Kiyev səhnəsində “nəhs tamaşası”


Hansı kollektivin "çempionluq qastrolu” uğurla bitəcək?

Gəlin, stadionu bir səhnəyə, futbolu isə bir əsərə bənzədək. Nəfəs kəsən, gərginlik, sevinc və kədər bəxş edən matçlar da, qoy tamaşa olsun. Nədənsə futbol tamaşalarının repertuarı heç vaxt təkrarlanmır. Axı, onu dünya izləyir. Gözümüzü qaldırıb, afişaya baxaq. Ən yüksək pillələrdə, böyük hərflərlə yazılan bu ada rast gəlirik: Çempionlar Liqası. Bu səhnə əsərinin bir fərqli xüsusiyyəti var. O da budur ki, həmin əsərə baxış azaddır. Onu hər yerdə izləmək olar. Bu əsərdə sujet xətti hər dəqiqə dəyişir. Aktyorlar isə fərdi ustalıqlarını nümayiş etdirirlər. Onlardan kimisi monoloqu, kimisi də epizodik rolları ilə kütlənin reaksiyasına tuş gəlir: rəğbət, sevinc, kədər və nifrət. Məşqçilər bu sənət əsərində ssenarist, hakimlər isə quruluşçu rejissordurlar. Amma hərdən elə olur ki, quruluşçu rejissorlar özlərini inzibatçı, hətta qarderobçu kimi aparırlar. Nəticədə, onlar tarixə möhür vuran bir futbol tamaşasının quruluşuna, ssenarisinə müdaxilə edir və tamaşaçı nifrətini qazanır, yaxud əksinə...


Ötən həftə tamaşaçılar futbol teatrında iki fərqli səhnə əsərini seyr etdilər. Bunlardan biri Madrid teatrında nümayiş etdirildi. "Santyaqo Bernabeu” arenasında "Real” peşəkar truppası (teatrda kollektiv mənasını verir) ilə "Bavariya”nı qəbul etdi. Bu tamaşada ispanlar çalışdılar ki, öz azarkeşlərinin ürəyini fəth edib, rəqiblərinə öz bacarıqlarını göstərsinlər. Bu, onlarda alındı. Milyonlar "Real”ın finala vəsiqə üçün göstərdiyi səhnədən razı qaldılar. İnsafla deyək, almanlar da sona qədər mübarizə apardılar. Amma görünür, təcrübə onların işinə mane oldu. Bu tamaşada maraqlı məqamlar o qədər çox oldu ki, 90 dəqiqə tamaşaçıları fərqli epizodlarda intizar içində saxladı. Belə ki, uzun müddət rejissor Zidanın baş rollarında etimadı doğrultmayan Kərim Benzema səhnədə yüksək performans göstərdi. Komandası üçün lazımlı iki topun müəllifi oldu. Bu tamaşanın birinci pərdəsində komandası üçün qol vurub, "ümid şamı yandıran” Coşua Kimmix səfərdə eyni epizodda fərqləndi. Hər zaman "Real”ın tamaşalarında baş rolun ifaçısı olan Kriştianu Ronaldo nədənsə diqqət çəkmədi. Bu görüşlərdə qınaq obyektinə çevrilən portuqaliyalı nədənsə kütləvi səhnələrdə epizodik görünürdü. Bunu tənqidçilər və azarkeşlər fərqli prizmada müzakirə etdilər. Kimisi onun yorğun olduğunu, kimisi dünya çempionatı üçün özünü qoruduğunu və kimisi də özünü finala saxladığını deyirdi. Amma necə deyərlər "nağdı qoyub, nisyəyə qaçmaq olmaz”. "Kral teatr”ının aktyorları Ronaldunun yoxluğunu unutdurmağa çalışdılar desək, yanılmarıq. "Almaniyalı rejissor” Yupp Haynkes üçün son şans olan bu qarşılaşmada uğur onun kölgəsi olmaqdan imtina etdi. İspanların "pivəçilər”in heyətində çıxış edən təmisilçisi, 4 il əvvəl dünya çempionatında ən məhsuldar futbolçu olan kolumbiyalı Xames Rodriqes öz keçmiş "iş yoldaşları”nı çətinliyə saldı. O, matçda bərabərlik qolunu vurdu və sevinmədi. Üzündə sevinclə məyusluq bir-birinə qarışdı. Amma bu, hadisələrin kuliminasiyası olmadı. Etiraf edək ki, tamaşanın "bədii rəhbəri” kimi görünən türkiyəli hakim Cüneyt Çakır bir-iki səhnədə haqsız qərarlar verdi. Marselonun əli topa toxunsa da, bu, Çakırın gözündən yayındı. Bununla da o, gərgin, günlərlə çəkilən zəhməti bir anda "göyün yeddinci qatına qaldırıb, əlin boşaltdı” və Almaniya futbolçularının səhnədəki çıxışı uğursuz oldu. Hesab elə bərabərliklə başa çatdı. Futbol festivalında daha bir kollektivin - "Bavariya”nın çempionluq qastrolu yarımçıq qaldı.

Daha bir əsər Romada səhnəyə qoyuldu. Buradakı əsər daha ciddi sujet xəttinə malik idi. Bir həftə əvvəl İrland dənizinin sahilində, "Enfild Road” arenasında "Liverpul”a məğlub olan "qladiatorlar” intiqam hiss ilə görüşə çıxmışdılar. Çünki romalı cəngavərlər futboldakı həyatlarını hər zaman könüllü olaraq təhlükəyə atmağa borclu idilər. Bunu onlardan onları sevən milyonlarla azarkeş tələb edirdi. "Kapitoli canavarları” uğur qazanmağa çalışdılar. Bu istək onlarda alındı. Amma uğurun da uğur səviyyəsi var. Onlar "limanlılara” 4:2 hesabı ilə qalib gəldilər. Bəs, bu qələbə onlara lazım idi? Yenə səhnədə hakim amili öz sözünü dedi. Hadisələr bu cür cərəyan etdi: "Mersisaydlar”ın oyun tərzi heç özünə bənzəmədi. Hər bir qarşılaşmada ən azı iki top vurub, iki qol ötürməsi edən "yeni ulduz” Məhəmməd Salah keçmiş komandasına qarşı heç nə edə bilmədi. Ən nəhayət, sloveniyalı hakim Damir Skomina və onun "sarı köynəkli” dostları "Roma”ya qarşı haqsızlıq etdilər. İki dəfə hətta ən zəif görən azarkeşin gözündən qaçmayan qayda pozuntusu və sükut qeydə alındı . Skomina özünü həmin vəziyyətdə adına uyğun - "dəmir” kimi apardı. "Roma”nın qələbəsi heç nəyi dəyişmədi. Bu məqamda məşhur bir fraza yerinə düşdü: "Bütün yollar Romadan keçir”. 


Bəli, "Liverpul”un, Kiyevə gedən yolu İtaliya paytaxtından keçdi. Lakin bu şəhərin komandası üçün bu yol elə Romanın özündə sona çatdı. Amma italiyalılara göstərdikləri bu çıxışa görə böyük alqış düşür. Nəhayət, Avropanın bir nömrəli futbol çempionatında premyera gözlənilir. Kiyev səhnəsində bu yarışın ardıcıl ikiqat və ümumilikdə 12 dəfə çempionu olan "Real” və 13 ildir ki, kubokun həndəvərində görünməyən "Liverpul” tamaşası göstəriləcək. Maraqlıdır ki, hər iki komandanın qarşılaşması "13” rəqəmi ilə üst-üstə düşür. Belə ki, "Real” kuboka yiyələnsə ,13-cü dəfə çempionluq sevinci yaşacaq. "Liverpul” isə 13 ildən sonra yenidən həmin kuboka sahib olacaq. Bir sözlə hansı komandanın "nəhs”ə düşüb, hansı komandanın "nəhs”dən çıxacağı Kiyevdə məlum olacaq.


Anar Əhmədov






Bu yazı

9939 dəfə oxunub

Tarix

2018-05-08 13:29:08

Yazını

Çap et

Yazını

Paylaş