VOLEYBOL
Yüksək Liqada bürünc medal uğrunda həlledici qarşılaşmalar
Bu gün Voleybol üzrə Azərbaycan Yüksək Liqasında üçüncü yer uğrunda oyunlar keçiriləcək. Həm qadınlar, həm də kişilər arasında bürünc medalın taleyinə aydınlıq gələcək.
Qadın voleybolçuların mübarizəsində “Gəncə” və “Milli Aviasiya Akademiyası” komandaları üz-üzə gələcəklər. Qarşılaşma saat 15:00-da start götürəcək. Seriyanın ilk oyununda “Milli Aviasiya Akademiyası” rəqibini 3:1 (25:18, 23:25, 25:18, 25:17) hesabı ilə məğlub edib.
Kişilər arasında isə bürünc medal uğrunda ilk matç keçiriləcək. Saat 17:00-da “Neftçi” və “Xilasedici” komandaları meydana çıxacaq. Görüş seriyanın ilk qarşılaşması olacaq və tərəflər bərabər hesabla ayrılarsa, qalib qızıl setdə müəyyənləşəcək.
Qeyd edək ki, üçüncü yer uğrunda seriyada iki oyunun nəticəsinə əsasən qalib müəyyənləşəcək. Əgər komandalar hərəyə bir qələbə qazanarsa və toplanan xallar bərabər olarsa, qalibi müəyyən etmək üçün qızıl set oynanılacaq.
Paylaş :