ATLETİKA
Qusarda kros qaçışı üzrə yaz ölkə çempionatı təşkil olunub
Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə Qusarda kros qaçışı üzrə yaz ölkə çempionatı keçirilib.
Bu barədə Azərbaycan Atletika Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Turnirin açılış mərasimində çıxış edən Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov və Gənclər və İdman Nazirliyinin sektor müdiri Sevda Mirzəyeva atletikanın inkişafı üçün aparılan işlərdən danışaraq hazırlanan yeni proqramların bu istiqamətdə öz müsbət nəticələrini verəcəyinə inandıqlarını bildiriblər. Yarışda paytaxt təmsilçiləri ilə yanaşı, Gəncə, Bərdə, Gədəbəy, İsmayıllı, Astara, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz və Ordubaddan olan 100 atlet mübarizə aparıb. Kişilər arasında 10 km məsafəyə qaçışda Ordubad idmançısı Əmrah Nağıyev ölkə çempionu adını qazanıb. 6 km məsafədə Gəncədən olan atlet Ümid İbrahimov, 3 və 2 km-də isə müvafiq olaraq, İsgəndər Əsgərov və Namiq Babayev qalib olublar. Qadınlar arasında 6 km məsafəyə qaçışda Anna Yusupova növbəti dəfə ölkə çempionu adına sahib çıxıb. 4 km-də İsmayıllı təmsilçisi Zəhra Şirəliyeva, 2 km-də Azəri Məmmədli, 1 km-də isə Gülçin Nağıyeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Paylaş :