Universal döyüşçülərimiz uğurlarını davam etdirirlər






Son illlər ölkəmizdə universal döyüş idman növündə yüksək nailiyyətlər əldə olunub. Bu idman növü ilə məşğul olan təmsilçilərimiz iştirak etdikləri ən mötəbər yarışlardan vətənə medallarla qayıdırlar.

Olimpnews.az-ın məlumatına görə, döyüşçülərimiz indiyədək keçirilən dünya və Avropa çempionatlarında qızıl, gümüş, bürünc medallar qazanaraq ölkəmizi dünyada layiqincə təmsil edirlər.
Müxtəlif illərdə ayrı-ayrı yaş qrupları üzrə respublikamızda keçirilən Avropa və dünya çempionatları, birinciliklər, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş ənənəvi beynəlxalq turnirlər yüksək təşkilatçılığı ilə yadda qalıb.
Ötən il Azərbaycan Universal Döyüş Federasiyası üçün uğurlu illərdən olub. İdmançılarımız yerli və beynəlxalq yarışlarda yüksək nəticələr qazanıblar. Federasiya tərəfindən universal döyüşün respublikamızın müxtəlif bölgələrində inkişaf etdirilməsi istiqamətində mühüm işlər görülüb.
Qeyd edək ki, aprelin 5-dən 8-dək Ağdam rayonunda Quzanlı qəsəbəsində Olimpiya İdman Kompleksinin zalında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş universal döyüş üzrə beynəlxalq turnir keçirilib. Yarışda 10 dövlətdən 300-dək idmançı iştirak edib. 

Yarışın açılış mərasimindən əvvəl aprelin 6-da rəsmilər və yarış iştirakçıları ümummilli lider Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsini ziyarət edərək, abidə önünə əklil və gül dəstələri düzüblər. Yeniyetmə, gənclər və böyüklər arasında keçirilən yarışın yekununa əsasən Azərbaycan komandası birinci pillədə qərarlaşıb. İkinci və üçüncü yeri isə müvafiq olaraq Rusiya və Gürcüstan komandaları tutublar. Böyüklər arasında keçirilən yarışlarda 60 kq çəki dərəcəsində qızıl medalı Rusiya təmsilçisi Nikolay Oçkin qazanıb. Digər çəkilərdə Azərbaycan təmsilçiləri Elvin Hüseynov (65 kq), Namiq Məmmədzadə (70 kq), Nicat Əliyev (75 kq), Əli Həsənli (80 kq), Fərid Mirzəbəyev (85 kq), Sürət Hüseynov (+90 kq), Mehman Hüseynov (95 kq), Allahşükür Fərzəliyev (+ 95 kq) birinci olublar. Nodar Liadze (60 kq, Gürcüstan), İrzaq Əliyev (65 kq, Azərbaycan), Fəxri Abbasov (70 kq, Azərbaycan), Saleh Qurbanov (75 kq, Azərbaycan), Yalçın Abdulla (80 kq, Türkiyə), Əliqismət Məmmədov (85 kq, Azərbaycan), Boxtiyar Maşaripov (95 kq, Özbəkistan), Ravid Mirzəbəyev (90 kq), İlham Mahmudov (+ 95 kq, Azərbaycan) gümüş medallara sahib çıxıblar.

Beynəlxalq turnirin təşkili ilə bağlı ətraflı məlumat verən Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti, Beynəlxalq Universal Döyüş Federasiyasının I vitse-prezidenti Azər Həsənov ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan da danışdı: «Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin idman sahəsində apardığı uğurlu siyasətin nəticəsidir ki, ölkəmizdə idman yüksək səviyyədə inkişaf edir. Respublikamızda Olimpiya idman növləri ilə yanaşı, qeyri-olimpiya idman növlərinə də dövlət tərəfindən diqqət və qayğı göstərilir. Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Universal Döyüş Federasiyasının təşkilatçılığı ilə ölkəmizdə indiyədək bu növ üzrə bir sıra mötəbər beynəlxalq turnirlər təşkil edilib. Yığmanın üzvləri Avropa və dünya çempionatında, beynəlxalq turnirlərdə mükafatalayiq yerlər tutublar. Bu il ənənəyə uyğun olaraq federasiya tərəfindən Ağdamda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçirildi. Qeyd edim ki, belə yarışların təşkili ölkəmizdə universal döyüşün inkişafına və təbliğinə xidmət etməklə yanaşı, yeniyetmə və gənclərin hərbi-vətənpərvər ruhda böyümələrinə şərait yaradır. Xatırladım ki, indiyədək biz bir sıra yarışları bölgələrdə keçirmişik. Hazırda respublikamızın 60 bölgəsində federasiyanın nümayəndəliyi fəaliyyət göstərir. Budəfəki yarış cəbhə bölgəsində təşkil olundu. Bu gün Azərbaycan müharibə şəraitindədir. Belə bir idman növü üzrə yarışların məhz cəbhə bölgəsində təşkili həmçinin yeniyetmə və gəncləri vətənin müdafisinə ruhlandırır onlarda qələbə əzmini yüksəldir. Bununla yanaşı, məqsədimiz regionlarda gənclərin idmana cəlb olunması ilə yanaşı, onların sağlam ruhda böyüməsinə təkan verməkdir.

Qeyd edim ki, məhz bu məqsədlə biz yarışa paytaxt idmançıları ilə yanaşı, bölgələrdəki seçmə idmançıları da cəlb etmişdik. Yarışda Rusiya, Gürcüstan, Ukrayna, Türkiyə, İran, Özbəkistan, Litva, Belarus komandalarının üzvləri güclü rəqiblər sırasında idi. Buna baxmayaraq, idmançılarımız onlara bəslənilən ümidləri doğrultdular. Yarışın yekununa əsasən hər yaş qrupu üzrə yığma komandanın tərkibini müəyyənləşdirdik”.
Qazanılan uğurların nəticəsidir ki, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev tərəfindən 2017-ci ilin yekunlarına əsasən AUDF prezidenti Azər Həsənov fəxri fərman, yığmanın üzvü Nicat Əliyev isə mənzillə mükafatlandırlıb.
"Olimpnews.az” saytının 2017-ci ilin yekununa əsasən keçirdiyi sorğuda isə Azərbaycan Universal Döyüş Federasiyası gənclərin hərbi-vətənpərvər ruhda tərbiyəsində fəaliyyətinə görə "İlin ən yaxşı federasiyası”, yığmanın üzvü Tahir Məsimov qeyri-Olimpiya idman növləri üzrə "İlin idmançısı” adına layiq görülüb. Azər Həsənov 2017-ci ilin Azərbaycan universal döyüşçüləri üçün uğurlu illərdən biri olduğunu bildirdi: "Yığma komandanın üzvləri builki yarışlarda uğurlu çıxışları ilə yadda qalıblar. Bildiyiniz kimi, universal döyüşdə yerli və beynəlxalq səviyyəli yarışlar 10-11, 12-13, 14-15, 16-17 və 18-yaşdan yuxarı yaş qrupları üzrə keçirilir. Təmsilçilərimiz qeyd olunan yaş qrupları üzrə 2017-ci ildə yüksək nailiyyətlər əldə ediblər. Ümumilikdə ötən il ərzində universal döyüşçülərimiz keçirilən beynəlxalq, Avropa və dünya səviyyəli yarışlarda 29 qızıl, 43 gümüş, 43 bürünc medala sahib çıxıblar. Əlbəttə ki, qazanılan uğurlar federasiyanın məqsədyönlü fəaliyyətinin nəticəsidir”,-deyə Azər Həsənov əlavə etdi.




Aysel Sultanova



Bu yazı

10714 dəfə oxunub

Tarix

2018-04-20 10:05:27

Yazını

Çap et

Yazını

Paylaş