Müəllim ömrü yanan şama bənzəyir






Ali təhsil aldığım universitetə getməyi çoxdan planlaşdırsam da, işlərin çoxluğundanmı, ya da münasib vaxt bilmədiyimdənmi, alınmırdı. Demək ki, hər şeyin bir səbəbi varmış...

28 may metrosundan çıxıb Süleyman Rüstəm küçəsi ilə yuxarı qalxanda xəyalımda təxminən 25 bundan əvvəlki şirin, kövrək xatirələr canlandı. Yadıma düz 5 il sərasər, yayın istisində, qışın soyuğunda həmin bu küçə ilə qoynunda təhsil aldığım doğma universitetə getdiyim günləri xatırladım. İmtahan, sessiya həyəcanı yaşadığım, qayğısız tələbəlik illərimə qayıtdım sanki... Bu küçənin mənim üçün son ünvanı M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunun (red.indiki Bakı Slavyan Universiteti) binası idi. İndi addımladığım bu küçə məni məhz həmin ünvana aparırdı. Universitetin binasının yanında iki gənc tələbə dayanmışdı. Mən onlardan binaya girişin hansı qapıdan olduğunu soruşanda gənclərdən biri qayıtdı ki: "Müəlliməsinizsə, yuxarı qapıdan keçin”. Bu kəlmələr mənə bir daha xatırlatdı ki, cəmiyyətimizdə müəllim adına, müəllim nüfuzuna həmişə böyük hörmət olub və olacaq. Əsl müəllim adına layiq olanlara hamıdan əvvəl söz haqqı verilib, mötəbər məclislərdə başda yer göstərilib, hörmət edilib. Fikrimi dahilərin müəllimlər haqqında dedikləri müdrik kəlamlarla tamamlamaq istəyirəm.

"Dünyada hər şeyə dəyər vermək mümkündür, lakin müəllimin əməyinə əsla dəyər verilə bilməz (Sokrat).

"Pis müəllim şagirdinə həqiqəti çatdırır, yaxşı müəllim isə onu tapmağı öyrədir (Adolf Disterveq).

"Müəllimlərdən işgəncə görməyən həyatda zülm çəkər” (Adolf Disterveq).

Orta təhsil aldığım Cocuq Mərcanlı kənd orta məktəbindən tutmuş Bakı Slavyan Universitetindəki bütün müəllimlərimin qarşısında baş əyir, əllərindən öpürəm. Onlara demək istəyirəm ki, sizi bizlərlə fəxr edən görəndə həyatda mənalı, sağlam yaşamağın, iradəli, təmkinli olmağın əhəmiyyətini bir daha anlayırıq. İdmançını qələbəyə aparan məşqçisi, bizləri isə zirvələr fəth etməyə yönləndirən əziz müəllimlərimizdir.

Ömrünü gənclərin tərbiyəsinə, onların sağlamlığına həsr edib

Məni doğma təhsil ocağına aparan əsas səbəb əziz müəllimim Sabir Hacıyevin 70 illik yubileyi ilə bağlı material hazırlamaq idi. 23 il bundan əvvəl məzun kimi tərk etdiyim binanın qapısından ölkədə idman və Olimpiya Hərəkatının təbliğində layiqli imzası olan bir mətbu orqanın – "Olimpiya dünyası” qəzetinin əməkdaşı kimi daxil olmaqdan şərəf duyurdum. Universitetin binasından içəri daxil olanda əvvəl fakültəmizin dekan müavini, sonra isə dekanı olan, hazırda Azərbaycan Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədovla təsadüfi qarşılaşmağımız mənim üçün sürpriz oldu. Obyektivliyi, tələbkarlığı ilə hər bur tələbənin hörmətini qazanmış əziz müəllimimlə ayaqüstü bir xeyli söhbət etdikdən sonra Sabir müəllimin yanına yollandım. Məni doğma övladı kimi bağrına basdı. Həmin dəqiqədə keçirdiyim hissləri sözlə ifadə etməkdə çətinlik çəkirəm... Deyirlər ki, insanın xarakteri illər keçsə də, dəyişmir. Mənim əziz müəllimim yaşının üstünə yaş gəlsə də, yenə əvvəlki kimi şux və qıvraq görünürdü. Ən yaxşısı, Sabir müəllimin özünü dinləmək, onun Bakı Slavyan Universitetində 50 ilə yaxın fəaliyyəti ilə bağlı fikirlərini, düşüncələrini elə yubilyardan eşitməkdir.



- Sabir müəllim, 50 ilə yaxındır ki, idman sahəsində çalışırsınız. Sizi bu sahəyə bağlayan nədir?

- Uşaqlıqdan bizim ailədə idmana böyük maraq olub. Məndən böyük qardaşlarım müxtəlif idman növləri ilə məşğul olurdular. Onların bu sevgisi mənə də keçdi.
Mən 1948-ci il martın 22-də Mərdəkanda doğulub, böyümüşəm. Orta məktəbi 1956-1968-ci illər ərzində Bakıda bitirmişəm. Orta məktəbdə oxuyanda (1965) Salyanda voleybol üzrə ölkə birinciliyi keçirilirdi. İlk dəfə həmin yarışda iştirak etmişəm. Məşqçilər mənim gələcəkdə yaxşı voleybolçu ola biləcəyimi deyirdilər. Həmin yarışda normanı yerinə yetirərək dərəcə aldım.
Orta məktəbi qurtaran ili S.M.Kirov adına Azərbaycan Bədən Tərbiyə və İdman İnstitutunun (red.indiki Azərbaycan Bədən Tərbiyə və İdman Akademiyası) voleybol üzrə müəllim-məşqçi fakültəsinə qəbul olundum. 4-cü kursda oxuyanda məni M.F.Axundov adına Rus-dili və Ədəbiyyatı İnstitutunda bədən tərbiyəsi və idman kafedrasının müəllim vəzifəsinə idman müəllimi kimi işləməyə dəvət etdilər. 1972-ci ildə institutu bitirdikdən sonra bu ali təhsil ocağında işimi davam etdirdim. Hərbi xidmətimi başa vurduqdan sonra, yəni 1975-ci ildə Axundov adma APİ-nin bədən tərbiyəsi və idman kafedrasının baş müəllim vəzifəsində əmək fəaliyyətinə başladım. 1975-1980 -cı illərdə inistitutun nəzdində olan və Nabran qəsəbəsində yerləşən "İdman sağlamlıq tələbə düşərgəsi”nin rəisi vəzifəsində çalışmışam. Mən həm də xeyli müddət institutun qızlardan və oğlanlardan ibarət voleybol komandasının məşqçisi kimi fəaliyyət göstərmişəm.

Aspiranturanı bitirdikdən sonra 1975-ci ildə institutda baş müəllim işləməyə başladım. 1981-ci ildə Leninqrad Dövlət Pedaqoji İnstitutunun aspirantura şöbəsinə qəbul oldum və 1986-cı ildə Moskva Pedaqoji İnstitutunda "Fiziki inkişaf və hazırlığın regional xüsusiyyətləri əsasında tələbələrin fiziki tərbiyəsi” mövzusunda müdafiə etdim. 1987-ildə pedaqoji elemlər namizədi, 1990 ci ildə isə dosent elmi dərəcəsi aldım.

"Məzunlarımızla fəxr edirik”

- Universitetdə idman kafedrası nə vaxt yaradılıb?

Burada bədən tərbiyəsi və idman kafedrası 1946-cı ildə yaradılıb. Kafedranın nəzdində əvəllər bədii gimnastika, üzgüçülük, voleybol, futbol, boks, yüngül atletika, voleybol, güləş kimi idman növləri tədris olunub. 1972-ci ilə qədər kafedraya Həsən Rəhimov, 1992-ci ilə qədər isə beynəlxalq dərəcəli hakim, dosent Tofiq Bəhramov rəhbərlik edib. Tofiq Bəhramovdan sonra onu kafedra müdiri kimi mən əvəz elədim. 48 illik idman karyeramın 28 ilini kafedra müdiri kimi fəaliyyət göstərmişəm. Qeyd edim ki, BSU-da 5 fakültə, magistratura, qiyabi təhsil şöbələri, məktəb-lisey kompleksi fəaliyyət göstərir. 34 kafedra tədris və elmi-tədqiqat işi aparır. Burada 50-yə qədər elmlər doktoru, professor, 200 fəlsəfə doktoru, dosent və 200-dən artıq baş müəllim və müəllim gənclərər elmin sirlərini aşılayırlar.
Universitetimizin məzunları arasında tanınmış insanlar kifayət qədərdir. Dilçi-qafqazşünas Vəli Xıdırov, yazışı-publisist Xeyrulla Ağayev, Əminə Yusifqızı və başqaları məhz BSU-da təhsil alıblar. Məzunlarımızla fəxr edirik.

-Keçmiş illərə qayıdaq sizinlə. Sizin gəncliyiniz, işə başlamağınız postsovet dövrünə təsadüf edib...

- Həmin dövrdə 15 müttəfiq respublikanın tələbələri bir yerə yığışaraq güclərini, fiziki bacarıqlarını yoxlayırdılar. Bizim institutun qızlardan və oğlanlardan ibarət komandası yarışlarda fəal iştirak edirdi. 2000-ci ildə SNQ ölkələrinin pedaqoği institutlarının tələbələri arasında basketbol yarışlarında iştirak etmişik. Sonda Minsk, Kiyev şəhərlərində futzal oyunlarında qüvvəmizi sınamışıq. Komandamız yarışlardan uğurlu nəticələrlə qayıdıb. Hər il ölkəmizdə Ali Təhsil Müəssisələri Tələbələri arasında keçirilən respublika universiadalarinda və çempionatlarinda BSU-nun idman komandası mükafatalayiq yerlər tutub, fəxri diplomlarlaa təlif olunub.
Qızlardan ibarət voleybol komandamız xüsusilə çox güclü idi. Həmişə tələbələr arasında universiada yarışlarında mükafatalayiq yerlərdən biri bizim olurdu. Adətən, 1-ci yerdə idman institutunun tələbələri qərarlaşırdılar. 2 və 3-cü yerləri isə müvafiq olaraq Azərbaycan Neft və Kimya İnstitutunun (red. indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) və bizim institutun komandası bölüşürdü.




-Səhv etmirəmsə, 2003-cü ildə komandanız böyük uğur qazanmışdı?

-BSU-nun bədən tərbiyəsi və idman kafedrası tələbələrlə, eləcə də universitetin müəllim kollektivi ilə daxili yarışlar təşkil edir. Hər il ənənəvi olaraq professor və müəllim heyəti arasında şahmat, nərd, stolüstü tennis, dama və mini futbol üzrə BSU birinciliyi keçirilir. Həmin birinciliklərin qalibləri AHİTA-nın spartakadialarında universitetin idman şərəfini qoruyurlar.
Bəli, 2003-cü ildə uğurlarımız xüsusilə çoxdur. Həmin ildə keçirilən Ali Təhsil Məktəbləri Tələbələrinin VI Respublika Universiadasında BSU-nun komandası 27 ali təhsil ocağı arasında 2-ci yeri tutub. Yaxşı xatirimdədir, "Olimpiya dünyası” qəzetinin may nömrəsində bu barədə material verilib. Bu, bizim universitetin idman həyatında ən böyük nailiyyətlərindən biridir. Sonra yenə 2003-cü ildə AHİTA-nın 10 illik yubileyinə həsr olunmuş spartakiadada qadınlardan ibarət voleybol və atletika komandamız uğurla çıxış ediblər.
BSU-nun kişilərdən ibarət basketbol komandası 2009-cü ildə MDB ölkələrinin Pedaqoji Ali Məktəbləri arasında keçirilən yarışda bürünc medala layiq görülüb. Təkcə 2009-2010-cu ildə kafedramız universitetin idman şərəfini layiqincə qoruyaraq 9 kubok və 17 sayda diplomla mükafatlandırılıb.

İdmanda kütləviliyin təmin olunması çox mühümdür

-O vaxtdan indiyə kimi nə dəyişib?

-Bizim nəsil sovet dövründə tərbiyə və təhsil alıb. O dövrün üstünlüklərindən biri də bu idi ki, kütləviliyə böyük diqqət verilirdi. Ali təhsil ocaqlarında da bu iş yüksək səviyyədə aparılırdı. Demək olar ki, bütün tələbələr idmanla məşğul olur, bölmələrə yazılır, yarışlarda həvəslə iştirak edirdilər. Pedaqoji kollektiv qarşısında gəncləri idmana cəlb edilməsi tələbi qoyulurdu və biz idman müəllimləri də bu tələbə görə işləyirdik.
- Necə ki, 28 il bundan əvvəl məndə idmana, xüsusilə də, stolüstü tennisə qarşı məhəbbət oyatmışdınız...
- (gülümsəyir). Pis eləmişəm məgər? İdman sağlamlıqdır, yüksək əhval-ruhiyyədir. Bunu o vaxtlar tələbələr özləri də başa düşürdülər. Sənin kimi bir çoxları əla oxuduqları üçün idmanla məşğul olmağa vaxt tapmadıqlarını bəhanə gətirirdilər. Istəsən, işini düzgün planlaşdırmağı bacarsan, hər şey mümkündür. Sadəcə, işin mahiyyətini anlamaq, dərk etmək lazım gəlir.

"Söhbət gənclərin sağlamlığından gedəndə...”

- Hazırda ali məktəblərdə idman kafedraları klublarla əvəz olunub. Buna bir təcrübəli pedaqoq, idman mütəxəssisi kimi münasibətiniz necədir?

- Bu məsələyə birmənalı olaraq münasibətim müsbət deyil. Düşünürəm ki, ali təhsil ocaqlarında bədən tərbiyə dərslərinin tədrisinin ləğv olunması düşünülməmiş bir addımdır. Bu təcrübə Avropa ölkələrinin ali məktəblərində tətbiq olunur. Onlarda vəziyyət tamam başqadır. Əvvəllər qiymətə görə tələbə məcburi olsa da, idman bölməsinə gəlir, müəyyən vaxtda bədən tərbiyəsi ilə məşğul olurdu. İndi isə onlara müstəqillik verilib, kim istəyir kluba gəlir, kim istəmir, gəlmir. Belə olan halda kütləvilikdən söhbət gedə bilməz.

- Belə çıxır ki, idman müəllimləri tələbələrin arxasınca düşməli olurlar?

- İnanırsınız, vəziyyət elə siz deyən kimidir. Onların hər biri danışmalı, başa salmalı oluruq. Fakt odur ki, müasir dövrdə uşaq və gənclərdə skolioz, yastıpəncəlik kimi bir sıra xəstəliklər aşkar edilir və təəssüf ki, bu problemlər getdikcə artır.
Bir neçə ali təhsil ocağının idman kafedralarının rəhbərləri ilə birlikdə Azərbaycan təhsil nazirinin müavini Firidun Qurbanovun qəbulunda olmuşuq, ona öz iradlarmızı bildirmişik. İdman kafedralarının yenidən bərpa olunmasının vacibliyi diqqətə çatdırmışıq. Yaxşı olardı ki, heç olmasa, 1-ci kursda təhsil alan tələbələrə idmanın tədrisi təmin edilsin ki, biz onların içərisindən seçim edə bilək. Bir sözlə, bir kağızla illərlə qurudulub yaradılanı ləğv etmək asandır, qurmaq isə çox çətin. Söhbət gənclərin sağlamlığından gedəndə daha dərindən düşünmək lazım gəlir. Axı gənc oğlanlar əsgər, ailə başçısı, gənc qızlar isə gələcəyin analarıdırlar. Sağlam olmayan gəncdən necə ailə başçısı, əsgər olacaq? Nəzərə alsaq ki, uşaqların tərbiyəsində əsas yük anaların üzərinə düşür, gənc qızların fiziki və mənəvi cəhətdən sağlam olmaları məsələsi mühüm əhəmiyyət kəsb edir.

Digər tərəfdən idman klublarında tələbələrin sayı az olduğundan müəllimlər öz işləri ilə vidalaşmalı olurlar. Bu, acınacaqlı haldır. Dövlətimiz dünyada idman ölkəsi kimi tanınır, idmançılarımız beynəlxalq arenada biri-birinin ardınca möhtəşəm qələbələr qazanırlar, Bakıda tez-tez mötəbər beynəlxalq yarışlar keçirilir. Respublikamızda müasir standartlara cavab verən Olimpiya idman kompleksləri, stadionlar, zallar fəaliyyət göstərir. Bu nailiyyətlərin fonunda ali məktəblərdə idmanın tədrisinin ləğvi başadüşülən deyil.

- Sabir müəllim, hazırda tələbələrin təhsil və nizam-intizam səviyyəsi sizi qane edirmi?

- Yaşıma, təcrübəmə əsasən deyə bilərəm ki, 1970-80-ci illərdə təhsil hər mənada çox yüksək səviyyədə aparılırdı. Nizam-intizam, dərsə davamiyyət də öz yerində. İndi isə vəziyyət tamam başqadır. Bəzi nyuanslar var ki, təhsilin səviyyəsinə öz mənfi təsirini göstərir.





BSU-nun tələbələri arasında peşəkar idmançılar çoxdur

-Bakı Slavyan Universitetində hansı idman növlərinə maraq daha çoxdur?

- BSU-da 3500-yaxın tələbə təhsil alır. Burada badminton, tennis, şahmat, futzal, dama, voleybol bölmələri fəaliyyət göstərir. Bölmələrdə 9 nəfər məşqçi-müəllim tələbələrə idmanın sirlərini öyrədir. Tələbələr arasında futbola maraq çoxdur. Universitetimizin məzunlarından Rasim Ramaldanov uzun müddət futbol üzrə Azərbaycan yığmasının şərəfini qoruyub. Hazırda "Qəbələ” idman klubunda oynayır. Məzunlarımızdan Marina Tankaskaya həndbol üzrə millinin üzvü kimi Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında qızıl medala layiq görülüb. Belə istedadlı gənclərimiz yetərincədir. Məsələn, BSU-nun filologiya fakültəsinin tələbəsi Vusalə Zeynalova peşəkar karate ilə məşğul olur. Kontakt və Şotakan Karate Federasiyasının üzvü kimi yığmanın tərkibində ölkəmizi yerli və beynəlxalq səviyyəli yarışlarda layiqincə təmsil edir.

- Necə düşünürsünüz, bazanın olması idmanın inkişafı üçün mühüm şərtlərdindir?

-İdman növlərinin inkişaf etdirilməsi, uşaq və gənclərin fiziki inkişaf səviyyələrini artırmaq üçün maddi-texniki bazanın, inventarın olması son dərəcə əhəməyyətlidir. Universitetdə yaxşı badminton bazamız vardır. Bu səbəbdəndir ki, bu növdə yarışlara ev sahibliyi edirik. 2017-2018-ci tədris ilində respublikanın ali təhsil müəssisələri arasında keçirilən yarışda BSU-nun komandası 8 iştirakçı arasından 4-cü yerə layiq görülüb. 14 turdan ibarət yarışda AzDBTİA heç kimə güzəştə getməyib. 2-ci yeri ADİU (Azərbaycan Dövlət İqtisadiyyat Universiteti) tutub. BDU yarışın 3-sü, BSU isə 4-sü oldu.

-İdmanda uğur qazanmaq üçün hansı keyfiyyətlər tələb olunur?

- Məqsədə doğru irəliləmək, çalışqanlıq, zəhmətsevərlik. Tənbəl adamdan nə idmançı, nə alim, nə həkim ola bilər. Əsas odur ki, uşaq və gənclərimiz zərərli vərdişlərdən uzaq olsunlar, sağlam böyüsünlər, şempion olmasalar da olar.

-Yetirmələrinizlə çiyin-çiyinə çalışmaq necə hissdir?

-Tələbələrimdən Xanım Sultanova BSU-nun təlim-tərbiyə işləri üzrə prorektoru, Flora Naciyeva pedaqoji fakültənin dekanı, Fikrət Həsənov Tələbə Həmkarlar İttifaqının sədri işləyir. (gülür) Necə hiss edəcəm? Onları görəndə elə bil cavanlaşıram. Elə bilirəm ki, əvvəlki kimiyəm – gənc və qıvraq.

-Övladlarınızın necə, idmana həvəsləri varmı?

- İki oğlum var – Əli və Elçin. Biri İqdisadiyyat Nazirliyində, digəri isə Bakı Gömrük Komitəsində çalışır. Hər ikisinin idmana böyük marağı var. İşdən sonra, istirahət günlərində mütləq idmanla məşğul olurlar. Əli futzal, Elçin isə üzgüçülüklə.

- Təcrübəli idman mütəxəssisi kimi sağlamlıq üçün ən münasib idman növü hansını hesab edirsiniz?

-Düşünürəm ki, üzgüçülük. Çünki bu növdə nəfəs, əzələlər, cəldlik çox mühümdür. Həkimlərin skaliozdan əziyyət çəkənlərə üzgüçülüklə məşğul olmalarını məsləhət görməsi heç də təsadüfi deyil. Onurğanın bərpasında turnik, həlqələr də kömək edir. İkinci yerdə gimnastika gəlir. Gimnastika da sağlamlıq, bədən formasının gözəlliyi üçün əlverişli idman növüdür. Bədənin bel hissəsi möhkəm olmalıdır ki, bel sütununu düz saxlaya bilsin. Mütəxəssislər də sübut edirlər ki, onurğada olan problemlər digər xəstəliklərə də yol açır. Buna görə də valideynlər övladlarının gələcəkdə sağlam olması, xəstəliyə tutulmaması üçün mütləq idmana aparmalıdırlar. Xüsusilə də, üzgüçülük və gimnastika idman növlərinə.

"Yaşamağa dəyər”

-Hansı mükafatlarınız vardır?

-Ömrümün demək olr ki, 50 ilini idmana, gənclərin təlim-tərbiyəsinə həsr etmişəm. Düşünürəm ki, mənalı ömür sürmüşəm. Bu gün hələ də iş başında olduğum üçün dövlətimizə minnətdaram. Yaşıma baxmayaraq, sağlam olduğum üçün idmana borcluyam.
İdman sahəsində çalışdığım müddətdə bir sıra mükafatlara layiq görülmüş, fəxri diplomla mükafatlandırılmışam. Belə ki, 2010-cu ildə ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş tədbirdə fəal iştirak etdiyimə görə, eləcə də, 2012 ci ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən "Gənclərin idman hazırlığını inkişaf etdirdiyinə görə” fəxri fərmanla təltif olunmuşam. Elə həmin ildə "Azərbaycan Bayrağı Diplomuna "layiq görülmüşəm.

-Sabir müəllim, dönüb arxaya baxanda nədən razı, nədən narazı qalırsınız?

- Ötən illərə boylananda arxada mənalı ömür sürdüyümü görürəm. Gənclikdə insanın enerjisi daha çox olur, nəsə yaratmaq, nəyəsə nail olmaq istəyirsən. İndi yaş öz sözünü deyir. 70 il az yaş deyil. Amma sizin kimi tələbələrimi görəndə dünyanı mənə verirlər və hiss edirəm ki, yaşamağa dəyər.






P.S. Müəllim ömrü yanan şama bənzəyir... Şagirdlərinin, tələbələrinin çiçəklənməsi naminə hər gün şam kimi, qətrə-qətrə əriyir müəllim ömrü... 
Sizlərin qarşısında baş əyirik, əziz müəllimlərimiz!



Səadət Hakıyeva



















Bu yazı

14165 dəfə oxunub

Tarix

2018-05-04 13:56:47

Yazını

Çap et

Yazını

Paylaş