Namiq Əliyev AGF-nın 1-ci vitse-prezidenti seçildi






Mayın 10-da Gənclər və İdman Nazirliyində Azərbaycan Güləş Federasiyasının (AGF) seçki konfransı keçirilib.

"Olimpnews".az Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, nazir Azad Rəhimov güləşçilərimizin mötəbər beynəlxalq turnirlərdə qazandıqları qələbələrdən söz açaraq, buyaxınlarda Avropa çempionatından 18 medalla vətənə qayıdan idmançılarımıza öz təşəkkürünü bildirib.
Pəhləvanlarımızla qürur duyduğunu bildirən Azad Rəhimov deyib: "Federasiyada yaşanan problemlərə baxmayaraq, idmançılarımızın uğurlu qələbələri işlərin düzgün şəkildə qurulduğunun əyani göstəricisi oldu. Növbəti sınaq, Buenos-Ayres-2018 Olimpiya Oyunları olacaq ki, bu istiqamətdə də uğurlu nəticələr əldə olunacağına inanırıq”.

Gənclər və idman naziri Dünya Güləş Birliyi (DGB) İcraiyyə Komitəsinin üzvü Namiq Əliyevin yenidən AGF-yə dəvət olunduğunu və onun yenidən qurumun 1-ci vitse prezidenti vəzifəsində çalışacağını diqqətə çatdırdı. Nazir həm də Firdovsi Umudovun milli komandanın baş məşqçisi və federasiyanın vitse-prezidenti vəzifəsində çalışacağını da əlavə etdi: "Namiq Əliyev güləş aləmində kifayət qədər tanınan və güləşimizin inkişafına öz töhvələrini vermiş insandır. Onun yenidən federasiyaya qayıdışı hər kəs tərəfindən çox müsbət qiymətləndirilib. Firdovsi Umudov komandamızın daim vətənə qələbələrlə qayıtmasında xüsusi zəhməti və xidməti olan insandır. Əminəm ki, federasiyanın vitse-prezidenti və milli komandanın baş məşqçisi olaraq bundan sonra da zəhmətini əsirgəməyəcək.”

Nazir çıxışının sonunda məşqlərin daha yüksək səviyyədə aparılması üçün bölgələrdə fəaliyyət göstərən Olimpiya İdman Komplekslərindən istifadə edilməsini, bununla yanaşı, idmançıların sağlam rəqabətdə qalib gəlmələri üçün AMADA ilə sıx çalışmalarını məsləhət gördu.
AGF-nin 1-ci vitse prezidenti Namiq Əliyev, milli komandanın baş məşqçisi və federasiyanın vitse-prezidenti Firdovsi Umudov və vitse-prezident Elcin Cəfərov gənclər və idman naziriyinə güləşçilərə göstərilən dəstək üçün təşəkkürlərini bildiriblər. Federasiya rəsmiləri güləşçilərimizin Gənclərin Buenos-Ayres-2018 Olimpiya Oyunlarında və iki ildən sonra keçiriləcək Tokio-2020 Olimpiadasında da uğurlu nəticələr qazanacaqları üçün əllərindən gələn köməyi əsirgəməyəcəklərinə söz veriblər.




Bu yazı

2214 dəfə oxunub

Tarix

2018-05-10 16:20:06

Yazını

Çap et

Yazını

Paylaş