avropa çempionatının ikinci günündə - aprelin 13-də komanda yarışlarının qalibləri bəlli oldu. Həmin gündə həm gənclər, həm də böyüklər arasında bütün növlər üzrə təsnifat mərhələləri və komanda hesabında final yarışları keçirildi. İkili mini-batut üzrə yeniyetmə oğlanlardan ibarət komanda yarışında çempion adını Rusiya qazandı. İspaniya yığması gümüş, Portuqaliya komandası isə bürünc medala layiq görüldü. Qızların mübarizəsində də birinci yer Rusiya komandasına məxsus idi. İkinci yerdə Portuqaliya yığması, üçüncü pillədə isə İspaniya komandası qərarlaşdı.
Böyüklər arasında batut yarışında Belarusdan olan kişi gimnastlar birinci yeri tutdular. Rusiya təmsilçiləri ikinci, Ukrayna gimnastları isə üçüncü yerə sahib oldular. Qadınların yarışında da qızıl medala Belarus millisi layiq görüldü. Fransa yığması gümüş, Portuqaliya komandası isə bürünc medalları aktivlərinə yazdırdılar.
Yeniyetmələr arasında tamblinq üzrə oğlanların yarışında qızıl medallara Böyük Britaniya millisi sahib oldu. Fəxri kürsünün ikinci pilləsində Rusiya, üçüncü yerdə isə Portuqaliya komandaları qərarlaşdı. Qızların mübarizəsində də çempion adını Böyük Britaniya millisi qazandı. Rusiya yığması gümüş, Fransa millisi isə bürünc medallara layiq görüldü.
Aprelin 14-də yeniyetmə və böyük gimnastlar sinxron və fərdi proqram üzrə təsnifat mərhələlərində çıxış etdilər. Avropa və dünya çempionatlarının formatına əsasən, fərdi proqramda təsnifat iki mərhələdən ibarət olduğundan batut gimnastikası üzrə fərdi yarışlarda finaldan əvvəl ilk mərhələdə yaxşı nəticə göstərmiş 24 idmançı arasında yarımfinal keçirildi. Yarışların 3-cü günündə həm də tamblinq növündə böyüklər arasında komanda yarışlarının qalibləri müəyyənləşdi.
Kişilərin yarışında Rusiya komandası qızıl medalın sahibi oldu. Böyük Britaniya gümüş, Danimarka isə bürünc medal qazandı. Qadınların yarışında da britaniyalılar çempion adına layiq görüldülər. Rusiya yığması ikinci, Fransa yığması isə üçüncü yeri tutdu.

Kişi gimnastımız qızıl, qadın gimnastlarımız gümüş medala sahib oldular

Aprelin 15-də Milli Gimnastika Arenasında keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatında batut növündə gənclər və böyüklər arasında fərdi yarışların qalibləri bəlli oldu. Gənc qızlar arasında Belarus təmsilçisi Katerina Yerşova birinci və onun həmyerlisi Aleksandra Stoyarova ikinci yerə çıxdılar. Yunanıstanlı Anastasiya Papadimitriou isə üçüncü yerlə kifayətləndi. Oğlanların yarışında da qızıl medalı Belarus təmsilçisi qazandı. Belə ki, İvan Litvinoviç fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. İngiltərəli Koreo Valks ikinci və onun həmyerlisi Andrey Stam bürünc medal qazandılar.
Kişilər arasında birinci yerə portuqaliyalı Dieqo Karvalho çıxdı. Gümüş medalın sahibi belaruslu Nikita Mernix oldu. İlk üçlüyü isə fransalı Alan Morante doldurdu. Qadınların yarışında rusiyalı Yana Pavlova fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Belarusiyalı Anna Qançirova ikinci, böyük britaniyalı Katrin Qrisko isə üçüncü yerə sahib çıxdı.
Yarışların son günündə ikili-mini batut növü üzrə gənclər və böyüklər arasında qaliblərin adı açıqlandı. Gənc oğlanların yarışında Böyük Britaniya təmsilçisi Royan Dibayn birinci, rusiyalı Timafeyn Lazutin ikinci, portuqaliyalı Enrike Moreyra üçüncü oldu. Qızların yarışında isə qızıl medalı İspaniya gimnastı Melania Rodriges, gümüş medalı rusiyalı Aleksandre Bonartseva, bürünc medalı Portuqaliya təmsilçisi Sara Qvido qazandı. Azərbaycan gimnastı Selcan Maqsudova beşinci yeri tutdu. Hakimlər idmançımızın çıxışını 63,900 balla qiymətləndirdilər.
İkili-mini batut üzrə kişilərin yarışında rusiyalı Vasiliy Makarskiy birinci, isveçli Yonans Nordfors ikinci, portuqaliyalı Diego Qalbaro isə üçüncü yerə çıxdı.
Tamblinq üzrə qızların yarışında rusiyalı Diana Bratkova Avropa çempionatının qızıl medalına layiq görüldü. Böyük Britaniyalı Cesika Breyn gümüş, onun həmyerlisi Keytlin Laffert isə üçüncü oldu. Oğlanların tamblinq yarışında Belarus təmsilçisi İvan Litfinoviç qızıl, böyük britaniyalı gimnast Kori Volks gümüş və onun həmyerlisi Edriyu Stamp bürünc medal qazandı.
Qadınların tamblinq yarışında Böyük Britaniya gimnastı Lusie Kolbeq birinci və onun həmyerlisi Meqan Kelli ikinci, rusiyalı Viktoriya Danilenko isə üçüncü yerə sahib çıxdılar.
Batut üzrə gənclər arasında sinxron cütlüklərin yarışında Belarus təmsilçiləri Sebastyan Stankeviç və Andrey Bulov fərqləndilər. Avropa çempionatının gümüş medalını portuqaliyalı Martins Qousalo və Ruben Tavareş qazandı. Hollandiya təmsilçiləri Maykl Abraxams və Lük Svinkels isə fəxri kürsünün üçüncü pilləsində yer aldılar.
Batut gimnastikası üzrə kişilər arasında sinxron cütlüklərin yarışında birinci yerə Belarus təmsilçiləri Alex Rabtsau və Vladislav Qançirov çıxdılar. İkinci yerin sahibi rusiyalı gimnastlar Mixal Melnik və Serqey Azaryan oldu. Bürünc medala Fransa təmsilçiləri Pier Qolcou və Farux Coşua sahib çıxdılar.
Azərbaycan yığmasının üzvü Mixail Malkin batut, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatının qızıl medalını qazandı. İdmançımız tamblinq yarışında hakimlərdən 77,400 bal alaraq Avropa çempionu adına layiq görüldü.
İkinci yerdə danimarkalı Adam Mathiesen, üçüncü yerdə isə rusiyalı Vadim Afanasyev qərarlaşdı.

Azərbaycan komandasına ikinci və üçüncü medalları batut gimnastikası üzrə sinxron cütlüklərdə qadın gimnastlarımız Veronika Zemlianaia və Sviatlana Makştarova qazandırdılar. Təmsilçilərimiz Avropa çempionatının gümüş medalına sahib oldular. Həmin növdə birinciliyi Belarus idmançıları Anita Makulova və Desislava Manalova qazandılar. Ukrayna təmsilçiləri Sviatlana Malkova və Nataliya Moskvina cütlüyü isə üçüncü yerə çıxdılar.

Yarışın sonuncu günündə Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbov bayrağı 27-ci Avropa çempionatına ev sahibliyi edəcək İsveç Gimnastika Federasiyasının nümayəndələrinə təqdim edib.
Məlumat üçün bildirək ki, batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatında yeniyetmə gimnastlar bu il keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına, böyük gimnastlar isə 2019-cu ildə təşkil olunacaq II Avropa Oyunlarına lisenziya əldə ediblər.





Səadət Hakıyeva






Bu yazı

6985 dəfə oxunub

Tarix

2018-04-16 10:03:22

Yazını

Çap et

Yazını

Paylaş